Mənəviyyat cəmiyyətin əsas istinad mənbəyi olmalıdır

 

Akademik Ramiz Mehdiyevin dəyərli fikirləri insanları gələcəklə bağlı düşünməyə çağırışdır

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasında bu ali məktəbin 15 illik yubileyi münasibətilə keçirilən iclasdakı çıxışında çox mühüm məsələlərə toxunmuş, cəmiyyətimizdə müşahidə olunan bəzi xoşagəlməz tendensiyaları vurğulamışdır. Xüsusilə gənc nəslin formalaşması məsələsinə diqqət yetirilmişdir.

Akademik Ramiz Mehdiyevin dərin məzmunlu çıxışı vacib sualların qoyuluşu və cəmiyyəti, ziyalı və sadə vətəndaşları bu suallar ətrafında düşünməyə çağırışı ilə də əlamətdardır. Prezident Adminstrasiyasının rəhbərinin qaldırdığı məsələlər ictimaiyyətdə hələ uzun müddət müzakirə və diskussiyalara səbəb olacaqdır.

Akademik Ramiz Mehdiyev çıxışının əvvəlində qeyd etmişdir ki, bu gün Azərbaycan Respublikası postsovet ölkələri arasında xüsusi yer tutmaqdadır. Doğrudan da, bu gün ölkəmiz bir sıra göstəricələrə görə öz nailiyyətləri ilə öyünə bilər. Regionun lider dövləti statusu adını qazanmaq, müstəqilliyin gündən-günə möhkəmlənməsi, uğurlu daxilixarici siyasət, ictimai-siyasi sabitlik, dövlət quruculuğu sahəsində görülən mühüm işlər, iqtisadi yüksəliş, sosial  hüquqi sahədə islahatlar, mədəniyyət və incəsənətə dövlət qayğısı, idman ölkəsi adının qazanılması - bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin bəhrələridir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı  tərəqqi dövrünü yaşamaqdadır.

Lakin hər dövr, eyni zamanda yeni çağırışlar deməkdir. Əgər dövlət müstəqilliyinin ilk illərində davam edən müharibə və təcavüz, iqtisadi xaos, siyasi çəkişmə və qarşıdurmalar, keçid dövrüonun xarakterik problemləri aktual idisə, indi biz əminliklə deyə bilərik ki, bunları arxada qoymuşuq. Bu gün biz qloballaşan dünyanın tərkib hissəsiyik. Azərbaycan Respublikası uğurla inkişaf edən dünya ölkələrinə doğru irəliləməkdə, inteqrasiya etməkdədir. Təbii ki, bu dövrün də, artıq qeyd etdiyimiz kimi öz problemləri, öz reallıqları vardır. Bu baxımdan hörmətli akademikin Dövlət İdarəçilik Akademiyasındakı çıxışı bu narahatçılıqların ən mükəmməl təzahürü sayıla bilər.

Akademik Ramiz Mehdiyev qeyd edir ki, "Yeni texnologiyalarinnovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır. Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatlarından biri internetlə bağlı belə bir ciddi narahatlığını bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların böyük qismi, sadəcə olaraq, yanlış məlumatlardır. Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək.

Doğrudan da etiraf etməliyik ki, bu gün internet məfhumu həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Biz bu beynəlxalq şəbəkə vasitəsilə ən son xəbərləri alır, müzakirələr aparır, belə demək mümkünsə canlı, "online" rejimdə az qala dünyanın hər bir nöqtəsində baş verənlərə şahidlik edir, istənilən şəxslə rahat rabitə qura bilirik. Bunlar təbii ki, informasiya texnologiyalarının danılmaz müsbət xüsusiyyətləri, XXI əsrdə yaşamağın üstünlükləridir. Lakin danılmaz faktdır ki, hər bir yenilik həm də müəyyən qədər müəmma və suallar gətirir. Hələ keçən əsrin əvvələrində dünya alimlərini bu sual dərindən düşündürürdü:  "Texnologiya hər şeyə qadirdirmi? O yalnız xeyirmi gətirir? Yeni texnologiyaların sərhədləri hara qədərdir, o insan faktorunu əvəzləyə və ya ona necə təsir edə bilər?"

