Kəndimizin bu günü

 

Bu gün ölkəmizdə ən çox kapital qoyulan sahələrdən biriaqrar sektordur. Bu sahədə çalışan məhsul istehsalçıları milyonlarla manat güzəştli kreditlər alırlar. Fermerlərə həmçinin işlətdikləri yanacaq, sürtkü yağları, gübrə, toxum üçün subsidiyalar, heyvandarlığı inkişaf etdirmək üçün  damazlıq cins mal-qara verilir. Eyni zamanda aqrar sektorda çalışan sahibkarlar çox cüzi torpaq vergisindən savayı, bütün növ vergilərdən azad ediliblər.

Məlumdur ki, kənd təsərrüfatında hazır məhsulun satışının böyük əhəmiyyəti var. Dövlət bunun da qayğısına qalır - bölgələrdə emal müəssisələri yaradılır, iri şəhərlərdə satış yarmarkaları təşkil olunur. Habelə bölgələrdə fəaliyyət göstərən  sahibkarlara iri emal kompleksləri yaratmaq üçün göstərilən maliyyə dəstəyi də bu vəzifəyə xidmət edir.

Aqrar sektora göstərilən bu diqqət və qayğı isə nəticəsiz qalmır. Kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır. Bu gün aqrar sektorda istehsal edilən bir çox məhsullarla nəinki özümüz özümüzü təmin edirik, üstəlik xarici bazarlara da məhsul çıxarırıq. Dövlətin bu sahədə əsas istəyi isə ölkənin ərzaq təhlükəsizliyini təmin etməklə bərabər, aqrar sektoru ölkə iqtisadiyyatının inkişafında önəmli rol oynaya biləcək gəlirli sahəyə çevirməkdir. İnamla demək olar ki, artıq bu sahədə müsbət nəticələr var və perspektivdə Azərbaycan kəndini daha böyük uğurlar gözləyir.

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.1.