Azərbaycan teatrının problemləri tezliklə həllini tapmalıdır

 

Müasir Azərbaycan teatrının problemlərindən danışarkən  yalnız  "detallaşdırılmış", lokal, eksklüziv təhlillə kifayətlənmək çox dərin məsələyə səthi bir baxış kimi səciyyələndirilə bilər.

Vaxtilə çağdaş amerikan ədəbiyyatının korifeyi, məşhur dramaturq Artur Miller bir müsahibəsində demişdir ki, nəinki tamaşaya qoyulan hər hansı bir əsərin, hətta az qala Brodveydəki bütün teatrların taleyini çox vaxt "Nyu York tayms"da nüfuzlu bir tənqidçinin çap etdirdiyi məqalə həll edir.

Bəs bizdə necə, teatrın və ya heç olmasa tamaşanın "taleyini" həll edən nüfuzlu tənqidçi varmı? Bəs tamaşaçı rəyi necə?

Əgər teatr bu gün yaşayırsa, fasiləsiz inkişafdadırsa, deməli, onun cari və gələcək problemləri barədə düşünməyə dəyər.

Teatr, sadəcə, tikili deyil! Özlüyündə səhnəsi, zalı, kassası... qarderobu olan hər bir binaya teatr demək olmaz. Divarları arasında aktyorların ruhu yaşamayan, gülüş və göz yaşlarından kənarda qalan hər hansı memarlıq abidəsi də hələ teatr deyil!

Eyni zamanda, aktyorsuz və rejissorsuz teatr teatr deyil! Tamaşasız və tamaşaçısız teatr teatr deyil! Və təbii ki, dramaturqsuz və dramaturgiyasız teatr da teatr deyil!

Bu gün dünya dramaturgiyasında ciddi axtarışlar gedir; forma və məzmun komponentlərinin yeni, düzgün incələmələri diqqəti cəlb edir. Teatr üzünü gələcəyə vəE keçmişə tutur.

Nə üçün həm də keçmişə?..

Teatr təzədən öz "uşaqlığına" qayıtmaqla yeni "nəfəs" qazanmaq istəyir: yenidən kölgə teatrı, maska teatrı, səs teatrı, pantomim teatrı, küçə teatrı, buz üstə teatr... "zühr edir". Bu, teatrın vaxtilə keçdiyi mərhələyə onun özünün təzədən qayıdışıdır.

Teatr üzünü həm də gələcəyə tutur. Bu mənada dramaturgiyada yeni axtarışlar gedir.

Fikrimizcə, dramaturgiya müəyyən fəlsəfi yük daşımalıdır. Xüsusən də müasir dramaturgiyanı bu "yüksüz" təsəvvür etmək çətindir. Son illərdə dramaturgiya fəlsəfə ilə elə bil ki, tamamilə çulğalaşıb. Bir anlığa XX əsr dünya dramaturgiyasının nəhəng simalarını göz önünə gətirin: Sartr, Kamyü, İonesko, Bekket və başqaları. Bunlar əksərən professional filosoflardır. Eyni zamanda, XX əsr dünya dramaturgiyasına fəlsəfi mahiyyət, fəlsəfi məzmun, fəlsəfi kvint-essensiya gətiriblər. Ən önəmlisi odur ki, onlar dramaturgiyaya fəlsəfi didaktika yox, məhz fəlsəfi ovqat gətiriblər.

Dramaturgiyasız teatr yoxdur, olmayıb və olmayacaq da! Bu janr (dramaturgiya) qətiyyən sənətin "polfabrikat" məhsulu və ya "geniş istehlak malları" sırasına daxil edilməməlidir. Bu, ədəbiyyatın aparıcı janrıdır, məhək daşıdır. Habelə "ədəbiyyatın süzgəcidir" (S. Yiqon).

