Prezident İlham
Əliyevin Gəncəyə hər səfəri şəhərin
uğurlarının
daha da artmasına
təkan verir
Əzəldən milli memarlıq xüsusiyyətləri ilə seçilən qədim Nizami yurdu Gəncə indi həyata keçirilən tədbirlər, gerçəkləşdirilən layihələr sayəsində daha müasir görkəmi ilə diqqəti çəkir. Millilik və müasirlik-şəhərdə görülən yenidənqurma, tikinti-quruculuq işlərinin başlıca istiqaməti belədir. Böyük əhəmiyyət kəsb edən sosial-infrastruktur layihələrinin icrası nəticəsində yeni iş yerləri açılır, insanların yaşayış səviyyəsi yüksəlir.
Qədim yurdun son dövrlərdəki inkişafı gələn qonaqları da heyran edir. Məhz bu inkişafın nəticəsidir ki, Gəncə bir çox beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu isə Gəncənin ictimai-mədəni həyatının zənginliyini daha da artırır. Prezident İlham Əliyev Gəncəyə səfərlərindən birində demişdir: "Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey açılmışdır.
Yəni şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur".
Gəncədəki Heydər Əliyev Mərkəzinin açılışında isə dövlət başçısı belə demişdir: "Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı-nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir".
Onu da qeyd edək ki, ölkənin qeyri-neft sənayesinin inkişafında Gəncə əhəmiyyətli rol oynayır və ümumi daxili məhsulun artımında Gəncə sənayesinin payı da yetərincədir. Şəhərdəki ayrı-ayrı zavodlar, fabriklər, müəssisələr istehsal imkanlarını genişləndirir, ölkə rəhbərinin "Sənaye ili" elan etdiyi 2014-cü ili daha yüksək göstəricilərlə başa vurmaq əzmindədirlər. Bu müəssisələrin sabit və rentabelli fəaliyyəti isə həm də şəhər əhalisinin məşğulluq imkanlarının genişləndirilməsi deməkdir. Əlbəttə, Gəncənin sənaye şəhəri kimi sürətlə inkişaf etməsində, yeni sənaye istehsalı müəssisələrinin fəaliyyətə başlamasında dövlətin və dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı xüsusi qeyd edilməlidir. Bu qayğının nəticəsidir ki, Gəncənin yol infrastrukturu, içməli su şəbəkəsi əsaslı şəkildə yenidən qurulur, digər layihələr gerçəkləşdirilir, vacib məsələlər həllini tapır.
Şəhərdə avtomobil yollarının genişləndirilməsi istiqamətində xeyli iş görülüb. Yol kənarındakı tikililərin dam örtükləri dəyişdirilib, binaların fasadları klassik memarlıq üslubunda yenidən işlənib.
Ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılmış 5 qəsəbəni Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə 186 min 574 kvadratmetr asfalt örtüyü salınıb, 44 min 46 poqonmetr bort daşları, 400 ədəd işıq dirəyi və müasir işıqlandırma sistemi quraşdırılıb. Yol kənarlarında həmişəyaşıl ağaclar əkilib.
Əlamətdar hadisələrdən biri də Gəncə dairəvi avtomobil yolunun istifadəyə verilməsidir. Prezident İlham Əliyev yolun açılış mərasimində iştirak edib. Bölgənin inkişafında, həmçinin nəqliyyatın maneəsiz, normal hərəkətində mühüm əhəmiyyət kəsb edən bu dairəvi avtomobil yolunda 4 körpü, 2 müxtəlif yol qovşağı, 9 avtobus dayanacağı inşa olunub. Əlavə iki zolağın tikilməsi dairəvi yolun daha da genişləndirilməsinə imkan verəcək. Hazırda ölkənin şimal istiqamətinə gedən avtomobillər, xüsusilə də yük maşınları Gəncə şəhərinə daxil olmadan dairəvi yolla rahat hərəkət edirlər. Bu da Gəncənin yollarındakı tıxacı xeyli azaldıb.
