AzərTAc ilə Səudiyyə Press Agentliyi
arasında informasiya
mübadiləsi sahəsində əməkdaşlıq
haqqında
Anlaşma Memorandumu
imzalanmışdır
Dünya
Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda
keçiriləcək iclası çərçivəsində
mayın 30-da AzərTAc ilə Səudiyyə Ərəbistanı
Krallığının Səudiyyə Press Agentliyi (SPA)
arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Memorandomu
Dünya Xəbər Agentlikləri Konqresinin sədri,
SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn və AzərTAc-ın
baş direktoru Aslan Aslanov imzalamışlar.
Memorandum
tərəflərin milli qanunvericiliyinə uyğun olaraq
informasiya sahəsində ikitərəfli əlaqələrin
genişləndirilməsi məqsədi ilə hər iki
agentlik arasında xəbər, fotoşəkil, təcrübə
və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq
və regional qurumlar çərçivəsində əməkdaşlığın
inkişaf etdirilməsini nəzərdə tutur.
Tədbirdə
Anlaşma Memorandumunun dövlətlərimiz arasında
informasiya sahəsində əməkdaşlığın daha
da dərinləşməsində mühüm rol
oynayacağı qeyd edilmişdir.
İmzalanma
mərasimindən sonra Dünya Xəbər Agentlikləri
Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn
ilə AzərTAc-da görüş olmuşdur.
Görüşdə AzərTAc-ın baş direktoru Aslan
Aslanov qonaqlara 1920-ci ildə Şərqdə ilk demokratik
dövlət - Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yaradılmış milli informasiya
agentliyinin keçdiyi inkişaf yolu, müstəqillik illərində
əldə etdiyi uğurlar və beynəlxalq əlaqələri
haqqında ətraflı məlumat vermişdir.
AzərTAc-ın
SPA agentliyi ilə Dünya Xəbər Agentlikləri Konqresi,
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatı (OANA) çərçivəsində
uğurla əməkdaşlıq etdiyini xatırladan baş
direktor agentliklər arasında informasiya mübadiləsinin
vacibliyini bildirmiş, bu baxımdan imzalanmış memorandumun əhəmiyyətini
vurğulamışdır.
SPA-nın
prezidenti Abdullah bin Fəhd əl-Hüseyn Azərbaycana səfərindən
məmnunluğunu bildirmiş, Bakıda aparılan möhtəşəm
quruculuq işlərinin onda böyük təəssürat
doğurduğunu, imzalanmış Anlaşma Memorandumunun milli
agentliklər arasında informasiya mübadiləsi işinə
töhfə verəcəyini diqqətə
çatdırmışdır.
Sonra
Abdullah bin Fəhd əl-Hüseyn AzərTAc-ın kollektivi ilə
görüşmüş, jurnalistlərin suallarını
cavablandırmışdır.
Azərbaycan.-2014.- 31 may.- S.7.