Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir

 

Berndə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının (SECO) nümayəndəsi xanım Liviya Leu, eləcə də hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak etmişlər.

İclasda çıxış edən Birgə Komissiyanın həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın İsveçrə ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə olunmuş razılaşmaların mühüm əhəmiyyətini qeyd etmişdir.

Bildirilmişdir ki, iki ölkə arasında əməkdaşlığın zəruri müqavilə-hüquqi bazası yaradılmış, 20-dən çox ikitərəfli sənəd, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunmasına, ticarət və iqtisadi əməkdaşlığa, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədlər imzalanmışdır. Hazırda Azərbaycanın xidmət, sənaye, ticarət, tikinti, rabitə, nəqliyyat, maliyyə sahələrində 81 İsveçrə investisiyalı şirkət fəaliyyət göstərir. Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsi 2013-cü ildə 8,5 faiz artmışdır.

Qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının prioritet sahəsi olduğunu diqqətə çatdıran Şahin Mustafayev İsveçrə tərəfindən 1995-2013-cü illər ərzində bu sektora 185,3 milyon ABŞ dolları məbləğində investisiya yönəldildiyini vurğulamışdır.

Bildirilmişdir ki, İsveçrə hökuməti indiyədək Azərbaycana 70 milyon ABŞ dolları həcmində qrant ayırmışdır. Regional layihələr də daxil olmaqla, SECO tərəfindən Azərbaycanda 32 layihə həyata keçirilmiş, bunlardan 15-nin icrası artıq başa çatdırılmışdır. Hazırda 17 layihənin icrası davam etdirilir. Birgə həyata keçirilən "Azərbaycanda investisiya mühiti" layihəsi çərçivəsində lisenziyalar və icazələr, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində qanun layihələri hazırlanmış, müvafiq elektron informasiya portalı yaradılmışıdır.

İclasda hazırda Azərbaycanın investisiya ixracatçısı olduğu qeyd edilmiş, bir sıra Avropa ölkələrinə, o cümlədən İsveçrəyə də sərmayə yatırdığı vurğulanmışdır.

Birgə Komissiyanın 5-ci iclasından ötən müddət ərzində görülmüş işlər, bu dövrdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən nazir iki ölkə hökumətləri arasında kapital bazarlarının müasirləşdirilməsi üzrə texniki yardıma dair sazişin imzalandığını, İsveçrənin "Switzerland Global Enterprise" təşkilatı ilə AZPROMO arasında əməkdaşlığa dair memorandumun razılaşdırma mərhələsində olduğunu demişdir. Ş.Mustafayev İsveçrənin "Holcim" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətini, 2012-ci ildə "Holcim-Azərbaycan" ASC-nin quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodunun istifadəyə verildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etmiş, Gəncədə su təchizatı sistemlərinin bir hissəsinin inşası başa çatmışdır. Azərbaycan İsveçrə ilə enerji, kənd təsərrüfatı, maliyyə, mədəniyyət və turizm, səhiyyə sahələrində də uğurlu əməkdaşlıq edir.

Gələcək əməkdaşlıq istiqamətləri barədə danışan nazir Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, maliyyə və bank, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını yüksək qiymətləndirmiş, adamları arasında əlaqələrin təşviqi üçün biznes forumların, sərgi və yarmarkaların təşkilinin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu çıxışında ölkəsinin də Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, Birgə Komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini diqqətə çatdırmışdır.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu imzalamışlar. Protokolda sənaye, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, su təsərrüfatı, enerji, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.

Sonra İsveçrə-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT, səhiyyə sahələrində fəaliyyət göstərən 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 120-dən çox adamı iştirak etmişdir.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev son illər ərzində Azərbaycan və İsveçrə arasında əlaqələrin genişləndirilməsində özəl bölmənin rolunu vurğulamışdır. Nazir Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat vermiş, ölkəmizdə investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır.

Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolundan, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerjiregional nəqliyyat layihələrdən bəhs edən Şahin Mustafayev İsveçrə şirkətlərini ölkəmizdə həyata keçirilən investisiya layihələrində, ölkədə yaradılan sənaye parklarında fəal iştiraka dəvət etmişdir.

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu çıxışında ölkəsinin iqtisadiyyatı, adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

İsveçrə-MDB Ticarət və Sənaye Palatasının icraçı direktoru xanım Dorit Sallis, ölkəmizin İsveçrədəki səfiri Əkrəm Zeynallı Azərbaycan-İsveçrə əlaqələrindən danışmış, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov dövlətimizin biznesinvestisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.

Biznes forum çərçivəsində AZPROMO ilə İsveçrənin Rusiya və MDB ölkələri üzrə Birgə Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Biznes forum sual–cavab sessiyası ilə başa çatmışdır.

 

Azərbaycan.-2014.- 28 may.- S.13.