Ömrünü qürbətdə
başa vurdu
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salanda onu yaradanlar, fədakarlıq göstərib cəfasını çəkənlər, o cümlədən 96 il əvvəl təşkil olunmuş parlamentin üzvləri yada düşür. Hər birinin də həyatı öyrənilməyə və tədqiq edilməyə, bugünkü və gələcək nəsillərə çatdırılmağa layiqdir.
Azərbaycan tarixinin həmin dövrünə aid tanınmış simalarından biri Mirzə Şəmsi oğlu Əsədullayevdir. Cümhuriyyət hakimiyyəti parlamentinin üzvü olmuş, eləcə də o gərgin illərdə aparıcı sahələrdən birinə rəhbərlik etmiş - ticarət və sənaye naziri vəzifəsini daşımış bu insan vətəninə, millətinə şərəflə xidmət etmiş, tutduğu yolun düzgünlüyünə ürəkdən inanmışdır. Bu adın sahibi Azərbaycan xalqının əbədi simalarındandır.
Mirzə Əsədullayev XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin diqqətini cəlb edən şəxslərdən biri olmuşdur. O, 1875-ci ildə Bakıda milyonçu ailəsində dünyaya göz açmışdır.
Mirzənin atası Şəmsi Əsədullayev iri sahibkar, neft sənayeçisi, ictimai xadim olmuşdur. O, 1841-ci ildə Bakının Əmircan qəsəbəsində doğulmuşdur. Mirzə Əsədullayevin taleyi atasının həyat və fəaliyyəti ilə sıx bağlı olduğu üçün öncə elə Şəmsi Əsədullayevin ömür yoluna qısaca nəzər salaq.
Ş.Əsədullayev 1874-cü ildə cüzi kapitalla neft çıxaran və emal edən kiçik bir kontor açmışdı. Bir müddətdən sonra - 1893-cü ildə həmin müəssisəni "Şəmsi Əsədullayev və Ko" adlı böyük şirkətə çevirmişdi.
Ş.Əsədullayevin Bakıda bir neçə neftayırma zavodu, mexaniki emalatxanası, Suraxanı, Sabunçu və Ramanada 37 buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəmiləri vardı. O, var-dövlətini xalqından əsirgəməmiş, xeyriyyəçiliklə məşğul olmuş, o cümlədən "Nəşri-maarif" cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
1903-cü ildə Şəmsi Əsədullayev Moskva şəhərinə köçmüşdü. Bundan sonra Moskvada və Peterburqda bir neçə yerdə nəhəng mülklər tikdirmiş, maarifçilik və xeyriyyə işlərini genişləndirmiş, yoxsul uşaqlar üçün məktəblər açdırmışdı. Moskvadakı Kiçik Tatar döngəsində tikdirdiyi evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamışdı. Ümumrusiya müsəlmanlarının qurultayı da 1917-ci ilin may ayında Ş.Əsədullayevin müsəlmanlara bağışladığı binada keçirilmişdi.
Rusiyada yaşasa da, Şəmsi Əsədullayev daim doğma torpağının - Azərbaycanın və azərbaycanlıların təəssübünü çəkmiş, millətimizin inkişafına, xoş güzəranına çalışmışdır. O, 1905-ci ilin avqust ayında Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş birinci qurultayının da iştirakçısı olmuşdur. 1913-cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təsis etmişdir.
Ş.Əsədullayevin oğlu olan Mirzə orta təhsilini Bakı gimnaziyasında almışdır. Erkən yaşlarından atasının neft şirkətində əmək fəaliyyətinə başlamışdır. Ata Əsədullayev Moskva şəhərinə köçəndən, yəni 1903-cü ildən sonra Bakıdakı neft şirkəti ilə bağlı bütün məsələləri gənc Mirzə həll etmişdir.
M.Əsədullayev ailəsinə məxsus şirkətin hasil etdiyi neftin ixrac məsələləri ilə bağlı vaxtaşırı Rusiyaya getməli olurdu. Hətta müəyyən vaxtlarda Moskva və Peterburq şəhərlərində yaşamışdı. Bu zaman o, rus mədəniyyəti ilə yaxından tanış ola bilmişdi. Mirzə Əsədullayev Avropa ölkələrini qarış-qarış gəzmişdi. Bütün bunlar onun dünyagörüşünün genişlənməsində, bir ziyalı, vətənpərvər kimi formalaşmasında mühüm rol oynamışdır.
