Əmək və əhalinin sosial müdafiəsi naziri
İsmayıllı, Göyçay,
Şamaxı, Ağsu
və Qobustan rayonlarının sakinlərini qəbul edib
Oktyabrın
31-də İsmayıllı rayonunda əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov vətəndaşları
qəbul edib.
AzərTAc
xəbər verir ki, qəbul zamanı İsmayıllı,
Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından
olan ümumilikdə 50-yə yaxın vətəndaşın
müraciəti dinlənilib.
Müraciətlərdə
əlil və şəhid ailələrinin mənzillə təminatı,
habelə minik avtomobili ilə təmin olunmaq üçün
növbəyə yazılma, əlilliyi olan şəxslərin
məşğulluğunun təminatı, eləcə də
onların peşə reabilitasiyası, sosial-məişət
problemlərinin həllinə köməklik göstərilməsi,
əlilliyin müəyyən olunması və digər məsələlər
əksini tapıb.
S.Müslümov
vətəndaşların toxunduqları məsələlərin
nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin
iştirakı ilə araşdırılaraq aidiyyəti
üzrə tədbirlər görülməsi, həmçinin
müraciətlərinə əsasən bir qisim vətəndaşların
əlillik müayinəsinə cəlb edilməsi barədə
tapşırıq verib. Qeyd edib ki, 2014-cü ilin ötən
dövründə Prezidentin əlilliyi olan şəxslərin
sosial müdafiəsində xüsusi önəm kəsb edən
iki mühüm Sərəncamının uğurlu icrası
olaraq, cari ilin əvvəlinədək növbədə olan
bütün əlilliyi olan şəxslər, yəni 1453 nəfər
avtomobillə tam təmin ediliblər. Hazırda da əlilliyi
olan şəxslər onlara müvafiq Tibbi-Sosial Ekspert
Komissiyasından xüsusi nəqliyyat vasitəsinə tibbi
göstəriş verildiyi təqdirdə avtomobillə təmin
olunmaq üçün heç bir problem olmadan növbəyə
yazıla bilərlər.
Qəbul
zamanı müxtəlif reabilitasiya avadanlıqları ilə təminat,
eləcə də sosial müdafiəyə xüsusi ehtiyac
duyan kateqoriyalara aid ayrı-ayrı şəxslərin
müraciətləri əsasında onların məşğulluqlarının
təminatı məsələləri elə yerindəcə
həll olunub. Sosial cəhətdən həssas vətəndaşların,
o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunun
təminatına daha diqqətlə və məsuliyyətlə
yanaşılması barədə göstəriş verən
nazir həmçinin bir sıra əlilliyi olan şəxslərin
sosial-məişət problemlərinin həllinə köməklik
göstərilməsi ilə bağlı müraciətlərinə
baxılmasını tapşırıb.
Bildirilib
ki, təkcə bu ilin 9 ayı ərzində nazirliyin
müvafiq Komissiyasının qərarları əsasında
sosial müdafiəyə daha çox ehtiyacı olan 337 nəfər
əlilliyi olan şəxsin sosial-məişət problemlərinin
həllinə köməklik üçün onlara birdəfəlik
maddi yardımlar verilib. Bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 176 nəfər, birdəfəlik
maddi yardımlar üzrə ödənilən vəsaitin məbləği
isə 4,87 dəfə çoxdur.
Qəbul
zamanı ayrı-ayrı vətəndaşların
qaldırdıqları məsələlərlə
bağlı müvafiq qanunvericilik barədə məlumatsız
olmaları səbəbindən onlara hüquqi izahatlar verilib.
Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə
əlaqədar müraciətlər aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb.
Göyçay,
Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula
yazılmış vətəndaşların həmin
rayonların ƏSMM-lərinin inzibati binalarının
qarşısından xüsusi ayrılmış nəqliyyatla
İsmayıllı rayonuna aparılıb gətirilmələri
təmin edilib.
Azərbaycan.-2014.- 1 noyabr.- S.5.