Çox təəssüf ki, bizdə dramaturgiyaya ögey münasibət yaranıb. Qəzet və jurnallar əksər hallarda səhnə əsərlərinin çapından imtina edirlər. Dözülməzi odur ki, "dram" adı altında xeyli sayda mənasız, məzmunsuz əsərlər teatrların səhnəsinə, televiziya ekranlarına yol tapmaqdadır. Ən acınacaqlısı isə budur ki, bu janra üz tutanların bir çoxu, nədənsə, hər cür dialoq quraşdırmağı dramaturgiya hesab edirlər.

Əlbəttə, zahirən (məhz zahirən!) dram janrının kvintessensiyasını (cövhərini) dialoqlar təşkil edir (hərçənd ki, pantomim teatrlarda heç buna da ehtiyac yoxdur), amma bu dialoqların fikir, düşüncə, hərəkət, ehtiras... daşıyıcısı olduğunu çoxları unudur.

"Dramaturgiya" sözünün (termininin) daxilində bir "dram" leksemi (anlamı) var, deməli, dramsız dramaturgiya susuz bulaq kimi bir şeydir. Bu cəhətdən dramaturgiya-ədəbiyyatın ən spesifik janrıdır. Hər bir dram əsərinin dəqiq kontur və parametrləri olur və ya olmalıdır. Burada hər şey hesablanır: dialoq da, pauza da, remarka da, gəliş də, gediş də... Bütövlükdə kulminasiya, final öz konkret həllini tapmalıdır. Bu cəhətdən dram əsərini riyaziyyatla müqayisə etmək mümkündür.

Dramaturq digər janrlarda yazıb-yaradan söz adamlarından fərqli olaraq personajın daxili və zahiri portretini maksimum dəqiq boyalarla verməlidir. Belədə dramaturqu rəssamla da müqayisə etmək olar.

Konkret obrazların düşüncə və ifadə spektrində hadisələrin təkcə izahı, şərhi yox, həm də ümumiləşdirilməsi, məcmu kütləsi təqdim olunmalıdır. Başqa sözlə, dramaturq həm də filosof olmalıdır.

Hər bir dram əsəri həm də musiqi əsəridir. Musiqi dramın ruhunda, mahiyyətində, alt və təbii ki, həm də üst qatında olmalıdır. Kamil dramaturq səslərin harmoniyasını anlamalı və öz əsərinə bütöv bir musiqi əsəri kimi baxmalıdır. Bu cəhətdən dramaturq bəstəkardan geri qalmamalıdır.

Dram əsərində personajları "postament üzərinə qoyan" söz və ifadələr, hərəkət və pauzalar yonulmalı, yoğrulmalı, cilalanmalıdır. Bu cəhətdən dramaturq heykəltəraşa bənzəyir.

Ümumiyyətlə, dramaturgiya ilə ciddi məşğul olan adamı konstruktiv nizama riayət etmə baxımından memarla, hadisələrin məntiqi əlaqəsinə diqqət yetirmə baxımından tarixçi ilə, obrazların daxili aləminə nüfuz etmə baxımından psixoloqla yanaşı qoymaq olar.

Bəs bu gün Azərbaycan teatr və dramaturgiyasında vəziyyət necədir?

Açıq deməliyik ki, bu gün əksər Azərbaycan teatrları öz işini günün tələbləri səviyyəsində qura bilmir. Bu sənət ocaqlarının və ya onların rəhbərlərinin bir çoxunun teatrı yaşadıb inkişaf etdirmək üçün nəinki qlobal, heç məhdud təsəvvür və planları belə yoxdur! Teatrlarımız özünü böyükçaplı ədəbi-bədii və fundamental proseslər kontekstindən təcrid ediblər.

Əksər teatrlarda yaradıcılıq ab-havasını "sponsor ovu" əvəz etməkdədir. Amma sponsorlar da tərs kimi teatrlara yox, aktrisalara "maya qoymağa" daha həvəslidirlər! Bundan bir şey hasil olmayanda teatrlar daha çox imkanlı, vəzifəli, "sanballı" müəlliflərin, "dramaturqların" axtarışına çıxırlar.

Nəticə isə göz qabağındadır: nə yazıqlar ki, indi əsl sənətə "göz dağı" olan əsərlər kifayət qədərdir.

