Azərbaycan və Rusiyanın gömrük xidmətləri birgə fəaliyyət planını imzalayıblar

 

Azərbaycan və Rusiya gömrük xidmətlərinin ikitərəfli işçi görüşündə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb və müvafiq plan imzalanıb. Moskva şəhərində keçirilmiş görüşdə ölkəmizi Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Komitədən AzərTAc-a verilən məlumata görə, tərəflər 2015-2016-cı illərdə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində birgə fəaliyyət planının və malların hava nəqliyyatı vasitəsilə daşınması üçün qarşılıqlı fəaliyyət haqqında protokolun layihəsini müzakirə ediblər.

Azərbaycan nümayəndə heyəti Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdovun başçılıq etdiyi işçi qrupla görüşüb. Görüş çərçivəsində “Rusiya Federal Gömrük Xidmətində risklərin idarəolunması sisteminin tətbiqi” mövzusunda təqdimat keçirilib və ölkənin gömrük orqanlarında risklərin profilləşdirilməsi və həmin profillər üzrə hüquqpozma faktlarının aşkar olunması təcrübəsi barədə məlumat verilib.

R.Davıdov Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyətindən danışıb və onun qonşu ölkə kimi strateji tərəfdaş olduğunu vurğulayıb. Ə.Abdullayev isə sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlərin Azərbaycanın bu sahədə gələcəkdə daha böyük uğurlar qazanacağına zəmin yaratdığını deyib.

Müzakirələrdən sonraRusiya Federasiyası Federal Gömrük Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında 2015-2016-cı illərdə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində birgə fəaliyyət planı” imzalanıb.

 

Azərbaycan. - 2014.- 2 noyabr.- S.3.