Əlillərin
cəmiyyətə inteqrasiyasında Gözdən Əlillər
Kitabxanası mühüm rol
oynayır
Azərbaycanda kifayət qədər mərkəzi və yerli kitabxananın olduğu məlumdur. Amma gözdən əlillər üçün ölkə üzrə cəmi bir kitabxananın fəaliyyət göstərdiyini çoxumuz bilmirik. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Gözdən Əlillər Kitabxanası bu gün ölkəmizdə çox mühüm bir vəzifəni icra edir. Kitabxana gözdən əlil insanlar üçün artıq bir məktəb rolunu oynayır, onların cəmiyyətə inteqrasiya olunmasında böyük əhəmiyyət daşıyır.
Sözügedən kitabxana "Gənclik" metrosunun düz üzərində, doqquzmərtəbəli binanın zirzəmisində qərar tutub. Belə bir kitabxananın necə fəaliyyət göstərməsi bizim üçün də maraqlı idi. Odur ki, bu günlərdə yolumuz həmin kitabxanaya düşdü.
Kitabxananın direktor müavini Tofiq Balayev söhbətimizdə bildirdi ki, Respublika Gözdən Əlillər Kitabxanası 1981-ci ildə o vaxt "Korlar Cəmiyyəti" adlanan, indiki "Gözdən Əlillər Cəmiyyəti"nin nəzdində yaradılıb. 1994-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyi kitabxananı öz balansına götürüb.
Üç dildə səsləndirilən kitablar, CD və mp3-lər...
Kitabxananın iş prinsipi isə gözdən əlilləri audio (CD, mp3) və "Brayl" əlifbasında olan kitablarla təmin etməkdir. Tofiq müəllim dedi ki, kitabxanaya üzv olan hər bir gözdən əlil kitabları buradan götürərək evlərində rahat şəkildə oxuya bilər: "Oxucular üçün heç bir məhdudiyyət yoxdur. Onlar istədikləri vaxt, istədikləri kitabı götürə bilirlər. Yaxud da kitabxananın özündə maqnitofon, DVD və kompüterlər vasitəsilə kitablar oxuyurlar. Yeganə məhdudiyyət isə odur ki, hər hansı bir kitabı evdə çox saxlamaq olmaz. Çünki başqa oxucular da o kitabdan istifadə edirlər. Bütün xidmətlər tam olaraq pulsuzdur. Hətta elə gözdən əlillər var ki, kitabxanaya gələ bilmirlər, özümüz kitabları onların evlərinə aparırıq".
Kitabxananın fondu zəngindir. Burada ümumilikdə 10 mindən çox kitab var. Kitablar üç - Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. Kitabxana üzvlərinin sayı isə 1000-ə yaxındır. Burada həyata keçirilən əsas prinsiplərdən biri də mp3 formatda olan kitabların nüsxələrini çıxararaq bölgələrdəki mərkəzi kitabxanaların fondunda yaradılan "Gözdən əlillər" guşəsini təmin etməkdir. Yəni kitabxana kollektivi regionlardakı gözdən əlilləri də kitabla təmin etməyə çalışır. Direktor müavini bunu belə izah etdi: "Əgər belə etməsək, oradakı gözdən əlillərdə informasiya qıtlığı yaranar. İstəyirik ki, onlar da mütaliə etsinlər. Kitabxanamızın fondunda dərsliklər də var. Bölgələrdəki oxuculara bu dərsliklərdən də veririk. Ola bilər ki, kimsə xüsusi internat məktəbində oxumayıb, heç olmasa dərsliklərdən faydalansınlar".
"Brayl" əlifbasından
necə istifadə olunur?
Burada diqqət çəkən
və hər kəs üçün maraqlı olan "Brayl" əlifbası ilə yazılan kitablar və onların necə oxunmasıdır. Kitabxanada bu əlifba ilə kifayət qədər kitab var. Bunlar əllə hiss edərək oxunan kitablardır. Bəs, bu əlifbanın
özünəməxsusluğu nədir?
