28 May – Respublika
Günü münasibətilə rəsmi qəbul
Prezident İlham Əliyev rəsmi qəbulda
iştirak etmişdir
Mayın
27-də “Buta” sarayında Azərbaycanın milli bayramı –
Respublika Günü münasibətilə rəsmi qəbul
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak
etmişlər.
Salona
toplaşanlar dövlətimizin başçısını hərarətlə
qarşıladılar.
Azərbaycanın
dövlət himni səsləndi.
Azərbaycan
Prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli
xanımlar və cənablar.
Mən
sizi və bütün Azərbaycan xalqını
qarşıdan gələn
Respublika
Günü münasibətilə ürəkdən təbrik
edirəm, bu gözəl bayram ərəfəsində
bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni
uğurlar arzulayıram.
Azərbaycan
xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində
ilk demokratik respublika məhz Azərbaycanda
yaradılmışdır. Azərbaycanın mütərəqqi
nümayəndələri bu respublikanı yaratmışlar.
Bu, tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman
aləmində ilk demokratik respublikanın yaradılması
böyük hadisə idi və ondan sonra digər müsəlman
ölkələrində respublika quruluşu
yaradılmışdır. Ancaq ilk təcrübə məhz
Azərbaycan xalqının istedadı, zəhməti,
uzaqgörənliyi hesabına mümkün olmuşdur.
Əfsuslar ki, respublikanın ömrü uzun
olmamışdır. Azərbaycan cəmi iki il müstəqil
ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində
böyük işlər görülmüşdür. Azərbaycan
xalqı Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularının xatirəsinə həmişə
böyük hörmətlə yanaşır və onların əziz
xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə
demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində
böyük işlər görülmüş, qadınlara səsvermə
hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək
uğurlu inkişafı üçün möhkəm zəmin
yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik
əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu
gün Azərbaycan dünyada ən zəngin ölkələrdən
biri olacaqdı.
Əfsuslar
olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci
ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın
uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi,
coğrafi vəziyyətimizi, xalqımızın
istedadını, mütərəqqi insanların fəaliyyətini
nəzərə alaraq tam əminliklə deyə bilərəm
ki, əgər biz müstəqil həyat yaşasaydıq bu
gün çox qabağa gedə bilərdik. Ancaq nə edək,
Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü
yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və
71 il ərzində biz Sovet İttifaqı tərkibində
yaşamışıq. Əlbəttə, xalqımız o illərdə
inkişaf etmişdir, Azərbaycan da inkişaf etmişdir və
deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi
ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə
bağlıdır. Çünki məhz 70-ci illərdən
sonra Azərbaycanda sürətli inkişaf dövrü
başlamışdır. Deyə bilərəm ki, biz o vaxta qədər
müttəfiq respublikalar arasında axırıncı yerdə
idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə
çıxmışdıq. İki donor respublika var idisə,
onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye
potensialımız yaradılmış, xüsusilə neft sənayesi
inkişaf etmişdir. O potensial bu gün də bizə böyük
dəstəkdir. Kənd təsərrüfatının
yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə
ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq
biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə
deyildi.
İkinci
şans bizə 1991-ci ildə nəsib oldu. Sovet
İttifaqının dağılması nəticəsində
başqa müttəfiq respublikalarla bərabər biz də
müstəqilliyə qovuşduq. Ancaq o illəri biz
hamımız yaxşı xatırlayırıq. Azərbaycan
üçün çox ağır, təhlükəli illər
idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində
bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə
bilməmişdir. Ölkədə xaos, böhran hökm
sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə
bu, vəziyyəti hərbi böhrana gətirib
çıxarmışdı və vətəndaş
müharibəsi başlamışdı. Yəni, iki ildən
sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də
sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki
birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi
mənada o təcrübəsi yenə təkrarlanırdı və
təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik.
Çünki o vaxt iqtisadiyyat tamamilə
çökmüşdü, sənaye istehsalı
dayanmışdı, ölkə iflic vəziyyətində
idi, erməni işğalı, daxili çəkişmələr,
rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi
və xəyanətkarlığı nəticəsində
müstəqillik əldən gedirdi. Xüsusilə
AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi
hakimiyyəti nəticəsində ölkəmiz uçuruma
gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər
işğal altına düşdü, daxildə vəziyyət
çox ağır idi və nəticədə vətəndaş
müharibəsi başlamışdı. Biz o illəri
yaxşı xatırlayırıq və bu gün qonşuluqda
baş verən hadisələri izləyərkən yenə də
əminəm ki, hər bir Azərbaycan vətəndaşı
o illərə qayıdır, o illəri xatırlayır və
bir daha əmin olur ki, Azərbaycan xalqının böyük
xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici
anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir
və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət
etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan
rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə
dağıla bilərdi.
