ƏDALƏTƏ ÇAĞIRIŞ

 

Akademik Ramiz Mehdiyevin fikirləri yalnız bir dövlət xadiminin, ziyalının deyil,

bütövlükdə Azərbaycan cəmiyyətinin və dövlətinin mesajıdır

 

Müstəqilliymizin 23-cü ilini bütün sahələrdə qazanılan nailiyyətlərlə, dövlətimizin daha da güclənməsi, istiqlalımızın qüdrətlənməsi ilə qeyd edirik. Avrasiyanın yeni enerji xəritəsini müəyyənləşdirən, bölgənin yeganə siyasi-iqtisadi gücü olan məmləkətimiz planetin coğrafi xəritəsində bir nöqtə ilə işarələnsə də, dünyanın geosiyasi, geoiqtisadi xəritəsində olduqca böyük bir məkanı - strateji ərazini əks etdirir. Bu gücü qorumaq nə qədər çətindirsə, onu davamlı olaraq genişləndirmək daha böyük fədakarlıqlar tələb edir.

Fövqəlgüclərin maraqlarının ziddiyyət düyününə çevrildiyi bölgəmizdə bütün tərəflərlə bərabərhüquqlu əməkdaşlıq və etimada əsaslanan siyasət həyata keçirmək dövlətimizin prioritetlərindəndir. Təəssüf ki, bu xətt müəyyən hallarda adekvat münasibətlə cavablandırılmır. Elə son günlərdə ABŞ səfirinin Azərbaycandakı ictimai-siyasi proseslərlə bağlı səsləndirdiyi qərəzli fikirləri də ictimaiyyət məhz bu dövlətin qeyri-səmimi münasibətinin növbəti ifadəsi kimi dəyərləndirir.

 

Romantik "Mənim arzularım"dan realist "Mənim iradəm"ə doğru

 

1963-cü il avqustun 28-i... Vaşinqtondakı Linkoln memorialının önünə toplaşan 250 minlik izdiham əsrlərdir iztirablara məruz qalıb, ən adi hüquqlardan da məhrum olan "qara millətin" - zəncilərin ABŞ hakimiyyətindən azadlıq tələbini səsləndirir... Həmin günün tarix üçün ən böyük özəlliyi o idi ki, mücadilənin yeni parlayan lideri, keşiş Martin Lüter Kinq sonradan dünyada "Azadlıq himni" kimi xatırlanacaq və "demokratiya jandarmlarına" qarşı onilliklər boyu kütləvi hal alan etiraz hərəkatlarının şüarı olacaq, ona "Nobel" mükafatı gətirəcək nitqini etdi...

"Mənim arzularım"da o, insanlara irqinə, milliyyətinə, dininə görə fərqli yanaşmayan və dünyaya ədalət, tərəfdaşlarına isə hörmət bəxş etməli olan Amerikanın labüdlüyündən danışdı... "Mənim arzularım" sonradan yalnız ABŞ-da ədalət axtarışında olanların deyil, bütün dünyada Amerikanı ədalətə çağıran, bu fövqəldövlətdən öz suverenliklərinə ehtiramla yanaşmağı tələb edən, ondan zorakılığı, hərbi müdaxilələri dayandırmağı istəyən yüz milyonların hayqırtısına çevrildi...

"Hələ də mənim bir arzum var və o, bütün Amerikanın bəslədiyi köklü arzudan ayrılmazdır. Ümidvaram ki, günlərin bir günü ölkəmiz "bütün insanlar bərabər yaranıblar" prinsipiylə yaşamaq naminə qəddini düzəldib yüksələcəkdir... Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, onlara dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət versinlər! Belə bir arzum var..." - 51 ildir ki, bu arzu həm də planetin dörd bir bucağında müxtəlif irqə, millətə, dinə mənsub on milyonlarla insanın fövqəlgüc asılılığından qurtulmaq diləyinə, onların övladlarının savaşlardan və səfalətlərdən xilas istəyinə çevrilib.

"Əzən"lə "əzilən"lərin sırası dəyişməsə də, dünya hər halda dəyişir. Və artıq xalqlar romantiklərin istinad etdiyi "Mənim arzularım"ın yerinə realist siyasətçilərin gündəmə gətirdikləri "Mənim iradəm, mənim qərarım, mənim seçimim" məramına üstünlük verir.

