Dövlət Gömrük
Komitəsinin sədri Xaçmazda vətəndaşları
qəbul etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə
əsasən, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin
müsbət həll olunması üçün operativ tədbirlər
görürlər.
AzərTAc xəbər verir ki, mayın 30-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Xaçmazda bu rayondan, həmçinin Quba, Qusar, Siyəzən və Şabrandan olan vətəndaşları qəbul etmişdir. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilmiş qəbulda Dövlət Gömrük Komitəsinin bir sıra struktur rəhbərləri də iştirak etmişlər.
Qəbul zamanı regionda yaşayan vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılmışdır. Müraciətlərin əksəriyyəti gömrük keçid məntəqələrindən bəzi malların idxal və ixracı, sənədləşmə qaydaları, həmçinin işə qəbulla bağlı olmuşdur.
Komitənin sədri Aydın Əliyev vətəndaşların müraciətlərini, arzu və təkliflərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir.
Qəbul zamanı qaldırılan məsələlərin
bəziləri yerində həll edilmiş,
bəziləri ilə əlaqədar vətəndaşlara məsləhətlər
verilmişdir. Komitənin səlahiyyətinə
aid olmayan bir neçə müraciət isə qeydiyyata alınaraq aidiyyəti orqanlara
çatdırılması üçün
nəzarətə götürülmüşdür.
Azərbaycan.-2014.- 31 may.- S.3.