Prezident Kitabxanası “Azərbaycan Xalq Cümhuriyyəti”
adlı elektron resursu
internet istifadəçilərinə təqdim etmişdir
Prezident
Kitabxanasında “Virtual Azərbaycan tarixi” layihəsi çərçivəsində
Azərbaycan, rus və ingilis dillərində tərtib edilən
bu resurs müsəlman Şərqində ilk dünyəvi və
demokratik dövlət olan, dövlətçilik tariximizə
parlaq səhifələr yazan Azərbaycan Xalq Cümhuriyyətinin
(AXC) tarixi irsini öyrənənlər üçün dəyərli
bir mənbədir.
AzərTAc
xəbər verir ki, elektron resurs “Yaranması və fəaliyyəti”,
“Sənədlər”, “Resurslar”, “E-kitablar” adlı 4 əsas və
20 yarım bölmədən ibarətdir. Birinci bölmədə
istifadəçilər Azərbaycan Xalq Cümhuriyyəti
haqqında ümumi məlumat əldə edəcək, Milli
Şuranın, parlamentin və hökumətin tərkibi və
fəaliyyətləri barədə yığcam materiallarla
tanış ola biləcəklər.
“Rəmzlər
və atributlar” yarımbölməsində istifadəçilər
AXC-nin dövlət rəmzləri və atributları (bayraq,
gerb, himn, orden və medallar, pul vahidləri, dövlət dili və
ordu) haqqında zəruri məlumatlar əldə edəcəklər.
AXC-nin
ərazisi və əhalisi haqqında məlumatlar da birinci
bölmədə öz əksini tapmışdır. Bölmədə
AXC hökumətinin mövcud olduğu 23 ay ərzindəki
diplomatik fəaliyyətinə dair qısa məlumat
verilmişdir. Xalq Cümhuriyyəti xadimləri haqqında
bioqrafik məlumatlar da ayrıca yarımbölmədə təqdim
edilir. Xalq Cümhuriyyətinin yaranması ərəfəsində
və mövcud olduğu dövrdə baş vermiş
mühüm hadisələr “Xronologiya” yarımbölməsində
əks etdirilmişdir.
Elektron
resursun “Sənədlər” bölməsində “İstiqlal bəyannaməsi”nin
mətni, parlamentin yaradılması və AXC-nin süqutu
haqqında qərarlar öz əksini tapmışdır. Həmin
bölmədə Cümhuriyyət dövrünün inzibati-ərazi
bölgüsünü özündə əks etdirən xəritələr
toplanmışdır.
“Fotoarxiv”
yarımbölməsində Cümhuriyyət dövrünə
aid bəzi sənədlərin fotoları və bir sıra
nadir fotoşəkillər öz əksini tapmışdır.
Bu bölmədə, həmçinin Azərbaycan
Respublikası Prezidentinin Xalq Cümhuriyyəti ilə
bağlı sərəncamları, Respublika Günü
münasibətilə keçirilən təntənəli
yığıncaqlarda və rəsmi qəbullarda dövlətimizin
başçısının nitqlərinin tam mətnləri
toplanmışdır.
“Resurslar”
bölməsində Prezident Kitabxanasının fondlarında
saxlanılan dövri mətbuat nəşrlərindən
seçilmiş 83 məqalənin tam mətni, 500-dən
çox kitab, avtoreferat və məqalənin biblioqrafik təsviri
verilmişdir.
Elektron
resursun tədqiqatçilar üçün xüsusilə əhəmiyyətli
olan “E-kitablar” bölməsində Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Milli Arxiv İdarəsinin
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nəşr
etdirdiyi arxiv sənədlərindən ibarət topluların,
Cümhuriyyətin qurucularının memuar xarakterli
kitablarından, ayrı-ayrı tədqiqat əsərlərindən,
ensiklopediyalardan ibarət Azərbaycan, ingilis və rus dillərində
Prezident Kitabxanasının əməkdaşları tərəfindən
hazırlanmış 86 kitabın elektron versiyası
oxucuların istifadəsinə verilmişdir.
http://axc.preslib.az
ünvanında yerləşdirilən “Azərbaycan Xalq
Cümhuriyyəti” elektron resursunun mütəmadi olaraq yenilənməsi
nəzərdə tutulmuşdur.
Azərbaycan.-2014.- 27 may.- S.8.