Necə deyərlər məşhur məsəldə olduğu kimi, bıçaq cərrah əlində insanı həyata qaytara bilərsə, naşı bir adamı qatilə də çevirə bilər. Məhz bu gün biz belə faktların şahidi oluruq. İnternetdən istifadə sui-istifadə formasına da keçmişdir. Biz bunun bu ilin avqustunda cəbhə xəttində baş vermiş proseslər fonunda müşahidə etmədikmi? Sosial şəbəkələr vasitəsilə heç bir əsası olmayan məlumatların yayılmasının şahidi olmadıqmı?

Bu məsələ məni həm də bir pedaqoq kimi narahat edir. İnternet adlı informasiya okeanında boğulmamaq, dalğaların təsirinə məruz qalmamaq bu gün dünyanın hər bir nöqtəsində olduğu kimi Azərbaycanda da  yetişən gənc nəslin qarşısında duran əsas məsələlərdəndir. Qloballaşan dünyada, informasiya epoxasında Azərbaycan gənci bu məlumat burulğanında düzgün mövqe seçməli, yad təsirlərə məruz qalmamalıdır. Əksinə, hesab edirəm ki, gənclərimiz bu resursdan səmərəli istifadə etməli, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalı, özləri də daim dəyişən dünyanın tələbləri ilə istənilən sahədə uyğunlaşmağı bacarmalıdırlar. Akademik Ramiz Mehdiyev bu baxımdan haqlı olaraq internet məkanı ilə bağlı dərin fəlsəfi, etik, metodoloji problemlərn olduğunu bildirir. Azərbaycan elminin bu problemlərin həlli yollarının araşdırılması prosesində dünyadakı elmi-tədqiqat proseslərindən kənarda qalmamalı olduğunu akademik xüsusi vurğulayır.

Gənclərimizin gündəlik həyatının böyük bir hissəsinin internet məkanında keçirməsi də çıxışda qeyd edilir. Virtual həyat, virtual məkan, gerçək həyatdan uzaqlaşma, ən böyük və əvəzedilməz nemət olan "vaxtın öldürülməsi", həyata, onun çağırışlarına laqeydlik hisslərinin yaranması kimi hallar dövrümüzün reallığıdır. Həyatlarının bəlkə də ən mühüm, oxumaq, təhsil və tərbiyə almaq, yetkin həyata hazırlanmaq dövrlərində bu vaxt israfı məgər gənclərin bütün gələcək həyatlarının formalaşmasına təsir etmirmi? Onları mövcud həyat şərtlərindən uzaqlaşdırmırmı? Akademik Ramiz Mehdiyevin qoyduğu problemlər üzərində düşündükcə bu sualları hər bir şəxs özünə verəcəkdir.

Bu sualların cavablarının tapılması istiqamətini də hörmətli akademik dəqiqliklə göstərmişdir: Elmin inkişafının nəticəsində yaranan suallara da elmi araşdırmalar cavab verməlidir. Azərbaycanlı alim və tədqiqatçılar bu sahəni daim diqqətdə saxlamalıdırlar. Eyni zamanda cəmiyyət bu məsələlərdə öz məsuliyyətini dərk etməlidir.

Burada yəqin ki, biz təhsil işçilərinin üzərinə xüsusi məsuliyyət düşməkdədir. Zamanın tələblərilə ayaqlaşmaq hamıdan əvvəl məhz müəllimlərin, təhsil sahəsində çalışan hər bir şəxsin vəzifəsidir. Bu sahəyə birbaşa nəzarət mümkün olmasa da, maarifləndirmə və izahat işləri daim aparılmalıdır.

Hörməli Ramiz Mehdiyev qeyd edir ki, "Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadisosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, AğsuSabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adıçəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizlilatent proseslər gedir. Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim".