Ona
görə 1993-cü il əslində real müstəqilliyimizin
ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti,
cəsarəti, təcrübəsi,
dünyagörüşü və
düşünülmüş siyasəti nəticəsində
Azərbaycan o ağır vəziyyətdən çıxa
bildi, sabitlik yarandı və inkişaf dövrü
başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah
edildi, separatçı qüvvələrə böyük zərbə
vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Azərbaycanda
demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış və möhkəmləndirilmişdir.
Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər
Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiya qəbul
edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi
sistemin formalaşmasında da yenə də Ulu Öndərin
rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət
partiyası kimi qurulan Yeni Azərbaycan Partiyası müasir
siyasi sistemin yaradılmasında müstəsna rol
oynamışdır. Azərbaycanda siyasi islahatlar
aparılmağa başlanmışdır. Dünyaya inteqrasiya
dövrü başlanmışdır. Azərbaycanı
dünyada tanımağa başlamışlar. Bizə
qarşı aparılan müharibə sadəcə olaraq erməni
işğalı ilə bitmirdi. Azərbaycana qarşı
informasiya müharibəsi aparılırdı. Biz informasiya
blokadası şəraitində yaşayırdıq və bu
blokadanı aradan götürmək, Azərbaycanı
dünyaya təqdim etmək və Azərbaycanın
potensialını nümayiş etdirmək üçün
Ulu Öndər böyük səylər qoymuşdur və bu
səylər öz gözəl nəticələrini
vermişdir.
İqtisadi
islahatlar siyasi islahatlarla paralel şəkildə
aparılırdı. Milli ideologiyamız məhz o illərdə
yaradılmışdır, - bu gün də bizim
inkişafımız üçün bu, əsasdır, -
dövlətçiliyin əsasları qoyulmuşdur və əlbəttə
ki, ölkəmizin inkişafı üçün müstəsna
əhəmiyyət kəsb edən neft kontraktları
imzalanmışdır. İndi Azərbaycanın
inkişafını neft sənayesiz təsəvvür etmək
mümkün deyildir. Ancaq hamımız yaxşı bilirik,
mütəxəssislər də yaxşı bilirlər ki,
Sovet İttifaqı dağılanda bizim neft sənayemiz
artıq dağılmış vəziyyətdə idi. Neft
hasilatı təxminən 10 milyon ton səviyyəsində idi.
Bu, heç bizim gündəlik tələbatımızı
ödəmək üçün kifayət etmirdi.
Bütün ölkədə zülmət, qaranlıq
müşahidə olunurdu, elektrik enerjisi
çatışmazlığı, elementar infrastruktur layihələrinin
olmaması – yəni, bu idi bizim o vaxtkı vəziyyətimiz.
Ona görə neft kontraktlarının, xüsusilə
“Əsrin kontraktı”nın, - o gündən artıq 20 il
keçir, - imzalanması dönüş yaratdı. Həm
iqtisadi, həm siyasi sahədə.
1993-2003-cü
illər tarixdə sabitlik, inkişaf illəri kimi
qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi
yaşamasını təmin edən bir dövr kimi tarixdə
qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə
müəyyən edilmiş strategiya çərçivəsində
aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt
dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur.
Ölkədə aparılan, dərinləşən siyasi və
iqtisadi islahatlar bu gün Azərbaycanı çox
güclü bir ölkə kimi, regional dövlət kimi
artıq dünyaya təqdim edir.
Son on il ərzindəki
nailiyyətlər haqqında çox danışmaq istəmirəm.
Bütün bunlar artıq bəllidir. Bu da tarixdir. Son on ilin təcrübəsi
sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır.
Çünki son on il ərzində iqtisadi sahədə Azərbaycan
kimi inkişaf edən ikinci ölkə olmamışdır.
Bütün
statistik göstəricilər bunu təsdiqləyir. Bizim
gündəlik həyatımız da bunun əyani sübutudur.
Son on il ərzində biz islahatları dərinləşdirərək,
cəmiyyətimizi səfərbər edərək, Azərbaycan
cəmiyyətində həmrəylik hisslərini gücləndirərək
böyük və uğurlu yol keçmişik. Bu yolun təməli
1993-cü ildə qoyulmuşdur. Müstəqilliyimizin, real müstəqilliyimizin
ilk ilində qoyulmuşdur. Biz bu gün beynəlxalq arenada
söz sahibiyik. Bizimlə hesablaşırlar, bizim mövqeyimiz
böyük əhəmiyyət daşıyır. Bizim
mövqeyimiz ədalətə, beynəlxalq hüquqa söykənir.