Bizcə, teatrlarda bədii rəhbər-direktor bölgüsünün konstruktiv və birmənalı həllinə hələ tamamilə nail olunmayıb. Bədii rəhbər və direktor eyni şəxs olmalıdır, ya yox?.. Bu suala indiki halda birmənalı cavab vermək çətindir.

Əsərlər teatra-səhnəyə necə yol tapmalıdır? Burada konkret meyar olmasa da, çoxlarına məlumdur ki, bir yox, bir neçə "yol"dan söhbət gedə bilər. Necə deyərlər, hərə öz "yolunu" tapır. Əlbəttə, azad seçim, alternativ axtarışlar vacibdir, zəruridir, amma... Ortaya zay məhsullar çıxarmamaq şərtilə. Və buradaca qeyd etmək yerinə düşər ki, bu "zay məhsulların" kəmiyyəti ildən-ilə artır və məsuliyyət teatrlarla yanaşı, peşəkar dramaturqların da üzərinə düşür.

Ədalət naminə deməliyik ki, dövlət öz teatrlarına kifayət qədər qayğı göstərir. (Mən burada "öz" sözünü təsadüfi işlətmirəm, çünki indi müstəqil teatrlar da mövcuddur). Teatrlar təmir olunur, yeniləri tikilir, aktyorlar pis-yaxşı maaşla təmin edilir. Amma gəlin görək hansı teatrda "anşlaqla" tamaşa keçir? Hansı tamaşaya kütləvi tamaşaçı axını var? Bu sualları verəndə, adətən, teatr rəhbərləri inciyir, əsəbləşirlər... Onların əks arqumenti çox vaxt belə olur: bəlkə yaxşı əsərlər olmadığına görə bu cür süstlük yaranıb? Xeyr, yaxşı əsərlər çoxdur! Əgər bizim əsərləri bəyənmirsinizsə, onda zəhmət çəkin, xarici ölkə dramaturgiyasına müraciət edin. Elə müraciət edirsiniz də! Bəs nəticə necə olur? Bəyəm Şekspirin, Molyerin, Çexovun əsərləri əsasında qoyulan tamaşalarda "anşlaq" yaranır? Özümüzü aldatmayaq! Çalışıb düzünü deyək: bizim teatrlarda rejissor məktəbi, lap açıq desək, rejissor şəxsiyyəti çatışmır! Vaxtilə Adil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov məktəbi yaranmışdı. Son illərədək teatrlarda Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu kimi istedadlı rejissorlar fəaliyyət göstərirdi. İndi bu şəxsiyyətlərin hamısı dünyasını dəyişib. Teatrlar az qala yetim gündədir. Çünki onlarda təkcə rejissor yox, həm də sanki bir şəxsiyyət çatışmazlığı yaranıb!

Bununla heç də onu demək istəmirəm ki, bizdə istedadlı adamlar yoxdur! Əsla, belə adamlar kifayət qədərdir. Onların imkanlarından düzgün istifadə etmək, düz istiqamət vermək lazımdır. Bəzi teatr rəhbərləri tez-tez xarici ölkələrə "dahi rejissor" axtarışına çıxır. Biz hansısa istedadlı əcnəbi rejissorun dəvətinin əleyhinə deyilik. Qloballaşan dünyada hər bir sahədə qarşılıqlı əlaqələr mövcud olmalıdır. Amma, ilk növbədə, milli kadrlarımıza qayğı və diqqət göstərilməlidir.

Teatrlarda "dövlət sifarişi" deyilən bir qayda da mövcuddur. Mahiyyəti budur ki, bəzi müəlliflərin əsərlərinin səhnəyə qoyulması üçün büdcədən müəyyən məbləğdə pul ayrılır. Amma başqa müəlliflərin əsərləri, necə deyərlər, teatrların "daxili vəsaiti" hesabına tamaşaya qoyulur.

