Azərbaycan və UNESCO arasında əməkdaşlığın

 perspektivləri müzakirə edilmişdir

 

Bakı, 29 may (AzərTAc). UNESCO-nun Baş Konfransının prezidenti Hao Ping ölkəmizə səfəri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan - UNESCO əməkdaşlığının tarixi, cari vəziyyəti və gələcək perspektivləri barədə qonağa məlumat vermişdir. Qeyd etmişdir ki, hazırda bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, UNESCO-nunİSESCO-nun xöşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə özünün inkişaf dövrünü yaşayır.

Diqqətə çatdırmışdır ki, Azərbaycanın Qobustan qayaüstü və İçərişəhər kimi tarixi abidələri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, muğam, aşıq, tar ifaçılığı, xalça sənətləri, Novruz bayramı, çövkən - Qarabağ atüstü oyunu isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Ötən il UNESCO ilə Azərbaycan hökuməti arasında 5 illik çərçivə sazişi imzalanmışdır ki, bu saziş əsasında ölkəmiz UNESCO-nun beynəlxalq tədbirlərində maliyyə dəstəyi ilə çıxış edəcəkdir.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu deyən Hao Ping ölkəmizin inkişafının onda yüksək təəssürat doğurduğunu bildirmişdir. O, həmçinin hazırda UNESCO-un Baş Konfransının prezidenti, eyni zamanda, Çinin təhsil nazirinin müavini, UNESCO üzrə Çini Milli Komissiyasının direktoru kimi Azərbaycanla sözügedən təşkilat və Çin dövləti arasında humanitar sahədə qarşılıqlı əməkdaşlığın inkişafına töhfə vermək niyyətini bir daha önə çəkmişdir.

 

Azərbaycan.-2014.- 30 may.- S.11.