Əminəm ki, prinsipial mövqeyimiz həm bölgədə,
həm dünyada bizə əlavə hörmət
qazandırır.
Hər
bir məsələ ilə - istər daxili siyasət, istər
xarici siyasət ilə bağlı bizim konkret mövqeyimiz
vardır. Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi,
siyasətimizi açıq şəkildə bəyan edirik və
bizim addımlarımız da siyasətimizin davamıdır.
Sözümüzlə əməlimiz arasında heç bir fərq
yoxdur. Ona görə bizim sözümüz imzamız qədər
dəyərlidir və əhəmiyyətlidir. Əgər
söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki,
qarşı tərəflərdən də eyni
yanaşmanı gözləyirik.
Son on il ərzində
iqtisadi sahədə, regionların inkişafı sahəsində,
infrastruktur layihələrin icrası istiqamətində tarixi
nailiyyətlər əldə edilmişdir. Beynəlxalq aləmdə
Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişdir. Böyük dəstək
hesabına, inam hesabına. Biz bu şərəfli missiyanı
ləyaqətlə icra etmişik. Bizə hörmət daha da
artmışdır və bu gün biz nəinki regional məsələlərin
həllində, qlobal məsələlərdə də öz
sözümüzü deyirik.
Bu illər
ərzində biz güclü enerji potensialı yaratmışıq.
Bu gün heç kimə sirr deyil ki, enerji təhlükəsizliyi
ölkələrin milli təhlükəsizliyini təmin edir.
Bəlkə hərbi potensialdan sonra ikinci yerdə dayanan enerji
təhlükəsizliyidir. O ölkələr ki, enerji təhlükəsizliyini
təmin edib, onlar özlərini rahat hiss edə bilərlər.
Biz bunu etmişik. Zəhmətimiz hesabına, aparılan siyasət
nəticəsində. Bu, göydən düşən nemət
deyildir. Buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan
xalqı nail olub. Bizim siyasətimiz bu sahədə də
öz səmərəsini bir daha göstərmişdir.
Bu gün
Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinə
töhfə verərək həm iqtisadi, həm siyasi
maraqlarını tam şəkildə təmin edir. Bizim maliyyə
vəziyyətimiz bütün ölkələr
üçün örnək ola bilər. Yəni, bu sözləri
sadəcə olaraq özümüzü tərifləmək
üçün demirəm. Sadəcə olaraq ona görə
deyirəm ki, bu, reallıqdır. Bizim böyük maddi
imkanlarımız, maliyyə imkanlarımız vardır. Biz
heç bir beynəlxalq maliyyə qurumunun dəstəyindən
asılı deyilik. Bu da bizim müstəqilliyimizi möhkəmləndirir.
Nədir müstəqilliyimizi şərtləndirən əsas
amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət,
güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır.
İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat
təhlükəsizliyi, hər bir ölkənin öz
coğrafi vəziyyətindən səmərəli şəkildə
istifadə etmək imkanları - bunlardır bugünkü
dünyada müstəqilliyi müəyyən edən amillər.
Fəxr edirik ki, biz sözün əsl mənasında müstəqilik,
müstəqillik bizim üçün ən böyük sərvətdir
və ən böyük nailiyyətdir.
Əlbəttə
ki, bu gözəl bayram ərəfəsində biz gələcək
işlər haqqında bir daha öz fikirlərimizi ifadə
edirik. Əslində bizim gələcək fəaliyyətimizlə
bağlı bütün proqramlar ictimaiyyət
üçün açıqdır. Biz istər xarici siyasətlə,
istər daxili siyasətlə, istərsə də iqtisadi sahə
ilə bağlı bunları bəyan etmişik. Sadəcə
olaraq bir neçə istiqamət üzrə fikirlərimi bu
gözəl gündə ifadə etmək istəyirəm.
Daxili
siyasətlə bağlı deməliyəm ki, biz Azərbaycanda
bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin
əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da
vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir
ki, əsas mövzular ətrafında cəmiyyətdə
heç bir fikir ayrılığı yoxdur. Əlbəttə
ki, islahatların sürəti, çatışmayan cəhətlərin
tezliklə aradan qaldırılması və bunun yolları,
iqtisadi sahədə islahatlar, siyasətlə bağlı,
xarici siyasətlə bağlı müxtəlif fikirlər ola
bilər. Bu, təbiidir. Ancaq ölkəmizin ümumi
inkişafı ilə bağlı fikir ayrılığı
yoxdur, o cümlədən daxili siyasətimizlə
bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda
təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan
xalqıdır. Azərbaycan dövləti və hökuməti
islahatları apararaq daha da yaxşı şərait yaratmaqla
bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif
yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə
üçün belədir? Hansı səbəblər buna
şərait yaradır? Biz görürük inamsızlıq,
idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və
sosial problemlər – bax, bunlar istənilən yerdə sabitliyi
poza biləcək amillərdir.