Adətən, tamaşaya qoyulan əsərlər televiziya kanalları vasitəsi ilə çəkilib nümayiş olunur. Burada da doğmalıq, ögeylik var! Bir sıra müəlliflərin əsərləri əsasında oynanılan tamaşalar çəkilir, bir sıra müəlliflərinki isə yox!

Teatrı olan bütün ölkələrin xüsusi dərgiləri, jurnalları da olur. Qəribədir ki, bizdə büdcədən maliyyələşdirilən belə bir jurnal yoxdur. Bu sətirlərin müəllifinin təsis etdiyi "Teatr" jurnalının isə vəsait çatışmazlığından cəmi bir sayı işıq üzü görüb.

Alman şairi Hötenin bir fikri var: "Xalqı yaratmazdan öncə onun teatrını yaratmaq lazımdır". Bizdə teatr gec də olsa yaranıb. M.F.Axundzadə, C.Cabbarlı, İ.Əfəndiyev kimi dramaturqlarımız olub. İstedadlı aktyorlarımızın adını sadalamaq üçün bir neçə qəzet səhifəsi lazımdır. Bəs istedadla hazırlanmış tamaşa?

Bu gün teatr rəhbərləri tez-tez "teatr islahatları" barədə söhbət açırlar. Teatrda islahat lazımdır. Amma bu, yalnız texniki sahələrdə mövcud ola bilər. Bir də ki, sözün kökündə "islah" kəlməsi var. Aktyoru, rejissoru necə islah etmək olar? Söhbət onların istedadından gedirsə, o, (yəni - istedad) ya var, ya da yoxdur! İndi az qala hamısı həm də bədii rəhbər funksiyası daşıyan teatr müdirləri ilin əvvəlində işçilərin əvvəlcə işdən azad olunması və az qala eyni əmrdə təzədən işə qəbul olunması barədə göstəriş verirlərsə, bu, "islah" və yaxud islahatdırmı? Əslində bunun özü tragikomik bir tamaşanı xatırladır.

Ölkəmizdə teatrların mütləq əksəriyyəti dövlətin himayəsindədir. Burada bütün işçilər büdcədən maaş alır. Düzdür, bu maaşın kəmiyyəti indiki şəraitdə o qədər də yüksək deyil. Amma bir tragikomik hal da ondan ibarətdir ki, maaş alan aktyorların bir çoxu, məsələn, ilboyu bir rolda belə çıxış etmir. Teatrların çoxu ölgün, passiv vəziyyətdədir. Çünki nə teatrlar arasında, nə də teatrdaxili rəqabət vardır. Bu rəqabəti heç olmasa dövlət teatrları ilə müstəqil teatrlar arasında yaratmaq olardı. Özü də süni yox, təbii qaydada. Axı bizdə qeydiyyatdan keçmiş müstəqil teatrlar var. Həmin teatrlarda bir sıra istedadlı aktyor fəaliyyət göstərir. Di gəl ki, onlara heç bir qayğı göstərilmir. Bu yerdə mədəniyyətdən başqa hər sahədə qrant almağa can atan QHT-lər də yada düşür. Hesab edirik ki, dövlət teatrlarının binasında müstəqil teatrların tamaşalarının göstərilməsinə şərait yaradılması pis olmazdı. Bundan başqa, müstəqil teatr, yaradıcılıq emalatxana və laboratoriyalarının festival və müsabiqələrinin təşkili də teatr mədəniyyətinin inkişafında müsbət rol oynaya bilər. Bu cəhətdən, bəzi bölgələrdə fəaliyyət göstərən xalq teatrlarının maraqlı işini göstərmək olar.

Söz yox ki, heç kəs dramaturqa (və ya başqa sənət sahibinə) necə əsər yaratmaq barədə konkret resept verə bilməz. Amma hər halda haqqında söhbət gedən sənətin bəzi ümumi prinsipləri, paradiqmaları haqqında söhbət açmaq mümkündür.