Gəncə kimi başdan-başa bir yaşıllıqlar şəhəri üçün su amili ən önəmli məsələdir. Yaxşı haldır ki, bu istiqamətdə də çox gərəkli işlər görülüb. Tək onu qeyd edək ki, bu yaxınlarda Azərbaycan hökumətinin Almaniya İnkişaf Bankı (KFW) və İsveçrənin "SEKO" təşkilatı ilə birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı" layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su kəməri də istifadəyə verilib. Bu isə şəhərə saniyədə 200 kubmetr suyun daxil olması deməkdir. Yaxın zamanlarda Qızılqaya və Şəmkir dəryaçasından saniyədə daha 1550 kubmetr suyun daxil olması üçün müvafiq işlər görülür. Mütəxəssislərin dediyinə görə, bu layihə gerçəkləşəndən sonra demək olar ki, Gəncənin su problemi birdəfəlik həll ediləcək.
Bəli, zaman keçdikcə daha sürətlə və hərtərəfli inkişaf edən qədim Nizami yurdunun bugünkü uğurları, görülən işlər, həyata keçirilən tədbirlər dövlət başçısının da razılığına səbəb olur. Verilən tapşırıqların, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məmnunluq yaratmaya bilməz.
Oktyabrın 18-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Gəncə şəhərinə səfərləri bu qədim yurda qayğı və diqqətin daha bir təzahürü oldu.
"İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanışlıq bir daha göstərdi ki, dövlət başçısı hər bir işin gedişini, verilən tapşırığın icrasını nəzarətdə saxlayır, qarşıya çıxan çətinliklərlə maraqlanır, müvafiq tövsiyələrini verir. Xatırladaq ki, Prezident İlham Əliyev "İmamzadə" abidə- ziyarətgahının təmiri və bərpası ilə bağlı xüsusi sərəncamlar imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir, təmir-bərpa işləri üçün Prezidentin Ehtiyat Fondundan 9 milyon manat, 2014-cü ilin may ayında isə 3 milyon manat vəsait ayrılıb. İşlərin gedişi ilə tanış olmaq üçün dövlət başçısı iki dəfə kompleksə baş çəkib.
Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" abidəsi əsrlərdən bəri respublikamızın müxtəlif bölgələrindən, həmçinin başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin islam aləmindəki yerini və nüfuzunu da artırır.
Səfər çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Stadler" Gəncə Vaqon İstehsalı Zavodunun, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma, 2 nömrəli körpələr evi-uşaq bağçasının, 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimlərində iştirak edib, Heydər Əliyev Parkı və Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Şəhərin Cavad xan küçəsindəki görüşü isə sakinlər yəqin ki, heç vaxt unutmayacaqlar. Müstəqillik Günü münasibəti ilə şəhər sakinlərini təbrik edən dövlət başçısı demişdir: "Sizi ürəkdən təbrik edirəm. Gəncə gözəlləşir, abadlaşır. Hər dəfə burada olanda görürəm ki, Gəncə daha gözəl şəhərə çevrilib".
Dövlət başçısını və xanımını böyük hörmət və ehtiramla qarşılayan sakinlər isə Gəncəyə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Səfərdən müəyyən müddət ötsə də gəncəlilər hələ də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşün xoş ovqatı ilə yaşayırlar.
Xalq artisti, əməkdar incəsənət xadimi Vaqif Şərifov: - Ölkə rəhbərinin Gəncəyə səfəri bizim üçün həmişə bayrama çevrilir. Möhtərəm Prezidentin şəhərimizdə görülən işlərlə bağlı xoş sözlər deməsi hər birimizi qürurlandırır. Həqiqətən son dövrlər bu qədim Nizami yurdu çox dəyişib, çox inkişaf edib. Bu inkişaf tikinti-quruculuq işlərindən tutmuş, təhsilə, mədəniyyətə qədər, ümumiyyətlə, şəhər həyatının bütün sahələrini əhatə edir. Bu inkişaf eyni zamanda insanları yurda, ocağa daha çox bağlayır, çalışmaq, qurub-yaratmaq əzmini, millətə, vətənə faydalılıq istəyini daha da artırır. Gələn qonaqların şəhərimizə heyranlığını görəndə qəlbimiz fərəhlə dolur və buna görə dövlət başçısına dərin minnətdarlığımızı bildiririk.