Mirzə Əsədullayev təhsilini rus dilində almışdı. Ana dilini mükəmməl bilməməsi, təbii ki, işində ona maneçilik törədirdi. 1912-ci ildə Moskva Konservatoriyasında oxuyan, özündən 10 yaş kiçik Üzeyir bəydən ana dili dərsləri almışdır. Bu barədə Üzeyir bəyin Parisdə təhsil alan qardaşı Ceyhun bəy məktubunda yazmışdır.
Mirzə Əsədullayev təkcə milyonçu ailənin övladı, iş adamı, sahibkar kimi tanınmırdı. O, hələ gənc yaşlarından öz biliyi, savadı, dünyagörüşü, rus və Avropa mədəniyyətinə dərindən bələd olması, ən əsası isə ziyalılığı ilə diqqəti cəlb edir, cəmiyyətdə ictimai xadim kimi hörmət və nüfuz qazanırdı.
İllər keçdikcə Mirzə Əsədullayev çoxşaxəli fəaliyyəti ilə seçilən ictimai xadimə çevrilir. Məsələn, onun sədrlik etdiyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirirdi. Bu cəmiyyət "cəhalət səltənəti"ni dağıtmaq uğrunda mübarizəyə qoşulmuşdu.
Rus dilində təhsil alsa da, çox vaxt xarici ölkələrdə olsa da, Mirzə Əsədullayev öz soykökünə, xalqına və torpağına bağlı insan idi. Qəlbində həmişə millət təəssübü çəkirdi. XX əsrin əvvəllərində onu artıq Azərbaycan dilində mətbu orqanların az olması kimi məsələ də ciddi narahat edirdi. Odur ki, 1915-ci il martın 11-də "Qardaş köməyi" adlı qəzet buraxmağa başlayır. Lakin qəzetin cəmi bir nömrəsi çıxır. Həmin yeganə nömrə də yaddaqalan olur. Belə ki, buradan əldə olunacaq gəlirin hərbzadə müsəlmanların nəfinə, o cümlədən Birinci Dünya müharibəsi zamanı çar ordusundakı azərbaycanlılardan ibarət süvari qoşun hissələrinin döyüşçülərinə sərf ediləcəyi bildirilirdi.
1917-ci il fevral inqilabından sonra, yəni mart ayında Mirzə Əsədullayev Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. Növbəti, 1918-ci ildən isə Bakı neft sənayeçiləri qurultayı şurasının sədri olur. Həmin ilin noyabrında Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən neft sənayeçiləri qurultayı şurasından cümhuriyyət parlamentinə üzv seçilir.
Bir sıra mənbələrdə Əsədullayevlərin 1918-ci ildə İrana getdiyi də qeyd edilir. Azərbaycanda ermənilərin olmazın vəhşiliklər törətdiyi dövrdə ailənin yeganə xilas yolu məhz bu olur. Lakin ara sakitləşəndən sonra onlar tezliklə vətənə qayıdırlar.
Mirzə Əsədullayev "Müsavat" və bitərəf fraksiyasına daxil idi. 1918-ci il dekabrın 26-da Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. Həmin dövrdə Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılması və yerli sənayenin inkişaf etdirilməsi istiqamətində Mirzə Əsədullayev çox cəhd göstərmiş və xeyli əməli addımlar atmışdır. Lakin təəssüf ki, zamanın gərdişləri ona nazir kürsüsündə çox oturmağa imkan verməmişdir.
Əslində, cümhuriyyətin özünün də ömrü qısa olmuşdu - cəmi 23 ay yaşaya bilmişdi. Buna baxmayaraq, hökumət həmin az vaxtda bir sıra təsərrüfat məsələlərinin həllində mühüm uğurlara imza atmışdı. Neft sənayesindəki ağır vəziyyət aradan qaldırılmış, bərbad hala düşmüş Bakı-Batum neft kəməri bərpa olunmuşdu. Bakı-Culfa dəmir yolunun çəkilişi davam etdirilmişdi. Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Bankının yaradılması, milli pul nişanlarının buraxılması da məhz həmin dövrdə həyata keçirilmişdi. Bundan əlavə, Xəzər Dəniz Gəmiçiliyi xeyli inkişaf etdirilmiş və bir sıra digər işlər görülmüşdü.
Azərbaycan Xalq Cümhuriyyəti o zaman xarici-iqtisadi siyasət sahəsindəki fəaliyyətini yalnız qanunlar işləyib hazırlamaqla bitmiş hesab etmirdi. Onların həyata keçirilməsi üçün istiqamətlər müəyyənləşdirilirdi. Məsələn, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq məqsədilə ağır maliyyə şəraitində 20 milyon manatlıq fond yaradılmışdı. Hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyaclar üçün 10 milyon manat həcmində kredit buraxılması qərara alınmışdı.
