Azərbaycanın arxeoloji
mədəniyyətləri: təhriflər və elmi həqiqətlər
Hər bir ölkənin və xalqın yazıyaqədərki tarixinin öyrənilməsinin yeganə vasitəsi arxeoloji araşdırmalardır. Vahid istehsal üsullarına, xüsusilə də keramika məmulatının hazırlanmasına, yekdil və ya çox yaxın dəfn adətlərinə, qəbir tiplərinə, qədim yaşayış məskənlərinin səciyyəvi xüsusiyyətlərinə əsaslanan, müəyyən konkret coğrafi məkanda formalaşan arxeoloji abidələr, maddi mədəniyyət qalıqları arxeologiyaya dair elmi ədəbiyyatda "arxeoloji mədəniyyətlər" anlayışında birləşir. Qonşu bölgələrdə oxşar səciyyəvi xüsusiyyətləri ilə yaxınlıq təşkil edən arxeoloji mədəniyyətlər isə "mədəni tarixi birliklər" adlandırılır. Bu baxımdan Azərbaycanın qədim tarixini özündə saxlayan arxeoloji abidələr və onların məcmusu olan arxeoloji mədəniyyətlər olduqca zəngin informasiya mənbəyidir.
Arxeoloji mədəniyyətlər ilk səciyyəvi tapıntı yerlərinə görə həmin yerlərdəki toponimlərlə adlandırılır. Şübhəsiz, hər bir arxeoloji mədəniyyətin adı şərti xarakterli olub tədqiqatlarda maddi mədəniyyətlə əlaqədar müəyyən anlayışların ifadəsi üçün istifadə edilir. Azərbaycanın Albaniya dövrünə qədərki bütün qədim tarixi - arxeoloji abidələri müxtəlif arxeoloji mədəniyyətlərdə qruplaşdırılmışdır. Ümumiyyətlə, bütövlükdə Cənubi Qafqazdakı müəyyən istisnalar nəzərə alınmazsa, bütün arxeoloji mədəniyyətlərin adları məhz Azərbaycan adları ilə adlandırılmışdır.
Təəssüflə qeyd etmək lazım gəlir ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində Qafqaz arxeologiyasına dair elmi ədəbiyyatda bu adları süni surətdə dəfələrlə dəyişdirməyə cəhdlər göstərilmişdir. Belə uğursuz cəhdlər elmi tədqiqatların qanunlarına zidd olmaqla yanaşı, bəzi qonşu dövlətlərin siyasi-ideoloji görüşlərinə xidmətə hesablanmışdır. İstər-istəməz maraqlı sual ortaya çıxır: görəsən, xarici alimləri Azərbaycan adlarını süni surətdə dəyişməyə nə vadar edir? Nəinki arxeoloji mədəniyyətlər, eyni zamanda Azərbaycan adları ilə adlandırılan tarixi-arxeoloji abidələrin adları dəyişdirilir və elmi tədqiqatlarda bilərəkdən müqayisəli təhlillər zamanı Azərbaycan abidələrinə bəzən hətta müraciətlər də edilmir.
Heç kəsə sirr deyil ki, qonşu dövlətlərdən hər biri Azərbaycanın sərhədyanı bölgələrini özlərinin tarixi torpaqları hesab edir, bəzən isə bununla əlaqədar açıq çıxışlardan da çəkinmirlər. Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsi üçün də bütün sovet dövründə onilliklər ərzində oxşar üsullarla ideoloji baza yaradılmışdır.
Özünü bizə dost ölkə kimi göstərən Gürcüstanın ziyalılarının və hətta rəsmi dövlət adamlarının 2000-ci illərin əvvəllərindən başlayaraq Ağstafa rayonu ərazisindəki Keşikçidağ qədim mağara məbədləri ilə əlaqədar ərazi iddiaları ilə çıxış etmələri təəccüb doğurmaya bilməz. Yalnız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli addımı onların bu iddialarına son qoydu. Belə ki, möhtərəm Prezident 2007-ci ildə Keşikçidağ dövlət tarix-mədəniyyət qoruğunun yaradılması barədə sərəncam imzalamaqla bu ərazilərin bir daha qədim Azərbaycan torpaqları olmasını qəti olaraq təsdiq etdi. Prezidentin bu addımı bütün dövlət və elmi qurumlar üçün əsl vətənpərvərlik nümunəsi olaraq tarixə yazılmışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı əsərində çox doğru olaraq qeyd etdiyi kimi: "Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir... Elmin hər bir nümayəndəsi öz fəaliyyətini iki mövqedən qiymətləndirməlidir: əvvəlcə vətəndaş, sonra alim kimi". Məhz bu baxımdan maddi faktlara əsaslanan arxeologiya elmi və arxeoloq mütəxəssislər qarşısında mühüm vəzifələr durur.
