İnkişafın Azərbaycan
modeli: regionların sosial-iqtisadi yüksəlişi
"Azərbaycan" qəzetinin
Salyan Rayon İcra
Hakimiyyəti
ilə birgə keçirdiyi "dəyirmi masa"
Ötən
10 ildə qazanılan möhtəşəm nailiyyətlər
göstərir ki, Azərbaycanın yüksəlişi, dinamik
inkişafı dönməz xarakter alıb və ölkəmiz
bölgəmizin güc mərkəzinə çevrilib.
Sözsüz ki, bu uğurların həlledici amili ulu öndər
Heydər Əliyev tərəfindən əsası qoyulmuş
və bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında inamla davam etdirilən inkişaf siyasətidir. Bu
siyasətin uğurla davam etdirilməsi, dövrün tələblərinə
uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsi
nəticəsində Azərbaycan dünyaya bir çox sahələr
üzrə nümunə göstərir. Əldə edilən
uğurlar inkişafın Azərbaycan modelini də
formalaşdırıb. Hazırda bu model inkişaf edən
ölkələrin diqqətini cəlb edir.
İnkişafın
Azərbaycan modelinin mühüm cəhətlərindən
biri ölkənin bütün regionlarının tarazlı
yüksəlişidir. Bu günlərdə "Azərbaycan"
qəzetinin Salyan Rayon İcra Hakimiyyəti ilə birgə
keçirdiyi "dəyirmi masa" da bu mövzuya həsr
olunmuşdu. Tədbir iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstəsi qoydular.
Tədbiri
giriş sözü ilə açan "Azərbaycan" qəzetinin
Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov dedi:
- Hər
bir xalq, hər bir dövlət onu azadlığa qovuşduran,
bu yolda bütün maneələri aradan qaldıran,
inkişafını təmin edən liderləri ilə fəxr
edir. Müstəqil dövlətçiliyimizə gedən
nahamar yollarda biz də çox çətinliklər
gördük, hətta azadlığımızı növbəti
dəfə itirmək təhlükəsi ilə üzləşdik.
Əgər həmin ağır günlərdə ulu öndər
Heydər Əliyev kimi lider
olmasaydı, bu gün inkişaf edən müstəqil Azərbaycan
da yaşamazdı. Yalnız Heydər Əliyev siyasi
dühası xalqımızın azad və güclü
dövlətə sahib olmaq arzusunu reallığa çevirdi.
Məhz Heydər Əliyevin qətiyyəti, yenilməz siyasi
iradəsi sayəsində müasir Azərbaycan dövləti
quruldu, ölkəmiz dünya məkanında müstəqil
dövlət kimi özünün layiqli yerini tuta bildi.
Ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələb və istəyi ilə yenidən hakimyyət
sükanının arxasına keçməsindən və
siyasi sabitliyi təmin etməsindən sonra ilk
addımlarından biri Azərbaycanın yeni dövr
üçün inkişaf konsepsiyası oldu. Ulu öndərin
irəli sürdüyü müasir dövlətçilik
konsepsiyası Azərbaycanın tarixi ənənələrini
və yeni Avropa dəyərlərini
özündə birləşdirən unikal inkişaf modeli
idi. Bu inkişaf xəttinin həyata keçirilməsi nəticəsində
müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının
möhkəmləndirilməsi, bazar iqtisadiyyatının
formalaşdırılması, dövlət idarəetməsinin
təkmilləşdirilməsi, vətəndaşların
sosial və iqtisadi hüquqlarının dolğun təmin edilməsi istiqamətində
son dərəcə mühüm işlər
görüldü, böyük uğurlar əldə olundu. Heydər
Əliyevin qətiyyətli siyasəti nəticəsində
1994-cü ildən başlayaraq həyata keçirilən
uğurlu neft strategiyası, neft gəlirləri əsasında
yaradılmış möhkəm maliyyə-iqtisadi baza
hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə
iqtisadiyyatının diversifikasiyası, özəl sektorun
inkişafına hərtərəfli dövlət dəstəyi,
regionların inkişafı, insan kapitalının
formalaşdırılması, səmərəli beynəlxalq
iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına
inteqrasiya ölkəmizin yüksəlişində son dərəcə
mühüm rol oynadı.
Bu gün
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin
dünya birliyində öz yerini daha da möhkəmləndirməsi
məhz Heydər Əliyev ideyalarının
yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla
davam etdirilməsinin nəticəsidir. Son 10 ildə məhz
Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi
ölkəmizə böyük uğurlar qazandırıb. Bu mənada
ümummilli liderin müstəqillik konsepsiyasının,
sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin qazandığı böyük
uğurlarda bir daha təsdiqini tapır. Prezident İlham
Əliyevin rəhbərliyi altında son 10 ildə sürətli
inkişaf yolu keçən Azərbaycan dövlətçiliyini
inkişaf etdirib, siyasi və iqtisadi müstəqilliyini daha da
möhkəmləndirib. Sürətli iqtisadi inkişaf
dinamikası nümayiş etdirən, liberal prinsiplərə əsaslanmış
iqtisadi modelini yaradan Azərbaycanın bu dövrdə həm
regional, həm qlobal miqyasda nüfuzu yüksəlib, ölkəmizin
geoiqtisadi və geosiyasi rolu artıb.
Bütövlükdə
ötən 10 il Azərbaycanda cəmiyyət həyatının
bütün sahələrində əldə olunmuş
mühüm nailiyyətlərlə yadda qaldı. İstər
ictimai-siyasi, istər sosial-iqtisadi və eləcə də digər
istiqamətlərdə müşayiət olunan nikbin dinamika
respublikamızın inkişafının davamlı olduğunu
təsdiq edir. Qarşımızda duran bütün
sosial-iqtisadi məsələlərin öz həllini
tapması ilə yanaşı, neft-qaz kəmərlərinin
işə düşməsi, Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi, ilk süni peykimizin fəzaya
göndərilməsi, ölkəmizin mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi etməsi və "Şahdəniz"
layihəsi üzrə yekun investisiya sazişinin imzalanması
son onilliyin respublikamız üçün yaddaqalan bir dövr
olduğunu göstərir.
BMT Təhlükəsizlik
Şurasına üzvlüyünü layiqincə başa vuran
Azərbaycan indi Avropa Şurasının Nazirlər Komitəsinə
sədrlik edir. Bu dövrdə Azərbaycan sədrliyi
uğurla həyata keçirərək Avropa
Şurasının ali məramlarının tətbiq
olunmasına özünün layiqli töhfələrini verəcək.
Təbii
ki, hər bir ölkənin yüksəlişi iqtisadi sahənin
inkişafından asılıdır. Çünki iqtisadi
inkişaf olmazsa, kompleks inkişafdan söz gedə bilməz.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə
uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi
düşünülmüş, sürətli və
davamlı inkişaf strategiyasının nəticəsi olaraq
Azərbaycan ötən 10 ili son dərəcə möhtəşəm
iqtisadi uğurlarla başa vurub. Bu dövrdə ümumi daxili
məhsulun 3 dəfədən çox, dövlət büdcəsinin
gəlirlərinin 16 dəfə, sənaye məhsulları
istehsalının 2,7 dəfə, strateji valyuta
ehtiyatlarının 31 dəfə, daxili mənbələr
hesabına əsas kapitala yönəldilən
investisiyaların həcminin 18,4 dəfə, o cümlədən
qeyri-neft sektoruna investisiyaların 21,6 dəfə artması
ölkəmizdə, sözün əsl mənasında,
sıçrayışlı sosial-iqtisadi inkişafa nail
olunduğunu göstərir. 2003-cü ildən başlayaraq
ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib və Azərbaycanın
bu uğuru dünyada ən yaxşı nəticələrdən
biri kimi qeydə alınmışdır. ÜDM-in həcminə
görə Azərbaycan dünya ölkələri arasında
40 pillə irəliləyib və 2003-cü ildəki 106-cı
yerdən 66-cı yerə yüksəlib. Son "Qlobal Rəqabətlilik
Hesabatı"na əsasən, ölkəmiz 7 pillə irəliləyərək
148 ölkə arasında 39-cu yerə yüksəlib.
Bütün bu makroiqtisadi göstəricilər bir daha təsdiq
edir ki, sürətli inkişaf dövrünü yaşayan,
dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu
seçmiş Azərbaycan iqtisadiyyatı hər il dinamik
inkişafını davam etdirir, hər ötən ili yüksək
sosial-iqtisadi göstəricilərlə, dayanıqlı
inkişafa yönəlmiş mühüm tədbirlərin
reallaşdırılması ilə başa vurur.
Prezident
İlham Əliyevin hərtərəfli inkişaf etdirdiyi Azərbaycanın
dinamik yüksəlişində Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
xidmətləri əvəzolunmazdır. Bu yaxınlarda
yaradılmasının 10 illiyini qeyd etdiyimiz Heydər
Əliyev Fondu qlobal fəaliyyətdə həm
respublikamızda, həm də onun hüdudlarından uzaqlarda
böyük nüfuz qazanıb. Fondun təşəbbüsü
və dəstəyi ilə ötən 10 ildə insanların
sosial şəraitini yaxşılaşdırmaq məqsədilə
respublikanın şəhər və rayonlarında yüzlərlə
məktəb, uşaq evləri, mədəniyyət obyektləri
tikilib və təmir edilib. Mehriban Əliyevanın təşəbbüsü
ilə milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması, Azərbaycan xalqının mədəniyyətinin
dünyada təbliği, görkəmli şəxsiyyətlərinin
və əlamətdar hadisələrinin, yubileylərinin qeyd
edilməsinin UNESCO-nun proqramına salınması, respublikada
ümumbəşəri əhəmiyyət kəsb edən
beynəlxalq konfransların keçirilməsi artıq ənənəyə
çevrilib.
