Aztəminatlı insanların “Elektron hökumət”ə
imkanlı təbəqədən
daha çox ehtiyacı var
Bunu rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov “AzərTAc” informasiya agentliyinə
açıqlamasında bildirib.
- Elektron xidmətlərin genişləndirilməsi, xüsusən də bu xidmətlərin əlçatanlığının təmin edilməsi istiqamətində əsas hədəflər hansılardır?
- “Elektron hökumət” və elektron xidmətlər yalnız dövlətlə vətəndaş, eyni zamanda kiçik və orta həcmli müəssisələr arasında rabitə vasitələri deyil, həm də yoxsulluğun, kasıblığın və işsizliyin azaldılması üçün real platformalardır. Biz elə etməliyik ki, “Elektron hökumət” xidmətləri xalqın əsasən aztəminatlı təbəqəsinin, azgəlirli insanların evinə gedib çata bilsin. Bu kateqoriyadan olan insanların “Elektron hökumət”ə imkanlı təbəqədən daha çox ehtiyacı var. Ölkəmizdə “Elektron hökumət”in hədəflərindən biri də Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, korrupsiya ilə mübarizə aparmaq, bürokratik əngəllərdən qurtulmaq, bütün insanların bu xidmətlərdən yararlanmasını təmin etməkdir və bir daha qeyd edim ki, bunun üçün ilk növbədə bütün vətəndaşların, əsasən də aztəminatlı insanların bu xidmətlərdən yararlanmasını təmin etməklə gözlənilən nəticələri əldə etmək mümkün olar. Məlum olduğu kimi, informasiya cəmiyyətinin quruculuğu üzrə ikinci strategiya qəbul edilib. Ölkədə 2020-ci ilə qədər bütün bu xidmətlərin internet vasitəsilə hamı üçün əlçatan olması hədəflənir. Azərbaycanda “Elektron hökumət” proqramı iki istiqamətdə həyata keçirilir. Birincisi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının öz saytlarında yaratdıqları elektron xidmətlərin vahid pəncərə üsulu ilə təqdim olunmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi artıq 417 xidmətdən 300-dən çoxu elektron formada təqdim edilir və qalan xidmətlərin də tam təqdim olunması əsas məqsədlərimizdəndir.
İkinci məsələ bu xidmətlərin vətəndaş və iş adamlarına, o
cümlədən ucqar kənd yerlərində
əlçatan olmasını təmin etməkdir. Bu da infrastruktur məsələsidir.
İndi ölkəmizdə fiber-optik şəbəkənin qurulması
üzrə “Genişzolaqlı İnternetin
İnkişafı” layihəsi əsasında işlər davam etdirilir və layihə
2017-ci ildə başa çatacaq.
2017-ci ilin sonuna kimi Azərbaycan əhalisinin 85 faizi,
o cümlədən bütün
ev təsərrüfatları, işgüzar subyektlər
yüksəksürətli, genişzolaqlı internetlə təmin
olunacaq. Kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30 meqabit,
şəhər yerlərində isə 100 meqabit/saniyəyə
çatdırılacaq.
Azərbaycan.-2014.- 27 may.- S.7.