T.Balayev qeyri-adi əlifbanın mexanizmini açıqladı. Sən demə,
bu əlifba, sadəcə, 6 nöqtədən
ibarətdir. Yəni bütün
hərflər yalnız
6 nöqtədən əmələ
gəlir. İnsan barmaqları
ilə o nöqtələrə
toxunduqca bilir ki, nə hərfidir.
Bir yerdə olan üç və daha çox nöqtədən sonra gələn tək nöqtə isə vergül işarəsini bildirir. Bir xanaya düz
6 nöqtə yerləşə
bilir. Hərflər isə ən
çox 5 nöqtədən
ibarət olur. Nəticə
etibarı ilə nöqtələrin sayına
və yerdəyişməsinə
görə hərfləri
təyin etmək olur. Əlifba Fransada yaradılıb.
Bu hərflərin
necə öyrədildiyinə
gəldikdə isə
T.Balayev bildirdi ki, gözdən əlillər üçün
xüsusi məktəblər
fəaliyyət göstərir:
"Gözdən əlil
uşaq 1-ci sinfə gedəndə orada xüsusi olaraq buğda və noxudu barmaqlarının arasında oynadır. Beləcə,
getdikcə barmaqlarda həssaslıq artır, hissiyat oyanır. Sonra bu əlifbanı öyrədirlər və
nöqtələrə toxunmaqla
bilirsən ki, hansı hərf necə yazılır.
Azərbaycanda, xüsusən də
bizim məktəbdə
bu əlifbanı öyrədə bilən mütəxəssislər var".
Tofiq Balayevlə maraqlı söhbətdən sonra kitabxana ilə tanışlığa başladıq. Öncə kitabxananın
səsyazma studiyasında
olduq. Burada beynəlxalq təcrübəyə
uyğun olaraq gözdən əlillərə
kitab oxumaq istəyən könüllülər
üçün də
şərait yaradılıb.
Könüllü şəxs mikrofon
qarşısında oxuyur
və onun səs yazısı montaj olunaraq kitabxananın fonduna əlavə olunur.
Studiyada "Brayl" əlifbasında
kitab nəşr etmək üçün
printer də yerləşdirilib. Bu avadanlığın qiyməti
isə deyilənə
görə, çox bahadır. Kitabxananın
direktor müavini dedi ki, əgər
adi printerlərin qiyməti 200 manatdırsa,
bu printerlər min manatlarla qiymətləndirilir.
Ona görə də bu avadanlıqların alınması asanlıqla
başa gəlmir.
Amma ümid var ki,
kitabxana gələcəkdə
daha böyük imkanlara malik avadanlıqlarla təchiz olunsun.
Kitabxananın kitabla təminatı əsasən yerli istehsal hesabına ödənilir. Yalnız rus dilində
olan kitablar Rusiyadan sifariş olunur. Çünki kitabxananın rusdilli
oxucuları da var. Sifarişi əsasən Mədəniyyət və
Turizm Nazirliyi həyata keçirir.
Qalan bütün kitablar Azərbaycanda nəşr olunur. Bunlara Azərbaycanın görkəmli yazarlarının
əsərləri ilə
yanaşı, dünya
ədəbiyyatından nümunələr
də daxildir.
Bu istiqamətdə
beynəlxalq təcrübəni
də öyrəndiklərini
deyən Tofiq müəllim kitab çapı ilə bağlı iki dəfə Türkiyədə
olduğunu və onların təcrübəsindən
yararlandığını bildirdi. Nəticə etibarı ilə
bu gün hər bir işçinin,
oxucunun kompüterində
xüsusi proqram quraşdırılıb ki,
onun vasitəsilə istənilən materialı
səsləndirmək olur.
Direktor müavininin sözlərinə
görə, bu sahədə Azərbaycanda
da gələcəkdə
geniş imkanların yaradılması nəzərdə
tutulur.