Tarixi Azərbaycan ərazisindəki arxeoloji mədəniyyətləri xronoloji ardıcıllıqla nəzərdən keçirdikdə bəzi xarici ədəbiyyatda onların adlarının təhrif olunması və yaxud dəyişdirilməsi ilə əlaqədar bir sıra yazılarla rastlaşırıq. İlk növbədə Qarabağda, Quruçay vadisində tədqiq edilmiş paleolitə (qədim daş dövrünə) aid Azıx mağara düşərgəsini qeyd etmək lazımdır. Mədəni təbəqəsinin qalınlığı və stratiqrafik ardıcıllığı üzrə bütün Avrasiya məkanında analoqu olmayan bu ibtidai insan düşərgəsi 1960-cı ildə görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən aşkar edilmiş və onun rəhbərliyi ilə bu abidədə 20 ildən artıq arxeoloji qazıntı işləri aparılmışdır. Bu tədqiqatlar nəticəsində M.Hüseynov həmin bölgədə ibtidai insanların hələ 2 milyon il bundan əvvəl məskunlaşdığını müəyyən etmiş, eyni zamanda abidənin ən aşağı - 7-10-cu təbəqələrinin özünəməxsus, analoqu olmayan daş alətləri əsasında "Quruçay arxeoloji mədəniyyəti"ni kəşf etmişdir. Bu abidə bütün postsovet məkanında ən qədim insan düşərgəsi hesab edilir.
1990-cı illərdə Şərqi Gürcüstan - Borçalı ərazisində, Dmanisi rayonunda daha bir qədim insan düşərgəsi aşkar edilmişdir. Gürcüstan alimləri tez bir zamanda Dmanisi ibtidai insan düşərgəsini geniş təbliğ edərək Avropa elminə çıxarmış və bunun bütün Avrasiyada ən qədim insan düşərgəsi olduğunu sübut etməyə çalışmışlar. Şübhəsiz, sırf elmi nöqteyi-nəzərdən bu, yanlış mövqedir və Dmanisi abidəsinin Azıxdan cavan olması bütün arxeoloji tapıntılarla sübuta yetirilir. Məqsədimiz bu faktı geniş elmi təhlillərlə araşdırmaq deyil. Lakin maraq doğuran başqa bir faktdır: və Gürcüstan, Ermənistan, bəzi Rusiya alimləri Dmanisi və Cənubi Qafqazda Azərbaycandan kənarda məlum olan digər paleolit düşərgələrinin arxeoloji materiallarının təhlili zamanı Azıx mağarasının materiallarına və "Quruçay mədəniyyəti" termininə ümumiyyətlə istinad etmirlər. Belə qısqanc, qeyri-elmi yanaşmalarla həmin müəlliflər sanki dünya elmində məşhur olan Azıx mağarasını unutdurmağa çalışırlar. Belə bir faktı Azərbaycan alimləri hətta 2010-cu ildə Azıx mağarasının kəşf edilməsinin 50 illiyinə həsr olunmuş Arxeologiya və Etnoqrafiya İnstitutunun Bakıda keçirdiyi beynəlxalq elmi konfransın tribunasından əcnəbi mütəxəssislərin diqqətinə çatdırdılar.
