Əsrdən əsrə atılmış
körpü
Yaxud Azərbaycan
neftçilərinin bənzərsiz qəhrəmanlıq abidəsi
Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir. Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır.
İlham ƏLİYEV
Neft Daşlarını "Möcüzələr adası" adlandırıblar. Əlbəttə, insan əməyinin, ağlının və zəkasının yaratdıqlarından, təbiətin ona bəxş etdiyi bu maddi sərvətin - "qara qızıl"ın zənginliyindən vəcdə gələrək belə deyiblər. Əslində, Neft Daşları reallıqdır, möcüzəyə bənzəsə də, həqiqətdir.
"Neft Daşları", ilk növbədə, 65 ildir istismar olunan və ehtiyatları hələ də tükənməyən bir xəzinə - karbohidrogen yatağıdır.
"Neft Daşları" böyük bir müəssisə - Neft və Qazçıxarma İdarəsidir.
Nəhayət, Neft Daşları dünyada bənzəri olmayan bir şəhərdir. Dayaqları dənizin dibində qərar tutan polad dirəklər üstündə salınmış bir şəhər... Ulu öndər Heydər Əliyev Neft Daşlarını XX əsrdən XXI əsrə atılmış körpü adlandırmış, onu Azərbaycan neftçilərinin möhtəşəm qəhrəmanlıq abidəsi kimi dəyərləndirmişdir.
Estakadalar sağa-sola şaxələnib, sanki əl-ələ
veriblər. Uzaqdan seyr edəndə gah paralel, gah perpendikulyar, gah
ziqzaq şəklində uzanan yollara bənzəyirlər.
Amma bunlar adi yollar deyil. Çünki
dənizin ortasında suların əhatəsindədirlər.
Hər iki tərəfi polad məhəccərlərlə
örtülüdür. İndi Neft
Daşlarındakı polad yolların - estakadaların uzunluğu 33 kilometr təşkil
edir.
Elə ki dan yeri sökülür, bu yollarda ilk
neftçilər görünür. Bir çoxları gecə
növbəsindən "ev"ə - yaşadıqları
yataqxanaya dönür, qalanları isə işə,
qayıdanları əvəz etməyə gedirlər. Bəzən neftçilər işə avtobusla da
yollanırlar. Onların piyada, yaxud maşınla getməsi
iş yerinin yaxınlığından-uzaqlığından,
hər kəsin öz həvəsindən, bir də havadan
asılıdır.
Dəniz qasırğalı olanda estakadada piyada hərəkət
etmək qadağandır. Burada qayda belədir...
Gün ərzində estakadalarda tez-tez maşınlar da
görünür. Bunlar əsasən, neft sənayesində
istifadə olunan texnika, mexanizasiya vasitələri, kiçik
tutumlu avtobuslar və xüsusi markalı minik avtomobilləridir.
Estakadaların eni eyni vaxtda yalnız bir
maşının hərəkət etməsinə imkan verir.
Bəs iki maşın
qarşı-qarşıya gəlsə, necə? Bu zaman müəyyən məsafədən bir rast gəlinən
çıxıntılar - estakadayanı meydançalar vəziyyətdən
çıxmağa kömək edir. Belə
ki, maşınlardan biri müvəqqəti olaraq oraya çəkilir.
Ona görə Neft Daşlarında nə "tıxac"
yaranır, nə də təhlükə...
Bu gün
Neft Daşlarında 85 estakadayanı meydança, 14 dərin dəniz
özülü, 2 hazır məhsul parkı, bir sutəmizləyici
qurğu var.
Estakadalar boyunca rəngbərəng borular uzanır. Bu yaşıl, mavi,
qırmızı, sarı, ağ
boruların təyinatını, əlbəttə ki,
işçilər özləri bilirlər. Biri
neft, digəri qaz, üçüncüsü lay suları nəql
edir. Daha birisi ehtiyat xətdir və s. Bunlara
estakadaüstü kəmərlər deyirlər. İndi bu kəmərlərin ümumi uzunluğu 200
kilometrə çatır.