Əvvəla, səhnə üçün əsər yazmaq iddiasında bulunan hər bir kəsə məlum olmalıdır ki, dramaturgiyanın öz qanun və kanonları mövcuddur. Hətta, burada "yazılmamış qanunlar" da var ki, onlara mütləq riayət edilməlidir. Ona görə də mütləq teatr texnikasına yiyələnmək gərəkdir.

İkincisi, dram-həyatın və personajın modelidir. Dramaturq 2-3 saat ərzində dövr və qəhrəmanlar haqqında konkret və müfəssəl təsəvvür yaratmalıdır.

Üçüncüsü, dramaturq öz qəhrəmanlarını tamaşaçılara özü təqdim etmir, hər obraz özü özünü təqdim edir. Personajların bu cür "özünütəqdimi" sənətin məntiqi baxımından əsaslandırılmalıdır.

Dördüncüsü, dramaturq heç vaxt öz obrazlarının tamaşaçılarla "ümumi dil" tapması problemini unutmamalıdır. Səhnə ilə zal arasında qarşılıqlı anlaşma yaranmırsa, sənətdə uğur barədə danışmağa dəyməz.

Beşincisi, dramaturq təkcə teatra, səhnəyə yox, həm də... dramaturgiyaya bələd olmalıdır. Doğrudur, Belinski vaxtilə deyirdi ki, pyes yazan adam gərək elə anadan dramaturq doğulsun. Etiraz yoxdur: qoy doğulsun! Amma "anadangəlmə" istedaddan başqa, bu sahə ilə məşğul olan adamın geniş erudisiya və savadı da olmalıdır. Etiraz edib deyərlər ki, bu cür keyfiyyətlər (savad və erudisiya) əslində bütün sahələrdə zəruridir. Doğru etirazdır. Dünya ədəbiyyatında sistemli təhsili, savadı olmayan kifayət qədər məşhur şair və nasirə rast gəlmək olar. Savadsız adamın kortəbii şəkildə dahiyanə səhnə əsəri yaradacağına inanmaq isə mümkün deyil! Bu mənada dramaturq mütləq dünya ədəbiyyatına dərindən bələd olmalıdır.

Azərbaycan dramaturgiyası dərin köklərə, şərəfli ənənələrə malikdir. Bu gün fəaliyyət göstərən dramaturqlar-yəni bizlər nədənsə bəzən məlum janrın qanun və prinsiplərini unuduruq. Axı, niyə yaddan çıxarırıq ki, dramaturgiyanın konkret "konturları" mövcud olsa da, dəyişməz "müddəaları" yoxdur. Bu janrın öz inkişaf tendensiyası, axtarışları, tapıntıları vardır. Və burada qadağalar da yoxdur.                                                                                                                               

Əlbəttə, hər bir səhnə əsəri üçün mövzunun aktuallığı əsas şərtlərdən  biridir. Hər hansı bir iş adamının iflasa uğraması da, ev və ya maşın  satışının uğurlu və ya uğursuz nəticəsi də, kiminsə kiminlə nikaha girməsi də,  vəzifə  adamının davranışı da, doğum evindən tutmuş ahıllar evinəcən - həyatın müxtəlif döngələrində  üzləşdiyimiz sevinc və sarsıntılar da... bir sözlə, dünyamızın bəlkə də bütün hadisə və problemləri səhnə əsərinin (ümumiyyətlə, ədəbiyyatın) mövzusu ola bilər! Baxır necə? Əgər yazıçı (dramaturq), məsələn, ailə-məişət mövzusunda əsər yazarkən öz üzərinə VVAQ və ya məhkəmənin missiyasını götürsə, həmin "əsərin" sənətə heç bir dəxli yoxdur. Eləcə də ev (və ya maşın) satana, bizneslə məşğul olana, falçılıq (və ya ektrasenslik) edənə, lap elə fırıldaqçıya (yalançıya) "düzgün yol göstərmək", onu "asıb-kəsmək" yazıçının borcu deyil.  Heç alimin, fizikin, polisin, nazirin, çobanın, rəssamın... bir sözlə, hər hansı sənət (və ya peşə) sahibinin işinə nüfuz etmək də  qələm sahibinin "vəzifə səlahiyyətinə" daxil deyildir. Yəqin ki, oxucu istər-istəməz soruşacaq: "Elə isə yazıçının qəhrəmanı kim olmalıdır?" Cavab veririk: alim, fizik, polis, nazir, çoban, rəssam... bir sözlə, hər bir sənət (və ya peşə) sahibi, yer üzündəki hər bir insan əsər qəhrəmanı ola bilər.