Bilirik ki, möhtərəm Prezidentin Gəncəyə hər səfəri unudulmaz və əlamətdar olur, hər dəfə açılışlarda, təməlqoyma mərasimlərində iştirak edərək yeni obyektlərin, yeni sənət və mədəniyyət ocaqlarının, təhsil, səhiyyə müəssisələrinin, yolların, parkların istifadəsinə və ya tikintisinə xeyir-dua verir. Bu baxımdan möhtərəm Prezidentin xanımı ilə birgə oktyabrın 18-də Gəncəyə səfəri də çox əlamətdar oldu. Bütün sənət adamlarının çoxdan arzuladığı Gəncə Dövlət Dram Teatrının yeni binasının təməli qoyuldu, Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işləri yəqin ki, dövlət başçısının tapşırığından sonra daha da sürətlənəcək. Bu binalar şəhərimizin yaraşığını, gözəlliyini daha da artıracaq, mədəni həyatının zənginləşməsində mühüm rol oynayacaq. Bu qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk.
Rəssam Məhbubə Həsənova: - Gəncə son dövrlər elə sürətlə inkişaf edir ki, biz sakinlər də heyranlığımızı gizlədə bilmirik. Ən başlıcası isə görülən abadlıq-quruculuq, yenidənqurma işlərində milliliklə müasirlik vəhdətdə götürülür. Küçələrin, səkilərin qurulmasından tutmuş, evlərin, binaların fasadlarının üzlənməsinə, yolların genişlənməsinə, işıqların düzülüşünə qədər hər bir iş zövqlə görülür, müasir standartlar nəzərə alınır. Əlbəttə, bu işlərdə şəhər rəhbərliyinin təşəbbüskarlığını və zəhmətini də xüsusi vurğulamalıyıq. Şəhərimizi belə dəyişən, inkişaf edən, müasirləşən görmək çox xoşdur. Onu da yaxşı bilirik ki, bu inkişafın arxasında Prezident İlham Əliyevin böyük qayğısı dayanır. Bu qayğıya görə cənab Prezidentə təşəkkürümüzü bildirir və ona ölkəmiz naminə fədakar fəaliyyətində uğurlar arzulayırıq.
Mehriban Quliyeva, müəllim: - Tədrisin keyfiyyətini artıran amillərdən biri də müasir təhsil şəraitinin formalaşdırılmasıdır. Bu baxımdan Gəncədə görülən işlər, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi biz müəllimləri daha da ruhlandırır. Dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə qayğısı bizim şəhərdə də yetərincə hiss olunur. Şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan 4200-ə yaxın müəllimdən ölkə Prezidentinin sərəncamı ilə 18 nəfər "Əməkdar müəllim" adına, 14 nəfər isə "Tərəqqi" medalına layiq görülüb. Məzunlarımızın uğurları da çoxdur. Dövlətimizin göstərdiyi qayğının müqabilində daha məsuliyyətlə çalışmaq hər birimizin borcudur. Unutmamalıyıq ki, vətənə layiqli övladlar yetişdirmək hər bir müəllimin başlıca vəzifələrindən biridir. Bunun üçün ölkəmizdə, o cümlədən Gəncədə yetərincə şərait yaradılıb.
Elmira Əliyeva, əməkdar mədəniyyət işçisi: - Möhtərəm Prezidentin şəhərimizə hər səfərindən sonra görülən işlərin sürəti, işgüzarlıq daha da artır. Biz gəncəlilər üçün böyük bayrama çevrilən bu səfərlər həm də yeni layihələrin, yeni uğurların başlanğıcı olur. Əlbəttə, uğurlardan-uğurlara doğru inamla addımlayan bir şəhərdə yaşamaq insanda xoş duyğularla yanaşı, mübarizlik, təşəbbüskarlıq ovqatı da yaradır. Çalışırsan ki, bir vətəndaş olaraq ümumi işə sən də çiyin verəsən.
Bəli, Gəncə təkcə yerli sakinlərin deyil, yolu bu qədim Nizami yurdundan keçən hər kəsin qəlbini riqqətə gətirir, gözünü-könlünü oxşayır.
Hələ qarşıda görülməli işlər, gerçəkləşdirilməli layihələr də çoxdur. Onların icrasından sonra Gəncə öz gözəlliyi və müasirliyi ilə yəqin ki, insanları daha çox heyran edəcək.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2014.- 4 noyabr.- S.3.