Sualtı boru kəmərlərinin ümumi uzunluğu
105, sualtı kabel xətlərinin uzunluğu isə 41 kilometr
təşkil edir. Burada dənizin dibində bax, belə
mürəkkəb kommunikasiyalar mövcuddur.
Neft
Daşlarında 2 baza meydançası, 3 neftyığma
meydançası, gəmilər üçün 2 yanalma
körpüsü də var. Bir sözlə, "Neft
Daşları" NQÇİ-nin təkcə mədənlərinin
və neft təsərrüfatının tutduğu sahə 60 kvadratkilometr
ərazini əhatə edir.
NQÇİ-nin tərkibində rəhbərlik və rəhbərlik
yanında aparat, 18 şöbə, bir anbar təsərrüfatı,
bir mərkəzi mühəndis texnoloji xidməti, istehsalda
xidmət bazası fəaliyyət göstərir. İdarə,
həmçinin 13 sahəyə, 2 özülə, elektrik
stansiyasına, mənzil-kommunal təsərrüfatına, mədəniyyət
evinə, kitabxanaya və redaksiyaya da malikdir.
Əgər buraya yataqxanaların, muzeyin, parkın, digər
sosial obyektlərin yerləşdiyi ərazini də əlavə
etsək və bütün bunların, sözün əsl mənasında,
suyun üzərində qərar tutduğunu bir daha
xatırlatsaq, bu bənzərsiz şəhəri
dünyanın səkkizinci möcüzəsi
adlandıranları qınamarıq.
Ulu öndər Neft Daşlarını həmişə
yüksək dəyərləndirib, dəfələrlə dəniz
şəhərində olub, neftçilərin işi və
güzəranı ilə maraqlanıb. Ümummilli lider: "Neft
Daşlarında işləyən hər bir kəs ən
böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən,
oranı ziyarət etməyən insan bunu təsəvvür edə
bilməz" - deyib.
Neftçilər ulu öndərə dərin
ehtiramlarını ucaltdıqları abidə ilə,
yaratdıqları zəngin muzeylə ifadə ediblər.
Hazırda
"Neft Daşları" NQÇİ-nin 1617 nəfər
işçisi var. Bunlardan 240 nəfəri rəhbər
işçi, 181 nəfəri mütəxəssis, 16 nəfəri
texniki icraçı, 1180 nəfəri fəhlədir.
Bundan əlavə,
dəniz şəhərində onlarca digər idarə və
təşkilatın, məsələn, ARDNŞ-nin Kompleks
Qazma İşləri Trestinin "Neft Daşları"
istehsalat bölümünün, "Neftqaztikinti" trestinin
4 nömrəli tikinti-quraşdırma idarəsinin, digər təşkilat
və müəssisələrin nümayəndələri
çalışırlar. Dəniz şəhəri eləcə
də yüzlərlə dalğıc və xilasedicinin,
geofizikin, rabitəçinin, yanğınsöndürənin,
həkim və tibb bacısının, digər xidmət sahəsi
əməkçisinin iş yeridir.
Bir növbədə dəniz şəhərində 2000
nəfərdən çox insan yaşayır və işləyir. Başqa
sözlə, Neft Daşları böyük neftçilər
ordusunun (burada çalışan hər kəs peşəsindən
asılı olmayaraq, bu ordunun üzvüdür) çörək
təknəsi və hünər meydanıdır.
Bu ilin doqquz ayında "Neft Daşları"
NQÇİ-nin hər bir işçisinə düşən
orta aylıq əməkhaqqı 1371 manat olub. Neftçinin
zəhməti ağır və məsuliyyətli,
çörəyi minnətsiz və halaldır.
Bu da həmin qəhrəman insanlar - neftçilər. 2-ci neft və
qazçıxarma sahəsində, yəni mədənində
(əvvəl bura sex adlanırdı) əməyin mühafizəsi
və ekologiya üzrə mühəndis Mirzə Quliyevlə
rastlaşırıq. Əraziyə gələn
hər müsafiri qarşılayıb mədəndə hərəkət
etmək üçün təhlükəsizlik qaydaları
haqqında ətraflı məlumat vermək onun vəzifəsidir.
