Hamımızı azərbaycançılıq məfkurəsi birləşdirir

 

Rusiyada tələbəlik təkcə təhsil almaq deyil, həm də Azərbaycan reallıqlarının fəal təbliğatçısı olmaq deməkdir

 

Hazırda dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olan Azərbaycanda gənclik özünün sürətli yüksəliş mərhələsini yaşayır. Azərbaycan dövləti tərəfindən gənclərlə bağlı həyata keçirilən konstruktiv siyasət bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də ölkəmizin daha dinamik tərəqqisi naminə gənclərin öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.

Buna paralel olaraq gənclərin müasir biliklərə, dünyagörüşə yiyələnməsi istiqamətində məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər görülür.

Qeyd edilənlərə misal olaraq Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini, zəruri biliklər almaq üçün onlara yaradılan şəraiti göstərmək olar. Azərbaycanda gənclər siyasətinin memarı isə ümummilli lider Heydər Əliyevdir.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərin böyük himayədarı olub. Gənc nəslə sonsuz qayğı ilə yanaşan Heydər Əliyev onların problemlərinin həlli istiqamətində əməli addımlar atıb, Azərbaycanın sağlam gələcəyi üçün gəncliyin müasir nailiyyətlərdən istifadəsinə yol açan genişmiqyaslı işlər görüb. Onlara dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaq, vətənə yüksək ixtisaslı kadr kimi qayıtmaq imkanı yaradıb.

Gənclərlə bağlı bu siyasət artıq on ildən çoxdur ki, Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti bizim nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında tərbiyə olunmasında müstəsna rol oynayır. Belə bir prioritet siyasət, həmçinin gəncliyin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda formalaşmasına xidmət edir.

Dövlət başçısı gənclərin intellektual potensialının yüksəldilməsinə xidmət edən müxtəlif tədbirlərə də xüsusi önəm verir. Bunun ən bariz nümunələrindən biri kimi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini göstərmək olar.

İstedadlı gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradan proqram minlərlə gənc azərbaycanlının dünyanın ən nüfuzlu təhsil ocaqlarında bilik alıb ölkəmizə yüksək ixtisaslı mütəxəssislər kimi dönməsi ilə nəticələnir.

Azərbaycan gənclərinin müasir biliklərə yiyələndiyi ali təhsil müəssisələrindən biriRusiya Federasiyasının Tatarıstan Respublikasında yerləşən Kazan Federal Universitetidir.

Burada müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr istər təhsildə, istər davranışında nümunəvi olmağı özlərinə borc bilirlər. Ölkəmiz haqqında rəyin formalaşmasında tələbə gənclərin şəxsi nümunəsi, təhsildə nail olduqları uğurlar kifayət qədər böyük rol oynayır. Yəni Rusiyada tələbəlik təkcə təhsil potensialı deyil, həm də Azərbaycan reallıqlarının fəal təbliğatçısı olmaq deməkdir.

Universitetlərdə təhsil alan azərbaycanlı tələbələr fəaliyyətlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı özlərinə örnək hesab edirlər. İlk növbədə ona görə ki, Leyla Əliyeva təkcə Moskvada yox, bütün Rusiyada Azərbaycan gəncliyinin layiqli təmsilçisidir. Məhz onun rəhbərliyi altında Rusiyada gənclərimiz mükəmməl şəkildə təşkilatlana biliblər.

Onları birləşdirən ən böyük qurum kimi çıxış edən və Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) ölkəmiz barədə reallıqların Rusiya ictimaiyyətinə çatdırılması, Azərbaycan həqiqətlərinin böyük bir coğrafiyada yayılması, eyni zamanda iki dövlət arasında qarşılıqlı əlaqələrin yüksəlməsində özünəməxsus rol oynayır. Ümumiyyətlə, RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim etməyi bacarıb. Təşkilat fəaliyyət göstərdiyi iki il ərzində ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin formalaşmasına əvəzsiz töhfələr verib.

 Hazırda Kazan Federal Universitetində 40-dan çox azərbaycanlı təhsil alır. Onların bir neçə nəfəri Azərbaycanın, qalanları isə Rusiya Federasiyasının vətəndaşıdır. Amma bu formal fərqə baxmayaraq, hamımızı azərbaycançılıq məfkurəsi  birləşdirir.

Yeri gəlmişkən qeyd edim ki, azərbaycanlı tələbələr bütün sahələrdə təşkil olunan ümumrespublika tədbirlərində uğurla çıxış edir.  İdman sahəsində qazanılan nailiyyətlər daha çoxdur. Bunlardan biri ötən aylarda universitetlər arasında təşkil olunan güləş üzrə turnirdir. Burada bir qrup azərbaycanlı tələbələrlə uğurlu nəticələrə imza atmışıq.

O da şübhəsizdir ki, istər Rusiyada, istərsə digər xarici dövlətlərdə təhsil alan hər azərbaycanlı tələbə gəncin arzusu doğma Azərbaycanı daha qüdrətli güclü görməkdir. Bunun üçün Azərbaycanın gələcəyi hesab olunan gənclərin üzərinə böyük məsuliyyət düşür bu məsuliyyəti daşımaq, Azərbaycana layiqli xidmət göstərmək böyük şərəfdir.

 

Oqtay MƏMMƏDOV,

Kazan Federal Universiteti, hüquq fakültəsinin III kurs tələbəsi

Azərbaycan.-2014.-30 may.-S.14.