Azərbaycanın
inkişaf strategiyasında regionların sosial-iqtisadi
inkişafı mühüm yer tutur. Regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının uğurla
reallaşması iqtisadiyyatın neft amilindən
asılılığının azaldılmasına, regionlar
arasında sosial-iqtisadi inkişafa görə yaranmış
uyğunsuzluqların, miqrasiya proseslərinin xeyli dərəcədə
yumşaldılmasına, ölkənin malik olduğu
resurslardan səmərəli istifadə olunmasına, sosial
infrastrukturunun müasir tələblər səviyyəsində
qurulmasına əhəmiyyətli dərəcədə
müsbət təsir edib. Aparılan hesablamalar göstərir
ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı" çərçivəsində həyata
keçirilən tədbirlər nəticəsində ölkə
üzrə yeni iş yerlərinin 80 faizdən çoxu
regionların payına düşür.
2004-cü
ildən həyata keçirilən regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının nəticəsi
olaraq bütün şəhərlərimiz, kənd və qəsəbələrimiz
davamlı inkişaf yoluna qədəm qoyub. Azərbaycanın
hər yerində abadlıq və quruculuq işləri
görülür. İndi hansı bölgəyə getsən,
hara baxsan, sürətli inkişafı, quruculuq işlərini
görmək mümkündür. Bütün bunlar Salyan rayonunun
timsalında da aydın görünür. Salyanın tarixən
ticarət yollarının üstündə yerləşməsi
bu bölgənin inkişafında mühüm rol oynayıb.
Sovet hakimiyyəti illərində Heydər Əliyevin sayəsində
Salyanda xüsusən kənd təsərrüfatı xeyli
inkişaf etmişdi. Bu gün də Salyanda həyat
qaynayır, iqtisadiyyatın bütün sahələri yüksəlir,
istehsal artır.
Salyan həm
də Azərbaycanın ən qədim yaşayış məskənlərindən
biridir. Bunu Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin
mərkəzi kimi tanınmış Babazanlı ərazisində
aparılan tədqiqatlar təsdiq edir. Burada üzə
çıxarılan maddi mədəniyyət nümunələrinin
2800 il bundan əvvəlki dövrə aid olması sübut
edir ki, Salyanın yaşayış məskəni kimi tarixi qədimdir.
Bugünkü
"dəyirmi masa"da toxunulan məsələlərlə
bağlı ətraflı söz açılacaq, hörmətli
tədbir iştirakçılarını dinləyəcəyik.
İndi isə çıxış üçün söz
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Kərimova verilir.
Tahir
KƏRİMOV:
- Dövlət
müstəqilliyinin qısa dövrü ərzində əsrlərə
bərabər inkişaf yolu keçən Azərbaycan bu
gün dünyada demokratik və sivil dövlət kimi
tanınır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkədə həyata keçirilən məqsədyönlü
iqtisadi və sosial siyasətin uğurlu nəticəsi olmaqla
yanaşı, həm də Heydər Əliyev siyasi kursunun
alternativsizliyinin sübutudur. İndi dünya və Avropa
ölkələri sırasında Azərbaycan iqtisadi
inkişaf tempinə və əhalinin durmadan yüksələn
sosial rifahına görə öncül yerlərdə qərar
tutub. Cənubi Qafqazın isə lider dövlətidir.
Fərəhlə
qeyd etməliyik ki, ölkəmizin inkişaf tempini beynəlxalq
qurumlar yüksək qiymətləndirir. Dünya İqtisadi
Forumunun qlobal rəqabətqabiliyyətlik indeksinə görə
Azərbaycan ötən il 7 pillə irəliləmiş və
rəqabətlik reytinqinə görə 148 dövlət
arasında 39-cu yerdə qərarlaşmışdır.
Əlbəttə, bu, respublikada
balanslaşdırılmış inkişaf strategiyası, neft
kapitalının insan kapitalına yönəldilməsi,
regionların sosial-iqtisadi inkişafına göstərilən
diqqət və qayğının verdiyi ürəkaçan nəticələridir.
Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan,
Prezident İlham Əliyev tərəfindən əzmlə
davam etdirilən və müasir dövrün tələblərinə
hesablanan sosial-iqtisadi inkişafın Azərbaycan modeli bu
gün həm də dünyanın ən qabaqcıl şirkətlərinin
diqqətini özünə cəlb etmişdir.
Tanınmış şirkətlər dinamik inkişaf edən,
ictimai-siyasi cəhətdən sabit məkan olan Azərbaycana sərmayə
qoymağa, ölkəmizin iştirakı ilə beynəlxalq
xarakterli iri layihələrdə iştirak etməyə həvəslə
qoşulur.
İqtisadi
uğurlar sosial sferada da mühüm layihələrin həyata
keçirilməsinə şərait yaradır, əhalinin
güzəranı gündən-günə yaxsılaşır.
Vətəndaşlarımızın rahat yaşayıb fəaliyyət
göstərmələri üçün dövlət hər
cür şəraitin yaradılmasını özünün
prioritet vəzifəsi hesab edir. Regionlarda sosial infrastrukturun
yaradılması, şəhərlərin və kəndlərin
qazlaşdırılması, yolların asfaltlaşması, körpülərin,
təhsil və mədəniyyət ocaqlarının tikilməsi,
yeni iş yerlərinin açılması əhalinin
böyük razılığı ilə
qarşılanır. Sevindirici hal ondan ibarətdir ki, şəhər
və rayonlarda əhali bütün bu quruculuq və abadlıq
işlərinə könüllü şəkildə
qoşulmaqla daim ona dəstək verir.
Azərbaycanın
hərtərəfli inkişaf prosesində digər bölgələrlə
yanaşı, Salyan da mühüm yer tutur. Qədim
yaşayış məskəni olan Salyan iqtisadi potensialına
görə digər bölgələrdən seçilir.
Coğrafi mövqeyinə görə Salyan magistral ticarət
yolunun üstündə yerləşir. Xəzər dənizinin
yaxın olması, Kür çayının rayon ərazisindən
keçməsi, onu iki yerə ayırması, Babazanan və
Kürsəngi kimi dağ massivləri, münbit düzən
sahələrin çoxluğu bu rayonun digər bölgələrdən
fərqli spesifik göstəriciləridir. Rayonun iqtisadi və
coğrafi potensialı yaxın bölgələrin də
iqtisadi inkişafı üçün zəmin yaradır.
Salyanda
inkişaf etmiş aqrar sektor, sənaye müəssisələri,
müasir infrastruktur formalaşmışdır. Bölgədə
turizmin inkişafı üçün perspektivlər var. Lakin
bölgənin iqtisadi potensialı və coğrafi imkanları
burada aqrar və sənaye əhəmiyyətli istehsal mərkəzlərinin
yaradılmasını zəruri edir. Bu isə, öz növbəsində,
yaxın Neftçala, Biləsuvar, Cəlilabad, Sabirabad,
Hacıqabul rayonlarının, habelə Şirvan şəhərinin
iqtisadi və sosial inkişafı üçün şəraitin
yaradılmasına səbəb olacaq.
Salyan
rayon sakinləri də, respublikanın bütün əhalisi
kimi, qurub-yaratmaq əzmi ilə fəaliyyət göstərir.
Salyanlılar Azərbaycanın işıqlı, firavan
sabahını Heydər Əliyev
siyasətində görür və onu ürəkdən
dəstəkləyirlər. Bu bölgənin insanları Heydər
Əliyev siyasətinə, Heydər Əliyevin dövlətçilik
prinsiplərinə sadiqliklərini öz əməlləri ilə
sübut etmişlər. Ötən il respublikada keçirilən
prezident seçkilərində Salyan rayon seçiciləri də yüksək
mütəşəkkillik və siyasi fəallıqla
iştirak etmişlər. Ümummilli lider Heydər Əliyev
siyasətinin layiqli davamçısı, son on ildə Azərbaycanı
dinamik inkişaf mərhələsinə çıxaran
praqmatik dövlət xadimi, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə səs verməklə ölkəmizin
gələcək inkişafına öz inamlarını bir
daha ifadə etmişlər.
Salyanlılar
rayonun sosial-iqtisadi inkişafına, onun mədəni-tarixi
irsinə göstərilən diqqətə görə ölkə
Prezidentinə dərin minnətdarlıq hisslərini ifadə
edirlər. Ötən il rayonun Muğan-Babazanlı abidələrinin
2800 illik tarixi ilə bağlı, bu ilin yanvar ayında isə
Azərbaycanın böyük mütəfəkkiri və
filosofu, türk dünyasının ideoloqu Əli bəy
Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi barədə
ölkə başçısının sərəncamları
rayonun tarixinə, onun mədəniyyətinə,
bütövlükdə milli-mənəvi dəyərlərimizə
göstərilən yüksək diqqətin bariz nümunəsi
kimi ən yüksək qiymətə layiqdir.
