Azərbaycanın xarici
işlər naziri Qoşulmama
Hərəkatının XVII nazirlər konfransında təşkilatın
Avropa Qrupundan sədr müavini qismində çıxış etmişdir
Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Qoşulmama Hərəkatının Əlcəzairdə
keçirilən XVII nazirlər konfransında təşkilatın
Avropa Qrupundan sədr müavini qismində
çıxış etmişdir.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
verilən məlumata görə, Avropa Qrupunun adından
açılış nitqi söyləyən Elmar Məmmədyarov
əmin olduğunu bildirmişdir ki, bu görüş bizim
beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan
ədalətli, çiçəklənən, sabit və təhlükəsiz
dünya qurmaq səylərimiz istiqamətində mühüm
addım olacaqdır. Bu məqsədlə Avropa Qrupu
görüşün işinə töhfə vermək niyyətindədir.
Nazir
demişdir: “Əminik ki, bizim buradakı
görüşümüz və onun nəticəsində qəbul
edəcəyimiz yekun sənəd Hərəkatın prinsip və
məqsədlərinə dəstək olaraq kifayət qədər
hərtərəfli gündəliyi əks etdirir. Şübhəsiz
ki, nəticədə bu sənəd üzv dövlətlər
tərəfindən həmrəylik ruhunda həyata
keçiriləcəkdir”.
Elmar
Məmmədyarov qeyd etmişdir ki, bütün dünyada beynəlxalq
sülhün və təhlükəsizliyin gücləndirilməsində
böyük rol oynayacağına əmin olduğumuz
Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə
dəstək olaraq Avropa Qrupu siyasi məsləhətləşmələr
və praktiki əməkdaşlığın genişləndirilməsi
və dərinləşdirilməsi istiqamətində Hərəkat
çərçivəsində səmərəli
qarşılıqlı fəaliyyət göstərəcəkdir.
Azərbaycan.-2014.- 30 may.- S.7.