Bəs elə isə yuxarıdakı təkziblə (inkarla)  bu təsdiq arasında aşkar bir  ziddiyyət görünmürmü?  Qətiyyən! Biz adlarını sadalamaq istəmədiyimiz  həmin peşə sahiblərinə öz işlərini necə qurmaları barədə "izahat vermək" niyyətindən azad olmalıyıq. Əlbəttə, yazıçı müraciət etdiyi mövzuya, öz qəhrəmanının  (obrazının) iş-gücünə yaxından bələdsə, bu,  çox təqdirəlayiq haldır. Ən gülünc hal odur ki,  yazıçı məsələn, aqronoma əkin-biçin qaydaları öyrədir.  Sovet dönəmində bir çox istedadlı  yazıçıların "belini qıran" amillərdən biri də elə bu nəsnələrlə bağlı idi: yazıçı kolxoz sədrinə və ya hüquqşünasa "peşə məsləhətləri" verirdi.  Yenə təkrar edirəm: hər bir insan və ya hadisə əsər üçün mövzuya çevrilə bilər, amma yazıçı üçün əsas şərt kiminsə peşəsi, sənəti... deyil, onun mənəviyyatı olmalıdır. Yazıçı üçün obrazın "çölü" yox, "içi" maraq kəsb etməlidir.  Yazıçı tutaq ki, ev dəyişən və ya bizneslə məşğul olan hansısa bir şəxsin iş prosesində üzləşdiyi müəyyən bir problemi, daha doğrusu, həmin problemdən doğan və ya onunla bağlı olan mənəvi-ruhi hiss-emosional... eləcə də faciəvi-dramatik-komik...  vəziyyətləri öz əsərinin  mayasına, mahiyyətinə çevirə bilər.

Bütün normal teatrların öz tamaşaçı siyasəti mövcuddur. Əslində teatrların yaxşı və pis tamaşaları kimi, yaxşı və pis tamaşaçıları olur. Biz indiki halda yaxşı və pis tamaşaların və tamaşaçıların konkret məziyyətlərini müəyyənləşdirmək iddiasından uzağıq. Təkcə onu demək istəyirik ki, tamaşaçının formalaşması mürəkkəb bir prosesdir, yalnız kiçik (məktəbli) yaşlarından teatra məhəbbət ruhunda tərbiyə olunan yeniyetmə gələcəyin intellektual vətəndaşına, səviyyəli tamaşaçıya çevrilə bilər. Deməli, hər kəs uşaq, yeniyetmə vaxtlarından teatrın "havasını udmalıdır".

Bəs vəziyyət necədir?

Biz uşaq olarkən müəllimlər teatrı, tamaşaları təbliğ edirdilər. İndi isə "əks-təbliğat" gedir; yeniyetmələrin teatra, mədəniyyət ocaqlarına getməsinin qarşısı alınır. Bizcə, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, digər aidiyyəti qurumlar çalışmalıdırlar ki, hər bir ali və orta məktəbdə təhsil alan gənc mütəmadi olaraq teatra getsin. Hətta, bunun üçün xüsusi qrafik-plan tutulmalıdır. Ayağı teatra, konsert salonuna, bir sözlə, mədəniyyət məbədinə dəyməyən fərddən necə geniş dünyagörüşü gözləmək olar?

Bir sözlə, teatrın yüksəlişi təkcə teatr xadimlərindən yox, bizim hamımızdan - bütün cəmiyyətdən asılıdır.

                                                     

Firuz MUSTAFA,

yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya bölməsinin rəhbəri

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.7.