Yeri gəlmişkən qeyd edək ki, son illərdə
neftçilərin, o cümlədən dəniz neftçilərinin
sağlamlığının, təhlükəsizliyinin təmin
olunması məsələsinə diqqət daha da
artırılıb, bu istiqamətdə əməli tədbirlər
həyata keçirilib. Eyni təhlükəsizlik qaydaları, məsələn,
xüsusi geyimdə olmaq, başa dəbilqə qoymaq və s. mədənlərin
ərazisinə daxil olan hər bir kəsə aiddir.
1949-cu il noyabrın 7-də 960 metr dərinlikdən
fontan vuran ilk quyu məhz bu mədənin ərazisində yerləşir.
İndi neftçilər onu təmiz, səliqəli,
rənglənmiş bir vəziyyətdə açıq səma
altında muzey eksponatı kimi qoruyub saxlayırlar.
Hazırda 2-ci mədənin gündəlik neft
hasilatı planı 255 tondur. Neftçıxaranlar
bunun öhdəsindən layiqincə gəlirlər. Mədənin ümumi quyu fondu 95 quyudan ibarətdir.
Onlardan 71-i istismar olunan quyudur. İşlək fondda 69 quyu var. Gündə 255 ton
nefti həmin quyular verir.
Sahə rəisi İsrail İsmixanovla 418a nömrəli
estakadayanı meydançada söhbət edirik. Deyim ki, dənizdə
"rəis", "müdir", "kabinet" kimi
sözlər nisbi xarakter daşıyır. Yəni burada müdirin kabineti, kürsüsü elə
birbaşa Xəzərin fırtınalı qoynudur. Odur ki, peşəkar neftçi olan, sahə rəisi
vəzifəsinə fəhləlikdən yüksələn
İsrail İsmixanovu məhz estakadada arayıb
tapdığımız heç də təsadüfi deyil.
- Vaxt
metodu ilə işləyirik. Yəni
işçilər Bakıdan gəmi və vertolyotlarla gəlib-gedərək,
hər 15 gündən bir növbələrini dəyişirlər,
- deyərək sahə rəisi üzünü
meydançadakı qurğulara və işçilərə
tutur. - Hazırda layihə dərinliyi 1120 metr olan 2634 nömrəli quyunun qazması
280 metrə çatıb. Quyu 3-cü tektonik blokun Qala lay dəstəsinin 3-cü horizontuna
qazılır. Maili quyudur. Bu,
qazmadan alacağımız beşinci quyu olacaq. İnanın ki, sevincimizin həddi yoxdur. Çünki 1983-cü ildən bəri ilk dəfədir
qazmadan yeni quyular alırıq. Amma işə
münasibətdə bizim üçün quyunun köhnəliyinin-təzəliyinin
heç bir fərqi yoxdur. Biz istismar
etdiyimiz köhnə quyuların ömrünü uzatmaq,
onların hasilatını sabit saxlamaq üçün də əlimizdən
gələni əsirgəmirik.
Sahədə 51 nəfər çalışır. Onlardan 11-i
mühəndis-texniki işçi, 40-ı isə neft və
qazçıxarma operatorudur. Bura bir
istehsalat, təcrübə məktəbi rolunu da oynayır.
Yaşa dolan, səriştə toplayan
neftçilər öz təcrübələrini, bilik və
bacarıqlarını gənclərlə
bölüşürlər. Gənc
mütəxəssislər Rasif İsmayılov, Həkim
Muradov, Namiq Səmədov məhz bu qayğının nəticəsində
püxtələşiblər və perspektivli kadr
olduqlarına inam yaradırlar.
Uzun illərdir mədəndə çalışan
ustalardan Firat Əliyev, İlyas Bəyverdiyev, Verdixan Verdixanov,
Ramiz Ələsgərov və başqaları öz təcrübələrini
cavanlara səxavətlə ötürür, onların nailiyyətləri
ilə fəxr edirlər.
