Uşaqlar arasında keçirilən rəsm və inşa müsabiqəsinə yekun vuruldu

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər NazirliyininTofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı ilə "Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçirilmişdir. "Vergilər uşaqların gözü ilə" devizi altında rəsm və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak etmişlər.

Tədbiri T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açaraq müsabiqənin əhəmiyyəti barədə danışmışdır. Qeyd edilmişdir ki, müsabiqəyə təqdim olunan rəsm və inşalarda əks olunan kiçik təsəvvürlər gələcək üçün böyük təməldir və gənc nəsildə vergi biliklərinin formalaşmasına xidmət edir. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov isə  bildirmişdir ki, gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması vergi ödəyicilərinə xidmət sahəsində görülən işlərin mühüm hissəsidir. Elə, nazirliyin baş idarə rəisi Elçin Məmmədovun vurğuladığı kimi, tədbirin keçirilməsində də əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdır.

Qeyd edək ki, hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzəyir.

Sonda cari ilin aprel ayından təqdim olunmağa başlamış 250-dən çox rəsm və inşa arasından bu ilki müsabiqənin qalibləri seçilmiş, onlara diplom və hədiyyələr verilmişdir. İnşa müsabiqəsində Ləman Səmədzadə 1-ci, Elçin Cəfərli 2-ci, Pərvanə Cəlallı 3-cü, rəsm müsabiqəsində 5-8 yaş qrupu üzrə Ruslana Əzimova 1-ci,  Aysel Atayeva 2-ci, Zöhrə Quliyeva 3-cü, 9-12 yaş qrupu üzrə İbrahim Bağırov 1-ci,  Nəzrin İsgəndərli 2-ci, Nurlana Hüseynova 3-cü, 13-18 yaş qrupu üzrə Dünya Sadıqlı 1-ci, Məryəm Sultanova 2-ci, Murad Şirinov 3-cü yerlərə layiq görülmüşlər.

 

Azərbaycan.-2014.-  31 may.- S.7.