Dumanlı dövrün aydın fikirli
ədibi
Məmməd Səid Ordubadinin ev muzeyinin
yaradılmasından 35 il ötür
XX əsr Azərbaycan ədəbiyyatı tarixinə adını əbədi yazan ədiblərimizdən biri də Məmməd Səid Ordubadidir. İrili-xırdalı altı mindən artıq əsərin müəllifinin xatirə muzeyinin yaradılmasının 35 illiyinə həsr olunmuş tədbir keçirildi.
Mədənəyyət və Turizm Nazirliyinin ayrı-ayrı strukturlarını təmsil edən nümayəndələrin, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlarının, həmçinin arxiv işçilərinin, ədəbiyyatşünasların, rəssamların, eləcə də ədibin qohumlarının iştirak etdiyi tədbirdə xatirə muzeyinin direktoru Lalə Abaszadə Məmməd Səid Ordubadinin həyat və fəaliyyəti barədə məlumat verdi. O, daha sonra xatirə muzeyində şair, nasir, publisist, ədib kimi Azərbaycan ədəbiyyatında izi olan M.S.Ordubadi ilə bağlı eksponatların çox olmasını, lakin şəraitə uyğun onlardan ancaq 300 ədədinin ekspozisiyada nümayiş etdirildiyini diqqətə çatdırdı.
Tədbirin aparıcısı Nərmin Baxşıyev bildirdi ki, əsərləri bütün dövrlərdə müasir olan M.S.Ordubadinin xatirə muzeyinin yaradılması Azərbaycan ədəbiyyatına dövlət qayğısının bariz nümunələrindəndir. 35 illik fəaliyyəti dövründə burada keçirilən müxtəlif məzmunlu tədbirlərdən söz açıldı.Yeri gəlmişkən, o da təəssüf hissi ilə qeyd edildi ki, ədibin yaradıcılığının daha geniş şəkildə təbliği üçün muzey çox darısqaldır: cəmi bir dalan və iki kiçikhəcmli otaqdan ibarətdir.
M.S.Ordubadinin tədqiqatçılarından biri, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Nailə Səmədova tədbirə əliboş gəlmədiyini, ədibin şeirlərindən, mənzum hekayələr və "Birinci min günümüz" pyesindən ibarət yenicə çapdan buraxdığı kitabı muzeyə hədiyyə edərək, onun əlyazmaları üzərində aparılan son işlərdən söz açdı. Tədqiqatçı alim onu da diqqətə çatdırdı ki, M.S.Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxış adlı bir müəllimin məktəbində alsa da, həmin dövrün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə - üsuli-cədiddə oxuyub. Öz dövrunə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynayıb.
Xatirə muzeyinin 1979-cu ildə yaradılması və ötən 35 il ərzində burada bir sıra şair və yazıçıların yaradıcılıq gecələri və anım günlərinin iştirakçısı olmuş Gənc Tamaşaçılar Teatrının baş direktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, kinoşünas alim Aydın Kazımzadə, Mədəniyyət və İncəsənət Arxivinin direktoru Maarif Teymur, Sumqayıt Dövlət Universitetinin dosenti Arzu Hüseynova, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Elfira Qurbanova, həmçinin çıxış edən digər qonaqlar Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınan M.S. Ordubadinin bədii irsinin tədqiqatı ilə bağlı görülən işlərdən bəhs etdilər. O da vurğulandı ki, xatirə muzeylərinin yaradılmasında ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı daim qeyd edilir və bu, Azərbaycan ədəbiyyatına, mədəniyyət və incəsənətinə doğmalıqdan irəli gəlir. Həmin siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilməsinin xalqımız tərəfindən yüksək dəyərləndirildiyi bir daha bildirildi.
Sonda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, M.S.Ordubadinin bacısı Həcər xanımın nəvəsi Həqiqət Məmmədova əlamətdar günün burada yüksək səviyyədə keçirilməsi ilə bağlı zəhməti olan hər kəsə və iştirakçılara təşəkkürünü bildirdi.
M.S.Ordubadi irsinin qorunub saxlanmasında göstərdikləri xidmətə görə muzeyin əməkdaşları Respublika Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif edildilər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.
- 2014.- 2 noyabr.- S.6.