Azərbaycan ilə Böyük
Britaniya arasında əməkdaşlığın
inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən
danışılmışdır
Mayın
29-da Milli Məclisin sədr müavini Valeh Ələsgərov
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq
qrupunun üzvləri ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, V.Ələsgərov Azərbaycan ilə
Böyük Britaniya arasındakı əlaqələrin
yüksələn xətt üzrə inkişaf etdiyini
vurğulayaraq, qarşılıqlı səfərlərin və
parlamentlərin sıx əməkdaşlığının
münasibətlərimizin yeni mərhələyə
çıxmasında mühüm rol oynadığını
diqqətə çatdırmışdır.
Azərbaycanda
iqtisadi, ictimai-siyasi sahədə həyata keçirilən
islahat haqqında qonaqlara məlumat verən Milli Məclisin sədr
müavini Böyük Britaniya şirkətlərinin
respublikamızdakı uğurlu fəaliyyətinə
toxunmuş, ölkələrimiz arasında neft-qaz sahəsində
də yüksək səviyyədə əməkdaşlığın
olduğunu demişdir. “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi, TANAP və TAP layihələrinin
Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs
edən V.Ələsgərov bildirmişdir ki, bu layihələr
Avropa ölkələrinin enerji mənbələrinə
çıxışını şaxələndirəcəkdir.
İnşası davam edən Bakı-Tbilisi-Qars dəmir yolu isə
regional nəqliyyat şəbəkəsini daha da inkişaf
etdirəcəkdir. Bu cür nəhəng layihələr Azərbaycan
ilə yanaşı, qonşu ölkələrin də
inkişafına töhfə verəcəkdir.
Qarşılıqlı
əlaqələrin bütün sahələrdə, o cümlədən
parlamentlərarası münasibətlərdə də
uğurla inkişaf etdiyini deyən V.Ələsgərov
qonaqlara Azərbaycanın son illərdə qazandığı
uğurlar, ölkədə mövcud olan tolerant mühit, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə də
məlumat vermişdir.
Böyük
Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Kristofer Pinçer ölkəmizə səfər etməkdən
məmnunluğunu bildirərək, səfərin əsas məqsədinin
siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin
inkişafına töhfə verməkdən ibarət
olduğunu demişdir. K.Pinçer Azərbaycanın regionda və
beynəlxalq aləmdə artan nüfuzunu vurğulamış,
ölkələrimiz arasında qarşılıqlı əlaqələrin
daha da möhkəmləndirilməsi üçün
görüləcək işlərdən bəhs etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 30 may.- S.7.