Azərbaycan ilə Macarıstan arasında
iqtisadi əlaqələrin
genişləndirilməsi
üçün böyük potensial mövcuddur
Azərbaycan
ilə Macarıstan arasında iqtisadi əlaqələrin
genişləndirilməsi üçün böyük
potensial mövcuddur. Bu barədə iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə
olan Macarıstanın xarici işlər və ticarət naziri,
Azərbaycan Respublikası Hökuməti və Macarıstan
Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq
üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşündə ətraflı söhbət
açılıb.
Nazirlikdən
AzərTAc-a bildiriblər ki, görüşdə Şahin
Mustafayev xarici işlər və ticarət naziri vəzifəsinə
təyin olunması münasibətilə Peter Siyartonu təbrik
edib və fəaliyyətində uğurlar arzulayıb.
Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin
qarşılıqlı hörmət və səmərəli
əməkdaşlıq prinsipləri üzərində
qurulduğunu diqqətə çatdırıb, bu sahədə
dövlət başçılarının
qarşılıqlı səfərlərinin mühüm
önəmini vurğulayıb.
Bildirilib
ki, Azərbaycan-Macarıstan arasında siyasi, iqtisadi və mədəni
sahələrdə əlaqələr uğurla inkişaf edir.
İndiyədək iki ölkə arasında iqtisadi sahə də
daxil olmaqla, müxtəlif sahələr üzrə bir
sıra sənədlər imzalanıb. 2014-cü ildə Azərbaycan
və Macarıstan arasında ticarət dövriyyəsi
artıb. Azərbaycan Respublikası Hökuməti və
Macarıstan Respublikası Hökuməti arasında
İqtisadi Əməkdaşlıq üzrə Birgə
Komissiyanın fəaliyyəti ölkələrimiz arasında
əlaqələrin inkişafına öz töhfəsini
verir. Ş.Mustafayev yaxın vaxtlarda Macarıstanda iki ölkənin
iş adamları arasında keçirilməsi nəzərdə
tutulan biznes forumun əməkdaşlığın
inkişafına yeni impuls verəcəyini vurğulayıb.
Macarıstanın
xarici işlər və ticarət naziri P.Siyarto Azərbaycana
növbəti səfərindən, ölkələrimiz
arasında əməkdaşlığın inkişafından
məmnunluğunu ifadə edib. O, əczaçılıq,
heyvandarlıq, su təsərrüfatı və digər sahələrdə
əlaqələrin genişləndirilməsi
üçün böyük potensialın olduğunu bildirib.
Görüşdə
iqtisadi əməkdaşlığın mövcud vəziyyəti
və perspektivləri, ticarət əlaqələrinin
genişləndirilməsi, birgə ekoloji layihələrin həyata
keçirilməsi və qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə
olunub.
Azərbaycan.-2014.- 4 noyabr.- S.2.