Salyan
rayonunun son illərdəki iqtisadi nailiyyətləri siyasi və
mədəni həyatdakı uğurlarını tamamlayır.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına
dair dövlət proqramları çərçivəsində
rayonumuzda çox böyük işlər
görülmüşdür. Belə ki, məhsul
buraxılışının həcmi son bir ildə 38 faiz, kənd
təsərrüfatı məhsullarının ümumi həcmi
6 faiz, rabitə xidmətinin həcmi 11,6 faiz, nəqliyyat xidmətinin
həcmi 24 faiz, əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 6 faiz çox olmuşdur. Əsas kapitala yönəldilən
investisiya 76 milyon manat təşkil etmişdir. Ötən il
rayonumuzda 571 daimi iş yeri açılmışdır.
Ümumilikdə isə, dövlət proqramları qəbul edilən
2004-cü ildən bəri 22 min 80 yeni iş yeri
açılmışdır ki, onun da 12 min 500-ü daimi
iş yeridir.
Ötən
müddət ərzində rayonda yeni sahibkarlıq subyektləri
yaradılmış, ərzaq təhlükəsizliyi
proqramı çərçivəsində işlər
ardıcıllıqla görülmüşdür. Rayonda Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və
sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi
sahələri yaradılması istiqamətində işlər
həyata keçirilmişdir. Bu gün adları respublikamızda
məşhur olan "Hacı Camalxan", "NNEM" fermer təsərrüfatı,
"Nurgün Aqro" MMC, "Ələddin-fermer" MMC və
digər kollektivlər Salyan rayonu ərazisində fəaliyyət
göstərir. Hazırda rayonumuzun iqtisadi inkişafı Azərbaycan
dövlətinin iqtisadi inkişaf strategiyasına uyğun
olaraq uğurla davam edir.
Kənd təsərrüfatının
müxtəlif sahələrinin inkişafına dair dövlət
proqramlarının da icrası ilə əlaqədar rayonda
ardıcıl tədbirlər görülməkdədir. Belə
ki, 2014-cü ilin məhsulu üçün 18 min hektara
yaxın sahədə taxıl əkini
aparılmışdır. Rayonda 1200
hektar sahədə üzüm bağları var.
Hazırda isə yeni bağların salınması istiqamətində
tədbirlər həyata keçirilir. 800 hektardan artıq meyvə
bağı mövcuddur ki, onların da yarıya qədəri
artıq məhsul verir. Rayonda kənd təsərrüfatının
inkişafı üçün torpaqların meliorativ cəhətdən
yaxşılaşdırılması, kənd təsərrüfatının
suvarma suyu ilə vaxtında təmin edilməsi daim diqqət mərkəzində
saxlanılır.
2013-cü
ildə rayonun təhsil, səhiyyə və
mədəniyyət sahəsində
böyük uğurları olmuşdur. Cənab Prezidentin sərəncamları
ilə 1 nəfər əməkdar mədəniyyət
işçisi, 1 nəfər əməkdar müəllim, 1 nəfər
müəllim ikinci dəfə "İlin ən yaxşı
müəllimi" fəxri adına layiq
görülmüş, 1 müəllim "Tərəqqi"
medalı ilə təltif edilmişdir. Rayonun 326 məzunu
respublikanın müxtəlif ali məktəblərinə
daxil olmuş, 18 abituriyent 600-dən yuxarı bal
toplamış, 1 abituriyent Prezident təqaüdünə layiq
görülmüşdür. Rayon abituriyentlərinin ana dili, ədəbiyyat,
riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri
üzrə göstəriciləri respublika üzrə orta
göstəricilərdən yuxarı olmuşdur. Bunlarla
yanaşı, rayonun 1 idmançısı Hollandiyada
keçirilmiş gənclər arasında Avropa
çempionatının, 1 idmançı isə
Yunanıstanın Afina şəhərində
keçirilmiş kikboksinq üzrə dünya
çempionatının qalibi olmuşdur.
Respublikamızın
iqtisadi və sosial həyatında Salyan rayonunun mövqeyi təkcə
qeyd olunanlarla bitmir. Abadlıq-quruculuq işləri qədim
Muğan şəhəri Salyanın görkəmini tamamilə
dəyişmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin
rayonumuza hər gəlişi Muğanın bu qədim
diyarının sosial inkişafına yeni güclü təkan
verir. Ölkə başçısının
ayırdığı vəsaitlər hesabına rayon ərazisində,
şəhərin mərkəzində yeni-yeni tikililər
inşa edilir, abadlıq-quruculuq işləri getdikcə
genişlənir.
Təkcə
ötən il şəhərin mərkəzində möhtəşəm
Heydər Əliyev Mərkəzi tikilmiş, ulu öndərin
monumental abidəsi ucaldılmış, ətraf ərazidə
fəvvarələr quraşdırılmış, xiyaban
salınmış, müxtəlif ağac və bitki
kolları əkilmişdir. Qeyd edilən ərazidə
müasir görkəmdə modern memarlıq üslubunda icra
hakimiyyətinin yeni inzibati binası inşa edilmişdir. Şəhər
ərazisində iki hektar ərazidə Dövlət
Bayrağı Meydanı salınmışdır. Meydanda fəvvarələr
quraşdırılmış, üzlüklər döşənmiş,
dekorativ ağaclar və gül kolları əkilmiş, 42 metr
hündürlükdə Dövlət bayrağı dirəyi
ucaldılmışdır.
Sadalanan
bu obyektlərin açılışında Azərbaycan
Prezidenti İlham Əliyev iştirak etmişdir. İndi Heydər
Əliyev Muzeyi və parkı, habelə Dövlət
bayrağı meydanı Salyan şəhər sakinlərinin
ürək açıqlığı ilə istirahət
etdiyi məkanlardır. Dövlət əhəmiyyətli
bayram tədbirləri, kütləvi-mədəni tədbirlər
bu yerlərdə rayon ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə geniş şəkildə qeyd olunur.
Ötən
il həmçinin təhsil şöbəsi üçün
inzibati bina, şəhərin Plastmas yaşayış massivində
640 yerlik, Boranıkənd kəndində 220 yerlik yeni məktəb,
şəhər 8 saylı tam orta məktəb
üçün 160 yerlik yeni korpus, rayonlararası Şorsulu
Psixiatriya Xəstəxanası üçün 100
çarpayılıq yeni korpus tikilib istifadəyə
verilmiş, Qaraçala qəsəbə, Dayıkənd kənd
və şəhər 8 saylı tam orta məktəbləri əsaslı
təmir edilmişdir. Hazırda şəhərin mərkəzində
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı
üçün yeni inzibati bina, Peyk kəndində 220
şagirdlik məktəb, 50 çarpayılıq
rayonlararası ağciyər xəstəlikləri xəstəxanası
tikilməkdədir. Azərbaycan Prezidentinin
tapşırığına əsasən Mərkəzi Rayon Xəstəxanasına
xroniki böyrək xəstəliyindən əziyyət
çəkən xəstələrin müalicəsi məqsədilə
10 ədəd dializ aparatı verilmiş və dializ
şöbəsi açılmışdır. Bu şöbənin
xidmətindən Salyan rayonu ilə yanaşı, Neftçala
və Biləsuvar rayonlarının da əhalisi istifadə
edir.
Ölkə
rəhbəri İlham Əliyev 2013-cü il sentyabrın 4-də
Salyana səfəri zamanı aparılan abadlıq-quruculuq
işləri ilə tanış olduqdan, yuxarıda qeyd
etdiyimiz obyektlərin açılışını həyata
keçirdikdən sonra ictimaiyyətin rəyini nəzərə
alaraq rayonun abadlığı üçün Prezidentin
Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırmışdır.
Bundan başqa, şəhər mərkəzini Babazanlı
yaşayış massivi ilə birləşdirəcək
Kür çayı üzərində möhtəşəm
körpünün inşası, həmçinin
Salyan-Şirvan magistral yolunun yenidən salınması
hesabına rayonun yol-nəqliyyat infrastrukturu əsaslı surətdə
yeniləşəcək.
Bu gün
Salyan şəhərinin siması gündən-günə təzələnir,
müasirləşir. Şəhərin küçələri
abadlaşır, avtomobil yolları
asfaltlaşdırılır, müasir, yaraşıqlı
binalar ucaldılır, yeni yaşıllıqlar salınır,
binaların fasad hissələri müasir görkəm
alır. Şəhər sakinlərinin iştirakı ilə
XXI əsrin yeni Salyanı qurulur. Bütün bunlar şəhər
sakinlərinin böyük razılığı ilə
müşayiət olunur. Salyanlılar rayonun sosial-iqtisadi
inkişafına göstərilən diqqət və
qayğıya görə ölkə Prezidentinə dərin
minnətdarlıq hisslərini ifadə edirlər. Əminik ki,
öz gözəl ənənələri, zəngin tarixi
keçmişi, böyük ziyalı potensialı, zəhmətsevər
insanları ilə məşhur olan Salyan rayonu çiçəklənən
respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında
bundan sonra da əhəmiyyətli rol oynayacaqdır.
Bəxtiyar
SADIQOV:
- Salyan
iqtisadiyyatda özünün ənənələri olan
rayondur. Xüsusən kənd təsərrüfatı üçün münbit şəraitin
olması burada heyvandarlığın və əkinçiliyin
inkişafı üçün geniş imkanlar açır.
