Azərbaycan dövləti heç bir kənar qüvvənin diktəsi ilə fəaliyyət göstərmir

 

Bahar MURADOVA: "Akademik Ramiz Mehdiyevin müsahibəsində səslənən fikirlərdən bütün qüvvələr özləri üçün lazımi nəticə çıxarmalıdır"

 

"ABŞ səfiri Riçard Morninqstarın məlum müsahibəsi bir neçə gündür ki, ictimai-siyasi gündəmdədir. Bir çox rəsmi şəxslər və ictimaiyyət nümayəndələri haqlı olaraq onun fikirlərinə etirazlarını bildirirlər. Mən də bu mövqelərin əksəriyyəti ilə şərikəm. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin konkret faktlara və arqumentlərə söykənən cavabını isə xüsusi vurğulamaq istəyirəm".

Bu fikirləri Milli Məclisin Sədr müavini Bahar Muradova qəzetimizə açıqlamasında bildirib. Bahar Muradova qeyd edib ki, cənab Ramiz Mehdiyev çox haqlı olaraq səfiri diplomatik qaydaları və Vyana konvensiyasını açıq şəkildə pozaraq Azərbaycanın daxili işlərinə kobud müdaxilə etməkdə və müstəqil siyasi mövqeyi ilə fərqlənən bir dövlətə diktə etmək kimi hərəkətə yol verməkdə ittiham edib.

Vitse-spiker də deyir ki, bu gün "Azərbaycan hakimiyyəti monolit deyil" fikrini söyləməklə mövcud  iqtidara qarşı inamsızlıq yaratmaq cəhdinə biganə qalmaq olmaz. Odur ki, cənab səfirin diqqətinə çatdırılmalı idi ki, Prezident İlham Əliyevin komandası kifayət qədər monolitdir və bu günə qədərki uğurlarımız buna ən yaxşı sübutdur.

Eləcə də qonşu ölkələrlə münasibətlərimizi şübhə altına alan, dünyanın aparıcı dövlətləri ilə əlaqələrimizi korlaya bilən açıqlamalar vermək ABŞ kimi bir dövlətin səfirinin səlahiyyətlərinə aid olan məsələ deyil. "Hər kəs bilir ki, biz bütün dünya ölkələri ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər qururuqbunun da hər hansı üçüncü dövlətə qarşı yönəlmədiyini açıq şəkildə bəyan edirik. Yalnız işğalçı Ermənistandan başqa biz bütün qonşularımızla ikitərəfli faydalı əməkdaşlıqda daim maraqlıyıq. Heç bir kənar qüvvələrin diktəsi ilə fəaliyyət göstərmirik".

Bahar Muradova eyni zamanda vurğulayıb ki, Azərbaycan ABŞ-la yüksək münasibətlərin qurulmasında hər zaman maraqlıdır. Lakin bu, o demək deyil ki, öz müstəqilliyinin təminatını kiməsə həvalə və hədiyyə edir. Dövlətimiz bu zaman da tam müstəqil siyasət yürüdür. Ölkə ictimaiyyəti də bu siyasəti dəstəkləyir, ona görə ki, Azərbaycan dövləti və Azərbaycan Prezidenti özü bu müstəqilliyin qarantıdır.

Qeyd edək ki, ABŞ səfiri müsahibəsində Ukraynada baş verən hadisələrin Azərbaycanda da təkrarlana biləcəyini iddia edib. Bahar Muradova onu da bildirdi ki, ABŞ kimi bir dövlətin diplomatik nümayəndəsinin bu cür fikir səsləndirməsi mövcud münasibətlərə təsir göstərə bilər: "Səfir bilməlidir ki, Azərbaycanda həmin hadisələr çoxdan baş veribbu gün müstəqil Azərbaycan dövləti dünyada söz sahibi olan dövlətlərdən biridir. Akademik Ramiz Mehdiyev bu məsələlərin hər birinə çox kəskin, qətiyyətli, eyni zamanda açıq mövqe bildirib. Bu müsahibə Azərbaycana qarşı digər dövlətlərin, diplomatik nümayəndəliklərin, ayrı-ayrı beynəlxalq dairələrin rəsmilərinin heç bir çərçivəyə və əndazəyə sığmayan, müəyyən beynəlxalq sənədlərin, diplomatik münasibətlərin ruhuna uyğun gəlməyən fikirlər səsləndirməsinin də qarşısını almağa xidmət edir. Yəqin ki, akademik Ramiz Mehdiyevin müsahibəsində səslənən fikirlərdən hər bir kəs özü üçün lazımi nəticə çıxaracaq".

 

Rəşad BAXŞƏLIYEV,

Azərbaycan.-2014.- 28 may.- S.5.