Dünyanı ağuşuna alan hərbi ekspansiyalar, ölkələrin daxili işlərinə kobud müdaxilələr, dövlət çevrilişləri, iqtisadi istismar silsiləsinin daha amansız mərhələyə qədəm qoyduğu bir dövrdə səslənən - "Azərbaycan heç kimin müstəmləkəsi deyil, müstəqil dövlətdir. Biz Azərbaycana hörmətsiz münasibətə dözmək niyyətində deyilik. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki, o, istər Azərbaycana, istərsə də onun xalqına etinasız və hörmətsiz münasibətə dözməyəcək və buna yol verməyəcəkdir" - bəyanatı da yalnız məmləkətimizi əhatə edən bir problemə baxış yox, qan çanağına çevrilən dünyada öz suverenliyini hərraca çıxarmayan güclərin ümumiləşdirilmiş ən qəti sözü, ən sərt etirazı oldu!

Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son müsahibəsini də Azərbaycan-ABŞ münasibətləri kontekstində səciyyələndirmək yox, daha qlobal müstəvidə - məhz Yeni Dünya Nizamının qüsurlu rekonstruksiyasına və ədalətsiz, zorakı təsirlərə qarşı müqavimət dalğasının ən fundamental flaqman-münasibəti kimi təhlil etmək zəruridir.

Akademik Ramiz Mehdiyevin fikirləri əslində, milli iradəsinin miqyası coğrafi ərazisindən böyük olan, hər cür təsirlərə rəğmən müstəqilliyini "forpost" statusuna dəyişməyən, dünyada qarşılıqlı etimad və bərabərtərəfli əməkdaşlıq atmosferi yaratmağa çalışan dövlətlərin prinsipial mövqeyidir. Həmçinin daha səmərəli nəticələr vəd edən və müstəqillyinin qorunmasına xidmət göstərən ən effektiv siyasətin leytmotividir!

ABŞ-ın ölkəmizdəki səfiri R.Morninqstarın Azərbaycandakı proseslərlə bağlı qərəzli fikirlərini əks etdirən müsahibəsi xeyli müddətdir ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılaşıb və siyasətçilər, ziyalılar heç bir diplomatik normalara uyğun gəlməyən bu böhtan yığınına etirazlarını bildirirlər.

Fəqət hörmətli akademik bu etirazları fərdi narazılıqlar həddindən Azərbaycan dövlətinin qətiyyətli münasibəti müstəvisinə gətirdi və Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğu strategiyasının əsas müddəalarını bir daha bəyan etdi: Azərbaycan yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoq aparmaq əzmindədir və buna hazırdır, dövlətlərarası münasibətlərin başqa formaları onun üçün qəbuledilməzdir.

Ramiz Mehdiyevin fikirləri, əlbəttə ki, sərt və kəskindir. Şübhəsiz, müsahibəsində o, subyekt olaraq yalnız dövlət xadimi kimi yox, həm də bir ziyalı-alim və vətəndaş kimi də iştirak edir. Bu müsahibədə biz ali məmur statuslu insanın rəsmi mövqeyi ilə bahəm, həm də alovlu Azərbaycan vətənpərvərinin fikirlərini də oxuyur, dünyanın amansız gərdişlərində ölkəsinin müqəddəratını ən önəmli amil kimi qoruyan fədakar vətəndaşın prinsipial münasibətinə şahid oluruq.

 

Azərbaycanın prioritetləri

 

Unutmayaq ki, bu fikirlərin müəllifi olan şəxs Azərbaycanın 21 il öncə formal müstəqillikdən həqiqi müstəqilliyə qədəm qoyduğu ilk gündən etibarən dövlət quruculuğu prosesinin ön sıralarındadır. Həmçinin xarici təsirlər nəticəsində yaranan bütün avantüraları - 1993-1995-ci illərin təlatümlərini, 1998-ci ildə başlanan ilk "rəngli inqilab" qığılcımlarını, 2003 və 2005-ci illərdə hazırlanan çevriliş cəhdlərini, ən nəhayət, onilliklərdir davam edən antiazərbaycançı kampaniyanı sadəcə müşahidə etməyib, Azərbaycana yönələn bu bədnam qəsdləri birbaşa izləyib və qarşısının alınmasında birinci şəxslərin əsas yardımçısı olub. Dövlət quruculuğunda yalnız inzibati bacarığı və istedadı ilə yox, həm də böyük alim zəkası və konseptual nəzəri ideyaları ilə iştirak edib, milli dövlətçiliyin inkişaf hədəflərinin müəyyənləşməsinə böyük töhfələr verib.