Doğrudan da tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını hər zaman, hətta dinin güclü olduğu vaxtlarda belə öz mövqeyi ilə seçilmiş, ictimai-siyasi həyatda fəal iştirak etməyə çalışmışdır. Məhsəti Gəncəvi, Sara Xatun, Xurşudbanu Natəvan kimi xanımlar öz dövrlərinin mühüm şəxsiyyətləri olmuşdur. Qərbi Avropanın bir çox ölkələrində belə bu hüquq tanınmayanda, Azərbaycan qadını səs və seçki hüququna malik olmuşdur. Müsəlman Şərqində bir çox nailiyyətlər qadınlar arasında məhz bizim ölkəmizə aiddir. Bəs indibaş verir? Nə üçün onlar təhsildən aralı düşür, erkən ailə qururlar?

Axı, bu, bütün dünyada artıq qeyd-şərtsiz qəbul edilmiş bir faktdır ki, hər bir cəmiyyətin inkişaf səviyyəsi həmin cəmiyyətdəki qadının mövqeyindən birbaşa asılıdır. Bu gün bütün inkişaf etmiş ölkələri nəzərdən keçirsək şahidi olarıq ki, həmin ölkələrdə qadınlar ictimai həyatda fəal iştirak edir. İnkişafdan geridə qalmış, problemlər məngənəsində çırpınan ölkələrdə isə tam əks mənzərəni izləyə bilərik. Təhsil alan qızların hicab bağlaması da geniş yayılmaqdadır. Əlbəttə, bu hər bir vətəndaşın şəxsi seçimi, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona tanınmış hüquqdur. Lakin akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, bu onların öz seçimləridirmi? Demokratik, hüquqi, dünyəvi dövlətimiz onlara hüququ tanıyır. Amma heç kim zəmanət verə bilməz ki, bu, könüllü şəkildə həyata keçirilir. Ən təəssüf doğuran məqamlardan biri isə ondan ibarətdir ki, məktəb yaşlı qızlara da valideynləri və ətrafı tərəfindən təzyiq və təsir göstərilir, hicab bağlamaq tələbi qoyulur. Başqa sözlə, sərbəst qərar qəbul etmə yaşında olmayan qızlar çevrələrinin basqısı və məcbiriyyətlə baş örtüyündən istifadə edirlər. Belə olan halda təbii ki, heç bir könüllülükdən söhbət belə gedə bilməz.

Burada isə yenə də təhsil sahəsinin üzərinə yük düşür. İzahat işi aparmaq, qızlarımızı təhsilə həvəsləndirmək, bu mövhümatla mübarizənin ilk cərgələrində şübhəsiz ki, biz ziyalı və pedaqoqlar olmalıyıq. Ziyalı sözü, ziyalı mövqeyinə cəmiyyətimizdə həmişə olduğu kimi bu günböyük ehtiyac var.

Akademik Ramiz Mehdiyev çıxışında təhsilin əhəmiyyətindən, bu sahədə görülən işlərdən danışır, eyni zamanda mövcud problemləri də vurğulayır. Tədris müəssiələrində təhsil prosesinin keyfiyyətinin artırılmasının vacibliyini çatdırır. Əlbəttə, müasir dünyada təhsilin yeri və əhəmiyyəti danılmazdır. Bir çox ölkələr məhz elm və təhsil hesabına iqtisadiyyatlarını inkişaf etdirir, böyük uğurlara imza atırlar. Burada Prezident İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirməliyik" fikiri yada düşürbu konteksdə daha aydın anlaşılır.

Məşhur Çin filosofu Konfutsinin belə bir aforizmi var: "Bir problemi həll etmək istəyirsənsə, hər şeydən əvvəl onu öz adıyla çağır". Necə deyərlər, xəstəlik varsa, ona dəqiq diaqnozun qoyulması artıq müalicənin yarısıdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəti, akademik Ramiz Mehdiyevin bu çıxışı böyük əhəmiyyət daşıyır. Akademik Ramiz Mehdiyev çıxışının sonunda sanki hər bir vətəndaşa müraciət edir: "Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq". Əminəm ki, cəmiyyətimizdə bu suallar sağlam müzakirələrə səbəb olacaq, hər bir ziyalı, hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk edəcəkdir. Bu isə günün çağırışlarına, həlli vacib məsələlərə öz töhfəsini vermiş olacaqdır.

 

Leyla ABDULLAYEVA,

Milli Məclisin deputatı

 

Azərbaycan. - 2014.- 2 noyabr.- S.3.