Beləcə, nəsillər dəyişir, amma Xəzər
neftçisinin fədakarlığı, mətinliyi olduğu
kimi qalır.
Dəniz isə cəsurları sevir və bu sevgi
qarşılıqlı olmalıdır. Taleyini Xəzərlə,
şərəfli neftçi peşəsi ilə bağlayanlar
mütləq dəli-dolu dalğalarla da ülfət
bağlamalıdırlar, seçdikləri sənətə
könül verməlidirlər. Bunlarsız Neft
Daşlarında bərqərar olmaq mümkün deyil.
Neft Daşlarının şimal-şərq qanadında
yerləşən 1-ci sahənin rəisi İlqar Ağayevdən,
idarənin müxtəlif təsərrüfatlarında
çalışan qaz üzrə maşinist Fərhad Əhədovdan,
əmtəə operatotu Loğman Əliyevdən də eyni
sözləri eşitdik.
Qısa
arayış: "Neft Daşları" NQÇİ bu ilin 9
aylıq neft və qaz hasilatı, eləcə də təhvili
sahəsində qarşıya qoyulmuş
tapşırıqları müvəffəqiyyətlə yerinə
yetirib. 703120 ton neft hasil edilib ki, bunun da 120 tonu nəzərdə
tutulduğundan çoxdur.
9 ay ərzində 49740 min kubmetr qaz hasil
olunub.
İstismar olunan quyu fondunu 475 quyu təşkil edib. Bunun 440-ı
fəaliyyətdə olan quyulardır. Quyuların
381-i qazlift, 56-sı fontan, 3-ü dərinlik nasosu üsulu ilə
işləyir.
Bu aylar ərzində qazmadan 15 quyu alınıb ki, bu da
keçən ilin müvafiq dövründəkindən 8 quyu
çoxdur.
Qazmadan alınan quyulardan neft hasilatı nəzərdə
tutulduğundan çox - 111,8 faiz olub.
Fəaliyyətsiz fonddan 9 quyu əvəzinə 11 quyu
yenidən "həyata qaytarılıb". Həmin
quyular hesabına 7514 ton neft hasil edilib. Bu,
9 ay üçün nəzərdə tutulduğundan 2232 ton,
keçən ilin müvafiq dövründə istismara
qaytarılmış quyuların verdiyi neftdən isə 1658
ton çoxdur. Neft hasilatının
artırılmasına yönəldilən geoloji tədbirlər
də öz bəhrəsini verir.
Köhnə yataqlarda hasilatı sabit saxlamaq böyük
zəhmət və bacarıq tələb edir. Bu işdə texniki tədbirlər
az rol oynamır. İdarədə
ilin əvvəlindən həyata keçirilən 310 texniki tədbir
(423 əvəzinə) 9752 ton neftin əldə edilməsi ilə
nəticələnib.
İşlərin rəvan getməsinə, hasilatın
sabit saxlanılmasına və artırılmasına xidmət
edən digər tədbirlər də var. Belə ki, həm
köhnə, həm də təzə qaz-turbin elektrik
stansiyalarında generatorlara texniki xidmət göstərilib. Güc
transformatorlarında təftiş-təmir işləri
aparılıb.
Neftçilərin məişət şəraiti ildən-ilə
yaxşılaşır. İndi onlar rahat yataqxanalarda, soyuq və
isti su, kondisioner, televizor, soyuducularla təmin olunmuş
otaqlarda yaşayırlar. Fəhlənin şəhərdən
dənizə ərzaq dolu çantalar
daşıdığı, mədənə, iş
başına isə qoltuğunda bağlama getdiyi vaxtlar arxada
qalıb. Çünki müasir yeməkxanalar istifadəyə
verilib və neftçilərin ev şəraitinə
uyğun qidalanmasında heç bir problem yoxdur.