XX əsrin 50-ci illərinin sonu - 60-cı illərinin əvvəllərində Gəncə - Qazax bölgəsində neolit dövrü abidələri aşkara çıxarılmış və geniş araşdırmalar aparılmışdır. 1960-1964-cü illərdə Ağstafa rayonu ərazisində tanınmış Azərbaycan arxeoloqu İdeal Nərimanov tərəfindən Şomutəpə adlı neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılmışdır. Burada aşkar edilən və özünəməxsusluğu ilə Qafqaz arxeologiyasında ilk tapıntılar olan qədim memarlıq qalıqları, çoxsaylı daş və keramika məmulatı əsasında İ.Nərimanov "Şomutəpə arxeoloji mədəniyyəti"ni kəşf etmişdir. Bu barədə tədqiqatçı 1966-cı ildə Praqada keçirilən beynəlxalq elmi konfransda da məruzə ilə çıxış etmişdir. Həmin illərdə Gürcüstan və Ermənistan ərazilərində belə abidələr məlum deyildir. 1960-cı illərin ikinci yarısında məhz Şomutəpə abidəsinin tədqiqatlarının istiqamətləri əsasında Gürcüstanın qonşu ərazilərində - Borçalıda Şomutəpə tipli abidələr aşkar edildi. Onlardan ilk tədqiq ediləni Şulaveris-qora yaşayış məskənidir. Bundan sonra gürcü arxeoloqları özlərinin bütün tədqiqatlarında Şomutəpə mədəniyyəti adını hər cür üsullarla dəyişdirməyə cəhd göstərmiş, onu bəzən Şomutəpə-Şulaveri, sonra Şulaveri-Şomutəpə, bir sıra son tədqiqatlarda isə sadəcə Şulaveri adı altında təqdim edirlər.
Bundan əlavə, hələ sovet dövründə Azərbaycan arxeoloqlarının dostları hesab edilən bəzi gürcü müəllifləri (O.Caparidze, T.Çubinişvili) Borçalıda azərbaycanlıların yaşadıqları Arıxlı kəndi yaxınlığında Şomutəpə mədəniyyətinə aid Arıxlı (yerli əhali buranı həm də Göytəpə adlandırır) yaşayış məskənini "Aruxlo" adı altında elmə daxil etmiş, Mingəçeviri "Minqaçeuri" kimi təqdim etmişlər. Lakin onlardan fərqli olaraq, heç bir Azərbaycan arxeoloqu Gürcüstan ərazisindəki hər hansı abidənin və ya arxeoloji mədəniyyətin adını təhrif etməyə cəhd göstərməmişdir.
Bəhs edilən mövzu ilə əlaqədar digər daha mühüm bir məsələyə də diqqət yetirmək lazımdır. Belə ki, xalkolit (eneolit) dövrünün son mərhələsində (e.ə. IV min. I yarısında) Ön Asiya - Qafqaz regionu çox oxşar, bəzən isə eyni istehsal üsulları ənənələri ilə inkişaf edirdi. Həmin dövrdə qədim dünyanın tarixində mühüm inqilabi irəliləyiş olan metallurgiya keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, erkən dövlətçilik ənənələrinin rüşeymləri meydana çıxmışdır. Belə ənənələrin bir qismi Şərqi Anadolu və Şimali Mesopotamiyadan Cənubi Qafqaza, xüsusilə də Azərbaycana kütləvi halda miqrasiya etmiş əhali tərəfindən yayılmışdır. Ön Asiya tayfalarına məxsus yaşayış yerlərindən biri - Leylatəpə arxeoloji qazıntı vasitəsilə ilk dəfə olaraq Qarabağda - Ağdam rayonu ərazisində İdeal Nərimanov tərəfindən tədqiq edilmişdir. Məhz bu abidənin araşdırmaları əsasında İ.Nərimanov "Leylatəpə arxeoloji mədəniyyəti"ni kəşf etmişdir. Bu mədəniyyətin öz dövrü üçün çox yüksək inkişaf etmiş istehsal ənənələri özündən əvvəlki və sonrakı arxeoloji komplekslərdən kəskin surətdə seçilir. Son 10 il ərzində Azərbaycan ərazisində Leylatəpə mədəniyyətinə aid çoxsaylı yaşayış məskənləri və qəbir abidələri aşkara çıxarılaraq tədqiq edilmişdir. İndiki Ermənistan və Gürcüstan ərazilərində Leylatəpə mədəniyyətinə aid cəmi bir neçə abidə məlumdur. Onu da qeyd etmək lazımdır ki, Leylatəpə