Akademik Ramiz Mehdiyev kimin nə deyərkən, əslində, nəyi nəzərdə tutduğunu da, kimlərin əlinin kimlərin cibindən çıxdığını da, növbətçi təbəssümlə səmimi tərəfdaşlığı ayırd etməyi də bu ölkədə ən yaxşı bilənlərdəndir və R.Morninqstarın timsalında bunu növbəti dəfə nümayiş etdirdi.

Yeri gəlmişkən, hələ ötən il yenə də həmin bu ABŞ səfirinin birbaşa iştirakı ilə "seçkilərdə müxalifətə çox səs yazın" - deyə iqtidara təsir etməyə çalışmışdılar. Akademik  Ramiz Mehdiyev "səfir Morninqstarın diplomat üçün yolverilməz formada bizə diktə etməyə, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etməsi birinci dəfə deyildir. Bu, onun diplomat kimi peşəkarlığını çox böyük sual altına qoyur" - deyərək xatırlatdığı həmin hadisədə də sübut olundu ki, İlham Əliyevin Prezidentliyinin ən mühüm göstəricisi məhz heç bir təsir və təhdidə əməl etməməkdir. Bu təsirin hətta ən böyük fövqəlgücdən gəlməsi də prosesi dəyişmir.

Zatən, Azərbaycan Prezidenti üçün bir fövqəlgüc var: Azərbaycan xalqı və bu xalqın seçimi, iradəsi!

Prezidentin bu mövqeyi onun administrasiya rəhbəri üçün də fəaliyyət prioritetidir. Buna görə də akademik Ramiz Mehdiyevin açıqlamasını həm də Azərbaycan dövlətinin siyasi mövqeyi kimi dəyərləndirənlər yanılmırlar.

Akademikin açıqlamasının ana xəttini Azərbaycan dövlətinin mənafelərinin prinsipiallıqla qorunması, bu maraqlara qarşı yönələn təhdidlərin ifşası təşkil edir. Əsas məqamları ümumiləşdirsək, Ramiz Mehdiyevin fikirlərini belə tezisləşdirə bilərik:

- Dünyada, o cümlədən postsovet məkanında geosiyasi proseslərin kəskinləşməsi bir çox cəhətdən məhz Qərbin təqsiri üzündən baş verir;

- ABŞ səfirinin qərəzli müsahibəsi ölkənin daxili işlərinə açıq-aydın və kobudcasına müdaxilə deməkdir. Həmin müsahibənin tonu öz baxışlarını müstəqil dövlətə diktə etmək və qəbul etdirmək cəhdini xatırladır. Bu sözlər bəzi Qərb ölkələrinin səfirlərinə də birbaşa aiddir, onlar ABŞ səfirindən nümunə götürərək onun kimi hərəkət etməyə çalışırlar;

- Heç kəs unutmamalıdır ki, ölkəmizin müstəqilliyinin qarantı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Heç bir kənar qüvvə heç vaxt bizim müstəqilliyimizin qarantı kimi çıxış etməmişdir, etmir və edə bilməz;

- Azərbaycan lideri yüksək tonla danışmağı, hədələri və şantajı qəbul etmir;

- Azərbaycanın indiki inkişaf səviyyəsi, iqtisadiyyatın artımı və dövlətçilik təsisatlarının möhkəmlənməsi bizə xalqın dəstəyinə güvənərək ölkənin müstəqilliyini müdafiə etmək imkanı verir;

- Azərbaycan üçüncü qüvvələrin arzularından asılı olmayaraq öz qonşuları ilə mehriban qonşuluq münasibətləri saxlayır və həmişə saxlayacaqdır. İndiki dövrdə dünyada yaranmış vəziyyət bizim fəaliyyətimizin düzgün və səmərəli olduğunu növbəti dəfə sübut edir;

- Azərbaycanın xarici siyasəti onunla həmhüdud ölkələrlə mehriban qonşuluq və sülh münasibətlərinə əsaslanır. Biz onların daxili işlərinə qarışmırıq və özümüzə münasibətdə də bunu tələb edirik;

- Əgər ABŞ həqiqətən, özünü müstəqilliyin qarantı hesab edir və bizim qeydimizə qalırsa, onda nəyə görə o, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi indiyə qədər ləğv etməyib?