Biz isə
bütün məsələlərə
düşünülmüş şəkildə
yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanı
daha da güclü dövlətə çevirməkdir, Azərbaycan
xalqının rifah halını
yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə
bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq.
İslahatlar dərinləşəcəkdir. Demokratiyanın
inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin
formalaşması istiqamətində islahatlarımız davam
etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək
üçün deyil, gələcəyimiz üçün
edirik, aparırıq və aparacağıq.
Bu gün
Azərbaycan müasir dövlətdir və bu dövlətin
çox möhkəm əsasları vardır. Bu əsaslar
bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir.
Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim
diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin
inkişafı üçün bütün tədbirləri
görəcəyik. Biz bu möhkəm təməli daha da
möhkəmləndirəcəyik.
Şadam
ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik
ruhunda tərbiyə alır. Vətənpərvərlik ruhunda
tərbiyə almaq üçün bütün imkanlar
vardır. Çünki bu gün hər bir vətənpərvər
insan fəxr edir ki, Azərbaycan kimi müasir və
güclü dövlətin vətəndaşıdır. O
dövlətin ki, öz vətəndaşlarını darda
qoymur. O dövlətin ki, öz vətəndaşlarının
arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının
rifahı üçün əlindən gələni əsirgəmir.
Milli dəyərlərin üzərində müasir dövlətin
qurulması, əlbəttə ki, bu gün bizi fərqləndirən
cəhətlərdən biridir.
Daxili
siyasətlə bağlı islahatlar davam etdiriləcəkdir.
Cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz
hallara qarşı mübarizə daha da ciddi
aparılacaqdır. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə daha da ciddi aparılmalıdır.
Əlbəttə, son illərdə bu istiqamətdə
çox böyük nailiyyətlər, uğurlar vardır.
Bu, bizi sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də
ruhlandırır. Cəmiyyətdə bu işlərin
aparılmasına böyük dəstək, inam vardır. Biz
bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz
hallar olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi
cəmiyyət olmalıdır. Azad, müstəqil və
güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz
bu yolla gedirik və gedəcəyik.
Bizim
xarici siyasətlə bağlı təşəbbüslərimiz
gözəl nəticələr verir. Biz xarici siyasətdə
ikitərəfli formata üstünlük veririk. Mən hesab
edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə,
digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq
ikitərəfli format ən böyük səmərə verən
formatdır. Bütün ölkələrlə bizim
yaxşı münasibətlərimiz vardır. Biz
çalışırıq, çalışacağıq
ki, ikitərəfli münasibətləri həm region ölkələri
ilə, həm də başqa ölkələrlə
inkişaf etdirək. Buna nail olmaq üçün
böyük imkanlar vardır. O cümlədən bizim artan
iqtisadi imkanlarımız və yeni investisiya siyasətimiz
vardır. Biz artıq investisiyaları xarici ölkələrə
yönəldirik. Beləliklə, xarici tərəfdaşlar
üçün Azərbaycan təkcə bir siyasi mərkəz
kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də
maraqlıdır.
Əlbəttə
ki, ilk növbədə, qonşu ölkələrlə
münasibətlər daha da möhkəm olmalıdır.
Burada bizim bütün qonşu ölkələrlə, təbii
ki, Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə
düşür. Bütün qonşularla münasibətlər
bərabər hüquqlu, qarşılıqlı hörmət,
bir-birinin işinə qarışmamaq prinsipləri üzərində
qurulmuşdur. Gələcəkdə qonşu ölkələrlə
əməkdaşlıq bizim xarici siyasətimiz
üçün prioritet olaraq qalacaqdır. Böyük
imkanlar vardır. Həm iqtisadi sahədə, həm də
regional əməkdaşlıq sahəsində. Biz ikitərəfli
formatdan maksimum dərəcədə fayda götürməliyik.
Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə
artıq bir neçə üçtərəfli format da
yaradılmışdır. Dünən Bakıda Azərbaycan,
Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin
birinci üçtərəfli görüşü
keçirilmişdir. Biz buna böyük əhəmiyyət
veririk. Bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan,
Azərbaycan-Türkiyə-İran üçtərəfli
formatları olmuşdur. Artıq bu formatlar fəaliyyət
göstərir. Əlbəttə ki, hər üç formatda
Azərbaycan öz yerini tutur. Beləliklə, regional təhlükəsizlik,
əməkdaşlıq, siyasi və iqtisadi
maraqlarımızın təminatı üçün bu
formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə
bu üçtərəfli görüşləri əlbəttə
ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter
alıbdır.
Biz beynəlxalq
təşkilatlarda da fəal iştirak edirik və edəcəyik.
Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək
istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır,
bütün dünyanı əhatə edir. BMT-də bizim
mövqelərimiz kifayət qədər möhkəmdir və
155 ölkənin dəstəyi ilə Təhlükəsizlik
Şurasına seçilməyimiz də bunu göstərir.
Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik.
Biz digər təşkilatlarda da fəal iştirak edirik.
Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin
sayına görə ikinci böyük təşkilatdır.
Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir.
Biz bu təşkilata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Azərbaycanın mövqeyini dəstəkləyən
qətnamə də qəbul edilmişdir. İslam Əməkdaşlıq
Təşkilatında biz çox fəal rol oynayırıq.
Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində
tədbirlər keçirilir. Əlbəttə ki, İslam
Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz
bundan sonra da uğurla davam etdiriləcəkdir. Çünki
biz İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin
təməlində İslam dəyərləri dayanır. Eyni
zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq
üçün yaxşı imkanlar, perspektivlər vardır.
Biz artıq Avropa Şurasına da sədrlik edirik. Əlbəttə
ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir.
Ona görə hesab etmirəm ki, biz bundan, necə deyərlər,
xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə
olaraq, növbəmiz gəlib çatıb. Ancaq hər halda
biz də bu imkanlardan səmərəli şəkildə
istifadə edəcəyik. Avropada demokratiyanın
inkişafı, korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsi, islamofobiyaya qarşı mübarizəmiz
daha da təsirli olacaqdır.
Əlbəttə
ki, müxtəlif beynəlxalq təşkilatlarda
üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət
göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi
uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə
ifadə edəcəyik.
Əlbəttə,
xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun
ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq,
bu sahədə heç bir irəliləyiş
olmamışdır. Ona görə ki, Ermənistan tərəfi
bunu istəmir. Artıq heç kimə sirr deyil ki, məsələnin
həll olunmaması Ermənistanın qeyri-konstruktiv
mövqeyindən asılıdır. Ermənistan status-kvonu
saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən
ölkələrin dövlət başçıları
status-kvonun qəbuledilməz olduğunu dəfələrlə
demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən
də məsələ öz həllini tapmır. Ancaq mən
hesab edirəm ki, artıq münaqişənin həlli
üçün bütün lazımi diplomatik və
hüquqi əsaslar qoyulubdur və bu əsasları biz
qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq
hüququn norma və prinsipləri əsasında həllini
tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir
və müdafiə edir. Ölkələrin ərazi
bütövlüyü mübahisə mövzusu deyil, o
cümlədən Azərbaycanın ərazi
bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın
ərazi bütövlüyü heç vaxt
danışıqlar predmeti olmamışdır və
olmayacaqdır. Münaqişə BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi əsasında
öz həllini tapmalıdır. Başqa həll variantı
yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci
qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni
dövləti bizim ərazimizdə, qədim Azərbaycan
torpağında, İrəvan, Göyçə, Zəngəzurda
qurulubdur. İkinci erməni dövləti olmayacaqdır.
Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir
hüquqi status verilməyəcəkdir. Beləliklə, məsələnin
həlli üçün hüquqi və diplomatik əsaslar
vardır. Bu əsaslar kifayət edirmi ki, məsələ
öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi,
məsələ öz həllini tapardı. Əlavə nə
edilməlidir ki, məsələ öz həllini tapsın?!
Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat
daha da güclü olmalıdır. Biz Ermənistanı bundan
sonra da mümkün qədər təcrid vəziyyətində
saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər
ölkələrlə qapıları açıqdır.
Ancaq biz Ermənistanı bütün regional layihələrdən
təcrid etmişik və bunun nəticəsində Ermənistandan
kütləvi köç müşahidə olunur. Onların
statistik məlumatlarına əsasən ölkədən hər
il 80-90 min insan həmişəlik gedir və gedəcəkdir.
Nə qədər ki, Ermənistanın rəhbərliyində
kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər
də tez Ermənistanın vəziyyəti daha da ağır
olacaqdır. Ona görə, əgər erməni xalqı
qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə,
ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən
imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir.
