Gənclərlə sahəsində qazanılan uğurlar Azərbaycana

 öz təcrübəsini bölüşməyə imkan verir

 

Dinamik inkişaf edərək regionun lider dövləti statusunu qazanan Azərbaycan dövlətinin qısa dövr ərzində qazandığı möhtəşəm nailiyyətlər dünyanın diqqət mərkəzindədir. Ölkəmizin sürətli iqtisadi inkişafı, hər il yeni keyfiyyət dəyişikliklərinə məruz qalan makroiqtisadi göstəriciləri, əlverişli biznes mühiti nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında etiraf olunur. Təsadüfi deyil ki, artıq kosmos dövləti olan Azərbaycanın mövqeyi ilə razılaşmadan, təşəbbüsləri olmadan Cənubi Qafqaz regionunda hansısa beynəlxalq layihənin həyata keçirilməsi uğursuzluğa düçar olar.

Elə bu uğurların nəticəsi olaraq dünya birliyinin, beynəlxalq ictimaiyyətin sivil kəsiminin Azərbaycana marağı da yüksələn xətlə artır. Bu marağın bir göstəricisi də hər il ölkəmizdə onlarla beynəlxalq tədbirin keçirilməsidir. Beynəlxalq tədbirlərin əhatə dairəsi də genişdir. Məlum olduğu kimi, artıq Bakı şəhəri dünyanı narahat edən humanitar məsələlərə dair müzakirələr mərkəzinə çevrilib. Hər il Bakıda humanitar forumun keçirilməsi ənənə halını alıb. Bundan başqa, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa həsr olunan tədbirlər, iqtisadi forumlar, mötəbər idman yarışları, musiqi festivalları, elmi-mədəni simpoziumlar, ayrı-ayrı nüfuzlu siyasi təşkilatların konfransları Azərbaycanın mövzusundan asılı olmayaraq beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin göstəricisidir.

Oktyabrın 28-30-da Bakıda keçirilən və yüksək səviyyədə baş tutan Gənclər siyasəti üzrə birinci qlobal forum Azərbaycanın beynəlxalq tədbirlər mərkəzi statusunu layiqincə daşıdığını bir daha təsdiq etdi. Qeyd edək ki, bu forum müzakirə olunan mövzuların aktuallığı baxımından beynəlxalq miqyasda böyük əhəmiyyətə malik idi. Müzakirələr zamanı əsas diqqət gənclər və dövlət, gənclər və cəmiyyət arasında münasibətlərə ayrıldı və bütövlükdə bu beynəlxalq tədbir gənclərə təcrübə mübadiləsi aparmaq üçün yaxşı imkan yaradaraq bir çox maraqlı məqamlarla yadda qaldı. Forumun aktuallığını təsdiq edən digər fakt Azərbaycana 80-dən çox ölkədən 700 nəfərdən artıq qonağın gəlməsi idi. Bu mənada Gənclər siyasəti üzrə birinci qlobal forum Azərbaycanın dünyada daha yaxından tanınması baxımından mühüm əhəmiyyət kəsb etdi.

Prezident İlham Əliyevin forumun iştirakçılarına məktubunda deyilir: "Sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mükəmməl infrastrukturun formalaşdırılması istiqamətində həyata keçirilən layihələr, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində qazanılmış zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan vermişdir. Əminəm ki, bu gün işə başlayan Gənclər siyasəti üzrə birinci qlobal forum da həmin tədbirlər sırasında layiqli yer tutacaqdır".

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələri ölkəmizin gənclərlə bağlı bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirir. Belə ki, Azərbaycanda gənclərlə sahəsində qazanılan uğurlar imkan verir ki, respublikamız öz zəngin müsbət təcrübəsini digər ölkələrlə də bölüşsün. Bu baxımdan Gənclər siyasəti üzrə birinci qlobal forumun məhz Azərbaycanda keçirilməsi məntiqi baxımdan olduqca doğrudur.

Gənclərin cəmiyyət həyatının bütün sferalarında fəal iştirakının təmin edilməsi yeni nəslin sağlam inkişafının əsas şərtlərindəndir. Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz mütərəqqi  prinsiplər əsasında formalaşıb. Ayıq, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini müasir mərhələdə Prezident İlham Əliyev uğurla davam etdirir. Ötən 11 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək mahiyyətcə yeni mərhələyə yüksəlib. 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. "Neft gəlirlərini insan kapitalına çevirək" təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" isə gənclərə dünyanın mötəbər ali məktəblərində təhsil almasına yol açdı. 2007-ci ili ölkədə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Proqramın həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlir.

Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.

Beləliklə, ötən 11 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edib. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər bu kimi məsələlər uğurla həyata keçirilib. Gənclər siyasəti üzrə birinci qlobal forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev görülən işlər barədə deyib: "Azərbaycan müstəqillik baxımından gənc ölkədir, yalnız 23 ildir ki, müstəqildir. Eyni zamanda, əhali də çox gənc, dinamik və fəaldır. Gənc nəslimizi iqtisadisiyasi həyatımızın hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir".

Təbii ki, bütün bu uğurlar Gənclər siyasəti üzrə birinci qlobal forum kimi beynəlxalq mötəbər tədbirin Azərbaycanda keçirilməsini təmin edən əsas amillərdir. Digər tərəfdən, forumda iştirak edən hər bir xarici qonaq gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsində, gənclərin cəmiyyət həyatının hər bir sferasında iştirakının təmin olunmasında Azərbaycanın uğurlarını və təcrübəsini yaxından izləmək və öyrənmək imkanı əldə etdi. Bu mənada Gənclər siyasəti üzrə birinci qlobal forum Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verən beynəlxalq tədbir kimi tarixə düşdü.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 1 noyabr.-  S.2.