Milli Məclisin yaz
sessiyası başa çatdı
Mayın
30-da Milli Məclisin
yaz sessiyasının sonuncu plenar iclası
keçirilmişdir. İclasın gündəliyinə
müzakirə üçün 18 sənəd daxil
edilmişdi.
Milli Məclisin
Sədri Oqtay Əsədov diqqətə çatdırdı
ki, gündəliyə daxil edilən "Yerli (bələdiyyə)
vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin
statusu haqqında", "Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" və
"Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının qanunlarında dəyişikliklər edilməsi
barədə Azərbaycan Respublikası qanun layihələri
gündəlikdən çıxarılıb.
İclasda cari məsələlərin müzakirəsi
üçün ayrılan vaxtda deputatlar bununla bağlı
fikir və təkliflərini bildirdilər. Deputat İqbal Ağazadə
Azərbaycan Prezidentinin 28 may Respublika Günü münasibəti
ilə imzaladığı əfv sərəncamını
yüksək qiymətləndirdi. Deputat İlyas
İsmayılov təklif etdi ki, işğalçı Ermənistanla
həmsərhəd olan kəndlərimizdə əhalinin
istifadə etdiyi elektrik enerjisinə görə ödənişlərə
güzəştlər tətbiq edilsin. Deputat
Fazil Mustafa hesab edir ki, ölkədə Sağlıq Fondu
yaradılmasına ehtiyac var. Deputat Leyla Abdullayeva uşaq ədəbiyyatının
sayının artırılmasının tərəfdarıdır.
Onun fikrincə, milli cizgi filmlərinin çəkilişləri
çoxalmalıdır. Deputat Əli Məsimli
bildirdi ki, təhsil sistemində aparılan islahatlar yüksək
qiymətləndirilir və bu islahatların gələcəkdə
müsbət nəticələr verəcəyi gözlənilir.
Deputat Novruz Aslanov Türkiyədəki Soma faciəsinə
görə Qızıl Aypara Cəmiyyətinin
başladığı kampaniyadan danışdı. Onun fikrincə, bu, çox simvolik addım
idi. Kampaniya artıq 20 günə
yaxındır ki, öz fəaliyyətini davam edir və 40-a
yaxın deputat bu aksiyaya qoşulub. Artıq
38 min dollara yaxın vəsait toplanaraq Türkiyə
Qızıl Aypara Cəmiyyətinin hesabına
köçürülüb. Türkiyə
Cümhuriyyətinin Azərbaycandakı fövqəladə səfiri
Alper Coşkun Milli Məclisin bütün deputatlarına dərin
təşəkkür edib.
Deputat Qənirə
Paşayeva hər iki valideyn himayəsindən məhrum olan və
18 yaşına çatan uşaqların mənzil və ya
yaşayış yeri ilə təmin edilməsi məsələsinə
toxunaraq dedi ki, "Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında" qanuna müəyyən əlavə
və dəyişikliklər edilməli və ya Mənzil Məcəlləsinə
müəyyən dəyişikliklərlə bu problem
qanunvericilik çərçivəsində köklü həllini
tapa bilər. Onun fikrincə, hər iki valideyn
himayəsindən məhrum olmuş 2 gənc ailə həyatı
qurduqda onların dövlət tərəfindən mənzillə
təmin olunması məsələsi öz həllini taparsa,
bu, çox müsbət addım olar.
"Məhkəmələrlə bağlı deyilənlər
bizi ən azından təəccübləndirir" - bunu isə
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli söylədi. Onun sözlərinə
görə, bəzi şəxslər Prezidentin imzaladığı
əfv sərəncamına görə kimlərinsə
azadlığa çıxmaması ilə bağlı fikir səsləndirərək
ona kölgə
salmağa çalışırlar. Ancaq Azərbaycanda
bəzi şəxslərin həbsdə olmasından cəmiyyətdə
narahatlıq yoxdur: "Əgər bu məsələ cəmiyyəti
narahat etsəydi, ən azından burada parlamentarilər məsələ
qaldırardılar. Bu cür narazılıqlar kənardan,
Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi
nəticəsində baş verib. Hər kəs Azərbaycan
məhkəmələrinin qəbul etdiyi qərarlara hörmətlə
yanaşmalıdır" .
