Azərbaycan-Macarıstan əlaqələrinin

 daha da inkişafı üçün böyük potensial var

 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra birgə mətbuat konfransında deyib ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün böyük potensial var.

O, yaxın vaxtlarda imzalanacaq sənədlərin müxtəlif sahələrdə əməkdaşlığımızın daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

P.Siyarto bildirib ki, bu il ölkələrimiz arasında ticarət dövriyyəsi 18 faiz artıb. Bakıda Macarıstanın Ticarət Evi fəaliyyət göstərir. Bu yaxınlarda mədəni institutun da yaradılması planlaşdırılır. Nazir təhsil sahəsində əlaqələrə toxunaraq diqqətə çatdırıb ki, 200-ə yaxın azərbaycanlı tələbənin Macarıstan universitetlərində oxuması nəzərdə tutulurbunun üçün müəyyən təqaüdlər də ayrılacaq.

P.Siyarto Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, Azərbaycanın enerji sahəsində vacib tərəfdaş olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov macarıstanlı nazirlə görüşdə hər iki ölkə üçün maraq doğuran bir sıra məsələlər, xüsusilə ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi apardıqlarını söyləyib. O, P.Siyartoya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə də məlumat verdiyini bildirib.

 

Azərbaycan.-2014.- 4 noyabr.-  S.2.