- Əgər ABŞ həqiqətən, beynəlxalq hüququn zəfər çalmasını istəyirsə və Azərbaycana səmimidirsə, onda Dağlıq Qarabağ separatçılarına indiyədək 83 milyon, Ermənistana isə 2 milyard dollardan artıq maliyyə yardımı ayrılmasının səbəbi nədir?

- ABŞ nə vaxta qədər separatçıları təşviq edəcək və eyni zamanda, özünü elə göstərəcək ki, guya münaqişənin həll olunmasını ürəkdən istəyir?

 

Müstəmləkəçilik təfəkkürünün "demokratiya" imitasiyası

 

Akademik Ramiz Mehdiyevin dünyanın mövcud geosiyasi durumu və bu kontekstdə ABŞ-ın oynadığı neqativ rol barədə dəyərli mülahizələri həm də ikili standartların ən bədnam forması ilə üzləşən, öz təbii haqlarını qəbul etdirməkdə məlum qüvvələrin maneəsi ilə üzləşən məmləkətimizin vətəndaşları üçün aydınlaşdırıcı funksiya daşıyır.

Bəli, ABŞ özünü dünyaya nə qədər "demokratiya arbitri" kimi təqdim etməyə çalışsa da, dünya onu yenə də "hər şeyə qarışan ali güc" kimi qəbul edir. Və bu gerçəkliyi də hamıdan yaxşı məhz Ağ ev rəsmiləri bilir: dünyada onların siyasətinə qarşı total etiraz, kütləvi narazılıq, ən başlıcası isə qorxu var və bunlar günün-gündən daha da artır.

Bütün dünyada sanki bir "qorxu hakimiyyəti" bərqərar olub. Məhv olmuş Liviya, uçqunlar altında inləyən Misir, param-parça edilmiş İraq, qan içində boğulan Əfqanıstan, qardaşın qardaşı güllələdiyi Suriya, hər ayın başında yeni hökumət quran Tunis, səfalətdən əhalisi həşərat kimi qırılan Somali və daha neçə-neçə bu kimi ölkənin, xalqın amansız aqibəti başqa dövlətləri də, millətləri də haqlı olaraq qorxudur, onlarda amerikafobiya yaradır.

İqtisadi gücə çevrilən, tam sabitlik içində yaşayan ölkələr bir həftənin içində iflas həddinə çatır və vətəndaş müharibəsinə qədəm qoyur. Vəd edilən demokratiya yerinə ancaq aclıq, savaş, terror, məhv edilmiş dövlət, korrupsiya gəlir.

Görəsən, son onilliklərdə ABŞ doğrudan da, hansısa bir ölkədə həqiqi demokratiya bərqərar edibmi?

"Demokratiya ixracı" adı altında edilən müdaxilələrin sayı onlarladır, ancaq demokratik rejimdə yaşayan tək bir dövlət yoxdur!

Akademik Ramiz Mehdiyevin açıqlamasında bu məqamlar qırmızı xətlə keçir. "İnkişafın təbii dinamikasını pozmaq və demokratiyanı zorakı üsullarla bərqərar etmək olmaz. Başa düşmək lazımdır ki, demokratiyanın güclə tranziti strategiyası demokratik təsisatların inkişafına gətirib çıxara bilməz, əksinə, nəticələri məlum olmayan yeni münaqişələr yaranmasına kömək edir. Belə təcrübə həmişə bu təşəbbüsü irəli sürənlərin özləri üçün qanlı sonluqla bitir" - fikri son 20 il ərzində postsovet məkanının da daxil olduğu Avrasiyanın siyasi coğrafiyasında baş verən siyasi təlatümlərin səbəb-nəticə ardıcıllığını əsaslı şəkildə sübut edir.

Əslində, Azərbaycanın daxili işlərinə kobud müdaxilə beynəlxalq münasibətlər sistemində heç də ilk presedent deyil. Bu, Yeni Dünya Nizamında fövqəlgüclərin digər dövlətlərə münasibətlərində mütəmadi təzahür edən haldır. Elə Ramiz Mehdiyevin  mülahizələri də buna tam dəlalət edir. Ancaq qeyd edildiyi kimi, əsas məsələ bu təsirlərə, müdaxilələrə dövlətlərin özlərində güc taparaq müqavimət göstərmələri, onu zərərsizləşdirmələridir.