Öyrəndik ki, kitabxana gözdən
əlillərə dəstək
olan Qeyri-Hökumət
Təşkilatları ilə
də əlaqələr
qurur. Ayrı qurum olsa da, "Gözdən Əlillər Cəmiyyəti"
kitabxana üçün
bir mərkəz hesab olunur. Çünki bu qurum həm gözdən əlillərin hüquqlarının
qorunmasında, həm
də kitabxananın oxucu təminatında böyük rol oynayır.
İşçi və
oxucular məmnundurlar!
Kitabxana rəhbərliyi fəal oxucuları işlə də təmin edir. Elə həmsöhbətimiz olan bir neçə
kitabxana işçisi
də vaxtilə kitabxananın fəal oxucularından olub. Oxucular zalda öz kompüterləri
arxasında əyləşmişdilər.
Hərəsi bir işlə
məşğul idi.
Biri qulaqçıqla nəsə
dinləyir, digəri maqnitofonla məsğul idi. Hərəsi kitabxana barədə
öz fikirlərini bölüşmək istəyir.
33 ildir burada işlədiyini deyən Sevinc Tağıyeva kitabxananın
onun həyatındakı
əhəmiyyətindən danışır. Deyir ki, bu kitabxana onun dünyagörüşünün formalaşmasında, həyatı
dərk etməsində
mühüm rol oynayıb.
Kitabxananın həm oxucusu, həm də işçisi Nazlı Əliyeva da burada vaxtaşırı
kitab oxuduğunu dedi: "Mən Bakı Dövlət Universitetinin kitabxanaçılıq
və informasiya fakültəsini bitirmişəm.
14 ildir ki
bu kitabxanada çalışıram. Oxucularımıza kitablar barədə
ətraflı məlumat
veririk. Həmçinin mətbuatda dərc
olunan bir çox maraqlı məlumatları onların
diqqətinə çatdırırq.
Oxucu kontingentimiz
müxtəlifdir. Uşaqlardan tutmuş,
ahıl yaşlarına
qədər oxucumuz
var. Məktəb yaşı
və məktəbəqədər
uşaqlar üçün
maraqlı nağıl
kitablarımız, disklərimiz
və jurnallarımız
da mövcuddur".
Nazlı xanım qəzetimiz vasitəsilə ucqar kəndlərdə yaşayan
gözdən əlil uşaqların valideynlərinə
də səsləndi. Qeyd etdi
ki, bu gün
ucqar kəndlərdə
yaşayan əlil uşaqların cəmiyyətə
inteqrasiyası çox
zəifdir. Valideynlər gözdən əlil olan uşaqları Bakıya gətirib internat məktəblərinə
qoysalar, daha yaxşı olar. Beləcə,
bu uşaqlar da cəmiyyətə inteqrasiya olarlar. Qoy onlar da heç
kimə ehtiyac duymadan yaşasınlar, özlərinə bir peşə seçsinlər.
Oxucu Qocabəy Aslanov isə artıq kollektivin bir üzvü sayılır. Çünki
uzun illərdir ki, kitabxananın daimi oxucularındandır:
"Kitabxana ümumi həyatımda böyük
rol oynayıb. Buranın böyük potensialı
var. İstər tələbələr,
istərsə də şagirdlər kitabxanadan yararlana bilirlər. Burada onlar üçün hər bir şərait
var".
Onu da qeyd edək
ki, Respublika Gözdən Əlillər
Kitabxanasında çalışan
20 nəfər işçidən
14-15 nəfəri gözdən
əlildir.
Kitabxananın kollektivi bildirir ki, bura bir
əlil müəssisəsi
olaraq hər zaman dövlətin qayğısını üzərində
hiss edib. İşçilərin əməkhaqları vaxtında verilir, bütün kommunal xidmətlər və
internet ödənişləri tam ödənilir. Sadəcə
olaraq, yerləşdikləri
məkan bir az darısqaldır.
Onlar bu problemlərin də tədricən öz həllini tapacağına ümid edirlər.
Elgün MƏNSİMOV
Azərbaycan.
- 2014.- 2 noyabr.- S.7.