Təsadüfi deyil ki, bu gün Azərbaycan rəhbərliyinin
ölkədə aqrar sahənin inkişafı istiqamətində
həyata keçirdiyi məqsədyönlü tədbirlərin
bəhrəsini Salyanda daha yaxından görmək
mümkündür. İndi Salyanda iqtisadi sahədə həm
keçmiş ənənələr bərpa olunur, həm də
tamamilə yeni istehsal sahələri formalaşır. Bu
mövzuda çıxış üçün söz
"Zöhrab" kəndli-fermer təsərrüfatının
rəhbəri Emin Mirzəyevə verilir.
Emin
MİRZƏYEV:
- Salyan
rayonu bütün dövrlərdə ölkə
iqtisadiyyatının əsas sahələrində mühüm
rol oynamışdır. Rayonumuz, əsasən, kənd təsərrüfatı
rayonu olsa da, sənayenin bir çox sahələri də burada
sürətlə inkişaf etmişdir. Neft-qaz hasilatı ilə
yanaşı, tikinti, emal sənayesi, kənd təsərrüfatı
məhsullarının saxlanılması və başqa sahələr
buna nümunədir.
Sovetlər
birliyi dağıldıqdan sonra bütün ölkədə
olduğu kimi, Salyanda da kənd təsərrüfatı müəssisələri
tənəzzülə uğramışdı. Yalnız
ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra həyata keçirilən aqrar
islahatların nəticəsi olaraq rayonumuzun iqtisadiyyatında
dirçəliş dövrü başladı, kənd təsərrüfatı
özünün yeni inkişaf mərhələsinə qədəm
qoydu. Aqrar sahədəki islahatlar, torpaqların əhaliyə əvəzsiz
verilməsi, kolxoz və sovxozların ləğv edilməsi bu
sahəyə yeni baxışın, bazar iqtisadiyyatının
formalaşması ilə nəticələndi. Bu gün rayonda
kənd təsərrüfatına yararlı 63 min 735 hektar torpaq sahəsi var.
Prezident
İlham Əliyevin regionların inkişafına göstərdiyi
diqqət və qayğı kənd təsərrüfatında
da yaxından hiss olunur. "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı", kənd
təsərrüfatı məhsulları
istehsalçılarına əkin sahəsinin becərilməsində
istifadə edilən yanacaq və motor yağlarına görə
dövlət vəsaiti hesabına yardım verilməsi,
"Aqrolizinq" ASC-nin yaradılması, kənd təsərrüfatı
istehsalçılarına mineral gübrələrin güzəştlə
satılması, ölkəyə damazlıq heyvanların gətirilməsi
aqrar sahənin yüksəlişinə təkan verib.
Salyanlı
fermerlər onlar üçün yaradılan dövlət
qayğısını yaxından hiss edir və yaradılan
imkanlardan lazımınca faydalanırlar. Belə ki, 2013-cü
ilin məhsulu üçün 17 min 879 hektar sahədə
taxıl əkini aparılmışdır. Nəticədə
taxıl sahələrinin hər hektarından məhsuldarlıq
31,8 sentner olmaqla, ümumilikdə, 56 min 824 ton məhsul istehsal
olunmuşdur ki, bu da 2012-ci ildəkindən 3 min 414 ton çox
idi. Dövlət qayğısının, ayrılan
subsidiyaların nəticəsi olaraq 2014-cü ilin məhsulu
üçün 17 min 404 hektar sahədə taxıl əkilmişdir.
Bunun 6 min 215 hektarı buğda, 11 min 189 hektarını isə arpa təşkil
edir. Digər dənli-paxlalı və çoxillik yem bitkilərinin
də əkin sahəsi ötən ilin müvafiq dövrünə
nisbətən artmışdır.
Kənd təsərrüfatını
inkişaf etdirmək üçün ən vacib olan sahələrdən
biri texnikaya olan tələbatdır. "Aqrolizinq" ASC-nin
yaradılması bu sahədə olan problemləri köklü
surətdə həll etməkdədir. Taxıl əkinlərinin
çox olması ilə əlaqədar ötən il
biçin zamanı kombayn çatışmazlığı
problemi yaşandı. Rayon rəhbərliyinin Kənd Təsərrüfatı
Nazirliyinə rəsmi müraciətindən sonra bu problem həll
edildi. Bu il isə rayonumuza əlavə olaraq 10 ədəd
kombayn verilib, əlavə olaraq daha 5 ədəd kombaynın
ayrılması nəzərdə tutulur.
Salyanda kənd
təsərrüfatının ən mühüm sahələrindən
biri olan heyvandarlıq sahəsində də son illər
mühüm irəliləyiş əldə edilmişdir.
Hazırda rayonda qaramalın sayı
62 min 315 baş təşkil edir ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 1,3 faiz
çoxdur. Davarın sayı isə 185 min 285
başdır. Bu, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 2 min 938
baş artıqdır. Bu artımların nəticəsində
rayonda ət istehsalı 12 min 825 tona, süd istehsalı isə
44 min 762 tona, yun istehsalı 335 tona, yumurta istehsalı isə 3
milyon 445 min ədədə
çatdırılmışdır. Rəqəmlərdən
göründüyü kimi, istər heyvanların baş
sayında, istərsə də bir başdan alınan məhsulun
həcminə görə son illər müsbət artım
müşahidə olunur.
Salyanda kənd
təsərrüfatının inkişaf etdirilməsi məqsədilə
yeni istehsal sahələrinin yaradılması istiqamətində
də bir sıra tədbirlər həyata
keçirilmişdir. Bunlardan biri heyvandarlığın
inkişafı məqsədilə lizinq yolu ilə rayona
Almaniya və Avstriyadan məhsuldarlığı yüksək
holştin-friz, simmental, aberdin-anqus cinslərindən olan 771
baş heyvanın gətirilməsidir.
Hazırda rayonda fəaliyyət göstərən
"Hacı-Camalxan" və "Nurgün Aqro" MMC kimi
damazlıq təsərrüfatları heyvandarlığın
inkişafına böyük töhfələr verir.
Ölkə
başçısı tərəfindən
sahibkarlığın inkişafına yaradılmış
münbit şəraitin nəticəsi olaraq rayonda "BRM
üzüm" MMC, "Gilə" MMC,
"Qaraçala" MMC, "Balacans" MMC,
"Qarabağlı kooperasiya" və sair kimi iri təsərrüfatlar
fəaliyyətə başlamışdır. Eyni zamanda,
Kürsəngi kəndində "NNEM" fermer təsərrüfatı
tərəfindən illik istehsal gücü 100 min dekalitr olan
şərab zavodunun və "Ələddin Fermer" MMC-nin
illik istehsal gücü 600 ton olan meyvəqurutma müəssisəsinin,
Kürqaraqaşlı kəndində "Nurgün Aqro"
MMC-də 400 başlıq heyvandarlıq kompleksinin,
Çuxanlı kənd ərazisində kənd təsərrüfatı
məhsullarının saxlanılması üçün
gücü 10,5 min ton və 5 min ton olan iki soyuducu anbarın,
10 min tonluq taxılsaxlama anbarının, illik gücü 600
ton olan meyvəqurutma sexinin, tara və qablaşdırma sexinin
tikintisi başa çatdırılmışdır.
Hazırda Sahibkarlığa Kömək Milli Fondunun kreditləri
və sahibkarların vəsaiti hesabına yeni istehsal və
emal sənayesi sahələrinin yaradılması istiqamətində
işlər, o cümlədən Qaraçala qəsəbəsində
2 min 400 başlıq heyvandarlıq kompleksinin tikintisi davam
etdirilir.
Salyan
rayonunda süd məhsulları emal edən
"Hacı-Camalxan" və "Bəyaz Sud" zavodları fəaliyyət
göstərir. "Bəyaz
Sud" zavodunun gün ərzində istehsal gücü 30
tondur. Hazırda burada 14 çeşiddə məhsul istehsal
olunur. "Hacı-Camalxan" kəndli-fermer təsərrüfatında
isə 10 adda süd məhsulu, 54 adda meyvə-tərəvəz
və bostan məhsulları konservləşdirilir. Bu təsərrüfatda
un dəyirmanı, miniçörək zavodu, daxili tələbatı
ödəmək məqsədilə yem emalı zavodu və
mexaniki təmir sexi də fəaliyyət göstərir. Burada
sağım kompüterləşdirilərək
İsveçrənin "De-Laval" şirkətinin istehsal
etdiyi avadanlıqla həyata keçirilir. Bütün bunlardan
əlavə, təsərrüfatda damazlıq və
toxumçuluq sahələri də
fəaliyyət göstərir və respublikanın bütün bölgələrinə
damazlıq heyvan və toxum satılır.
Bu il
rayonda 45 min hektar suvarılan torpaq sahəsində əkin
aparılmışdır. Həmin torpaqlar Kür
çayı üzərində qurulmuş 79 ədəd nasos
stansiyası vasitəsilə mexaniki üsulla suvarılır.
Kür çayında suyun lazımi səviyyədən və
ayrılan elektrik enerjisinin limitinin az olması səbəbindən
bəzən suvarmada müəyyən fasilələr və ya
problemlər yaranır.
Bu problemləri
aradan qaldırmaq üçün müasir suvarma
texnologiyalarından istifadə etmək salyanlı fermerlərin
ən böyük istəyidir və bu, şoranlaşmaya
meyilli olan rayonumuzun əkin sahələrini həmin ciddi
problemdən birdəfəlik qurtarmağın yeganə yoludur.
"Hacı-Camalxan" və bəzi böyük təsərrüfatlar
bu işə başlasa da, rayonun bütün ərazilərində
müasir texnologiyaların tətbiqinə
hələlik başlanmamışdır.
