24 yaşında
şəhidliyin zirvəsinə yüksəldi
Rövşən Lerikdə böyümüşdü. Təbiətin gözəlliyini, qayaların sərtliyini görmüşdü. Həm də görmüşdü adamlar bir tikə çörəyini zəhmətə qatlaşa-qatlaşa qazanır. Əhatəsində böyüdüyü adamlar halal yaşamağı dünyanın ən böyük sərvəti sayır və ömrü boyu belə yaşamaqla öyünürdülər. Atası Əbdülhüseyn kişi halal yaşamaq vərdişlərindən o qədər qürurla danışardı...
Elə Rövşən də bu adamların xeyir-duasını, etimadını doğrultmaq üçün bir ömür yaşayırdı. Bir qədər inadkarlığı, sərtliyi vardı. Əgər başladığı işi haqlı, doğru sayırdısa, geri dönmürdü. Elə əslində, onun ali hərbi məktəbi seçməsi də öz qətiyyətinin nəticəsi idi. Atası da, doğmaları da onu həkim kimi görmək istəyirdilər. Əslində, buna ciddi ehtiyac vardı. Lerikin ucqar dağ kəndlərində səriştəli tibb işçiləri çatışmırdı. Ona görə atası Əbdülhüseyn kişi cəhd edirdi ki, oğlu ali tibb təhsili alsın, el-obaya köməyi dəysin...
Amma Rövşən başqa yol seçir. Orta təhsilini bitirəndən sonra birbaşa Sankt-Peterburqa yollanır. Uğurla imtahan verib ali hərbi siyasi məktəbə daxil olur. Düz beş il böyük həvəslə hərb elminin sirlərini öyrənir. Zabit rütbəsi ilə geriyə - Azərbaycana qayıdanda Daxili Qoşunların tərkibində xidmətə başlayır. O illərdə Azərbaycan fəlakətlə üz-üzə qalmışdı. Erməni separatçıları doğma torpaqlarımızı işğal etmək üçün hər cür hiyləyə əl atırdılar. Onda Rövşən zabit dostları kimi müharibənin ən qaynar nöqtələrinə yollanılmasını xahiş etdi. Hələ o vaxtlar deyirdi ki, bizim zabit kimi Bakıda qalıb vəzifə tutmağımıza o qədər də ehtiyac yoxdur. Bir halda ki torpaqlarımız zəbt olunur, adamlar yurdlarından-yuvalarından didərgin salınır, günahsız insanlar evsiz-eşiksiz qalır, bizim gözləməyə, susmağa haqqımız yoxdur. Gərək zabit gücümüzü, bizə güvənən adamların inamını, etimadını doğruldaq...
Rövşən bu əqidə ilə Zəngilana yola düşür. Elə bir vaxt idi ki, düşmənin hücumları səngimirdi, kəndləri ələ keçirmək üçün fürsət və məqam axtarırdılar. Belə vəziyyətdə 70 nəfərlik taqıma komandirlik etməyi Rövşənə tapşırdılar. Öz məsuliyyətini axıra qədər dərk edən 24 yaşlı zabit döyüşə başladığı ilk günlərdən düşmənə qarşı amansız mövqe tutdu. Onun sorağı Zəngilanın ən ucqar dağ kəndlərindən gəlirdi. Bu yerlərin adamları ona arxalanıb yurd-yuvalarını tərk etmir, axıra qədər dözüm və müqavimət göstərirdilər.
13 sentyabr 1993-cü il... Rövşənin komandirlik etdiyi taqım döyüşə girdi. O tərəfdə düşmənin zirehli texnikası iri çaplı silahlardan atəş açırdı. Qüvvələr də sayca qeyri-bərabər idi. Amma ən çətin məqamlarda Rövşən düzgün mövqe seçir, düşməni susdurmağa çalışırdı. Üzbəüz döyüşlərdə böyük itki verəcəklərini hiss edən gənc komandir taqıma meşəyə çəkilməyi əmr edir. Özü isə axıra qədər səngərdə qalır. Son nəfəsinə qədər dözüm və mətanət göstərdi. Sübut etdi ki, əsl zabit belə əqidə, cəsarət nümayiş etdirməlidir. Düşmənin bir neçə ağır texnikasını, onlarla canlı qüvvəsini məhv etdi. Sonuncu gülləyə möhtac qalana qədər silahı əlindən yerə qoymadı. Döyüş dostları çətinliklə olsa da, onu xəstəxanaya çatdırmaq istədilər. Amma əcəl macal vermədi. Yolda sonuncu dəfə başını qaldırıb deyir ki, məni Lənkəranda dəfn edin. Doğmalarım o yerləri seçib... Ən çətin məqamda Rövşən son sözünü belə demişdi. Artıq həmin illərdə Əbdülhüseyn kişi və onun ailəsi Lənkəranda yaşayırdı. Elə Rövşəni də arzusuna, istəyinə uyğun dəfn etdilər...
