Müsəlman Şərqinin ilk demokratik
cümhuriyyəti
28 may Respublika
Günüdür
"Müsəlman
Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan
torpağında yaranması xalqımızın o dövrdə
və o illər ərəfəsində - XIX əsrin sonunda və
XX əsrin əvvəllərində milli müstəqillik və
azadlıq duyğuları ilə yaşaması ilə
bağlıdır".
Heydər ƏLİYEV
Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. Tarixi faktlara nəzərən Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər mürəkkəb və çətin mərhələdə belə demokratik ideallardan geri çəkilmədiyini, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atdığını, ədalətə və qanunçuluğa tapındığını, maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə söyləmək olar.
1917-ci ilin fevralında Rusiyada Romanovlar hakimiyyəti
devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra
hakimiyyətə gələn Müvəqqəti hökumət
uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət
çevrilişi nəticəsində Cənubi Qafqazdan
Rusiyanın Müəssislər Məclisinə seçilən
deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər.
Onlar 1918-ci il fevralın 14-də Tiflisdə
Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini
yaratdılar. Zaqafqaziya Seymində Müsəlman
Fraksiyasını Müəssislər Məclisinə
seçkilər zamanı Azərbaycanın, habelə
bütün Cənubi Qafqazın bir milyondan çox
türk-müsəlman seçicisinin səsini qazanmış
44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin
Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya müsəlman
parlamenti funksiyasını yerinə yetirirdi. Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki,
Rusiya dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seymində
də ən aparıcı üzvlər Azərbaycan nümayəndələri
idi. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın
müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya
Cümhuriyyəti yaradıldı. Lakin istər
daxili, istərsə də xarici siyasət sahəsində kəskin
milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və
Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin
konkret addımlar atmasına imkan vermədi. Nəticədə
1918-ci il mayın 25-də gürcü
nümayəndələr seymdən çıxdılar və
ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini
elan etdilər.
Mayın 27-də isə seymin Müsəlman
Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman
Şurasının (faktiki olaraq Zaqafqaziya müsəlman
parlamentinin) üzvləri ayrıca iclaslarını
keçirdilər və Azərbaycanın müstəqilliyini
elan etmək qərarına gəldilər. Bu məqsədlə
Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan
Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan
etdi. Bununla ilk Azərbaycan parlamenti
yarandı və Azərbaycanda parlamentli respublikanın təməli
qoyuldu. 1918-ci il mayın 27-də
keçirilən həmin iclasda Azərbaycan Milli
Şurasının Rəyasət Heyəti və sədri
seçildi. Məhəmməd Əmin Rəsulzadə
Milli Şuranın sədri oldu.
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi
ilə Azərbaycan Milli Şurasının tarixi iclası
keçirildi.
Həmin iclasda iştirak edən Həsən bəy Ağayev
(sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil
bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət
Seyidov, Nəriman Nərimanov, Heybətqulu Məmmədbəyov,
Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov,
Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər
Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd
Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy
Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy
Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy
Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər
Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov
və Hacı Molla Səlim Axundzadə Azərbaycanın
İstiqlal Bəyannaməsini qəbul etdilər. İstiqlal Bəyannaməsi bütün
türk-müsəlman dünyasında, ümumiyyətlə,
bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda
ən demokratik respublika idarə üsulunun - parlamentli
respublikanın yaradılacağından xəbər verirdi.
1918-ci il mayın 30-da Azərbaycanın öz müstəqilliyini
elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə
radioteleqrafla məlumat verildi. Milli Şura Azərbaycan
hökumətinin təşkilini F.Xoyskiyə
tapşırdı. İlk hökumət
"Müsavat", "Müsəlman sosialist bloku",
"Hümmət", "İttihad" və bitərflərdən
ibarət 9 naziri təmsil edirdi. Bu dövrdə
Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə
köçməsi ilə əlaqədar müxtəlif
qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin
vəziyyət nəzərə alınaraq bütün ölkə
ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər
Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı
sərəncamına əsasən Azərbaycan Milli Ordusu
yaradıldı.
1918-ci il sentyabrın 15-də ağır
döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan
xalq könüllü dəstələrinin köməyi ilə
Bakını azad etdi. Şəhər
S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti
ələ keçirmiş menşevik-daşnak -
"Sentrokaspi" diktaturasından da təmizləndi.
