Naxçıvan Muxtar
Respublikasının hakim yüksəkliklərində
etibarlı
müdafiə sistemi yaradılıb
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev deyib: “Azərbaycan ordusunun peşəkarlığı,
döyüş qabiliyyəti artır, Azərbaycan əsgər,
gizir və zabitləri Vətənə ləyaqətlə
xidmət edirlər, öz Vətəninə sadiqdirlər.
Bizim bütün hərbi hissələrimizdə, xüsusilə
ön cəbhədə yerləşən hərbi hissələrdə
ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik
hissləri çox yüksəkdir, möhkəmdir”.
Ölkəmizdə,
eləcə də Naxçıvan Muxtar Respublikasında ordu
quruculuğu istiqamətində həyata keçirilən tədbirlər
ardıcıl xarakter alıb. Xalqımızın mübarizə
və qəhrəmanlıq tarixini özündə yaşadan
Naxçıvan bu gün etibarlı müdafiə olunur. Ordu
quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində
Əlahiddə Ümumqoşun Ordusunun dağ şəraitində
və yüksəkliklərdə yerləşən hissə və
bölmələrində nümunəvi xidmət şəraiti
yaradılıb. Bu sahədə görülən işlərin
tərkib hissəsi olaraq muxtar respublikanın əsas müdafiə
istehkamı sayılan Soyuq bölgəsindəki hərbi birləşmələrin
döyüş fəaliyyəti xeyli yüksəldilib.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
AzərTAc-a bildirilib ki, oktyabrın 30-da Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq
bölgəsinə gəlib, təmas xəttində xidmətin
təşkili və şəxsi heyətin məişət
şəraiti ilə maraqlanıb.
Tabor
mərkəzində şəxsi heyətlə
görüşən Ali Məclisin Sədri əsgərləri
salamlayıb, çətin dağlıq şəraitdə
xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə
görə onlara təşəkkürünü bildirərək
deyib: “Sərhədlərimizi qorumaq və xidmətin nümunəvi
təşkili Soyuq bölgəsində xidmət edən hərbi
qulluqçuların qarşısında duran əsas vəzifələrdir.
Müasir şərait, təlimlərin təşkili,
silah-sursat təminatı, əsgərə qayğı Azərbaycan
ordusunun bugünkü reallıqlarıdır. Dövlətimiz
tərəfindən hərbçilərimiz üçün
hər cür şərait yaradılır, onların sosial
müdafiəsinin gücləndirilməsinə, xidmətin
nümunəvi təşkilinə diqqət və qayğı
göstərilir. Son illər Soyuq bölgəsində xidmətin
təşkili üçün lazımi şərait
yaradılmış, bölmələrin maddi-texniki təchizatı
artırılmışdır. Gələcəkdə də
bu istiqamətdə tədbirlər davam etdiriləcək.
Çünki yaxşı xidmət şəraiti, zabit-əsgər
münasibətlərinin düzgün qurulması və
qarşılıqlı hörmət hərbi xidmətin əsasını
təşkil edir. Əsgər və zabitlər arasında
münasibətlər bu prinsip üzərində qurulmalı,
xidmət günün nizam qaydalarına uyğun olaraq təşkil
edilməlidir”.
Ali Məclisin
Sədri qeyd edib ki, insanın şəxsiyyət kimi
formalaşmasında hərbi xidmət vacib amildir.
Çünki hərbi xidməti uğurla başa vuran hər
bir Azərbaycan gənci gələcəkdə ölkəmizin
inkişafına da öz töhfəsini verəcəkdir. Bu
gün Azərbaycan ordusunda yaradılan şərait xidmətin
nümunəvi təşkilinə və
torpaqlarımızın etibarlı müdafiəsinə tam əminlik
yaradır.
Zabitlərdən
Natiq Musayev və Elşən Orucov şəxsi heyət
adından minnətdarlıq edərək deyiblər ki, bu
gün ölkəmizdə ordu quruculuğu sahəsində
görülən işlər Vətən torpaqlarının
etibarlı müdafiəsinə şərait yaradıb.