Cəmi 24 il yaşadı. Amma onun qəhrəmanlığı, şücaəti bu yaşın, bu ömrün çərçivəsinə sığmırdı. Ona görə də el-oba onu qədərincə qiymətləndirir, Milli Qəhrəmanın adını əbədiləşdirmək üçün xeyli iş gördü. Doğrudur, Vətən, xalq qarşısında etdiyi qəhrəmanlıqlar ölçüyə-biçiyə gəlmirdi. Amma onun da öz yaşıdları kimi bir-birini tamamlayan istəkləri, arzuları vardı. Lənkəranda onu gözləyən bir toy havası qalmışdı. Anası "Vağzalı"ya oynamadı. Amma onun balaca büstü elə uca, qürurlu görünür ki, bunu təkcə bir ailənin yox, elin-obanın təsəllisi saymaq olar. Rövşəndən yadigar qalan sənədlər bu gün də ən kövrək arxiv kimi qorunur. Anasına yazdığı kiçik məktublar yüz dəfə oxunsa da, hələ də bu sətirlərdən doymurlar. Bu gənc zabitin ən kiçik yadigarları da neçə illərdir ki, qiymətli saxlanca çevrilib...
Atası Əbdülhüseyn kişi oğlu haqqında çox danışmağı sevmir. Deyir ki, hər şey açıq-aşkar məlumdur. Onu müharibəyə heç kəs məcburi göndərməmişdi. Özü bu yolu seçmişdi. Deyirdi ki, mənim atamı, anamı, doğmalarımı kənardan gəlib heç kəs qorumayacaq. Buna heç biz özümüz də dözə bilmərik. Düşmən bizim gücümüzü, zəhmimizi görməlidir. Yoxsa asanlıqla geri çəkilməyəcəklər...
Bir zamanlar Rövşən Abdullayevlə eyni vaxtda təhsil alan hərbçi dostları da onu cəngavər zabit kimi xatırlayırlar. Polkovnik-leytenant Salam Hadıyev o illərə belə qayıdır: "Biz eyni illərdə təhsil almışıq. O qədər arzularımız, istəklərimiz vardı ki... Müharibə çox şeyi yarımçıq qoydu. Biz eyni səngərdə, eyni cəbhədə vuruşmuşduq. Mənim də yaralandığım anlar olub. Rövşənin mərdliyini, cəsarətini görəndə heç kəs bir addım geri çəkilə bilmirdi. O, əsl komandir kimi nümunə göstərir, döyüşün önündə gedirdi. Hər şey üçün cavabdehliyi öz üzərinə götürürdü. Ən çətin hallarda döyüş dostlarını böyük itkilərdən xilas edə bilirdi. O, həqiqətən, qəhrəman idi. Vətən belə oğulların təpəri ilə uca görünür və görünəcək... İnanırıq ki, gec-tez Rövşənin arzuları, istəkləri çin olacaq. Biz onun uğrunda vuruşduğu Zəngilanı da, Şuşanı da, Ağdamı da, digər işğal olunmuş ərazilərimizi də geri qaytaracağıq. Buna ordumuzun gücü və potensial imkanı çatır. Bir hərbçi cəsarəti ilə mən buna inanıram. İnanıram ki, Rövşən kimi oğulların qanı yerdə qalmayacaq..."
Hər il Lənkəranda yanvar ayının 16-sı Milli Qəhrəmanın doğum günü kimi qeyd olunur. Onun məzarı başına yurdumuzun yaxın-uzaq diyarlarından o qədər adam gəlir ki... Deyirlər ki, ötən il Zəngilandan gələn Zərifə ana onun büstünü qucaqlayıb ayrılmaq istəmirdi: "Rövşən mənim də balamdır" - deyirdi: "Nəvəmi düşmən gülləsindən o, xilas etdi. Yoxsa, bu gün ailəmizdə itkilərimizin sayı daha çox olardı..."
Vətən belə oğulları unutmur. İllər, fəsillər ötsə də, onların adı və əməlləri yaşayır! Təki yaşatmağı bacaraq! Onda biz daha güclü, daha təpərli oluruq. Bizi güclü və təpərli edən ən böyük qüvvə isə siyasi liderin sarsılmaz və dönməz mövqeyidir: "Bizə qarşı olan ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir". Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində dediyi bu qətiyyətli fikirlər hər kəsdə inam yaradır ki, təcavüzkarın ədalətsiz mövqeyi beynəlxalq normalar çərçivəsində ifşa olunacaq, ikili standartlara son qoyulacaq. Azərbaycan Prezidentinin dediyi kimi: "Vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikirlərimizi daha açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir".
Doğrudan da, bu gün Ermənistanın təcavüzkar bir ölkə kimi beynəlxalq qınağa çevrilməsi bizdə inam yaradır ki, bu məsələnin ədalətli həllinə güzəştsiz təşəbbüslər olacaq. İkili standartlardan yorulan Azərbaycan vətəndaşları, ən nəhayət, təcavüzkarın ittiham olunması üçün sərt qərarların çıxarılacağına inanır, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunacağını gözləyir. Bu yöndə aparılan ardıcıl və məqsədyönlü siyasət gec-tez öz nəticəsini verəcək...
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.-30 may.-S.15.