Ermənistan işğal edilmiş torpaqlardan
çıxmalıdır ki, bir qədər nəfəs ala
bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox
qaranlıq olacaqdır.
Biz isə
öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt
indiki vəziyyətlə barışmayacağıq. Orduya
daha da böyük dəstək veriləcəkdir, daha da
böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və
bölgədə gedən proseslər bir daha onu göstərir
ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin
əsasıdır.
Biz gələcək
illərdə hərbi potensialımızın gücləndirilməsi
üçün nə qədər lazımsa, o qədər vəsait
ayıracağıq, ən müasir texnika alınır və
alınacaqdır. Azərbaycan Ordusu dünya miqyasında
texniki təchizat baxımından güclü ordular
sırasındadır. Ordu quruculuğunda, orduda gedən
islahatlar bizim döyüş qabiliyyətimizi artırır,
orduda nizam-intizam möhkəmlənir, struktur islahatları
aparılır, təmas xəttində əlavə işlər
görülür və görüləcəkdir.
Biz həmsədr
ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə
eşidirik. Ən gözəl etimad tədbiri erməni
işğalçı qüvvələrinin Azərbaycan
torpaqlarından çıxarılmasıdır. Başqa
etimad tədbiri ola bilməz. Nə qədər ki,
torpaqlarımız işğal altındadır, müharibə
bitmiş hesab oluna bilməz. Mən dəfələrlə
demişəm ki, müharibə davam edir. Müharibənin
birinci mərhələsi başa çatıbdır. Əgər
Ermənistan istəmirsə ki, ikinci mərhələ
başlasın, onda düzgün nəticə
çıxarsın, işğal edilmiş torpaqlardan öz
xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə
müstəqil erməni dövləti xəritədə qala
bilər. Halbuki bu gün də erməni dövlətini
müstəqil adlandırmaq olmaz. Bir sözlə, biz bundan
sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli işində prinsipial
mövqeyimizdən dönməyəcəyik və
bütün imkanlardan istifadə edib Ermənistanı
işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik.
İqtisadi
siyasətimizlə bağlı proqramlar dərc edilib. “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası dərc edilibdir. Bu barədə çox
danışmaq istəməzdim. Sadəcə, onu demək istəyirəm
ki, 2020-ci ilə qədər və bəlkə də ondan da tez
ölkəmizdə mövcud olan bütün əsas
infrastruktur layihələri başa çatmalıdır.
Proqramlar var, büdcədə vəsait var və biz bunu edəcəyik.
Qeyri-neft
sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb
edir. Bu istiqamətdə də bizim verdiyimiz bütün
tapşırıqlar yerinə yetirilir. Qeyri-neft sektorumuz hər
il təxminən 10 faiz artır. Əgər bu, növbəti
illərdə davam edərsə, - buna mən şübhə
etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi
tam təmin ediləcəkdir.
Nəhayət,
enerji təhlükəsizliyi barədə bir-iki kəlmə
demək istərdim. Azərbaycan artıq özü
üçün enerji təhlükəsizliyi məsələlərini
çoxdan həll edibdir. Başqa ölkələrin enerji təhlükəsizliyinə
töhfə verir. Bu gün bizim qarşımızda duran əsas
layihə TANAP layihəsidir. Bu layihənin də təşəbbüskarı
biz olmuşuq. 2012-ci ildə Türkiyə və Azərbaycan
arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz
dəhlizinin yaradılması işində dönüş
nöqtəsi olmuşdur. Çünki o vaxta qədər, təqribən
7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub”
qaz dəhlizinin yaradılması üçün kifayət qədər
beynəlxalq səylər göstərilməyib. Biz vəziyyəti
təhlil etdik və gördük ki, belə davam edərsə,
bu danışıqlar hələ bir 10 il də davam edəcək,
heç bir fayda vermədən. Ona görə də məsuliyyəti
və təşəbbüsü öz üzərimizə
götürərək çox
düşünülmüş addım atdıq. TANAP layihəsi
bu gün bölgənin enerji xəritəsini dəyişdirən
bir layihədir. Azərbaycan bu layihənin əsas səhmdarıdır,
əsas təşəbbüskarıdır və əsas
icraçısıdır. Əminəm ki, bu qlobal layihə
vaxtında - 2018-ci ilə qədər icra ediləcəkdir.
Bunu etmək üçün bütün imkanlarımız -
həm maliyyə, həm də texniki imkanlarımız
vardır. Bizim peşəkar mütəxəssislərimiz
vardır. Bu layihəni icra etmək üçün bizim siyasətimiz
davam etdirilməlidir.