Xalq-dövlət-ordu birliyi hərbi qulluqçuların vətənpərvərlik
hisslərini daha da artırır, xidməti vəzifələrin
layiqincə yerinə yetirilməsinə imkan verir. Soyuq bölgəsində
xidmət edən hər bir əsgər və zabit onlar
üçün yaradılan şəraiti ölkəmizdə
ordu quruculuğunun nəticəsi kimi dəyərləndirir,
torpaqlarımızın müdafiəsini etibarlı təşkil
edirlər.
Ali Məclisin
Sədri xidmətdə fərqlənən hərbi
qulluqçuları qiymətli hədiyyələrlə
mükafatlandırıb, tabor mərkəzində yaradılan
şəraitlə maraqlanıb.
Bildirilib
ki, tabor mərkəzində yenidən qurulan yataqxana, yeməkxana,
anbarlar və digər xidməti binalarda təhlükəsiz və
rahat şəraitdə xidmətin təşkili təmin
olunub. Buraya içməli su xətti çəkilib, istilik
sistemi quraşdırılıb. Tibb məntəqəsi
lazımi dərman vasitələri ilə təchiz edilib.
Şəxsi heyətin sağlamlığının
qorunması diqqət mərkəzindədir. Baxış
zamanı şəxsi heyətin vaxtlı-vaxtında müayinə
olunmasının vacibliyi bildirilib, tibbi xidmətin təşkilinə
xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd
olunub.
İdeoloji
otaqda hərb elminin nəzəri əsaslarının öyrədilməsi
və əsgərlərin asudə vaxtının səmərəli
təşkili məqsədilə hərtərəfli şərait
yaradılıb, hərbi və bədii kitablar qoyulub, müxtəlif
məlumat stendləri asılıb. Döyüş
hazırlığının ümumi hərbi-elmi əsaslarla
öyrədilməsi, hərbi vərdişlərin daim təkmilləşdirilməsi
diqqət mərkəzində saxlanılır.
Əsgərlərin
qidalanması da günün nizam qaydasına uyğun təşkil
olunub. Tabor mərkəzinin anbarına baxış zamanı məlumat
verilib ki, burada 8 aylıq ərzaq ehtiyatı yaradılıb.
Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi
qış aylarında əsgərlərin
sağlamlığının qorunması baxımından
mühüm əhəmiyyət daşıyır. Əşya
anbarında da lazımi geyim dəstləri və digər məişət
əşyaları vardır.
Ali Məclisin
Sədri şəxsi heyətlə xatirə şəkli
çəkdirib.
Sonra
Ali Məclisin Sədri bölük dayaq məntəqəsinə
gəlib, hərbi qulluqçuların mənəvi-psixoloji
durumu və xidmətin təşkili ilə maraqlanıb.
Şəxsi
heyəti salamlayan Ali Məclisin Sədri Soyuq bölgəsində
dəfələrlə olduğunu bildirərək deyib ki, hər
bir ölkənin mövcudluğu onun sərhədlərindən
başlanır. Döyüş bölgəsindəki şəxsi
heyət qarşısında yalnız bir xidməti vəzifə
durur: bu da Vətən torpaqlarının və sərhədlərimizin
etibarlı qorunmasıdır. Lakin çətin dağlıq
şəraitdə hərbi xidmətdə olan hər bir əsgər
və zabit unutmamalıdır ki, o, yalnız sərhədlərimizin
deyil, həm də ölkəmizin təhlükəsizliyinin
etibarlı təminatçısıdır. Soyuq bölgəsində
xidmət edən əsgərlərimiz yüksək
nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər.
Şəxsi heyətin yüksək əhval-ruhiyyədə
olması da yaradılan şəraitin və xidmətin
düzgün təşkilinin nəticəsidir.
Qarşılıqlı hörmət və dostluq münasibətlərinin
yaradılması üçün “hamı bir nəfər, bir
nəfər hamı üçün” prinsipi şəxsi heyətin
xidməti fəaliyyətinin əsasını təşkil
etməlidir.