mədəniyyətinin abidələrinin tədqiqatları hələ XIX əsrin axırlarından dünya arxeologiya elminə məlum olan, Şimali Qafqazın məşhur Maykop arxeoloji mədəniyyətinin məhz bu mədəniyyətin bazasında təşəkkül tapdığı sübuta yetirilmişdir. Artıq Rusiyanın və Avropanın bu dövr elmi problemləri ilə məşğul olan alimləri "Leylatəpə arxeoloji mədəniyyəti" terminini qəbul etmişlər. Lakin bəzi qonşu ölkələrin alimləri bütün cidd-cəhdlə Leylatəpə mədəniyyəti terminini elmi ədəbiyyatdan sıxışdıraraq çıxarmağa çalışırlar. Məsələn, onlardan biri - K.Pitsxelauri Leylatəpə mədəniyyətini heç bir əsası olmadan proto - Kür-Araz mədəniyyəti adlandırmağı təklif edir. Məlumat üçün qeyd edək ki, Kür-Araz arxeoloji mədəniyyəti e.ə. IV-III minilliklərdə bütün Cənubi Qafqazı, Dağıstanı, Şərqi Anadolunu, Urmiyaətrafı bölgələri əhatə etmişdir. Bu mədəniyyətin ilk vətəninin məhz Naxçıvan bölgəsi olması hələ O.Həbibullayev tərəfindən qeyd edilmişdir. "Leylatəpə" sözünün K.Pitsxelauriyə niyə xoş gəlməməsi bizə təxminən məlumdur. Lakin Leylatəpə və Kür-Araz mədəniyyətləri arasında heç bir genetik bağlılıq, keçid olmadığından onun süni düşünülmüş proto - Kür-Araz sözləri ilə əvəz edilməsinin heç bir elmi əsası yoxdur. Ümumiyyətlə, K.Pitsxelauri Cənubi Qafqazın Azərbaycan sözləri ilə adlandırılmış arxeoloji mədəniyyətlərin hamısının adlarının dəyişdirilməsi təklifi ilə əsl elmi araşdırmaların qaydalarına tam zidd olan məqalə nəşr etdirmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, son illər Tovuz rayonu ərazisində qazıntılar aparan fransız Bertil Lyonnet də heç bir elmi əsası olmadan Azərbaycanın xalkolit dövrü Leylatəpə mədəniyyəti abidələrini gürcü termini ilə "Sioni" mədəniyyəti abidələri kimi Avropada, Rusiyada və hətta Azərbaycanda nəşr etdirir. Əlbəttə, bizim B.Lyonnetin belə qeyri-elmi fəaliyyətinə tənqidi münasibətimiz bir neçə dəfə müxtəlif dillərdə nəşr olunan kitablarda əksini tapıb. Lakin xanım B.Lyonnet öz yanlış fikrində israrlıdır.
Orta tunc dövründə (e.ə. III minilliyin axırları - II minilliyin ortaları) Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bir-birindən fərqli arxeoloji mədəniyyətlər mövcud olmuşdur. Bunlar Naxçıvan boyalı qablar mədəniyyəti, Gürcüstanda Trialeti mədəniyyəti, Qarabağda Üzərliktəpə mədəniyyəti, Qərbi Azərbaycanda (indiki Ermənistan) Təzəkənd arxeoloji mədəniyyətləridir. Üzərliktəpə arxeoloji mədəniyyəti Ağdam rayonu ərazisində 50-ci illərdə milliyyətcə erməni olan K.Kuşnaryova tərəfindən eyniadlı abidənin qazıntıları əsasında müəyyən edilmişdir. Sonralar bu tip abidələr Göyçə gölü ətrafında aşkar edildiyindən K.Kuşnaryova heç bir əsas olmadan bu mədəniyyəti erməni sözü əlavə etməklə "Sevan-Üzərliktəpə" adı ilə tanıtmağa çalışmışdır.
Təzəkənd abidələri İrəvan ətrafında eyniadlı Azərbaycan kəndi yaxınlığında tədqiq edilmiş abidələr əsasında XIX əsrin axırlarında elmi ədəbiyyata daxil edilmişdir. İlk mərhələdə hətta erməni müəllifləri də məhz bu termindən istifadə edirdilər. Lakin Təzəkənd yaşayış məntəqəsinin adının Ermənistan hökuməti tərəfindən dəyişdirilərək Karmir-Berd adlandırılmasından sonra bu arxeoloji mədəniyyəti erməni müəllifləri 60-cı illərdən etibarən erməni termini ilə Karmir-Berd adlandırmağa başladılar.