Azərbaycan
seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim
yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik
yoludur. Biz müstəqillik illərində sübut etmişik
ki, müstəqil ölkə kimi yaşaya bilərik,
yaxşı yaşaya bilərik, inkişaf edə bilərik.
Ən böyük sərvətimiz olan müstəqilliyimizi
bundan sonra da qorumalıyıq və qoruyacağıq. Sağ
olun!
X X X
Daha sonra
Prezident İlham Əliyevin mayın 26-da imzaladığı Sərəncamla
2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat
sahələrində Dövlət mükafatlarının təqdimat
mərasimi oldu.
Mədəniyyət
sahəsində mükafat Azərbaycan təsviri incəsənətinin
inkişafındakı xidmətlərinə görə Oqtay
Sadıxzadəyə, konsert ifaçılıq fəaliyyətinə
görə isə Ramiz Quliyevə verildi.
Xalq
Artisti Ramiz QULİYEV mükafata görə minnətdarlığını
bildirərək dedi:
- Əziz
və möhtərəm cənab Prezident.
Çox
hörmətli Mehriban xanım.
Hörmətli
xanımlar və cənablar.
Bu gün
mənim həyatımda çox əlamətdar bir
gündür. Azərbaycan Respublikası Günü - milli
bayramımız günündə Azərbaycan
Respublikasının Dövlət mükafatını mənə
bizim çox əziz, sevimli, möhtərəm Prezidentimiz təqdim
etdi.
Bu, mənim
üçün çox böyük şərəfdir. Bu
mükafatı mənim timsalımda Azərbaycan tarına, Azərbaycan
tar ifaçılığına və uzun illər, əsrlər
boyu inkişaf edə-edə gəlib bu gün öz halal
yerini, yüksək zirvəsini tutan tar sənətinə, tar
ifaçılığına verilən mükafat hesab edirəm,
möhtərəm cənab Prezident.
Dünya
ölkələrində çoxlu sayda tar vardır. Amma,
möhtərəm cənab Prezident, Azərbaycan tarından
dünyada yoxdur. Bu, Sizin apardığınız çox
yüksək, gözəl siyasət və bizim
hamımızın əzizi olan unudulmaz Heydər Əliyevin
adını daşıyan Fondun rəhbəri çox hörmətli
Mehriban xanımın gördüyü işlər nəticəsində
sübut olundu.
Bu gün
tarımızın səsi dünya səhnələrindən
gəlir, böyük orkestrlərdə ifa olunur. Azərbaycan
tarının məhz dünya musiqi alətləri içərisində
ilk dəfə olaraq UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsi Azərbaycan dövlətinin,
Azərbaycan hökumətinin və şəxsən hörmətli
Mehriban xanımın çox böyük cəsarəti,
şəxsi nüfuzu hesabına başa gəlmişdir.
Möhtərəm
cənab Prezident, mən bu gün çox həyəcanlıyam,
amma, eyni zamanda, çox sevinirəm. Ona görə ki, bizim
hamımız üçün, şəxsən mənim
üçün xatirəsi çox əziz olan unudulmaz
böyük tarixi şəxsiyyət Heydər Əliyevin
siyasi kursu uğurla davam edir. Onun Azərbaycan milli musiqisinə,
mədəniyyətimizə, incəsənətimizə,
bütün sahələrə göstərdiyi qayğı,
doğrudan da, uğurla davam etdirilir.
Ramiz
Quliyev bu gün ölkəmizdə bütün sektorlarda
müşahidə olunan inkişafın mədəniyyət
sahəsini də əhatə etdiyini bildirdi. Qeyd etdi ki, bu
inkişaf istedadlı gənc nəslin yetişməsinə
töhfə verir. Bundan əlavə, xalqımızın milli
mənəvi dəyərlərinin dövlət səviyyəsində
qorunmasının, bu istiqamətdə mühüm tədbirlərin
görülməsinin sənət adamların daha da
ruhlandırdığını vurğulayan Ramiz Quliyev dedi:
- Bu məsuliyyəti
dərk edərək Sizə söz verirəm ki, neçə-neçə
belə tarzənlər yetişəcək və verdiyiniz bu
qiymət üzü Mirzə Sadıq Əsəd oğlundan –
Sadıqcandan bəri bu günə qədər fəaliyyət
göstərən bütün tarzənlərin sənətinə
və fəaliyyətinə verilən qiymətdir. Siz
tarımızı, mədəniyyətimizi qorudunuz. Allah Sizi
qorusun, Allah Sizi bizim xalqımıza və tarımıza, sənətimizə,
mədəniyyətimizə çox görməsin. Sizə və
möhtərəm Mehriban xanıma tarımız qədər
ömür arzulayıram. Allah Sizi qorusun. Var olun, minnətdaram,
möhtərəm cənab Prezident.
