Qafqaz Müsəlmanları İdarəsinin
sədri Nalçikdə
Kabardin-Balkar Respublikasının Prezidenti
ilə görüşüb
Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür Paşazadə Rusiya
Federasiyasının Kabardin-Balkar Respublikasının
paytaxtı Nalçikə səfəri çərçivəsində
Prezident Yuri Kokov ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Prezident Yuri Kokov Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident Nalçikdə “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirakına görə şeyxülislama minnətdarlığını bildirib.
Şeyxülislam A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Yuri Kokova çatdırıb. QMİ-nin sədri deyib ki, Azərbaycanla Kabardin-Balkar qardaş respublikalardır və qarşılıqlı münasibətlərin inkişafı hər iki tərəfin istəyidir. Şeyxülislam vurğulayıb ki, dünyada və İslam aləmində baş verən problemlər bizim birgə problemlərimizdir və biz onları birlikdə həll etməliyik.
A. Paşazadə Kabardin-Balkarın Prezidentini Azərbaycana səfərə dəvət edib.
Görüşdən sonra şeyxülislam A. Paşazadə beynəlxalq elmi konfransda iştirak edib.
Kabardin-Balkar Respublikası Prezidentinin də iştirak etdiyi konfransın gündəmində olan mövzular dünyada baş verən müharibələr, din adından sui-istifadə halları, radikallıq və ekstremizm tendensiyaları və bu problemlərdən çıxış yollarına həsr edilib. Konfransın işində dünya miqyasında tanınmış müsəlman din alimləri, nüfuzlu ictimai xadimlər iştirak ediblər.
A.Paşazadə konfransda məruzə ilə çıxış edib.
Səfər zamanı şeyxülislam
A.Paşazadəni QMİ sədrinin birinci
müavini Salman Musayev, idarənin xarici əlaqələr
şöbəsinin müdiri Müqəddəs
Payızov və başqaları müşayiət ediblər.
Azərbaycan.-2014.- 1 noyabr.- S.5.