ABŞ-ın Nyu-Meksiko
ştatının nümayəndə heyəti Milli Məclisdə olmuşdur
Mayın
30-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay
Əsədov ABŞ-ın Nyu-Meksiko ştatının
nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycanın
ABŞ və onun ayrı-ayrı ştatları, o cümlədən
Nyu-Meksiko ilə münasibətlərin inkişafına
böyük önəm verdiyini demişdir. Milli Məclisin sədri
bildirmişdir ki, Azərbaycan və ABŞ arasında siyasi,
iqtisadi sahələrdə əməkdaşlıq uğurla
inkişaf edir. Ölkələrimiz arasında indiyədək
76 sənəd imzalanmışdır. Sədr
vurğulamışdır ki, bu gün iki ölkə
arasındakı münasibətlər strateji əməkdaşlıq
səviyyəsinədək yüksəlmişdir.
Nyu-Meksiko
ştatının bu il 28 mayı “Azərbaycan milli
günü” elan etməsini xatırladan sədr buna görə
minnətdarlığını ştatın qubernatoru Susana
Martinezə çatdırmağı qonaqlardan xahiş
etmişdir.
Regionun inkişafına böyük maneə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Oqtay Əsədov bu günə qədər ABŞ-ın 15 ştatının Xocalı faciəsi ilə bağlı qətnamə qəbul etdiyini vurğulamışdır. Sədr Nyu-Meksiko ştatının Senatına Xocalı faciəsi ilə bağlı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Dağlıq Qarabağın tanınmamış respublika olduğunu göstərən qətnamələrin qəbul olunmasına görə təşəkkürünü bildirmişdir. Oqtay Əsədov bütün bunların Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulamışdır.
Qonaqlara Azərbaycan barədə ətraflı məlumat verən sədr ölkəmizdə demokratik və sivil bir cəmiyyətin formalaşdığını demişdir. Bildirilmişdir ki, Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində birgə yaşadıqları bir məkandır.
Nyu-Meksiko ştatının senat sədri Meri Peypen ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə etmiş, Azərbaycanı yaxından tanımaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirmişdir.
Sonda qonaq Nyu-Meksiko
ştatının senatının Xocalı faciəsi
haqqında və Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyən, Dağlıq Qarabağın
tanınmamış respublika olduğunu göstərən qətnamələrin
surətlərini Milli Məclisin sədri Oqtay Əsədova təqdim etmişdir.
Azərbaycan.-2014.- 31 may.- S.2.