2014-cü
ilin "Sənaye ili" elan edilməsi ölkə
iqtisadiyyatının, xüsusilə aqrar sahənin yeni
inkişaf mərhələsinə qədəm qoymasından xəbər
verir. Sahibkarlara və iş adamlarına yaradılan bu əlverişli
şərait rayonumuzun inkişafına güclü təkan
verəcək, ölkə iqtisadiyyatının
formalaşmasında Salyan rayonunun xüsusi çəkisini
daha da artıracaqdır.
Bəxtiyar
SADIQOV:
- Azərbaycan
iqtisadiyyatının inkişafı və ölkəmizin
maliyyə imkanlarının artması paralel olaraq digər sahələrin
inkişafı üçün imkanlar açır. Biz bunu
sosial sahədə həyata keçirilən uğurlu fəaliyyətin
timsalında aydın görürük. Sosial sahəyə diqqət,
xüsusi kateqoriyalı insanlara sosial dəstək hər yerdə
uğurlu bəhrələrini verir. Eyni zamanda, bu gün Azərbaycanın
bütün şəhər və kəndləri
abadlaşır, yenidən qurulur, gözəlləşir. Təbii
ki, Salyan da bu proseslərdən kənarda deyil və bu barədə
rayon statistika idarəsinin rəis müavini H.Mənsimov
danışacaq.
H.MƏNSİMOV:
- Prezident
İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının uğurlu
icrası müddətində bütün bölgələrdə
yeni istehsal və xidmət müəssisələri fəaliyyətə
başlayıb, əsaslı quruculuq və abadlıq işlərinə
start verilib. Bu proqramlar sosial sahədə qarşıda duran
problemlərin də həllində mühüm rol oynayır.
Yeni müəssisələrin yaradılması tarazlı
inkişafla bərabər, əhalinin məşğulluq
problemlərinin yoluna qoyulması və yeni iş yerlərinin
açılması ilə müşayiət edilir. Dövlət
proqramları çərçivəsində regionlarda
infrastrukturun bərpası və inkişafı, əhalinin
kommunal xidmətlərlə, o cümlədən elektrik
enerjisi, qaz və su ilə təchizatının
yaxşılaşdırılması, səhiyyə və təhsil
müəssisələrinin tikintisi istiqamətində
mühüm tədbirlər həyata keçirilir.
Bütün
bu işlər Salyan rayonunda da əyani hiss olunmaqdadır. Hər
zaman Salyana və salyanlılara xüsusi qayğı ilə
yanaşan Prezident İlham Əliyevin son üç ildə
rayona etdiyi 3 səfər dövlət
başçısının bizə olan diqqətinin göstəricisidir.
Eyni zamanda, son illərdə rayon sakinlərinin sosial rifah
halının daha da yaxşılaşdırılmasına
xidmət edən mühüm infrastruktur layihələrin həyata
keçirilməsi, dayanmadan aparılan abadlıq və
quruculuq işləri də dövlət
başçısının diqqətinin bariz nümunəsidir.
Sosial sahədəki
nəticələrdən söz açmazdan əvvəl
rayonumuzun ötənilki iqtisadi yekunlarına toxunmaq istəyirəm.
2013-cü ildə Salyanda məhsul istehsalının həcmi əvvəlki
illə müqayisədə 8 milyon 388 min manat, yəni 3,8 faiz
artaraq 230 milyon 919 min manat təşkil edib. Bu dövrdə sənaye
məhsulunun həcmi 1 faizə yaxın, kənd təsərrüfatı
məhsullarının həcmi 6 faiz, nəqliyyat xidməti
24,1 faiz, pərakəndə satış 3,8 faiz, pullu xidmət
5,9 faiz çox olmuşdur. Əsas kapitala yönəldilən
investisiya 76 milyon 543 min manat təşkil edib. Bir nəfərə
düşən orta aylıq əməkhaqqı 238 manat,
adambaşına düşən ümumi məhsul
istehsalının həcmi isə 1774 manat olub.
İqtisadi
artım sosial sahədəki nailiyyətləri tamamlayır. Məlum
olduğu kimi, ölkəmizdə sosial siyasətin
başlıca istiqamətlərindən biri sosial infrastrukturun
yenilənməsidir. Bundan irəli gələrək son illər
Salyanda 18 məktəb binası, 9 səhiyyə, 9 mədəniyyət
müəssisəsi, 1 uşaq bağçası, 11 gənclər
və idman müəssisəsi tikilib istifadəyə
verilmiş, 18 məktəb, 4 uşaq bağçası, 4 səhiyyə,
2 mədəniyyət, 2 gənclər və idman müəssisəsi
əsaslı təmir edilmişdir.
Təbii
ki, iqtisadi sahədə yüksəlişin əsas səbəbi
yeni istehsal müəssisələrinin
yaradılmasıdır. Bu isə, öz növbəsində, əsas
sosial prioritetlərdən olan işsizliyin aradan
qaldırılmasında mühüm rol oynayır. Yeni müəssisələr
məhsul artımına səbəb olduğu kimi, əhalinin
məşğulluğunun təmin edilməsində də
mühüm rol oynayır. Son 10 ildə Salyanda 12 min 629 daimi
iş yeri yaradılması bunu təsdiq edir.
Sosial təminat
sahəsində dövlət siyasətinin ən mühüm
istiqamətlərindən biri sosial müavinətlərin
ünvanlığının təmin edilməsindən, əlillərə,
müharibə veteranlarına, gənc ailələrə, əhalinin
ən aztəminatlı hissəsinə xüsusi diqqətin
yetirilməsindən ibarətdir. Sosial müdafiəyə
ehtiyacı olan şəxslərin maddi vəziyyətinin, həyat
şəraitinin yaxşılaşdırılması nəticəsində
ümumilikdə ölkəmizdə yoxsulluq səviyyəsi
azalaraq minimuma enmişdir. Ölkəmizdə 2006-cı ildən
ünvanlı sosial yardım mexanizminin işə düşməsi
ilə əlaqədar Salyanda 13 min 785 nəfər ailə
üzvü sosial yardım alır.
Rayon əhalisinin
sosial qayğıları daim Salyan Rayon İcra Hakimiyyətinin
diqqət mərkəzində saxlanılır. Belə ki, son
illər rayonda Qarabağ müharibəsi əlilləri və
şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması üçün bir 8 mənzilli,
iki 16 mənzilli, iki fərdi ev tikilib istifadəyə
verilmişdir. Hazırda 32 mənzilli binanın tikintisi
üçün torpaq sahəsi ayrılmışdır.
Xüsusi kateqoriyalı insanların mənzil şəraitinin
yaxşılaşdırılması üçün onlar
rayon icra hakimiyyətində mənzil növbəsinə
götürülür və nəzarətdə
saxlanılır. Rayon icra hakimiyyətində istənilən
vaxt fərdi ev tikintisi və ticarətlə məşğul
olan vətəndaşlara torpaq sahəsi ayrılır və
icrası nəzarətə götürülür. Rayonda
Qarabağ müharibəsi əlillərinə ötən il
18 minik avtomobili verilmiş və bu iş növbəlik əsasında
davam etdirilir.
2013-cü
ildə sosial məsələlərin həllində önəmli
addımlardan biri sovet vaxtından qalan əmanətlərin
qaytarılması olmuşdur. Salyanda da əmanətlərin
qaytarılması, yəni kompensasiya şəklində ən
böyük əmsalla əhaliyə verilməsi prosesi
uğurla başa çatmışdır. Ümumilikdə 10
min 428 nəfər vətəndaş "KapitalBank"ın
rayon filialına müraciət etmiş və onlara 4 milyon 124
min manat vəsait ödənilmişdir.
Bütün
bu nailiyyətləri yüksək dəyərləndirən
salyanlılar da həmişə olduğu kimi, Prezident
İlham Əliyevin ətrafında sıx birləşəcək,
dövlətimizin insanlara olan qayğısından bəhrələnərək
sosial-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində
fəallıq göstərəcəklər.
Bəxtiyar
SADIQOV:
- Ulu
öndər Heydər Əliyevin
21 il əvvəl siyasi hakimiyyətə
dönüşü ilə xalqımız təhlükələrdən,
müstəqilliyini itirməkdən qurtuldu. Xilaskarlıq
missiyasını uğurla başa vuran Heydər Əliyevin əsasını
qoyduğu siyasi kurs bu gün Azərbaycanı regionun lider və
dinamik inkişaf edən dövlətinə çevirib. Bu mənada
Azərbaycanın 21 il əvvəllə bugününün
müqayisəsi Milli Qurtuluş missiyasının dövlətçilik
tariximizin parlaq səhifəsi olduğunu göstərir. Milli
Qurtuluş missiyasının əyani nəticəsi
Salyanın da dünəni ilə bugününün
müqayisəsində öz real təsdiqini tapır. Bu barədə
danışmaq üçün söz Azərbaycan Müəllimlər
İnstitutunun Salyan filialının müəllimi Aliyə
Əmrahovaya verilir.
Aliyə
ƏMRAHOVA:
- Adətən,
şəxsiyyətlər haqqında danışarkən
onları mühitin, tarixin yetişdirməsi kimi qeyd edirlər.
Lakin bəzi xalqlara tarixi yaradan şəxsiyyətlər qismət
olmuşdur. Belə şəxsiyyətlər mənsub
olduqları xalqın, dövlətin üzləşdiyi fəlakətlərin,
çətinliklərin aradan qaldırılmasında qətiyyətlə,
prinsipiallıqla, möhkəm siyasi iradə və fədakarlıqla
çalışırlar.