Məsələ ilə bağlı Milli Məclisin
vitse-spikeri Bahar Muradova da öz fikrinini açıqladı. O dedi: "Azərbaycanda əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
insanlara qayğı, diqqət, humanist siyasətin
ardıcıl olaraq davam etməsi hansısa beynəlxalq dairələrin
təzyiqi ilə də üzləşir. Prezident
İlham Əliyevin Respublika Günü ərəfəsində
verdiyi əfv sərancamına qarşı da kimlərinsə
o siyahıda olmaması ilə əlaqədar gözdən
salma siyasəti aparılır. Buna yol vermək
olmaz. Xalq ona
nə lazım olduğunu çox gözəl bilir. Həm mətbuat orqanlarından, həm də ölkənin
ictimai-siyasi həyatında fəal rol oynayan insanlardan bir vətəndaş
kimi xahiş edirəm ki, həyatımıza öz müsbət
naxışını vuran məqamları olduğu kimi qiymətləndirək.
Neqativ halları da müzakirə edə bilərik,
ancaq müsbətləri gözdən salmaq məqsədilə
bunu həyata keçirməyək."
Milli Məclisin Sədri Oqtay Əsədov da məsələyə
münasibətini bildirdi və qeyd etdi ki, bu günədək
əfv sərəncamları ilə ümumilikdə 5000-dən
artıq insan azadlığa çıxıb. 8 Amnistiya
aktı imzalanıb və bu, 27 mindən çox insana
şamil olunub.
Çıxışlardan sonra gündəlikdəki məsələlərin
müzakirəsi başlandı. "Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında" qanunun layihəsi
(üçüncü oxunuş) barədə parlamentin
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
məlumat verdi. Komitə sədri
bildirdi ki, bu sənədin həm bir neçə müddəası,
həm də adında dəyişiklik edilib. Sənəd sahibkarlıq fəaliyyətini daha
işgüzar dairələrə, dünya bazarlarına
çıxarılmasına yardım edəcək. Daxili və xarici rəqabəti gücləndirəcək.
İstehlakçıların maraqlarının
qorunmasına xidmət edib, bazara keyfiyyətsiz malların daxil
olmasının qarşısını alacaq. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
"Azərbaycan
Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında"
sazişin təsdiq edilməsi barədə qanunun layihəsi
haqqında Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli məlumat verdi. Sazişə
əsasən, Azərbaycan Avropa İttifaqı
qarşısında Avropa İttifaqı ölkələrinə
qanunsuz köçən vətəndaşlarının geri
qaytarılması və bununla bağlı digər məsələlərə
dair yeni öhdəliklər götürür. Sazişdə bir sıra öhdəliklər də nəzərdə
tutulub, eyni zamanda hansı şəxslərin necə readmissiya
ediləcəyi açıqlanıb, şərtlər
göstərilib.
İclasda
"Beynəlxalq Valyuta Fondu haqqında Saziş"in maddələrinə
Fondun İcra Şurasında islahatlara dair təklif olunan dəyişikliklər"in
təsdiq edilməsi, "Azərbaycan Respublikası və
İspaniya Krallığı arasında gəlirlərə və
əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması
haqqında" Konvensiyanın və onun Protokolunun təsdiq
edilməsi və "Azərbaycan Respublikası Hökuməti
və Gürcüstan Hökuməti arasında gömrük
işi sahəsində qarşılıqlı inzibati
yardım haqqında" sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihələri də təsdiqləndi.
İclasda 3 sənəd - "Su təchizatı və
tullantı suları haqqında" Azərbaycan
Respublikasının Qanununda, Cinayət və İnzibati Xətalar
məcəllələrində dəyişikliklər edilməsi
haqqında qanunun layihələri birgə müzakirəyə
çıxarıldı. Dəyişikliyə əsasən, əvvəllər
təbii qaz və elektrik enerjisini talayan şəxslərə qarşı inzibati cəzaların
tətbiqi ilə bağlı maddəyə "qanunsuz suyun
talanması" ifadəsi əlavə edilir. Yəni
su təchizatı şəbəkəsinə qanunsuz
qoşulmaya görə inzibati cəza tətbiq ediləcək.
"Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi isə geniş müzakirə edildi. Sənədlə
bağlı məlumat verən Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli qeyd etdi ki, qanuna təklif olunan bir sıra dəyişiklər
və əlavələr çox əhəmiyyətlidir.
Onun
sözlərinə görə, müasir dövrdə vətəndaşlıq
haqqında qanunvericiliyimizdə bir sıra boşluqlar
mövcuddur və məhz bu baxımdan qanuna dəyişikliklər
təklif olunur: "Azərbaycan Konstitusiyasında birmənalı
qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı
vətəndaşlıqdan məhrum edilə bilməz. Bu cür müddəalar dünyanın bir çox
inkişaf etmiş ölkələrin konstitusiyalarında da
mövcuddur. Eyni zamanda inkişaf etmiş
ölkələr özlərinin vətəndaşlıq
haqqında qanununda vətəndaşlığın itirilməsinin
də əsaslarını qeyd edirlər və beləliklə
bu məsələni tənzimləyirlər". Dəyişikliyə əsasən,
xarici ölkənin vətəndaşlığını qəbul
edən şəxs 1 ay müddətində müvafiq dövlət
orqanına yazılı şəkildə müraciət etməlidir.
Müzakirələrdə
iştirak edən deputat Fazil Mustafa müəyyən hallarda
ali savadlı şəxslərin başqa ölkələrin
silahlı qüvvələrində çalışmasına
görə vətəndaşlıqdan məhrumetməyə əsas
olması barədə müddəa ilə
razılaşmadı: "Əgər vətəndaşımız
Türkiyə Silahlı Qüvvələrində alim kimi
çalışırsa, niyə vətəndaşlıqdan məhrum
edilməlidir?".
Milli Məclisin
Sədri Oqtay Əsədov deputatın diqqətinə
çatdırdı ki,
heç kim vətəndaşlıqdan azad edilmir,
söhbət başqa ölkənin vətəndaşlığını
qəbul etmiş şəxslərdən gedir: "Söhbət
yalnız hər hansı xarici ölkədə üzərinə
öhdəlik götürülməsindən gedir. Əgər o şəxs başqa ölkənin
ordusunda, bələdiyyəsində iştirak edirsə, üzərinə
öhdəlik götürür".
YAP-ın
icra katibinin müavini, deputat Mübariz Qurbanlı məsələyə
münasibətini belə bildirdi:
"Bu insanlar başqa ölkələrin ordusunda,
dövlət qurumlarında çalışırlarsa, üzərlərinə
öhdəliklər götürürlər. Biz
vətənimizin qiymətini bildiyimiz kimi, vətəndaşlığımızın
da qiymətini bilməliyik. Bizim ölkədə
də vətəndaşlığı qəbul etmək istəyən
əcnəbilər var. Azərbaycan gücləndikcə bizim
pasportumuzun, vətəndaşlığımızın da əhəmiyyəti
artır. Vətəndaşımız da
bilməlidir ki, Azərbaycan vətəndaşlığını
kənara qoyub, başqa ölkənin vətəndaşlığını
qəbul edəndə çox şey itirə bilər. Bəzi adamlar istəyirlər ki, həm Azərbaycanda,
həm kənarda yaşasınlar. Şəxs
başqa ölkənin vətəndaşlığını
qəbul edirsə, avtomatik Azərbaycan vətəndaşlığını
itirir. Biz sadəcə, bu qanunla
özümüzü qorumağa
çalışırıq". Onun sözlərinə
görə, bu qanun diaspor fəaliyyətinə mane olmayacaq.
Elm sahəsində mütəxəssis kimi xarici
ölkələrə gedənlər müqavilə əsasında
Azərbaycan vətəndaşı kimi çalışacaq.
Bu, biznes fəaliyyətinə də təsir
göstərməyəcək.
Müzakirələrdən sonra sənəd səsə
qoyularaq qəbul edildi.
