Rabitə və yüksək texnologiyalar naziri

 Qobustanda vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciət, şikayət və təkliflərinin operativ surətdə araşdırılaraq həll olunması üçün konkret tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, tərtib olunmuş qəbul qrafikinə əsasən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov oktyabrın 31-də Qobustanda İsmayıllı, Göyçay, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı təmin olunub, habelə müraciətlərin operativ araşdırılması və həll edilməsi məqsədilə rayonların poçt şöbələrinin və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.

Vətəndaşlar əsasən bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet, poçt, televiziya və radio yayım xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb və onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər qeydiyyata alınıb və müvafiq strukturlara göndərilib.

Vətəndaşlar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər.

Qəbuldan sonra nazir Əli Abbasov KİV-lərə verdiyi müsahibəsində vətəndaşları maraqlandıran və narahat edən məsələlərdən bəhs edib, ən ucqar kəndlərdə belə sakinlərə keyfiyyətli internet və digər rabitə xidmətlərindən istifadə imkanları yaratmaq üçün intensiv iş aparıldığını bildirib.

 

Azərbaycan.-2014.- 1 noyabr.-  S.5.