"Dövlətlərin müstəqilliyinə təhdidlər həmişə dünyanı təkbaşına idarə edənlərdən yaranmışdır" - akademik Ramiz Mehdiyevin dilə gətirdiyi və əlavə şərhinə ehtiyac olmayan ali həqiqət!

Prezident Administrasiyasının rəhbəri "özünü Azərbaycanda qaraqışqırıq salmaqla hökmranlıq edən bir qubernator sayan" səfirin müsahibəsi kontekstində ümumilikdə Vaşinqtonun mövcud xarici siyasətində böhran elementlərini də təhlil edir. Dünyada yeni siyasi meyilləri sezməyən bəzi ABŞ rəsmilərinin dünyagörüşünün keçmişdə ilişib qaldığını və müasir dövrün tələblərinə zidd olduğunu bəyan edən akademikin bu mülahizəsi isə Yeni Dünyanın ən böyük çağırışıdır: Çoxqütblü dünya müstəmləkəçilik təfəkküründən imtina etməyə səsləyir.

 

Akademik cavab

 

Akademik Ramiz Mehdiyevin açıqlamaları konkret təsəvvürlər yaratmaqla bərabər, həm də çoxsaylı suallar doğurur:

* ABŞ Azərbaycana daha çox lazımdır, yoxsa Azərbaycan ABŞ-a?

- Qarşılıqlı münasibətlərdə məhz qarşılıqlı bəhrələnmə maraqları üstünlük təşkil edir. Bu da təbiidir. Ancaq bəhrələnmə birtərəfli olanda, bu, istismara çevrilir və bərabərhüquqlu əməkdaşlıq alınmır. Konkret Azərbaycan-ABŞ münasibətlərinə gəlincə, bu məsələdə də rəsmi Vaşinqtonun səmimiliyi böyük şübhə yaradır.

Azərbaycan Qafqazın fövqəlgücüdür və dünyanın yeni enerji xəritəsinin müəyyənləşməsində önəmli rol oynayır. Bu gücü - Azərbaycanı nəzərə almaq ABŞ-a gərəkdir. Morninqstarın öz ölkəsinin Azərbaycandan uzaqlaşması barədə hədəsinə reaksiya da elə əsl akademik cavab oldu. Regiondan çıxıb getmək və təhrikçi fikirlər söyləməklə Azərbaycanı şantaj etməyin, hədə-qorxu dili ilə etimad və rəğbət qazanmağın mümkünsüzlüyünü bir daha xatırladan Ramiz Mehdiyev ABŞ rəsmilərinə dövlət müstəqilliyini boğmaq siyasətinə ümid bəsləməməsini də tam aydın şəkildə məsləhət gördü: "Mən şübhə etmirəm ki, Vaşinqtonda Azərbaycanla bağlı siyasəti sağlam düşüncəli və təcrübəli siyasətçilər müəyyən edir. Onlar çox gözəl başa düşürlər ki, Azərbaycandan getmək onlara hansı geosiyasi qiymətə başa gələcəkdir. Avropa İttifaqı ölkələrində də bunu yaxşı başa düşürlər. Beynəlxalq məsələlərin mövcud vəziyyətini nəzərə alsaq, ABŞ səfirinin mövqeyi olduqca qeyri-ciddi səslənir. Mən güman etmirəm ki, ABŞ özünün çoxdanışan səfirinin məsuliyyətsiz bəyanatları ucbatından Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayan Azərbaycan ilə münasibətləri korlayacaqdır. Razılaşın ki, ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna imkan verməz" - akademik Azərbaycanın gücünü bir daha yada saldı!

* ABŞ Azərbaycanın həqiqətənmi dostudur, yoxsa düşmənlərimizlə dostluq edir və dostlarımızla münasibətlərimizi korlayır?

- Hər bir dövlətin öz maraqları var və bu maraqlar digər ölkələrin maraqları ilə uzlaşmaya da bilər. Biz bütün dünyadan Ermənistanla münasibətlərini kəsməyi, ona düşmən olmağı tələb edə bilmərik. Amma bizə dost deyərək Ermənistanı silahlandırmaq və separatçı rejimi maliyyələşdirmək səmimi münasibətlərə ziddir. Ramiz Mehdiyev bu məsələdə də konkret danışır və ABŞ-ın Qarabağın işğalı faktına beynəlxalq hüquq prinsiplərinə uyğun yanaşmadığını, separatçı rejimə maliyyə dəstəyi göstərdiyini, bundan əlavə, qonşu dövlətlərlə münasibətlərimizi sırf Ağ evin maraqları əsasında müəyyənləşdirməyi tələb etməsini yolverilməz sayır: ABŞ-ın bu cür hərəkətlərinin daha bir aşkar məqsədi var, Azərbaycan ilə Türkiyə arasında münasibətləri korlamaq - bu geosiyasi oyunları başa düşməmək üçün nə qədər sadəlövh olmaq lazımdır!

