Subartezian quyularının əhəmiyyəti
artır
Əhalinin içməli su ilə təmin edilməsində və əkin sahələrinin suvarılmasında subartezian quyularının böyük əhəmiyyəti var. Bu baxımdan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Şəki Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
İdarə ölkənin Balakən, Zaqatala, Qax, Oğuz, İsmayıllı, Qəbələ və Ağsu rayonlarının ərazisində yerləşən 526 subartezian və 130 artezian quyusunun istismarı ilə məşğuldur. İdarənin rəisi Sabir Əhmədovun verdiyi məlumata görə, subartezian və artezian quyuların "xidməti" ərazisində 6349 hektar suvarılan sahə mövcuddur. Bundan əlavə, həmin ərazidə yaşayan 150 min nəfər əhalinin içməli, kommunal-məişət və digər məqsədlər üçün su təminatı da subartezian və artezian quyuları vasitəsi ilə ödənilir. İstismar olunan subartezian quyularından 185-i regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı xətti ilə 2005-2013-cü illərdə qazılıb istifadəyə verilib.
Qeyd edək ki, dövlət başçısının müvafiq sərəncamına əsasən 2014-cü ildə ölkə üzrə qazılacaq 250 subartezian quyusundan 66-sı Şəki Subartezian Quyularının İstismarı İdarəsinin xidməti ərazisinə düşür. Bütün quyular ilin sonunadək istismara verilməlidir. Artıq Şəki üzrə nəzərdə tutulmuş 9 quyudan 5-i qazılıb istifadəyə verilib, 4-ü isə ilin sonunadək hazır olmalıdır. Zaqatala rayonu ərazisində suvarma üçün qazılması nəzərdə tutulan 18 subartezian quyusundan 14-ü artıq istifadəçilərin sərəncamındadır, qalan 4 quyuda isə son tamamlama işləri görülür. İdarənin digər xidmət rayonlarında da bu istiqamətdə görülən işlər davam edir.
Onu da xatırladaq ki, Şəki ərazisində ilk subartezian quyusu 1959-cu ildə qazılıb, 1963-cü ildən sonra bu işə diqqət artırılıb. Ötən əsrin 70-80-ci illərində isə qazılan quyuların sayı sürətlə artıb. Hazırda subartezian quyuları taxıl, tütün, bostan, tərəvəz sahələrini, meyvə bağlarını, həmçinin həyətyanı sahələri suvarma suyu ilə təmin edir.
2014-cü ilin yaz və yay aylarının quraq keçməsi, dağlarda suyun kəskin azalması ilə əlaqədar subartezian və artezian quyularının əhəmiyyəti, bu quyulara olan ehtiyac bir daha özünü göstərdi. Yazdan payıza qədər olan su gərginliyinin aradan qaldırılması, əhalinin su ilə normal təminatı üçün idarənin kollektivi bütün bacarığı ilə çalışdı.
Bəzi göstəricilərlə də maraqlandıq. Sabir Əhmədov bildirdi ki, bu ilin 9 ayı ərzində istismar olunan quyular vasitəsi ilə suvarma və içmək üçün ümumilikdə 11912400 kubmetr su çıxarılıb. Bunun üçün 5076044 kvt.saat elektrik enerjisi sərf olunub. Bunlardan əlavə, 146 subartezian quyusunda əsaslı, 300 quyuda cari təmir işləri görülüb. Uzun müddət istismarı mümkün olmayan, avadanlıqları sökülüb-dağılmış 8 subartezian quyusu isə yenidən təmir olunaraq istifadəyə verilib.
"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Prezidentin 29 yanvar 2014-cü il tarixli sərəncamı əhalinin suvarma və içməli su təminatı üçün əlavə imkanlar yaradır. Şəki Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi bu imkanlardan səmərəli istifadə etmək üçün səylərini artırır.
Telman NƏZƏRLİ
Azərbaycan.
- 2014.- 2 noyabr.- S.5.