E.ə. II minilliyin ikinci yarısı - I minilliyin əvvəlləri, yəni son tunc - erkən dəmir dövründə Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda həyat daha intensiv xarakter almış, əkinçilik, maldarlıq və müxtəlif sənət sahələri çox yüksək inkişaf səviyyəsinə çatmışdır. Bu dövr erkən dövlətlərin meydana çıxdığı tarixi mərhələdir. Son tunc - erkən dəmir dövründə Azərbaycanda maddi istehsal üsulları ilə bir-birindən çox az fərqlənən bir neçə arxeoloji mədəniyyət yayılmışdır. Həmin dövrdə Azərbaycanın qərb bölgələrində Xocalı-Gədəbəy, Naxçıvanda isə Naxçıvan arxeoloji mədəniyyətləri yayılmışdır. Muğanda - Cəlilabad rayonu ərazisində Uzuntəpə abidələrinin tədqiqatları əsasında görkəmli Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən 40-cı illərdə son tunc - erkən dəmir dövrünə (e.ə. II minilliyin sonu - I minilliyin əvvəlinə) aid Muğan arxeoloji mədəniyyəti kəşf edilmişdir.
XX əsrin 30-cu illərində Qarabağ və Gəncə - Qazax bölgələrinin bu dövrə - e.ə. II minilliyin ikinci yarısı - I minilliyin əvvəllərinə aid abidələri ilk tapıntıların aşkar olunduğu ərazilər (Xocalı və Gədəbəy) nəzərə alınaraq elmi ədəbiyyatda Xocalı - Gədəbəy arxeoloji mədəniyyəti adı altında birləşdirilmişdir. Sovet elmi ədəbiyyatında bu mədəniyyəti digər adla adlandırmağa uğursuz cəhd göstərilmiş və onun heç bir əsas olmadan "Mərkəzi Zaqafqaziyanın tunc dövrü mədəniyyəti" kimi adlandırılması təklif edilmişdir. Sonrakı araşdırmalar zamanı bu mədəniyyətin Xəzər dənizi istiqamətində daha geniş arealda yayıldığı məlum olmuş və onun "Mərkəzi Zaqafqaziya" ilə məhdudlaşdırılmasının düzgün olmadığı sübuta yetirilmişdir. Xocalı - Gədəbəy mədəniyyəti tipli arxeoloji materiallar Böyük Qafqazın cənub ətəklərində, Oğuz rayonu ərazisində hələ XX əsrin 50-ci illərinin sonlarında görkəmli Azərbaycan arxeoloqu S.Qazıyev tərəfindən aşkar edilmişdir. Eyni zamanda, bu mədəniyyətin müasir Şərqi Gürcüstan və indiki Ermənistanın ərazisinin böyük bir hissəsini əhatə etdiyi, Xocalı-Gədəbəy mədəniyyətinin özündən əvvəlki orta tunc dövrü ənənələri əsasında təşəkkül tapdığı elmi əsaslarla sübuta yetirilmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinin başlıca xüsusiyyətlərindən biri əhalinin yaylaq maldarlığı ilə məşğul olması və bununla əlaqədar olaraq dağlıq və aran bölgələrindəki arxeoloji materialların vəhdət təşkil etməsidir. Məhz buna görə də Azərbaycanın hazırda işğal edilmiş əraziləri, Gürcüstan və indiki Ermənistanın dağlıq ərazilərindəki Xocalı - Gədəbəy mədəniyyəti tipli abidələr Azərbaycan ərazisindəki bu mədəniyyətin başlıca formalaşdığı arealdan ayrı götürülmüş halda nəzərdən keçirilə bilməz.
Xocalı - Gədəbəy mədəniyyəti Azərbaycan xalqının etnogenez tarixində mühüm bir mərhələni təşkil edir. Təəssüflə qeyd etmək lazım gəlir ki, son illərin xarici elmi ədəbiyyatında (Gürcüstan, Ermənistan) nəinki bu termindən istifadə edilmir, ümumiyyətlə, bu mədəniyyəti lokal variantlara parçalamaqla müxtəlif qeyri-elmi terminlərlə adlandırmağa çalışırlar.
Fikrimizcə, elmi siyasiləşdirməmək daha düzgün istiqamətdir. Bunun üçün sadəcə elmi həqiqətləri olduğu kimi yazmaq yetərlidir. Hər bir elm, xüsusilə də arxeologiya və tarix elmlərinin digər sahələri ilk növbədə milli maraqlara, qədim tariximizin heç bir təhriflərə yol verilmədən, tam obyektiv yazılmasına xidmət etməlidir. Bunun üçün biz - tarixçi alimlər öz milli maddi-mədəni irsimizi düzgün tədqiq etməli, onu xarici subyektiv, düşmən təhriflərindən və hücumlarından qorumağı və dünya miqyasına çıxarmağı bacarmalıyıq.
Nəcəf
MÜSEYİBLİ,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər
üzrə direktor müavini
Azərbaycan.-2014.-30 may.-S.15.