"ABŞ-ın Cənubi Qafqazda xarici siyasəti erməni lobbiçilərinin əhval-ruhiyyəsindən asılıdır" - açıqlaması isə ümumilikdə Ağ evin fəaliyyətinin ən dolğun izahı, şərhidir.

* ABŞ-ın demokratiya mövzusunda başqalarına, o cümlədən Azərbaycana dərs keçməyə və hesabat istəməyə mənəvi haqqı varmı?

- ABŞ-ın siyasi tarixi bütövlükdə hüquqların total pozulması və aborogen əhalidən müxtəlif irqlərə mənsub şəxslərə qədər milyonlarla insanın istismar silsiləsidir və bu, indi də davam edir. Ramiz Mehdiyev bu məqamları da faktların timsalında göstərir, təhlil edir, yekun qənaətini bildirir: Bəs, özündə insan hüquqlarının çox kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar olduğu halda, ABŞ nə üçün başqalarına demokratiya dərsi keçməyə çalışır? ABŞ-ın özündə söz azadlığı və insan hüquqlarının qorunması normaları pozulur, Quantanamoda və ABŞ-ın Avropadakı başqa məxfi həbsxanalarında amerikalı əsgərlər müsəlman əsirlərə - əksəriyyətinin ümumiyyətlə cinayətlərdə və terrorizmdə iştirakı olmayıb - ən amansız işgəncələr verir, polis etiraz aksiyalarının iştirakçılarına qarşı qəddar rəftar edir, Avropa dövlətlərinin başçılarının telefon söhbətləri dinlənilir və digər saysız-hesabsız faktların timsalında bu arqumentlər öz əksini tapır.

* ABŞ-ın son onilliklərdə dünyaya yaydığı "dəyər"lərin demokratiyaya və insan hüquqlarına aidiyyəti var, yoxsa milli dövlətlərin məhvinə, terrora, səfalətə?

- "Ukrayna hadisələri hər bir suveren dövlət üçün dərs olmalıdır. Bu hadisələr bizim inkişaf yolumuzun düzgün olmasını bir daha sübut edir. Demokratiya uzun və çox mürəkkəb prosesdir, ona can atmaq lazımdır, lakin bunu səliqə ilə etmək və hərtərəfli ölçüb-biçmək vacibdir. Avantüra və emosional çıxışlar, kənardan qızışdırılan qüvvələr heç vaxt ölkədə sabitliyin bərqərar olmasına və inkişafa şərait yaratmayacaqdır. Biz uzun illər boyu bu dərsləri öyrənirik" - akademik Ramiz Mehdiyev bu gün parçalanmış və gələcəyi indikindən daha qaranlıq görünən Ukraynanın acı nümunəsində "yeni ekspansiya" siyasətinin təfərrüatlarını aydınlaşdırır.

Faktlar sadalanır: son 20 ildə Ukraynada öz maraqlarını təmin etmək üçün 5 milyard dollar xərcləyən Qərbin bugünkü faciəli proseslərdə də fəal iştirakı göz qabağındadır, suveren ölkənin daxili işlərinə kobud müdaxilə nəticəsində pozucu qüvvələri hüquqazidd hərəkətlərə açıq təhrik edirlər, dağıdıcı fəaliyyətləri sayəsində artıq öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşən Ukraynanın problemlərinin həllində isə kənara çəkilirlər. Bu dairələrin 2013-cü ilin baharında "facebook inqilabı" üçün Azərbaycana da 3 milyon dollardan artıq vəsait sərf etdiklərini xatırladan Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin ABŞ rəsmilərinə mesajı da var: Azərbaycan barədə heç narahat olmayın və həyəcan keçirməyin. Biz özümüz üçün çoxdan lazımi nəticələr çıxarmışıq, özü də bunlar heç də "ən pis" nəticələr deyil. Daha dəqiq desək, biz həmin nəticələri hələ 2003-cü və 2005-ci illərdə çıxarmışıq. Tarix təkrarlanır və biz həmin qanunauyğunluğu növbəti dəfə Ukrayna nümunəsində izləyirik.