1918-ci il sentyabrın 17-də Azərbaycan
Xalq Cümhuriyyəti hökuməti Bakıya
köçdü. Bakı paytaxt elan olundu.
Noyabrın 9-da Xalq Cümhuriyyətinin dövlət
bayrağı üzərində aypara və səkkizguşəli
ulduz təsviri olan üçrəngli bayraqla əvəz
olundu. Müsəlman Şərqində ilk
parlamentli respublikanın tarixi Azərbaycan parlamentarizminin
tarixidir. Demokratik, hüquqi dövlət
yaradan Xalq Cümhuriyyəti hakimiyyəti qanunların aliliyini
təmin etməli olan təsisatların ilk növbədə
parlamentin yaradılması zərurətini ən ümdə vəzifələrdən
biri hesab edirdi. Parlamentin fəaliyyətə
başlamasına qədər Azərbaycan Təsis Məclisi -
Milli Şura və icraedici orqan - Nazirlər Kabineti çox
mürəkkəb şəraitdə fəaliyyət göstərərək
Azərbaycan Xalq Cümhuriyyətinin qorunub
saxlanılmasında əhəmiyyətli işlər
görmüşlər. Dünya təcrübəsində
ekstremal şəraitdə Milli Şura kimi ali
hakimiyyət orqanının yaradılması presedentləri
mövcud olmuşdur.
Azərbaycan hökuməti, eləcə də parlament
respublikanın müstəqilliyinin Paris Sülh
Konfransının iştirakçısı olan qalib dövlətlər
tərəfindən tanınmasına
çalışırdı. Buna görə də 1918-ci il
dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən
parlamentin ağsaqqallar şurası nümayəndələrinin
iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək
üçün Azərbaycan Cümhuriyyəti parlamentinin sədri,
cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında
əvəzsiz xidmətləri olmuş
Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə
heyəti göndərildi. Böyük əziyyətlərdən
və erməni təbliğatı ilə uzunmüddətli
mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə
heyəti 1920-ci il yanvar ayının 12-də
sülh konfransındakı əsas ölkələr tərəfindən
Azərbaycanın de-fakto tanınmasına nail oldu.
1920-ci il
aprelin 22-də - süqutundan beş gün əvvəl Azərbaycan
Cümhuriyyəti parlamenti Paris Sülh Konfransında
missiyasını uğurla yerinə yetirmiş Azərbaycan
nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində
(İngiltərə, Fransa, İtaliya, İsveçrə,
Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər
açmaq haqqında qanun qəbul etdi. Müzakirələr
zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan
hökumətinin bütün ciddi səylərinə baxmayaraq,
onu de-fakto belə tanımayan Sovet Rusiyasında da nümayəndəliklərin
açılmasını təkid edərək buna nail oldular.
1918-ci il may ayının 28-də müstəqilliyini
elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və
subyektiv səbəblərdən bu nemətin şirinliyini uzun
müddət dada bilmədi: milli hökumət 1920-ci il aprelin
28-də bolşevik qaragüruhu tərəfindən devrildi,
ölkə işğala məruz qaldı. Xalqın
şüurunda dərin iz salmış milli müstəqillik və
dövlətçilik amalı növbəti dəfə
amansızlıqla boğuldu, respublikamız uzun illər sovet
imperiyasının ideoloji buxovları altında fəaliyyət
göstərməyə məcbur oldu.
70 il totalitar rejimin ideoloji-siyasi buxovları
altında yaşayan Azərbaycan xalqının qəlbində
bir müstəqil dövlətçilik idealı kök
salmışdı. Ötən əsrin
ortalarında Azərbaycanda siyasi hakimiyyətə irəli
çəkilən ulu öndər Heydər Əliyev ilk
gündən həyata keçirdiyi tədbirlərlə
xalqın gələcək müstəqilliyinə iqtisadi,
siyasi və hüquqi zəmin hazırlamağa
başlamış, bu məqsədlə genişmiqyaslı tədbirlər
həyata keçirmişdir. Ümummilli
lider həmin illərdə müstəqil Azərbaycan
üçün möhkəm siyasi və iqtisadi təməl
yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin
də əsasını qoymuş, yüksək siyasi iradə
göstərərək qanunverici orqanın xalqın milli
maraqlarına uyğun çevik və işlək fəaliyyətini
təmin etmişdir. Ötən əsrin
50-60-cı illərində respublikada milli-mənəvi
dirçəliş istiqamətində müəyyən
ehtiyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər
məhz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçildiyi vaxtdan
başlanmışdır. Ümummilli lider
çox böyük ustalıqla bütün dövlət
hakimiyyəti orqanlarının, o cümlədən parlamentin
işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə,
milli dirçəliş siyasətinin reallaşmasına
yönəltmişdir. Xüsusi
vurğulamaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi
əzəmətli bina da məhz ulu öndər Heydər
Əliyevin respublikaya birinci rəhbərliyi dövründə
- keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda
inşa edilmişdir.