Heydər
Əliyev məhz tarixi yaradan şəxsiyyətlərdəndir.
Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində
müstəsna rol oynayan, insanların qəlbində
alovlandırdığı azadlıq arzusunu boğulmağa
qoymayan, cahanşümul əməlləri ilə
yaddaşlarda sarsılmaz, möhtəşəm abidə
ucaldan ümummilli lider Heydər Əliyev xalqımızın
xilaskarıdır. 1993-cü ilin iyununda xalqın təkidli
çağırışlarından sonra Azərbaycana rəhbərlik
missiyasını yenidən öz üzərinə
götürən böyük siyasətçi, təcrübəli
dövlət xadimi Heydər Əliyevin idarəçilik məharəti
sayəsində ölkəmiz onu təhdid edən fəlakətlərdən
xilas oldu, sabit sosial-iqtisadi, siyasi və mədəni inkişaf
yoluna qədəm qoydu. Müstəqilliyimiz möhkəmləndirildi,
bazar iqtisadiyyatı və demokratiyanın həyata
keçirilməsi sahəsində nəhəng addımlar
atıldı, ölkəmizin beynəlxalq nüfuzu yüksək
səviyyəyə qaldırıldı.
Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
dünya birliyində layiqli yerini tutmaqdadır. Heydər
Əliyevin müəyyənləşdirdiyi strategiyanın
Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsi Azərbaycanın qarşısında
böyük imkanlar açıb. Azərbaycanın beynəlxalq
aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi,
beynəlxalq qurumların hesabatlarında islahatçı
ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının
Azərbaycanın mövqeyini dəstəkləyən qərar
və qətnamələr qəbul etməsi bir həqiqəti
ortaya qoyur ki, ölkəmizin seçdiyi yol
düzgündür və bizi daha uğurlu gələcəyə
aparır.
Ölkəmizdə
reallaşan inkişaf strategiyasının uğurlu nəticəsi
olaraq Azərbaycanın cənub bölgəsinin qapısı
hesab edilən Salyan gündən-günə
böyüyür, müasirləşir, gözəlləşir,
respublikamızın sayılıb-seçilən şəhərinə
çevrilir. Sakinlərin sosial şəraiti
yaxşılaşır, yaşam tərzi dəyişir.
Ötən 10 ildə regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarına uyğun olaraq
Salyan şəhəri, eləcə də rayonumuzun qəsəbə
və kəndlərində möhtəşəm
tikinti-quruculuq və abadlıq işləri aparılıb. Bu
işlərdə Prezident İlham Əliyevin rayonumuza olan diqqət
və qayğısı mühüm rol oynayıb. Təkcə
onu göstərmək kifayətdir ki, Prezident İlham
Əliyev son üç ildə 3 dəfə Salyanda səfərdə
olmuş, rayonun sosial-iqtisadi inkişafına dair dörd sərəncam
imzalamışdır. Son illərdə rayonumuzun
ayrı-ayrı kəndlərinə magistral qaz xəttinin
çəkilişi, kəndlərin
qazlaşdırılması, məktəblərin, uşaq
bağçalarının, poçt binalarının tikintisi
və digər quruculuq- abadlıq işləri ölkə rəhbərliyinin
salyanlıların daha firavan yaşamasına göstərdiyi
yüksək diqqət və qayğısının əyani
təzahürüdür.
Ataların
yaxşı sözü var: mədəniyyət yoldan
başlayır. Bu gün Salyanda da avtomobil yollarının və
küçələrin əsaslı şəkildə təmir
olunub yenidən qurulması prosesi sürətlə davam edir.
Prezident İlham Əliyevin sərəncamı ilə ümumi
uzunluğu 23,5 kilometr olan Kürsəngi-Yolüstü kəndlərarası
yol inşa edildi və açılışında dövlət
başçısı iştirak etdi. Rayonun Arbatan,
Marışlı kəndlərinə gedən, ümumi
uzunluğu 4 kilometrə qədər olan asfalt yolun da yenidən
qurularaq bu yaxınlarda istifadəyə verilməsi əhalinin
böyük sevincinə səbəb olub. Prezident İlham
Əliyevin açılışında iştirak etdiyi
"Kür-hotel" mehmanxanasının istifadəyə
verilməsi isə Salyan rayonuna gələn qonaqlara daha
yüksək səviyyədə xidmət göstərməyə
imkan verir. Salyan şəhərində yeni istifadəyə
verilən "Muğan" şadlıq evi və ticarət mərkəzi
isə əhalinin məişət qayğılarının
aradan qaldırılmasına xidmət edir. Bütün bunlarla
yanaşı, Salyan şəhərində yaşayış
binalarının, inzibati binaların dam örtüyündə
və fasad hissələrində aparılan təmir-bərpa
işləri şəhərin dizayn tərtibatına gözəllik
verir.
Son illərdə
Salyan rayonu yaşıl libasa bürünmüşdür desək,
mübaliğə etmərik. Qısa müddətdə şəhərin
özündə, habelə qəsəbə və kəndlərdə
31 mindən çox ağac, o cümlədən dekorativ
ağaclar və gül kolları əkilib. Eyni zamanda, şəhərimizdə
5500 kvadratmetrdən çox yaşıl çəmənlik
salınıb ki, bu da şəhərimizə xüsusi gözəllik
verir. Bunlarla yanaşı, Dövlət bayrağı
meydanında genişmiqyaslı abadlıq-quruculuq işləri
və Kür çayı üzərindəki yeni
salınmaqda olan körpü Salyanın bugünü ilə
dünəni arasındakı fərqə çox gözəl
nümunədir.
Respublikamızın
ən qədim yaşayış məskənlərindən
biri olduğu təsdiq edilən Salyan şəhəri
özünün yeni donunu, libasıni geyinir. Şəhərin
küçə və prospektlərində, park və
xiyabanlarında, yaşayış məhəllələrində
aparılan yenidənqurma işləri zövq oxşayır.
Salyanın yaxşı mənada dəyişdiyini, yeniləşdiyini
hiss etmək üçün şəhərimizin, rayonumuzun qəsəbə
və kəndlərinin tamaşasına çıxmaq yetərlidir.
Hər yerdə tikinti-quruculuq, abadlıq işləri nəzərə
çarpır. Hiss olunur ki, rayonda hər kəs işində-gücündə,
vəzifəsinin başındadır.
Bəxtiyar
SADIQOV:
-
2004-cü ildən fəaliyyətə başlayan Heydər
Əliyev Fondu ötən 10 ildə ulu öndərin
adını layiqincə daşıdığını təsdiq
edib. Bu gün Heydər Əliyev Fondu təkcə Azərbaycanda
deyil, dünyanın bir çox yerində mərhəmət və
xeyirxahlıq ünvanı kimi tanınır. Fond ölkəmizdə,
demək olar ki, bütün sosial və humanitar istiqamətlər
üzrə, o cümlədən mədəniyyət sahəsində
müxtəlif layihələr həyata keçirir, Azərbaycanın
dünyada tanıdılmasına xidmət edir. Fond Salyanda da
xeyirxahlığın, mərhəmətin və
quruculuğun əsas ünvanına çevrilib. Söz Salyan
şəhər 4 saylı tam orta məktəbin müəllimi
Razıgül Dadaşovaya verilir.
Razıgül
DADAŞOVA:
- Unudulmaz
rəhbərimiz Heydər Əliyev hələ
sağlığında xalqımızın qəlbində
özünə əbədi abidə ucaltmış,
müdrikliyi, təkrarsız siyasi keyfiyyətləri ilə el-obamızı
dünyada tanıtmışdır. Ulu öndər
demişdir: "Mənim həyat amalım yalnız
bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət
olmuşdur".
Bu gün
Heydər Əliyev cismən aramızda olmasa da, dövlətçiliyimizin
güclənməsinə və inkişafa yol açan
ideyaları ilə hər bir azərbaycanlının qəlbində yaşayır. Bu ideyaların həyata
keçirilməsində çox mühüm rol oynayan Heydər
Əliyev Fondu isə mərhəmət və ümid məbədinə
çevrilib.
Ulu
öndərin ideyalarını yeni nəsillərə
aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət
göstərən, ümumbəşəri mədəniyyətə,
sülhə öz töhfələrini verən fond Mehriban
xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin
dünya miqyasında daha geniş spektrdən
tanınmasına, qədim və zəngin mədəniyyətə,
milli mədəniyyətimizin dəyərlərinin
qorunmasına və təbliğinə əvəzsiz töhfələr
verir. Fondun missiyalarını layiqincə yerinə yetirən
onun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla
Əliyeva isə fərqli mədəniyyətlər
arasında dialoqun qurulmasında, xaricdəki Azərbaycan gənclərinin
təşkilatlanmasında mühüm xidmətlərin müəllifi
kimi çıxış edir.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda,
həmçinin Salyanda keçirilən mədəni,
sosial-iqtisadi tədbirlər, humanitar aksiyalar, aparılan
quruculuq-abadlıq işləri nəticəsində ölkəmizin
siması dəyişir, modernləşir. Fond tərəfindən
rayonumuzun xüsusən təhsil sahəsində mühüm
işlər görülmüşdür. Belə ki, Heydər
Əliyev Fondunun dəstəyi ilə 2004-cü ildə şəhər
2 və 3 saylı, 2008-ci ildə şəhər 1 saylı
humanitar-lisey məktəbləri tam təmir olunub, şagirdlərin
ixtiyarına verilmişdir.
