Səudiyyə Ərəbistanı
Krallığı Xəbər Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn AMEA-nın Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyində olmuşdur
Səudiyyə
Ərəbistanı Krallığı Xəbər Agentliyinin
prezidenti Abdullah bin Fəhd əl-Hüseyn mayın 29-da Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyində
olmuşdur.
Qonağa məlumat verilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə muzey əsaslı təmir olunmuş və burada yenidənqurma işləri aparılmışdır.
Muzeylə yaxından tanışlıq zamanı bildirilmişdir ki, 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmiş bina 1915-ci ildə ikinci mərtəbə artırılaraq mehmanxana kimi fəaliyyət göstərmişdir. 1918-1920-ci illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqı yerləşmişdir. 1939-cu ilin noyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə respublika Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılmışdır. Muzeyin həmin binada yerləşdirilməsi məqsədilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsinə əsasən burada yenidənqurma işləri aparılmış, fasadda heykəllər qoyulmuş, daha iki mərtəbə əlavə edilmişdir.
Bildirilmişdir ki, yenidənqurmadan əvvəl muzeyin 120 mindən artıq eksponatından ekspozisiyada 1000-i göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat vardır. Bütün ekspozisiya salonları kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün monitorlar quraşdırılmış, Azərbaycan, ingilis və rus dillərində informasiya bazası yaradılmış, audio-videomaterialları seyr etmək üçün 14 monitor və dinləmə qurğuları olan xüsusi böyük salon təşkil edilmişdir. Muzeyin fondları zəruri texnika və avadanlıqla təmin olunmuşdur.
Abdullah bin Fəhd əl-Hüseyn Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, "Qədim dövr", "Dədə Qorqud", "Nizami Gəncəvi", "Məhsəti Gəncəvi", "Xaqani Şirvani", "İmadəddin Nəsimi", "Məhəmməd Füzuli", "Şah İsmayıl Xətai" salonlarını gəzmişdir. Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Burada Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin nadir əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, illüstrasiyalar, müxtəlif kitablar, qəzet və jurnallar, müasir Azərbaycan yazıçılarının əsərləri, təsviri sənət nümunələri və sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, Azərbaycan ərazisindən tapılan və müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, bədii xalçalar, saxsı və bürünc qablar, digər maddi mədəniyyət abidələri qorunur.
Qonaq üçüncü mərtəbədə nümayiş olunan maraqlı eksponatlar arasında Pənah xana məxsus, üzərində "Qurani-Kərim" ayələri yazılmış "gülləbatmaz" köynək, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Nigar Rəfibəylinin və başqalarının şəxsi əşyaları, şəkilləri, habelə ötən əsrin 30-cu illərində repressiya qurbanı olmuş şair və yazıçıların sənədlərinin surətləri ilə tanış olmuşdur.
Muzeydən xoş təəssüratla
ayrılan Səudiyyə Ərəbistanı
Krallığı Xəbər Agentliyinin baş direktoru Abdullah bin Fəhd əl-Hüseyn
xatirə kitabına ürək sözlərini
yazmışdır.
Azərbaycan.-2014.- 30 may.- S.16.