Brüsseldə Avropa
Komissiyasının “Şərq tərəfdaşlığı”
Proqramının 4-cü Platformasının 11-ci iclasında
"Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyası"nın təqdimatı keçirilmişdir
Belçika
Krallığının Brüssel şəhərində
Avropa Komissiyasının “Şərq tərəfdaşlığı”
Proqramının 4-cü Platformasının (insanlararası əlaqələr)
11-ci iclası keçirilmişdir.
İclasda “Şərq tərəfdaşlığı” ölkələri - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Avropa İttifaqı üzv dövlətlərinin (Çex Respublikası, Finlandiya, Fransa, İsveç, Latviya, Litva, Niderland, Polşa, Rumıniya) rəsmi nümayəndə heyətləri, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun İdarəedici Komitəsinin üzvləri (Belarus, Polşa, Ukrayna) və təmsilçiləri, Avropa İttifaqı Şurasının, Avropa Şurasının, UNESCO-nun rəsmiləri, Avropa Komissiyası “Şərq tərəfdaşlığı” Proqramının 4-cü Platformasının rəhbərliyi və məsul əməkdaşları, müstəqil ekspertlər iştirak etmişlər.
Tədbirdə Azərbaycan Xarici İşlər, Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarından ibarət geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda “Şərq tərəfdaşlığı”nın tərəqqisinin növbəti mərhələləri müzakirə edilmiş, Avropa İttifaqının tədqiqat və innovasiyalar, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən yeni layihə və proqramlarının təqdimatı keçirilmişdir.
İclasda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova Azərbaycan Respublikasının Avropa İttifaqı ilə mədəniyyət sahəsində əməkdaşlığının perspektivlərindən danışmışdır. O, cari ilin iyul ayında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələrində mədəniyyət proqramı” çərçivəsində Azərbaycanda keçiriləcək mübadilə seminarı haqqında məlumat vermişdir.
Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli "Azərbaycan
Respublikasının Mədəniyyət
Konsepsiyası"nın təqdimatını keçirərək
Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
Proqramı çərçivəsində belə təşəbbüslərin
irəli sürülməsinin vacibliyini
diqqətə çatdırmışdır. Mədəniyyət
və Turizm Nazirliyinin
rəsmisi Avropa İttifaqının Azərbaycan
Respublikası ilə ikitərəfli əlaqələrinin
inkişafını "Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyası"nın əsasında davam
etdirilməsinin məqsədəuyğun olduğunu
vurğulamışdır.
Azərbaycan.-2014.- 28 may.- S.12.