2005-ci ildə
isə Salyanda internat məktəbi Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmir edilib və
bütün dərs vəsaiti və ləvazimatı ilə
təmin olunub. Həmin il, həmçinin, fondun təşəbbüsü
ilə daha iki məktəb - 100 şagirdlik Peyk kənd məktəbi
və 200 şagirdlik Pambıq kənd məktəbi tikilərək
istifadəyə verilmişdir. 2007-ci ildə Xələc kənd
orta məktəbində 100 şagirdlik yardımçı
bina tikilmişdir.
Salyanda
dövlət rəsm qalereyası da Heydər Əliyev Fondunun təşəbbüsü
ilə 2008-ci ildə yenidən qurularaq istifadəyə
verilmişdir. Burada rəsm sərgilərinin nümayişi ilə
yanaşı, peşəkar rəssamlar tərəfindən gənc
istedadlar üçün ustad dərsləri də
keçilir.
Heydər
Əliyev Fondu uşaqların asudə vaxtlarını səmərəli
keçirmələrini də unutmur. 2012-cı il mart
ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə Salyanda Heydər Əliyev Fondunun dəstəyi
ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin
açılışı oldu. Bu gün mərkəz Salyanda
uşaqların asudə vaxtlarını səmərəli
keçirmələrində mühüm rol oynayır. Burada fəaliyyət
göstərən fizika, gənc şahmatçılar,
modelçılik, ibtidai texniki modelləşdirmə,
bacarıqlı əllər, gənc dizayner, ingilis dili dərnəkləri
uşaqların intellektual inkişafı üçün nəzərdə
tutulmuşdur. Mərkəzdə ümumilikdə 1772 uşaq
10 dərnəkdə məşğul olur. Bütün bunlar
göstərir ki, uşaqları hər zaman diqqətdə
saxlayan Mehriban xanım Əliyeva, əslində, bu missiyası
ilə həmin uşaqların xoşbəxt gələcəyinə,
onların layiqli vətəndaş kimi formalaşmasına təminat
yaradır. Hər bir ailəni birləşdirən, bir araya gətirən
onun isti ocağıdır. Hər bir qadının, hər bir
ananın arzusu isə belə isti ocağının
olmasıdır. Mehriban Əliyeva həyat yoldaşı və
ana kimi Azərbaycan qadınlarını çox gözəl
duyur, anlayır. 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Salyan rayonunda tənha, aztəminatlı və əlil
ailələr üçün 150 evdən ibarət yeni şəhərcik
salındı. Bu humanitar aksiya ailələrin həyatında
yeni bir səhifə açdı. Bu ailələrin öz isti
ocağı, başı üzərində damı, ürəklərində
isə dövlətimizə inamı güvən, qürur
hissi alovlandı. İllər boyu arzu etdikləri, onlara
möcüzə kimi görünən artıq reallığa
çevrildi. Onlar ev sahibləri oldular. Bu insanlar göstərilən
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə və Mehriban xanım Əliyevaya minnətdardırlar.
Heydər Əliyev Fondunun məqsəd və məramının
ən başlıcası insan amilidir. Çünki
ehtiyacı olana kömək etmək, kimsəsizə arxa olmaq
Azərbaycan xalqının bəşəri əxlaqi keyfiyyətlərindəndir.
Fond bu kimi milli-mənəvi dəyərlərimizi qoruyaraq
Salyan şəhər 1 saylı məktəb-liseyin müəllimi
Şahin Zərbəliyevə oğlunun böyrəyinin əməliyyat
olunması üçün, Noxudlu kənd sakini
Şirqasım Ağayevə oğlunun ilkin müayinəsi
üçün yardım etmişdir. Atasını itirmiş bir tələbənin
təhsil haqqını, I qrup Qarabağ müharibəsi əlili
Cəmaləddin Quliyevin iki qızının illik təhsil
haqlarını və aylıq təqaüdlərini Heydər
Əliyev Fondu öz üzərinə
götürmüşdür. Heydər Əliyev Fondu artıq
10 ildir ki, fəaliyyət göstərir. Azərbaycan
xalqının milli-mənəvi irsinin qorunub
saxlanılması, Azərbaycanı dünyaya tanıtmaq,
xeyriyyəçilik və xeyirxahlıq missiyası fondun
öz dövlətinə, xalqına verdiyi dəyərli
töhfələrdir. Fonda rəhbərlik edən, ölkənin
ictimai həyatında xüsusi fəaliyyəti ilə
seçilən ISESCO və UNESCO-nun xoşməramlı səfiri
adlarını ləyaqətlə daşıyan, təkcə
statusuna görə deyil, real əməli ilə də ölkəmizin
birinci xanımı olduğunu sübuta yetirən Mehriban
Əliyeva müasir Azərbaycan qadınının ən
yüksək keyfiyyətlərini özündə layiqincə
təcəssüm etdirir.
Hər
bir salyanlı Heydər Əliyev Fondunun fəaliyyətini
böyük diqqət və maraq hissi ilə izləyir və hər
birimiz bu qənaətdəyik ki, Heydər Əliyev Fondu
genişmiqyaslı fəaliyyəti ilə Azərbaycanın
sosial-iqtisadi, mədəni tərəqqisinə böyük
töhfələr verir.
Bəxtiyar
SADIQOV:
- Azərbaycan
ərazilərinin qədim yaşayış məskəni
olduğu tarixi araşdırmalarla təsdiq edilib. Lakin tarixi
tam öyrənmək mümkün deyil. Ölkə rəhbərliyinin
diqqəti və təşəbbüsü ilə müxtəlif
yerlərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində
yeni tarixi faktların ortaya çıxması Azərbaycanın
dünyanın qədim yaşayış məskənlərindən
biri olduğunu bir daha sübut edib. Son illərdə
aparılan tarixi araşdırmalar Salyanla da bağlı yeni
tarixi faktları ortaya çıxarıb. Bu barədə
danışmaq üçün söz AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun şöbə müdiri, Salyan arxeoloji
ekspedisiyasının rəisi, tarix üzrə elmlər
doktoru, professor Arif Məmmədova verilir.
Arif
MƏMMƏDOV:
- Azərbaycanın
cənub-şərq bölgəsinin qədim tarixinin və mədəniyyətinin
hərtərəfli şəkildə öyrənilməsində
Salyan rayonunda aparılan arxeoloji qazıntıların əhəmiyyəti
böyükdür. Bu baxımdan Azərbaycan Milli Elmlər
Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının
Salyan rayonunda apardıqları arxeoloji qazıntılar diqqəti
cəlb edir.
Məlum
olduğu kimi, Ələt-Masallı magistral yolunun çəkilişi
ilə əlaqədar Babazanlı karxanasında torpaq işləri
görülərkən qədim qəbiristanlıq və ona
müvafiq yaşayış yeri aşkarlanıb. Salyan arxeoloji
ekspedisiyası da məhz bu tapıntılarla əlaqədar
Salyan Rayon İcra Hakimiyyətinin instituta
ünvanladığı məktub əsasında
yaradılmışdı. Arxeoloji qazıntıların nəticələri
bu bölgənin Azərbaycanda ən qədim əkinçi-maldar
tayfalarının məskunlaşdığı mədəniyyət
ocaqlarından biri olduğunu sübut edir. Bunun əsas səbəbi
Kür çayının bu ərazidən keçməsi və
insanların ilk məşğuliyyətləri içərisində
balıqçılığın xüsusi yer
tutmasıdır.
Tarixi mənbələrə
əsasən Azərbaycanda orta əsrlərdə Muğan
adlı şəhərin mövcud olduğu bildirilir. Orta əsr
ərəb tarixçiləri bu şəhərin Xəzər
sahilində, iki çay arasında, Ərdəbildən iki
günlük məsafədə yerləşdiyini, gözəlliyini
və əhalisinin də qonaqpərvər olduğunu qeyd edirlər.
Şəhərin XIII əsrdə monqol yürüşləri,
XV əsrdə Teymuri sultanı Əbu Səidlə
Ağqoyunlu Uzun Həsən arasında baş verən
döyüşlər zamanı
dağıdıldığı bildirilir. Arxeoloji
qazıntıların nəticələri Muğan adlı
şəhərin VII əsrdən sonra
yarandığını söyləməyə əsas verir.
Antik dövr müəlliflərindən Patroklun, Pompeyin sərkərdələrindən
olan Mark Terensi Varronun, Strabonun, IX əsr ərəb
tarixçisi Əbdülqasımın, sonrakı dövrlərdə
əl-Məsudi, əl-İstəxri, əl-Bəlxi və digərlərinin
əsərlərində Salyan bölgəsinin də daxil
olduğu Kürətrafı ərazilər haqqında
geniş məlumatlar verilir. Bu məlumatlar Kür
çayının bölgənin həyatındakı rolu,
onun gəmiçilik üçün yararlı olması, həm
də bölgəyə yadelli hücumları haqqında məlumatlar
verir. Belə ki, Kür Salyan ərazisinə çatdıqda
sakit axdığından həm
balıqçılığın və gəmiçiliyin
inkişafına, həm də torpaqların suvarılmasına
əlverişli imkan yaradırdı. Dərbənddən
Ərdəbilə, Tiflisə və Bərdəyə doğru
istiqamətlənən quru yolları isə Salyanın beynəlxalq
ticarətdəki rolunu daha da artırırdı.