 

Azərbaycan nümunəsi

 

Bu gün ABŞ-ın və onun cinahında yer alan dövlətlərin siyasəti elə öz vətəndaşları tərəfindən ciddi etirazla qarşılanır. Daxili ictimai vəziyyətin kütləvi şəkildə kəskinləşməsi, iqtisadi-maliyyə iflasının dövlətləri çökdürməsi, yerli əhali tərəfindən "dünyanın problemlərini "nizamlamaq" və dünyaya problem vermək əvəzinə, öz problemlərimizi həll edək" çağırışlarının hər gün daha geniş miqyas alması, həmçinin Fransa, İngiltərə, Belçika və digər böyük ölkələrdə ötən həftədəki seçkilərdə Avroskeptiklərin - millətçilərin qalib gəlməsi və bu tendensiyanın davamlı olaraq güclənməsi Qərb dünyasının ciddi böhran məngənəsində olmasına dəlalət edir.

Bu ölkələrin Azərbaycandan öyrənəsi hələ çox məqamlar var. Siyasi və milli azlığın mövqeyinə hörmət, irqi və dini ayrı-seçkiliyə yol vermədən yaradılan ən mükəmməl tolerantlıq, digər ölkələrin daxili işlərinə - suveren hüquqlarına hörmətlə yanaşmaq, iqtisadi böhrandan qurtulmaqla yanaşı, inkişafını daha da davamlı etməsi kimi nüanslarla Azərbaycan dünyaya nümunə göstərir.

Respublikamız demokratiya yolu ilə inamla addımlayır. Bizim meyarlarımız hansısa dövlətlərin təcrübəsi yox, məhz demokratiya anlayışının əsl mahiyyətidir. Bizə öyüd-nəsihət verənlərə cavab olaraq Azərbaycan demokratiyasının nailiyyətlərini yada salmaq yerinə düşər: ABŞ-da zəncilər seçki hüququ uğrunda həbslərə atılanda, qətlə yetiriləndə artıq 50 il idi ki, Azərbaycanda məhdudiyyətsiz seçki bərqərar olunmuşdu. Okeanın o tayında aborogen xalqlar rezervasiyalarda təcrid həyatda yaşayanda Xəzərin sahilində etnik qruplar multikulturalizmin bütün töhfələrindən bəhrələnirdilər. Ölüm hökmünə moratoriumdan etiraz aksiyalarının dağıdılmasına qədər yüzlərlə faktı müqayisə etmək olar.

"Amerika səfirini bizə necə yaşamaq lazım olduğunu öyrətməkdən əl çəkməyə çağırmaq istərdim. Əgər tərəflər bir-birinə hörmət etməsələr, bir-birini başa düşməsələr onların münasibətləri heç vaxt yaxşı nəticə verməyəcəkdir. Bizə saxta təbəssümlər lazım deyil. Bizə səmimi tərəfdaşlar lazımdır. Biz öz dostluğumuzu dəfələrlə sübut etmişik və səfir Morninqstar bunu yaxşı bilir" - bu mülahizələr yalnız bir dövlət xadiminin, ziyalının deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin və dövlətinin ABŞ-ın timsalında dünyaya növbəti mesajıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məlum müsahibəsi əslində, həm də ədalətə çağırışdır. Akademik ən sadə həqiqətlərlə ədalətin ən böyük güc olduğunu bir daha gündəmə gətirdi, geosiyasi gerçəklikləri xatırlatdı, o qədər də uzaq olmayan tarixi yada saldı. Azərbaycanın yenilməz gücünü, onun Liderinin prinsipial qətiyyətini vurğuladı.

Və gələcəkdən - suveren hüquqların birmənalı qorunduğu, bərabərtərəfli münasibətlərin və qarşılıqlı hörmətin bərqərar olduğu, müstəmləkə təfəkküründən uzaq olan, insanlara dərisinin rənginə və inancının mənşəyinə görə fərq qoyulmayan Yeni Dünya Nizamından danışdı. Azərbaycanın görmək istədiyi gələcək məhz budur...

Azərbaycan sözünü dedi, seçimini bəyan etdi!

Akademik Ramiz Mehdiyevin söylədiyi kimi, Azərbaycan indi bu seçimə adekvat münasibət gözləyir...

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 30 may.- S.8.