Vətən
torpaqlarının qorunmasında əsgərlərə mərdlik
və mübarizlik arzulayan Ali Məclisin Sədri muxtar
respublikanın çətin dağlıq şəraitində
yerləşən hərbi hissələrinin bundan sonra da diqqət
mərkəzində olacağını bildirib.
Əsgərlərdən
Rövşən İmaməliyev, Əli Zeynalzadə və
digərləri qeyd ediblər ki, Ali Məclis Sədrinin muxtar
respublikanın çətin dağlıq ərazilərində
xidmət edən hərbi qulluqçularla
görüşü şəxsi heyətin mübarizə əzmini,
vətənpərvərlik hisslərini daha da artırır.
Bu gün dövlətin və xalqın dəstəyini daim
öz üzərində hiss edən şəxsi heyət xidməti
vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Sonra
Ali Məclisin Sədri bölüyün əhatə etdiyi
postlarda olub.
Azərbaycan
Respublikası müdafiə nazirinin müavini, Əlahiddə
Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm
Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində
döyüş tapşırığının yerinə
yetirilməsi, hərbi texnikanın döyüşə
hazırlıq vəziyyəti və hərbi
qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti
haqqında məlumat verib.
Qeyd
olunub ki, muxtar respublikanın strateji əhəmiyyətli zirvə
və yüksəkliklərində etibarlı müdafiə
sistemi formalaşdırılıb. Bu yüksəkliklərdə
peşəkar və yüksək döyüş
hazırlığına malik əsgər və zabitlərimiz
xidmət edir. Şəxsi heyət əməliyyat-taktiki səviyyədə
yüksək döyüş hazırlığına malikdir.
Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin
edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi,
şəxsi heyətin peşəkarlığının
artırılması diqqət mərkəzində
saxlanılır. Postlar arasında səmtləşmənin
aparılması, bölmələr arasında rabitə əlaqəsinin
qurulması və müşahidənin düzgün təşkili
etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri
və postlar müasir döyüş texnikaları, artilleriya
qurğuları və atıcı silahlarla təmin olunub. Döyüş
növbətçiliyini aparan şəxsi heyətin istifadəsində
olan cihazlar isə ən çətin hava şəraitində
belə qarşı tərəfin mövqelərinin
müşahidə edilməsinə imkan verir.
Bildirilib
ki, Soyuq bölgəsində yeni xidməti və
yaşayış binalarının inşası da nəzərdə
tutulub. Aparılan tikinti işlərindən sonra xidmətin
daha səmərəli təşkili təmin olunacaq, şəxsi
heyətin məişət şəraiti xeyli
yaxşılaşdırılacaq.
Ali Məclisin
Sədri binaların yerləşəcəyi ərazilərə
baxıb, tikinti işləri ilə bağlı müvafiq
tapşırıqlar verib.
Sonra
Ali Məclisin Sədri komanda müşahidə məntəqəsində
mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və
taktiki şəraitlə tanış olub.
Müşahidə
məntəqəsinə baxış zamanı təmas xəttindəki
yüksəkliklər və qoşunlar arasında yerləşən
ərazi, burada xidmət keçən bölmələrimizin
döyüş qabiliyyəti, döyüş növbətçiliyinin
aparılma qaydaları və şəxsi heyətlə
keçirilən təlimlər barədə məlumat verilib.
Ön xətdə mühəndis-istehkam qurğuları və
maneələr yaradılıb, onların müdafiə
qüdrəti xeyli gücləndirilib, postlar arasında əlaqə
yolları çəkilib, müdafiə rayonunun
qorunmasının təşkili sahəsində mühüm tədbirlər
görülüb.
Ali Məclisin
Sədri təmas xəttində yerləşən hərbi
birləşmələrdə bundan sonra da döyüş
hazırlığının və nizam-intizamın gücləndirilməsi,
həmçinin hərbi qulluqçuların sosial-məişət
şəraitinin daha da yaxşılaşdırılması və
qışa hazırlığın təşkili ilə
bağlı müvafiq tapşırıqlar verib.
Gətirilmiş
müxtəlif ərzaq məhsulları anbarlara təhvil
verilib.
Azərbaycan.-2014.- 1 noyabr.- S.2.