X X X
Elm sahəsi
üzrə Dövlət mükafatı “Hidrogen peroksidlə
koherent-sinxronlaşmış oksidləşmə
reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə
təqdim edildi.
Bu diqqətə
görə Prezident İlham Əliyevə təşəkkür
edən Dövlət mükafatı laureatı Tofiq NAĞIYEV
dedi:
-
Çox hörmətli cənab Prezident.
Hörmətli
xanımlar və cənablar.
Bu gün
mənim çox xoşbəxt günümdür. Ona görə
ki, cənab Prezident, Siz elm sahəsində olan yüksək
dövlət mükafatını mənə təqdim etdiniz.
İcazə verin, mən Sizə öz dərin minnətdarlığımı
bildirim.
Cənab
Prezident, Siz Azərbaycan elminin nüfuzunun artmasına
böyük qayğı göstərirsiniz. Bu, Sizin elmə, təhsilə
və yüksək mədəniyyətə söykənən
missiyanın, böyük maarifçiliyə
vurğunluğunuzun təcəssümüdür. Biz alimlər
isə Sizin etimadınızı doğrultmağa
çalışırıq. Çox sağ olun, cənab
Prezident.
X X X
Ədəbiyyat
sahəsi üzrə Dövlət mükafatı “Heydər
Əliyev. Şəxsiyyət və zaman” altıcildlik sənədli-bioqrafik
kitabına görə Elmira Axundovaya təqdim olundu.
Bu
mükafatı almaqdan şərəf hissi duyduğunu,
yaradıcı insanlar üçün bunun böyük dəyər
olduğunu deyən Elmira AXUNDOVA 2003-cü ildən üzərində
işlədiyi “Heydər Əliyev: Şəxsiyyət və
zaman” altıcildliyinin ötən il Heydər Əliyev Mərkəzində
uğurla təqdim olunduğunu bildirərək dedi:
- Gərgin
işlə, düşüncələrlə, daimi
axtarışlarla, müxtəlif insanlarla söhbətlərlə,
dahi Heydər Əliyevə hədsiz sevgi, məhəbbət və
ehtiramla dolu bu illər ərzində mən ilk növbədə,
doğrudan da Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin diqqətini daim hiss etmişəm, onun mənə
olan inamına arxalanmışam. Məhz cənab İlham
Əliyevin icazəsi ilə mənə Heydər Əliyevin
şəxsi arxivində işləmək kimi çox
böyük bir xoşbəxtlik nəsib olmuşdur. Mən Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya çox
minnətdaram. Çünki məhz onların göstərişi,
onların icazəsi ilə kitabın təqdimatları
ayrı-ayrı illərdə nəinki respublikamızda, xarici
ölkələrdə də çox yüksək səviyyədə
təşkil olunmuş və dünya ictimaiyyəti artıq
bu kitabla tanış olmağa başlamışdır.
Mən
Heydər Əliyevin yaxınlarına, doğmalarına minnətdaram.
Çünki onların dəyərli xatirələri bu
kitabı zənginləşdirdi və ümumiyyətlə
burada, bu zalda əyləşən insanlar bütün bu illər
ərzində mənə dəstək olublar. Prezidentimiz
başda olmaqla onlara hədsiz minnətdarlığımı
bildirirəm. Çünki onlarsız bu kitab olmazdı.
Çox sağ olun. Mən sizin qarşınızda baş əyirəm.
Elmira Axundova
yeni cildlərin hazırlanması ilə bağlı işlərin
davam etdirildiyini bildirdi. Növbəti mərhələdə
bu kitabların xarici dillərə tərcümə edilərək
dünyada yayılmasının diqqət mərkəzində
olacağını vurğulayan Elmira Axundova dedi:
- Mənim
sevimli qəhrəmanımın məşhur bir kəlamını
xatırlatmaq istəyirəm: “Mən ömrümün qalan
hissəsini öz xalqıma bağışlayıram”. Mən
də Sizə söz verirəm ki, etimadınızı
doğruldacağam və ömrümün qalan hissəsini də
Heydər Əliyevin ölməz obrazının ədəbiyyatda,
publisistikada, bəlkə də kinoda bədii təcəssümünə
həsr edəcəyəm. Çox sağ olun.
X X X
Rəsmi
qəbul incəsənət ustalarının maraqlı konsert
proqramı ilə davam etdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 28 may.- S.1;3.