Riqada gənc azərbaycanlı rəssam
Məryəm Ələkbərlinin sərgisi
açılıb
Oktyabrın
30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq
Muzeyində gənc azərbaycanlı rəssam Məryəm
Ələkbərlinin “Gecənin musiqisi” adlı sərgisi
açılıb.
Açılış
mərasimində Latviyanın sabiq prezidenti Valdis Zatlers, mədəniyyət
naziri Datse Melbarde, ölkənin görkəmli mədəniyyət
və incəsənət xadimləri, jurnalistlər iştirak
ediblər.
Tanınmış
latviyalı sənətşünas Helena Demakova tədbirdə
çıxış edərək bildirib ki, Məryəm
Ələkbərli Avropa təbiətli rəssamdır. O, əsərlərini
Avropa rəssamları üçün ənənəvi olan
janrlarda yaradır. Eyni zamanda, onun əsərlərində
Şərq incəsənətinin çalarları da var.
Latviyalı sənətşünas hesab edir ki, Məryəmin
əsərlərinə çox güclü xəyal
dünyası hakimdir. Bu gənc rəssam öz əsərlərində
insanların duyğularını, mənzərələrin
gözəlliyini, çiçəklərin təravətini
çox bacarıqla canlandırır. H.Demakova deyib: “Başqa
rəssamların min dəfələrlə çəkdiklərini
gənc bir rəssamın necə yeni, orijinal və harmonik tərzdə
çəkə bilməsini dərk etmək üçün
Məryəmin əsərlərini almaq istərdim”.
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın görkəmli rəssamı Tahir Salahov deyib ki, Məryəm Ələkbərliyə Tanrı qüdrətindən fitri istedad verilib. Ona görə də əsərlərini qeyri-adi ilhamla yaradır və bu əsərlərdə öz hislərini son dərəcə məharətlə canlandırır. Məryəm Ələkbərlinin əsərləri harmonikdir. Tahir Salahov deyib: “Bu gün onun yaradıcılığı yüksəlişdədir. Mən öz istedadı ilə insanları valeh edən Məryəmə minnətdaram”.
Berlin Rəssamlıq Akademiyasının professoru, alman sənətşünas İnqe Şmidte Məryəm Ələkbərli ilk tanışlığından söz açaraq deyib: “2010-cu ildə məndən xahiş etdilər ki, gənc Azərbaycan rəssamı Məryəm Ələkbərli üçün kataloqun yaradılmasına kömək edim. Kataloq üçün seçilmiş şəkillər məni cəlb etdi və razılaşdım. Sonra onun əsərlərini İstanbulda gördüm. Özümə sual verdim: görəsən, onun yaradıcılığına bu dərəcədə təsir edən nə olub? Rəssamın Fransada təhsil aldığını biləndən sonra hesab edirəm ki, Məryəmin əsərlərinə Matis, Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib. Bugünkü sərgidə Məryəm Ələkbərlinin dəst-xəttinin çox dəyişdiyini görmək olar. O, yeni səviyyəyə çıxıb”. Bənzərsiz tablolarına görə Azərbaycan rəssamına təşəkkür edən alman sənətşünas deyib: “Biz Məryəmin hansı istiqamətdə inkişaf edəcəyini bilmirik. O, sərgidən-sərgiyə püxtələşir”.
Çıxışlardan sonra tanınmış pianoçu, Azərbaycanın Əməkdar Artisti Murad Hüseynovun konserti olub.
Məryəm Ələkbərlinin anası, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bugünkü tədbirin reallaşması üçün qəlbinin hərarətini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib. O, qonaqları sərgiyə baxmağa dəvət edib.
Ekspozisiyada istedadlı gənc rəssamın “Madam Julyetin portreti”, “Zamanın dörd rəngi (göy, yaşıl, qırmızı, bənövşəyi)”, “Məryəm və göyərçin”, “Muncuqla avtoportret”, “Pinqvinlər və ay” və digər əsərləri nümayiş etdirilir.
Qonaqlara rus, latış, ingilis və fransız dillərində çap olunmuş “Gecənin musiqisi” kataloqu təqdim olunub.
“Riqa birjası” muzeyində sərgi noyabrın 9-dək davam edəcək.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Riqa
Azərbaycan.-2014.- 1 noyabr.- S. 8.