«Yeni media
və yeni çağırışlar» mövzusunda konfransda
internet medianın inkişaf perspektivləri müzakirə olunmuşdur
Mayın
27-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan
Mətbuat Şurasının və "Multimedia" Mərkəzinin
birgə təşkilatçılığı ilə
"Yeni media və yeni çağırışlar"
mövzusunda konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə media qurumlarının,
dövlət orqanlarının, vətəndaş cəmiyyəti
təşkilatlarının və beynəlxalq qurumların
nümayəndələri iştirak etmişlər.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə
çıxış edərək demişdir ki, ölkəmizdə
internet medianın inkişafı daim diqqət mərkəzindədir.
Bu gün Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı
50 faizi ötmüşdür. Ölkəmizdə 1 milyon 300
mindən çox insan "Facebook"da qeydiyyatdadır, təxminən 50-dək
internet televiziya və radio fəaliyyət göstərir.
Mətbuat
Şurasının sədri vurğulamışdır ki,
ümummilli lider Heydər Əliyev tərəfindən
2003-cü il fevralın 17-də təsdiq edilmiş "Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)" ölkəmizdə bu sahənin
sürətli inkişafına güclü təkan
vermişdir.
Prezident
Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək
aktual mövzuya həsr olunmuş konfransın əhəmiyyətindən
və müzakirə olunacaq məsələlərin sosial
medianın inkişafına verəcəyi töhfələrdən
danışmışdır.
Bildirilmişdir
ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra
ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında azad informasiya mühitinin
formalaşdırılması və paralel şəkildə
dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin
əsaslarının yaradılması prosesinə
başlanılmışdır. Dövlətin informasiya siyasətinin
əsas vəzifələri, istiqamətləri və onu həyata
keçirəcək vasitələr müəyyənləşdirilmişdir.
Sonrakı mərhələdə demokratik cəmiyyət
quruculuğuna uyğun olaraq azad informasiya fəaliyyətinin
hüquqi normativ bazası yaradılmış, söz və məlumat
azadlığı təmin edilmiş, azad medianın
inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə,
beynəlxalq rəqabətədavamlılığının
artırılmasına hərtərəfli dəstək
göstərilmişdir. Nəticədə qısa zamanda
respublikada azad informasiya mühiti formalaşmış, müstəqil
media həm kəmiyyət, həm də keyfiyyət
baxımından inkişaf etmişdir.
Vüqar
Əliyev demişdir: "Azərbaycan
informasiya-kommunikasiya texnologiyalarının sürətlə
inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli
stimullaşdırıldığı, azad və keyfiyyətli
internetin mövcud olduğu bir ölkədir. Bu gün əhalinin
70 faizinin internetə çıxışı mövcuddur,
ölkədə yüzlərlə sayt, portal fəaliyyət
göstərir, bloqosfera inkişaf edir, sosial şəbəkələrdən
istifadə edənlərin sayı artıq 2 milyona
çatmışdır. İKT sahəsində müasir
standartların tətbiqi, ilk milli peykin orbitə
çıxarılması, internetin infrastrukturunun təkmilləşdirilməsi,
mətbuatla bağlı milli proqramların hazırlanması və
həyata keçirilməsi nəticəsində dövlət
orqanlarının fəaliyyətinin şəffaflaşdırılması
və digər tədbirlər həm də yeni medianın
imkanlarını genişləndirmiş, onun hərtərəfli
inkişafına xidmət etmişdir".
Müasir
medianın qarşısında duran bir sıra mövcud
problemləri diqqətə çatdıran Prezident
Administrasiyası İctimai-siyasi şöbəsinin sektor
müdiri bildirmişdir ki, sosial şəbəkələrdə
insanların təhqir olunması, yalan, böhtan xarakterli
yazıların yer alması yolverilməzdir, peşə
etikasından kənardır və bu cür mənfi
halların qarşısı qanunvericiliyin tələblərinə
uyğun olaraq alınmalıdır.
Konfransda
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə
müdiri İsfəndiyar Əliyev və Azərbaycan
İnternet Forumunun prezidenti, "Multimedia" Mərkəzinin
direktoru Osman Gündüz çıxış edərək
internet medianın vəziyyətindən, bu sahədə
ictimai informasiyaların açıqlanmasından, internet media
qurumlarına dövlət dəstəyindən və digər
məsələlərdən söz açmışlar.
Sonra
konfrans öz işini "İnternet medianın inkişaf
meyilləri və perspektivlər", "Sosial mediadan
informasiya əldə edilməsi və informasiyaların
yayılmasında səmərəli istifadə
imkanları" mövzularında panel iclaslarında davam
etdirmişdir.
Azərbaycan.-2014.- 28 may.- S.7.