Nazir M.Əsədullayev vaxtilə ailə biznesini idarə edərkən iqtisadiyyat sahəsində böyük səriştə qazanmışdı. İxrac, alqı-satqı məsələlərindəki təcrübəsi ona imkan verirdi ki, gənc müstəqil dövlətə gen-bol kömək göstərsin.
Həmin dövrdə xarici iqtisadi fəaliyyətdə hökumətin reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən ibarət idi. Xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaq lazım gəlirdi. Belə mənbələrdən biri gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satılmasına icazə verilməsi, yaxud qadağan edilməsi zamanı onun əhali üçün nə dərəcədə gərəkli olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı.
Mirzə Əsədullayevin nazir olduğu aylarda bu istiqamətdə bir sıra qanunlar qəbul edilmişdi. Məsələn, hökumətin hazırladığı 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi. Bu amil əsas götürülürdü ki, əhali üçün öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaq əlverişlidir. O da nəzərə alınırdı ki, əhaliyə spirt yalnız texniki və tibbi məqsədlər üçün lazımdır. Xaricə satışına icazə verilən konyak, üzüm və tut spirti isə bu məqsəd üçün yaramırdı.
Bu zaman Əsədullayevin rəhbərlik etdiyi nazirliyin nəzdində Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi. Komitənin əsasnaməsində vurğulanırdı ki, bu strukturun mühüm vəzifələrindən biri respublikanın iqtisadi və maliyyə vəziyyətinin əsası olan neft ixracını və satışını təşkil etməkdir.
Komitənin 1919-cu ilin mart ayındakı plenar iclasında aparılan geniş müzakirələr zamanı bütün əmtəələrin iki qrupa bölünməsi qərara alındı. Onların bir qrupunun xaricə satılmasına icazə verilirdi, digərinə yox. Plenar iclasdan dərhal sonra əsasnamə təsdiq edildi. Həmin əsasnaməyə görə, taxıl, un, çörək, yarma, yem, at, mal-qara, ət, qənd, külçə və pul şəklində olan qızıl və gümüş, dəmir, soyuq silah və s. satışına icazə verilmədi. İxracına qadağa qoyulmayan məhsullar isə düyü, makaron, hər cür toxum və tərəvəz, çay, qəhvə, bitki yağı, şərab, duz, sabun, meşə materialları, neft və neft məhsulları, qızıl və gümüş məmulatı, maşın və alətlər idi.
Mirzə Əsədullayev hələ cavan və xeyli enerjili idi. Vətəni və xalqı üçün çox işlər görə bilərdi. Lakin yaşadığı zamanın əsən sərt küləkləri ondan və ailəsindən də yan keçmədi. 1919-cu ilin yazında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət kabineti istefaya çıxdı. Bu səbəbdən Mirzə Əsədullayev də nazir vəzifəsini tərk etdi. Bütün bunlar az imiş kimi, 1920-ci ilin mayında həbs edildi. Qısa vaxtdan sonra azadlığa buraxıldı və qəti qərarını verdi: elə həmin il Azərbaycanda hakimiyyətə başlayan sovetlərdən icazə alıb xaricə getdi. Təəssüflər olsun ki, bu gediş birdəfəlik oldu.
Bəzi tarixi mənbələrdə 1918-ci ildə parlamentin açılışı ərəfəsində M.Əsədullayevin ingilis general Tomsonla görüşü, söhbətləri barədə müxtəlif fikirlərin olduğu vurğulanır. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "Azərbaycan parlamenti necə yarandı" məqaləsində bu barədə yazır: "Daxili işlər naziri B.Cavanşir bu məsələyə aydınlıq gətirir. M.Əsədullayevin Tomsonla söhbətində Milli Şura haqqında mənfi fikir söyləmədiyi, Tomsonun baş nazir postuna, ümumiyyətlə, qeyri-müsəlman bir şəxsi nəzərdə tutduğunu, sonra bu post M.Əsədullayevə təklif edilərkən onun həmin vəzifədə yalnız Fətəli xanı gördüyünü bildirdiyi və bu kimi məqamlar açıqlanır". Təbii ki, parlamentin açılışı ərəfəsində belə bir söhbətin ortalığa atılması Azərbaycanda qəsdən hökumət böhranı törətmək idi. Bu cəhdin qarşısı isə Fətəli xan tərəfindən məharətlə alınmışdı.
