Xəzər neftçilərinin nəsilləri dəyişir

 

Hünər və fədakarlıq isə əvvəlki kimi qalır

 

Dünyada dəniz neftinin erası buradan - "Neft Daşları"ndan başlanıb. Neft Xəzərin suyun üzərinə qara daşların çıxdığı ərazisində müşahidə olunduğundan əvvəllər yataq elə "Qara daşlar" adlanıb. Sonralar Xəzərin fatehləri ərazidə suya istehsalatdan silinmiş yeddi köhnə gəmini basdıraraq orada yaşayıb və işləyiblər. Beləcə, yatağı bir müddət də "Yeddi gəmi" adası adlandırıblar. Daha sonra isə yataq indiki daimi və rəsmi adını alıb. Getdikcə Neft Daşları dünyada analoqu olmayan bir şəhərə çevrilib.

"Neft Daşları" yatağını keçən əsrin 40-cı illərinin ikinci yarısında Azərbaycan geoloqu Ağaqurban Əliyev kəşf edib. Böyük neft təşkilatçısı Sabit Orucov, istedadlı qazma mühəndisi Yusif Səfərov buraya ilk cığıraçanların önündə gediblər. 1949-cu il noyabrın 7-də fontan vuran ilk quyunu usta Mixail Kaveroçkin qazıb. Şəninə nəğmələr qoşulan Neftçi Qurban (Qurban Abbasov) burada qəhrəmanlıq nümunəsi göstərib.

O vaxtdan uzun illər keçib. "Neft Daşları"nda on kilometrlərlə uzanan estakadalar tikilib, evlər (yataqxanalar), sosial obyektlər inşa edilib. Köhnə avadanlıqlar təzələri ilə əvəz olunub. Nəsillər dəyişib. Amma dəyişməyən çox şey var. Bunlar təbiətin Azərbaycana bəxş etdiyi bu zəngin yatağın səxavəti onun xəzinəsini suyun dərin qatlarından üzə çıxaran neftçilərin fədakarlığıdır.

Uzun illərdir Azərbaycana bol-bol neft qaz verən "Neft Daşları"nın ehtiyatları hələ tükənməyib. Hazırda "Neft Daşları" NQÇİ-nin əməkçiləri gündə 2500 tondan çox neft çıxarmağa nail olurlar. Bu, gərgin zəhmət bahasına başa gəlir. Axı köhnə yataqda hasilatı sabit saxlamaq asan məsələ deyil. Geoloqlardan, mühəndislərdən, təmirçilərdən, neftçıxaranlardan, bir sözlə, operatordan müəssisə rəhbərinədək hamıdan böyük səy tələb edən bir işdir.

Möcüzələr adası öz yenilikləri ilə hamını heyrətləndirməkdə davam edir. Bir qarış torpağı olmayan "Neft Daşları"nda son illərdə yaşıllıqlar salınıb, gül-çiçək göz oxşayır.

Burada çalışanlar Azərbaycan neftçilərinin əməyini həmişə yüksək dəyərləndirmiş, dəfələrlə "Neft Daşları"na onlarla görüşə gəlmiş ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiram bəsləyirlər. Şəhərin mərkəzində Heydər Əliyev Muzeyi yaradıblar, ümummilli liderin heykəlini ucaldıblar.

Bütün bu işlər ekstremal şəraitdə, Xəzərin fırtınalı qoynunda görülür. Dəniz isə heç həmişə mərhəmətli olmur. 1957-ci ilin bir qasırğalı payız günü onun 21 igid neftçinin məzarına çevrildiyi unudulmayıb. Bugünkü neftçilər həmin fədailər üçün abidə kompleksi yaradıblar.

Xəzər öz şıltaqlığından əl çəkən, Azərbaycan neftçiləri isə öz peşə fədailiyindən, yaxşı mənada inadından dönən deyil. Bir neçəsinin adını çəkmək istədik. Qocaman neftçilərdən biri: "Bunları bir-birindən fərqləndirmək çətindir, - dedi. Çünki buraya işləməyə gələnlərin hamısı öz hünərinə cəsarətinə güvənənlərdir".

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.1.