Göyçayda keçirilən Nar bayramında 30 kəndin məhsulları nümayiş etdirilib

 

Göyçayda keçirilən növbəti Nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənib. Burada rayonun 30-a yaxın kəndinin məhsulları nümayiş etdirilib.

AzərTAc xəbər verir ki, sayca doqquzuncu olan bu bayramda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları ilə yanaşı, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları da iştirak ediblər.

Bayram iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıb. Onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Qonaqları festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi salamlayıb. Tədbir iştirakçıları narnar məhsullarından ibarət sərgi ilə tanış olublar. Meydanda təşkil olunan kitab, əl işləri və qədim sənət növlərindən ibarət sərgilər, idmançıların, kəndirbazların, pəhləvanların, folklor rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları maraqla izlənilib.

Sonra qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Göyçay rayonu ilə qardaşlaşan İtaliyanın Valmontone şəhərinin meri Alberto Latini çıxış ediblər. Qeyd olunub ki, artıq doqquzuncu dəfə təşkil edilən bu məhsul bayramı Göyçayda narçılığın inkişafına təkan verib.

Nar Azərbaycanın demək olar ki, bütün rayonlarında yetişdirilir. Amma Göyçay narı dadına, növlərinin geniş çeşidinə görə daha çox fərqlənir. Göyçayın tarixi narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildən başlayaraq keçirilən Nar bayramı artıq ənənə halını alıb və Azərbaycanın dünyada təbliği baxımından da böyük əhəmiyyət daşıyır. Yerlixarici medianın işıqlandırdığı bayram tədbirləri ölkəmizə turist axınına müsbət təsir göstərir.

Çıxışlarda Nar bayramının bu və digər məziyyətlərindən bəhs olunub. Həmçinin belə bir fikir səslənib ki, ölkəmizdə narçılığın daha da inkişaf etdirilməsi üçün gələcəkdə müvafiq qanunun qəbul olunmasına ehtiyac duyulur.

Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi bol məhsul yetişdirilməsinə zəmin yaradıb. İlkin hesablamalara görə, 48 min tona yaxın məhsul gözlənilir. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 45 min tondan çox nar tədarük ediblər. Məhsulun 40 faizi Rusiya, UkraynaGürcüstan bazarlarına çıxarılıb. Son iki ildə rayonda 250 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” nar sortları əkilib. İstehsal müəssisələri isə ilbəil imkanlarını genişləndirirlər. Tədbirdə səsləndirilən bu məlumatlar, fakt və rəqəmlər diqqəti cəlb edib.

Sonra qonaqlar nardan hazırlanan məhsulların, Göyçay mətbəxinin ləziz yeməklərinin, şirniyyatların dadına baxıb, yerli müəssisələrdə istehsal edilən şirə və cövhərlərin keyfiyyəti ilə maraqlanıblar.

Festival rəngarəng müsabiqələrlə də yadda qalıb. Ən böyükkiçik nar yetişdirən, narı giləsini yerə salmadan ən tez yeyən, nar şirəsini ən sürətlə hazırlayan şəxslərə mükafatlar verilib.

Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olub.

 

Azərbaycan. - 2014.- 2 noyabr.-  S.8.