NQÇİ-nin
sosial inkişaf şöbəsinin müdiri Əhməd
Musayev təkcə bu ilin əvvəlindən həyata
keçirilmiş tədbirlərdən danışdı:
-
Açıq dənizdə, estakadalardan aralıda yerləşən
özüllərdə çalışanların məişət
şəraitinin yaxşılaşdırılmasına
xüsusi diqqət yetirmişik. Məsələn,
ötən aylar ərzində idarə 2 yeməkxana - evcik, 4 məişət
evciyi və 11 anbar evciyi alıb. 741, 2346 və
2150 nömrəli özüllərə anbar evcikləri
vermişik. 3 nömrəli Texnoloji Nəqliyyat
Bölümünün ərazisinə yeməkxana və anbar
evcikləri, 4-cü sahədəki 1770 nömrəli
meydançaya məişət evciyi verilib. İşçilərin sahələrdə və
özüllərdə isti yeməklə təmin olunması
üçün kompleks tədbirlər görülüb.
252 nömrəli meydançada yeni tikilmiş
yeməkxanada elektrik sobaları və digər avadanlıqlar
quraşdırılıb, böyük su çəni qoyulub.
Bunlar görülmüş tədbirlərin kiçik
bir hissəsidir. Məlumdur ki, dənizin qasırğalı günləri
də az olmur. Belə vəziyyətdə
gəmilər özüllərə yan ala bilmir və orada
işləyənlərlə yalnız telefon əlaqəsi
saxlamaq mümkün olur. Bunları nəzərə
alaraq özüllərdə çalışanlar 6 ay müddətində
xarab olmayan ehtiyat məhsullarla da təmin edilirlər. Hər
özülün ehtiyacı nəzərə alınaraq onlara
elektrik sobaları, soyuducu, su çəni, stol,
kondisioner və s. verilib.
Əfsanəvi dəniz şəhərinin mərkəzi
ildən-ilə gözəlləşir. Son vaxtlar
burada salınmış yaşıllıq könül
oxşayır. Maraqlıdır ki, ağac
və kollar, gül-çiçək bir qarış
torpağı belə olmayan bir ərazidə əkilib. Bunun üçün torpaq kənardan gətirilib.
Yaxınlıqda yaraşıqlı
"Çay evi" istifadəyə verilib. Parkın mərkəzində ümummilli lider Heydər
Əliyevin abidəsi ucaldılıb.
Neftçilər fədakar əməklə məşğul
olduqları kimi, istirahət etməyi, şənlənməyi,
idmanla məşğul olmağı da bacarırlar. Bayramlarda, təntənəli
günlərdə yeməkxanada süfrə
açılır, Mədəniyyət evinin
"Dalğa" instrumental ansamblı neftçilər
qarşısında maraqlı konsertlə
çıxış edir.
İdmanı sevən neftçilər də ildən-ilə
öz nailiyyətlərini artırırlar. Onlar 28 May
Respublika Günü ərəfəsində neft, qaz və kimya
sənayesi işçiləri arasında keçirilən
minifutbol turnirində uğurla iştirak ediblər. 20 sentyabr - Neftçilər günü münasibətilə
keçirilən XXII spartakiadada isə NQÇİ-nin
yığma komandası "Azneft" İB üzrə
birinci, ARDNŞ üzrə isə üçüncü yeri
tutublar.
Neft Daşları özünün 65 yaşının
tamam olması ərəfəsindədir. Hamının
çöhrəsində xoş əhval-ruhiyyə, bayram
sevinci görünür. Bununla bahəm dəniz
şəhərinin əmək ahəngi davam edir. Gündə bir neçə dəfə vertolyotlar
buraya eniş edir, gəmilər yan alır. Əmək növbəsinə gələnlər
işdən - dənizdən evinə dönənləri əvəz
edirlər. Beləcə, 65 ildir
dünyanı heyrətləndirməkdə olan bu möcüzə-şəhər
özünün adi, eyni zamanda qeyri-adi günlərini
yaşayır.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 4 noyabr.- S.5.