Fasilədən sonra Milli Məclis işini davam etdirdi. Qeyd edək ki, iclasda ölkəmizdə
səfərdə olan ABŞ-ın Nyu Meksiko
ştatının Senatının sədri Meri Peypenin rəhbərlik
etdiyi nümayəndə heyəti də iştirak edirdi. Milli Məclisin Sədri Oqtay Əsədov
dedi ki, ABŞ-ın Nyu Meksiko ştatının Senatı
Xocalı faciəsinin soyqırımı kimi tanınması
haqqında və Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən qətnamələr
qəbul etmişdir. Həmçinin Nyu Meksiko
ştatının qubernatorunun imzaladığı bəyannamə
ilə 28 may Nyu Meksiko ştatının bütün ərazisində
"Azərbaycan Milli Günü" elan edilmişdir. İclasda Nyu Meksiko ştatının qəbul etdiyi
qətnamələrin surətlərinin əks olunduğu
lövhələr nümayiş olundu. Deputatlar
ABŞ-ın Nyu Meksiko ştatının Senatının, o
cümlədən rəhbərliyinin qərarlarını və
nümayəndə heyətini alqışladılar.
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi davam etdirildi. Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, dəyişikliyə
əsasən İnzibati Xətalar Məcəlləsinə
68-10-cu maddənin əlavə edilməsi təklif olunur.
Bu maddəyə əsasən, yerli özünüidarəetmə
orqanlarının mülkiyyətində, bitkiçilik üzrə
kənd təsərrüfatı fəaliyyəti ilə məşğul
olan fiziki və ya hüquqi şəxslərin icarəsində,
istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində
aşkar edilmiş tərkibində narkotik maddələr olan
yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər
görülməməsinə görə fiziki şəxslərin
yüz əlli manat miqdarında, vəzifəli şəxslərin
dörd yüz manat miqdarında, hüquqi şəxslərin
isə min manat miqdarda cərimə edilməsi nəzərdə
tutulur.
Qısa müzakirədən sonra qanun layihəsi səsə
qoyularaq təsdiqləndi.
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli daha sonra
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" qanun layihəsini
müzakirəyə təqdim etdi. Bildirdi ki, dəyişikliklərə
əsasən Cinayət Məcəlləsinin ağır və
xüsusilə ağır cinayətlərlə bağlı
maddələrinin sanksiyalarının artırılması təklif
olunur. Müzakirələr zamanı
deputatlardan Fazil Mustafa, Elmira Axundova, Adil Əliyev, Çingiz Qənizadə
layihə ilə bağlı fikirlərini bildirdilər. Yekunda qanun layihəsi təsdiq olundu.
İclasda
"Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi
(1919-2014)" Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
qanun layihəsi də təsdiq olundu.
Milli Məclisin
iclasında son olaraq "Azərbaycan Respublikasında bələdiyyələrin
birləşməsi yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında" və "Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişikliklər edilməsi barədə"
qanun layihələri müzakirəyə
çıxarıldı. Hər iki qanun layihəsi barədə
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Arif Rəhimzadə məlumat verdi. Qeyd etdi ki, 21 rayon üzrə 204 bələdiyyədən
sənədlər daxil olub. Qanun layihəsinə
əsasən 204 bələdiyyənin əvəzinə 94 yeni
bələdiyyənin yaradılması təklif olunur.
Müzakirələr zamanı deputat Bəxtiyar Əliyev dedi ki, bələdiyyələrin birləşməsi idarəetmənin keyfiyyətinin yüksəldilməsinə və onların resurslarının daha səmərəli istifadə olunmasına xidmət edəcək. Bəxtiyar Əliyev bələdiyyə torpaqlarında tikilən fərdi evlərlə də bağlı fikirlərini bildirdi. Onun sözlərinə görə, bu evlər elə inşa olunur ki, həmin ərazilərdə heç bir sosial infrastruktur yaratmaq mümkün deyil. Bütün bunların problemlərə yol açdığını deyən Bəxtiyar Əliyev əlavə etdi ki, bələdiyyələrin yaşayış üçün ayırdığı ərazilərin əvvəlcədən tikinti qanunvericiliyinə uyğun planlaşlaşdırılması aparılmalıdır.
Müzakirələr başa çatdıqdan sonra hər iki qanun layihəsi səsə qoyularaq təsdiq edildi.
İclasın sonunda Milli Məclisin 2014-cü il yaz sessiyasının başa çatdığını deyən Milli Məclisin Sədri Oqtay Əsədov onu da əlavə etdi ki, deputatların müraciətlərinə əsasən parlamentin növbədənkənar sessiyası keçiriləcək.
Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı bağlı elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Rəşad
BAXŞƏLİYEV,
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 31 may.- S.1-2.