Cəmiyyətin gələcəyi üçün mütəfəkkir məsuliyyəti

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə həmin akademiyada keçirilən elmi şuranın iclasında akademik Ramiz Mehdiyevin çıxışı tamamilə təbii (və haqlı) olaraq böyük elmi-ictimai  rezonans doğurmuşdur.

Akademiyanın keçdiyi tarixi inkişaf yolunu (və tarixi xidmətlərini) yüksək qiymətləndirən akademik Ramiz Mehdiyev "qloballaşmanın, informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olduğu" müasir dövrdə onun (Dövlət İdarəçilik Akademiyasının) qarşısında ciddi problemlərin dayandığını ön plana çəkir.

Müasir Azərbaycan cəmiyyətinin sosial-ideoloji əhval-ruhiyyəsini (dünyagörüşünü) təcrübəli bir analitik təfəkkürü ilə təhlil edən  akademik göstərir ki, "biz tez-tez sovet dövrümüzü xatırlayırıq. Sözsüz ki, sovet dövründə bizim kifayət qədər nailiyyətlərimiz və uğurlarımız olub. Dövlətin totalitar olmasına baxmayaraq, burada ideoloji buxovlarla yanaşı, insanların sosial müdafiəsi və maarifləndirilməsi, mədəniyyət proseslərinə cəlb olunması və digər məsələlər özünün kifayət qədər düzgün həllini tapmışdı. O dövlət artıq tarixə qovuşmuşdur. Lakin insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadam çıxış edir. Bizim məmurlar da bu baxımdan heçistisna təşkil etmirlər".

Şübhəsiz, hər hansı cəmiyyətin, o cümlədən də Azərbaycan cəmiyyətinin bir dövrdən və ya mərhələdən digərinə daxil olması, yaxud keçidi mexaniki bir proses deyildir. Və  keçmişin sosial-tarixi "yaddaş"ı, vərdişləri, stereotipləri dərhal unudulmur, həm proqressiv, həm də reqressiv tərəfləri ilə bəzən uzun müddət yaşayır.

İnkişaf, dünyanın nüfuzlu filosoflarının da göstərdiyi kimi, "mənfi"dən "müsbət"ə doğru getməkdən daha çox norma və anomaliyaların bir sisteminin digərinə keçməsidir.

Akademik Ramiz Mehdiyevin belə bir qənaəti də ciddi maraq doğurmaqla yanaşı, üzərində dərindən düşünməyi tələb edir: "Bu gün Azərbaycanda əhalinin artımı müşahidə olunurbu, sevindirici haldır. Lakin indi orta statistik Azərbaycan ailəsinin strukturu, onun tələbatı necə ödənilir, iqtisadiyyatda rolu, ailədə vəzifələrin bölünməsi necə aparılır? Bütün bunlar barədə bizim çox səthi məlumatımız var. Sosioloji sorğular, demək olar ki, keçirilmir. Cəmiyyətdə cərəyan edən müxtəlif proseslər alimlərin diqqətindən yayınır. Halbuki gözəl məlumdur ki, idarəetmə obyekti barədə kifayət qədər  məlumat olmadan idarəetmənin özünün təşkili çox mürəkkəb məsələyə çevrilir".

Təhsilin, xüsusilə orta təhsilin intellektual və mədəni-mənəvi keyfiyyətliliyi hər bir cəmiyyətin (millətin!) gələcəyinin qarantıdır. Bu sahədəki problemləri, nöqsanları, əlbəttə, hansısa konyuktur məqsədlərlə görməməzliyə  vurmaq, yaxud ört-basdır etmək əvəzinə açıq müzakirəyə çıxarmaq, aradan qaldırmaq lazımdır. Və ona görə  son illərdə təhsil sahəsində qazanılmış böyük uğurlarla yanaşı, ciddi problemlərin olduğunu qeyd etməklə akademik Ramiz Mehdiyev diqqəti məlum statistikaya yönəldir: "Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd "hərfləri və rəqəmləri tanımır". Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi".

Hər kəsə aydındır ki, bütün bunlar acınacaqlı faktlardır. Xüsusilə ona görə ki,  biz bu "həyat"ı ("tarix"i!) böyük  mübarizələr, itkilər, qurbanlar hesabına arxada qoyduğumuz halda, hansısa mübhəm (və konyuktur!) qüvvələrin təzyiqi ilə yenidən ona qayıtmağa (və nəticə etibarilə yeni itkilər, qurbanlar verməyə) məcbur edilirik.

Akademik Ramiz Mehdiyevin çıxışında kifayət qədər təmkinli təhkiyənin bir sıra hallarda emosional suallarla müşayiət  olunması da tamamilə təbiidir: "Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azsaylı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlarfiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq-mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı, Üzeyir bəyin gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?"

Başqa bir həyəcan doğuracaq məqam da müasir gəncliyin dünyagörüşü, həyat idealları və ya arzuları ilə  bağlıdır: "Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir".

Hər bir xalqın (və insanın) mənsub olduğu dini dünyagörüşü, inam sistemi, birinci növbədə, mədəni-mənəvi  ehtiyacya zərurətdir. Lakin dərk olunmayan, mədəni-mənəvi zənginliyə çevrilməyən din, yaxud inamın nə qədər böyük fəlakətlər törətdiyi də  məlumdur.

Akademik Ramiz Mehdiyevin bütün kəskinliyi (və ürək ağrısı) ilə qaldırdığı problemlər, heç şübhəsiz, cəmiyyətin "ekologiya"sı üçün olduqca zəruridir. Və Azərbaycanın sürətli (və inamlı!) inkişafı həmin problemləri həll etmək üzərində həm dərindən düşünməyi tələb edir, həm də buna zəmanət verir.

 

Nizami CƏFƏROV,

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü

Azərbaycan.-2014.- 4 noyabr.-  S.4.