Əhalinin
bu bölgədə məskunlaşması həm də
torpağın məhsuldarlığının yüksək
olması ilə əlaqədardır. Bu baxımdan Muğan
bölgəsini, Nil sahillərində ildə üç dəfə
məhsul verən Misir torpaqları ilə müqayisə etmək
olar. Nəzərə alsaq ki, məhz bu xüsusiyyətinə
görə Misir dünyada ilk dövlətlərin təşəkkül
tapdığı ərazidir, bu mənada Muğan, o cümlədən
Salyan bölgəsində insanların qədimdən məskunlaşdığını
söyləyə bilərik. Paxomovun e.ə. IV əsrə aid
etdiyi Makedoniyalı İsgəndərin, eləcə də
Parfiya, Sasani, ərəb, səlcuq, monqol, Atabəy,
Şirvanşah, Qaraqoyunlu və Ağqoyunlu
hökmdarlarının adına kəsilmiş pulların
Muğan bölgəsindən tapılması da ərazinin qədim
tarixindən xəbər verməklə yanaşı, həm də
bölgədə yaşayışın ardıcıl olaraq
davam etdiyini, maddi mədəniyyətdəki
varisliyi göstərən amillərdəndir.
Salyanın
qədim tarixindən xəbər verən Muğan mədəniyyəti
abidələri Cənubi Qafqazda ilkin tayfa birliklərinin
yarandığı dövrlərdə (6000-2700 il bundan əvvəllər)
Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, ilkin dövlətçilik
qurumlarının yaranmasında Salyanın özünəməxsus
rolunu, Muğan tayfalarının qonşu Şirvan,
Mil-Qarabağ, Naxçıvan, Urmiya, Ön Asiya və
Yaxın Şərq dövlətləri ilə iqtisadi, mədəni
əlaqələrini, eləcə də Xəzər dənizinin
cənub-qərb sahili boyunca uzanıb Mazandaran, Ərdəbil
istiqamətində Azərbaycanın cənub ərazilərində
yüksək mədəniyyətə sahib olan tayfalarla əlaqələrini
araşdırıb tədqiq etmək üçün yeganə
maddi qaynaqlardır. Muğanın qədim türk mənşəli
oturaq, əkinçi, maldar və sənətkar əhalisi
bütövlükdə Qafqazın Cənubla əlaqələndirilməsində
çox əhəmiyyətli mövqe tutub.
Salyan
rayonunda arxeoloji tədqiqatlar 2001-ci ildə Nəcəf
Müseyiblinin rəhbərliyi ilə Qırxçıraqda,
1970-ci ildə isə V.A.Kvaçidzenin rəhbərliyi ilə
Xəzər dənizinin suları altında qalmış I Bəndovan,
II Bəndovan kimi orta əsr şəhərlərində davam
etdirilib. Salyan arxeoloji ekspedisiyasının fəaliyyəti nəticəsində
e.ə. VIII-VII əsrlərdən başlayaraq son orta əsrlərə
qədər bütün mərhələləri, təqribən
2800 illik dövrü əhatə edən arxeoloji abidələr
tədqiqatlara cəlb edilib.
Arxeoloji tədqiqatların
nəticələri e.ə. VIII-VII əsrlərə aid
Muğan mədəniyyətinin mərkəzinin məhz Salyan
bölgəsi olduğunu söyləməyə əsas verir.
Babazanlıda qədim qəbiristanlıqda və ona müvafiq
yaşayış yerində aparılan arxeoloji tədqiqatlar
bölgənin tarixinə dair yeni faktları üzə
çıxarmağa imkan yaradır. Daha qədim dövrü əhatə
edən Noxudlu kurqanlarında aparılan ilkin müşahidələr
isə yerin şoran olması ilə əlaqədar
kurqanların çökməsi faktını
aşkarlamağa imkan verir. Babazanlı yaşayış yerində
küp qəbirlər və onlara aid yaşayış məskənlərinin
eyni ərazidə qeydə alınması Azərbaycan
arxeologiyasında mühüm yeniliklərdəndir. Məhz ilk
dəfə Salyan qazıntıları əsasında bölgənin
antik və ilk orta əsrlər dövrü əhalisinin təsərrüfatı,
həyat tərzi, məişəti barədə geniş məlumatlar
əldə edilib. Qəbir abidələri əsasında
bölgənin qədim və ilk orta əsrlər
dövrünün dəfn adətləri öyrənilib. Tədqiqatlar
göstərir ki, Babazanlıda küp hazırlayan sexlər fəaliyyət
göstərib. Gilli torpağın, su ehtiyatının və
yanacaq materiallarının bolluğu bu sənətin
inkişafına şərait yaradıb. Tədqiqatlar Salyanda
ilk insan məskənlərinin küp qəbirlərdə dəfnetmə
adətindən çox əvvəl, ən azı e.ə. II
minilliyin ortalarından yarandığını söyləməyə
də əsas verir.
Salyan
rayonunda tapılmış küp qəbirlərdən əldə
olunmuş maddi-mədəniyyət qalıqlarının
müqayisəli təhlili onların Cənub bölgəsindəki
qəbirlərdən daha qədim olduğunu söyləməyə
əsas verir. Babazanlı küp qəbirləri şimal
rayonlarından tapılan eyni tip qəbirlərdən də qədimdir.
Böyüklər üçün olan qəbir küplərinin
bəzilərinin dibinə yaxın hissədə kiçik
deşiklər açılıb. Əksər küplərin
baş hissəsi qismən yuxarıya doğru
basdırılıb. Nisbətən kök adamların küpə
yerləşdirilməsi üçün onun ağız hissəsi
xüsusi alətlər vasitəsilə
sındırılıb və ölü yerləşdirildikdən
sonra həmin hissə yerinə qoyulub. Ağzı çox
kiçik olan küplərdə ölünün yerləşdirilməsi
üçün küpün dib hissəsi
sındırılıb. Bu halda skeletin ayağının
küpün ağız hissəsinə doğru olduğu
görünür. Qəbir küplərinin bəzilərinin
üzərindəki dini inanclarla bağlı təsvirlər qədim
türklərdəki şamançılıq adətini
xatırladır və bu, şər qüvvələrin qəbirdən
uzaqlaşdırılması ilə bağlı ola bilər.
Küplərin ağız hissəsinə yaxın yerdə tapılan
kömür qalıqları pis ruhları qovmaq və s. məqsədilə
burada tonqal qalandığını söyləməyə əsas
verir. Yanlarındakı əşyalara əsasən Salyandan
tapılmış qəbir küplərini iki dövrə
bölmək olar. Qədim qəbir küplərinin yanına
lüləli, sonrakıların yanına isə ağzı əyməli
qablar qoyulub. Salyan rayonundakı qəbir küplərindən, əsasən,
metal silahlar, möhürlər, muncuqlar, asmalar,
sırğalar, üzüklər və s. tapılıb.
Salyan
arxeoloji ekspedisiyasının Qırxçıraq
yaşayış yerində apardığı arxeoloji tədqiqatlar
isə ərazinin əsasının Qazan xan tərəfindən
qoyulmuş Mahmudabad şəhərinin qalıqları
olduğunu bir daha təsdiqləyib. Şəhərin yüksək
sürətli inkişafında ticarət karvan
yollarının qovşağında yerləşməsinin
mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə
gəlinib. Çıxdaşlara və dulus kürələrinin
izlərinə əsasən Qırxçıraqdan əldə
edilən arxeoloji materialların yerli şəraitdə istehsal
olunduğu bildirilib. Maddi mədəniyyətdəki varislik həm
də bölgə əhalisinin yekcins olduğu fikrini təsdiqləyib.
Salyanda
aparılan elmi tədqiqatlara yüksək qiymət verilməsi
arxeologiya elminə xüsusi dövlət
qayğısının təzahürüdür. 2013-cü il
dekabrın 29-da respublika Prezidenti İlham Əliyevin sərəncamına
əsasən Muğan-Babazanlı küp qəbirlər
nekropolunun 2800 illik yubileyi ilə əlaqədar tədbirlər
planının hazırlanmasına dair verilən göstərişlər
də bu qayğının nəticəsidir.
"Dəyirmi
masa"ya yekun vuran Bəxtiyar SADIQOV dedi:
- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr getdiyimiz yolun ən düzgün və alternativinin olmadığını göstərir. Siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın bugünkü nailiyyətləri Heydər Əliyev siyasi kursunun və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev bu barədə deyib: "Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir".
Bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu artır, iqtisadi potensialı güclənir. Hazırda isə qarşıda duran ən başlıca məqsədlərdən biri, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu məqsədə çatmaq üçün dövlət başçısının fərmanı ilə ixracyönümlü iqtisadiyyata transformasiya və insan inkişafı konsepsiyası əsas götürülməklə sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərini özündə əks etdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edildi. Bu konsepsiya Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Hazırda konsepsiyada müəyyən edilmiş hədəflərin reallaşdırılması ilə bağlı ardıcıl və zəruri tədbirlər həyata keçirilir ki, bu da növbəti illərdə ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasını təmin edəcək.
Təbii ki, Salyan ictimaiyyəti də Prezident İlham Əliyevin ayrı-ayrı proqramlar üzrə qarşıya qoyduğu məqsədlərin uğurla reallaşmasında fəal iştirak edəcək və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Bu işdə hər birinizə uğurlar arzulayırıq.
Azərbaycan.-2014.- 31 may.- S.4-5.