Azərbaycan ilə Macarıstanın mədəniyyət
sahəsində də möhkəm əlaqələri
var
Noyabrın
3-də Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin Macarıstanın xarici işlər və ticarət
naziri Peter Siyarton ilə görüşü olub.
AzərTAc xəbər verir ki, Peter Siyarton qonaqpərvərliyə görə nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan ilə Macarıstanı bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində möhkəm əlaqələr birləşdirir.
Görüş zamanı Əbülfəs Qarayev Azərbaycanda təşkil olunmuş beynəlxalq mədəniyyət tədbirlərindən – forumlardan, konfranslardan, festivallardan, sərgilərdən və başqa tədbirlərdən bəhs edib. Ə.Qarayev xüsusi vurğulayıb ki, noyabrın 5-6-da Azərbaycanda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda dünyanın hər yerindən tanınmış teatr kollektivlərinin nümayəndələri, mütəxəssislər, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
P.Siyarton Macarıstan mədəniyyət
müəssisələrinin fəaliyyəti barədə məlumat
verib və əmin olduğunu
bildirib ki, bu sahədə iki ölkə
arasında əməkdaşlıq daha da genişlənəcəkdir.
Azərbaycan.-2014.- 4 noyabr.- S.2.