1991-ci ildə
Azərbaycan özünün dövlət müstəqilliyini
bərpa etsə də, bu, əslində formal xarakter
daşımış, 1993-cü ildə ümummilli lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik
ideyalarının bərqərar olması fundamental mahiyyət
kəsb etməyə başlamışdır. Bu mərhələdən
etibarən respublikada müstəqil dövlət təsisatları
formalaşmış, ilk milli Konstitusiya qəbul olunmuş,
Milli Məclisə ilk seçkilər keçirilmiş,
respublikamızın demokratik və hüquqi inkişafında
keyfiyyətcə yeni mərhələnin əsası
qoyulmuşdur.
1998-ci il
yanvarın 30-da umummilli lider Heydər Əliyev ilk dəfə
olaraq "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin
keçirilməsi haqqında" sərəncam
imzalamış və bu yubiley dövlət səviyyəsində
keçirilmişdir. Ümummilli liderin qeyd etdiyi kimi, əgər
XX əsrin əvvəllərində xalqımız milli
azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə
böyük addım atıbsa, XX əsrin sonunda milli
azadlığa, dövlət müstəqilliyinə tam nail
olubdur: "Müsəlman Şərqində ilk demokratik
cümhuriyyətin məhz Azərbaycan torpağında
yaranması xalqımızın o dövrdə və o illər
ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində
milli müstəqillik və azadlıq duyğuları ilə
yaşaması ilə bağlıdır. O illərdə
xalqımızın qabaqcıl şəxsiyyətləri,
mütəfəkkir adamları, ziyalılıarı
xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhval-ruhiyyəsini yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır".
Ulu
öndərin layiqli davamçısı Prezident İlham
Əliyev 15 fevral 2008-ci il tarixdə "Azərbaycan
Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam imzaladı. Azərbaycan
Respublikası Milli Məclisi də Xalq Cümhuriyyəti
parlamentinin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir
keçirdi.
Prezident
İlham Əliyev 2013-cü il may ayının 27-də
"Buta" sarayında Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 95 illiyi ilə bağlı keçirilən
rəsmi qəbulda bildirmişdi: "Doxsan beş il əvvəl
müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda
demokratik respublika yaranmışdır. Bu,
böyük və tarixi hadisə idi. Çünki
Azərbaycan xalqı əsrlər boyu arzuladığı
müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti
var idi. Eyni zamanda, respublikanın
yaranması müsəlman aləmində respublika
quruluşunun yayılmasına da təkan vermişdi. Qısa müddət ərzində bütün
dövlət qurumları, dövlət təsisatları
yaradılmışdı. Demokratik
inkişaf gedirdi, qadınlara səsvermə hüququ
verilmişdi, Milli Ordu yaradılmışdı. Bir sözlə, respublikanın qurucuları
böyük işlər görmüşdülər və Azərbaycan
xalqı onların xatirəsinə böyük hörmətlə
yanaşır. "İstiqlal Bəyannaməsi"ni
imzalayanların şərəfinə Bakının mərkəzində
abidə ucaldılmışdır".
Sovet
Rusiyasının beynəlxalq hüquq normalarını
tapdalayan hərbi müdaxiləsi və XI ordu hissələrinin
işğalı nəticəsində Azərbaycan yenidən
istila edilsə də, Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın azadlıq hərəkatı tarixində dərin
iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq,
sübut etdi ki, heç bir müstəmləkə və
repressiya rejimləri Azərbaycan xalqının azadlıq
ideallarını və müstəqil dövlətçilik ənənələrini
məhv etməyə qadir deyil.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 28 may.- S.6.