Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr

 olunmuş musiqi festivalının açılış mərasimi keçirilib

 

Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş musiqi festivalının açılış mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurum 80 illik fəaliyyəti dövründə böyük işlər görüb, bir sıra nailiyyətlər əldə edib.

Qurumun 80 illik yubileyi münasibətilə təşkil olunan bu musiqi tədbirinin proqramının rəngarəng olduğunu söyləyən sədr deyib ki, festival çərçivəsində müxtəlif konsert salonlarında reallaşacaq tədbirlərdə 70 müəllifin müxtəlif janrlarda bəstələdikləri musiqiləri səslənəcək.

F.Əlizadə qeyd edib ki, festivalda xarici ölkələrdən musiqişünas və bəstəkarlar da iştirak edirlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, Bəstəkarlar İttifaqının 80 illiyi bir ilə yaxındır ki, müxtəlif tədbirlərlə qeyd olunur. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin fəaliyyətində özünəməxsus layiqli bir yer tutması əlamətdar haldır. Klassik Azərbaycan musiqisinin, yaradıcılıq potensialının genişləndirilməsində, inkişafında Bəstəkarlar İttifaqı çox böyük və mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələri veriblər.

Vurğulanıb ki, bu gün Azərbaycan musiqisi ölkəmizin hüdudlarından kənara çıxıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatları keçirilir. Sözsüz ki, bu təqdimatlar çərçivəsində musiqimiz ən əsas qüvvədir.

Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən Əbülfəs Qarayev musiqimizin tanınmasında və daha geniş təbliğ olunmasında, yeni əsərlərin ərsəyə gəlməsində, müxtəlif maraqlı və geniş layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söyləyib. Diqqətə çatdırıb ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan müxtəlif festivalların keçirilməsində Bəstəkarlar İtiifaqı da fəal iştirak edir.

Azərbaycan bəstəkarlarından yeni yaradıcılıq nailiyyətləri gözlədiklərini vurğulayan nazir deyib ki, ölkəmizi tanıtmaqda, insanda ruh yüksəkliyinin oyatmaqda musiqinin böyük rolu var. İnanırıq ki, bəstəkarlarımız öz yaradıcılıq axtarışları ilə buna nail olacaqlar.

Musiqiçilərə dövlət tərəfindən dəstək verildiyini söyləyən Ə.Qarayev həm yaşlı, həm də gənc nəslin nümayəndəsi olan bəstəkarlara xüsusi təqaüdlər təsis edildiyini diqqətə çatdırıb.

Sonra Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin konserti olub. Orkestrə Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov dirijorluq edib.

Konsertdə, həmçinin Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib.

Konsertdə Sərdar FərəcovunTürk şöləni”, Dadaş Dadaşovun qanun ilə simfonik orkestr üçün konsert, Cəlal Abbasovunİf İ could see you again” simfoniyası, Mobil Babayevin viola simfonik orkestr üçün konsert, Rəna QədimovanınSarı gəlinballadası, Həsən Adıgözəlzadənin “Bursa” kantatası, Məmməd CəfərovunVətən dedimkantatası, Tofiq BakıxanovunHəmişə bizimləsənsimfonik poeması, Cövdət HacıyevinSülh uğrundasimfonik poeması səsləndirilib.

 

Azərbaycan.-2014.- 4 noyabr.-  S.7.