Bir qədər əvvələ qayıdaq: Bakının iki neft sənayeçisi, iki milyonçusu - Musa Nağıyev və Şəmsi Əsədullayev övladlarını bir-biri ilə evləndirərək qohum olmuş, Şəmsinin oğlu Mirzə Musanın qızı Ümmülbanunu almışdı. Bu ailələrin taleyində oxşarlıq vardı. Çünki hər iki milyonçu əvvəlcə kasıb olmuş, sonra neft hesabına varlanmışdı. Oxşarlıq həm də bundan ibarət idi ki, ikisi də xəsislik etmədən öz vəsaitlərini xeyriyyəçiliyə xərcləmişdi. Mühacirətdə olan Üm-Əl-Banin (Mirzənin qızı) babaları Şəmsi Əsədullayev və Musa Nağıyev haqqında belə yazmışdı: "Onlar bu dünyaya kasıb gəlmiş, amma onu milyonçu kimi tərk etmişlər".
Mirzənin həyat yoldaşı Ümmülbanu dördüncü övladını dünyaya gətirərkən vəfat etmişdi. Odur ki, doğulmuş balaca qıza elə anasının adını vermişdilər. Bu səbəbdən Ümmülbanu həm Nağıyevlər, həm də Əsədullayevlər ailəsi, xüsusilə də atası Mirzə üçün çox əziz idi. Hətta atası ona Almaniyadan Anna adlı mürəbbiyə dəvət etmişdi. Ümmülbanu sonradan tanınmış yazıçı olmuş, Banin təxəllüsü ilə yazıb yaratmış, ümumiyyətlə, Üm-Əl-Banin adı ilə tanınmışdır.
Mirzə Əsədullayevin həyatı atası Şəmsinin həyatı ilə nə qədər sıx bağlı olmuşdusa, eyni bağlılıq Mirzə ilə qızı Ümmülbanunun tale qismətinə də düşmüşdü. Təbii ki, Ümmülbanu uzaq Fransada atası ilə mühacir həyatının acılarını bölüşməli olmuşdu.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Bakı Slavyan Universitetinin Roman-German dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva Əsədullayevlər ailəsinin həmin dövr həyatını Ümmülbanunun timsalında belə təsvir etmişdir: "1920-ci ildə hakimiyyət bolşeviklərin əlinə keçəndən sonra ailə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Mühacirət yeri Fransa oldu.
On beş yaşlı qız iş axtarışında vurnuxurdu: manekençi, satıcı, katibə, tərcüməçi. Demokratik dəyərlərlə tanışlıq, Fransanın incəsənət aləminə vurğunluq, adlı-sanlı rus mühacirləri ilə ünsiyyət: Bunin, Tolstoy, Şalyapin.
Bir tərəfdən yeni cəmiyyətə onun tamhüquqlu üzvü kimi daxil olmağa can ataraq o, vətənində baş verən proseslərdən şüurlu surətdə kənara çəkilir... Digər tərəfdən Banin öz yaradıcılığında bilavasitə Azərbaycanla bağlı mövzulara qayıdır, əsərlərini, əsasən, öz şəxsi həyat təcrübəsi əsasında qurur... "Qafqaz günləri" romanında Banin ailə üzvlərinin mütərəqqi cəhətlərini, onların Şərq ənənələri fonunda və hətta bir çox hallarda patriarxal əsaslarda yaradılan Qərb həyat tərzinə meylini təsvir edir. Şərq və Qərb dəyərlərinin bu problemi onun "Nami", "Paris günləri" əsərlərindən keçir. Azərbaycan kökləri gələcək yazıçının qəlbində faydalı cücərtilər əmələ gətirir və öz inkişafında onun dünya mədəniyyətinə məxsusluğu fikrinə gətirib çıxarır".
Bəzən Əsədullayevlər nəslinin salnaməsinə nəzər yetirmək kifayət edir ki, Azərbaycan xalqının keçdiyi tarixi yolun bir çox keşməkeşlərini onun timsalında görə biləsən. Belə ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu Şəmsi Əsədullayevin mülkiyyəti milliləşdirilir. O, Moskvada dünyasını dəyişir. Mirzə Əsədullayev isə ömrünün sonuna kimi Parisdə yaşayır. Məzarı həmin şəhərin müsəlman qəbiristanlığındadır.
Sonda onu da qeyd edək ki, bu sülalənin taleyi üç ölkə - Azərbaycan, Rusiya və Fransa ilə bağlı olmuşdur. Konkret olaraq Mirzə Əsədullayevin həyatı isə həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı olaylarla sanki üst-üstə düşür. Odur ki, həmin dövrün dərindən araşdırılması xalqımızın tarixinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinə hörmət və ehtiram nümunəsi olar.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2014.- 28 may.- S.14.