Türk dünyası ictimai fikrinin parlaq dühası
Əli bəy Hüseynzadə bütün
türk dünyasının
XIX əsrin sonu - XX əsrin birinci yarısında yetişdirdiyi
ən görkəmli simalarından biridir. Əslində onu geniş dünyagörüşünə və universal biliyə, hərtərəfli ictimai-siyasi
təfəkkürə malik
olan şəxsiyyət
adlandırsaq yanılmarıq.
Çünki o, ədəbiyyatı
öz əsərləri
ilə zənginləşdirən
böyük ədib, mütəfəkkir-filosof, türk
dünyası ədəbiyyatının inkişafına
təkan verən görkəmli ədəbiyyat
tənqidçisi idi.
Hüseynzadə qeyd edilənlərdən
başqa həm də tədqiqatları ilə seçilən alim, istedadlı şair, təbabətdən
öz imkanlarını
əsirgəməyən həkim,
rəssam, tərcüməçi,
müəllim və jurnalist kimi fəaliyyət göstərmişdir.
O, bütün sahələrdə
yüksək bilik və bacarığını
nümayiş etdirmiş,
özünəməxsus mütəxəssis
keyfiyyətləri ilə
seçilmişdir. Azərbaycan
mətbuatı və publisistikası Əli bəyin bu sahələrdəki
xidmətlərini bu gün də hiss etməkdədir. Ə.Hüseynzadə dərin bilikli
bir insan, şəxsiyyət kimi bütün mənalı ömrünü mənsub
olduğu millətin və xalqın hərtərəfli tərəqqisinə
həsr etmişdir.
Ə.Hüseynzadənin təkcə "Peyğəmbər
kimi bütün türk dünyasında yeni üfüqlər açan" (Ziya Göyalp) "türkləşmək,
islamlaşmaq, avropalaşmaq"
məqsədli ülvi
və həqiqi məramı insanlığın
ictimai təfəkkür
xəzinəsinin son dərəcə
dəyərli bir hissəsini təşkil edir. Elə məhz bu cəhətdən o, bütün
türk xalqlarının
sosial-siyasi həyatında
və taleyində misli görünməmiş
müstəsna əhəmiyyətli
hadisə idi. Onun şəxsiyyəti və
fəaliyyətinin özü
tamamilə yeni olan tarixdir.
Öz böyük
sələflərindən və
tanınmış müasirlərindən
fərqli olaraq, Əli bəy ictimai həyat hadisələrinin əsl mahiyyətini, onların səbəblərini və
meydana çıxara biləcəkləri mənfilikləri
düzgün qiymətləndirməyi
məharətlə bacarmışdır. Ə.Hüseynzadə ilk dəfə olaraq belə bir ideya
irəli sürürdü
ki, "istibdaddan qurtuluş yolu, müstəbidlikdən xilasın
çarəsi yalnız
ittihaddadır". Mütəfəkkir
bunu, - "bir millət üçün
hər şeydən əqdəm arzu ediləcək qüvvət"
adlandıraraq yazır:
"İttihadın vacibliyini
anlamayan, dərk etməyən, kor qalıb bunu görməyən millətlərin
çıxılmaz girdablara
düşəcəkləri gün kimi aşkardır...
Bu gün hər bir dövlət qüvvətli olmağa
can atır. Çünki hər bir firavanlığın yeganə
əsası qüvvətdir.
Zəmanəmizdə millətlərin səlamətinə, səadətinə
yeganə vasitə budur".
Göstərmək zəruridir ki, Ə.Hüseynzadənin başçılıq
etdiyi "İttihad hərəkatı" tamamilə
yeni xarakterli məzmun daşıyırdı. Bu hərəkat möhkəm
təməlli ideoloji bazaya malik olduğuna
görə, turançılıq
onun ən xoş məramlı sosial-siyasi ideoligiyası idi. Turançılıq ideologiyası ilk növbədə, panislamizmə
qarşı çevrilmişdi.
Digər
tərəfdən isə
o, türk birliyini siyasi cərəyan kimi sosial-siyasi həyat meydanına çıxarmışdı. Əli bəyin bilavasitə özünün
ideoloqu olduğu turançılıq ideologiyası
hər cür təcavüzün, istismarın
və digər siyasi qərəzli mövqelərin tam əleyhinə
çıxır, müsəlman
Şərqinə təzyiqlər
göstərən "Avropa
təcavüzü" qarşısında
ancaq özünümüdafiə,
özünütanıma və
özünütəkmilləşdirmə
məqsədlərinə xidmət
edirdi.
Ə.Hüseynzadə ittihadın mahiyyətini açıqlayaraq
yazırdı: "...Məsələ
ittihad, yaxud tövhid məsələsi
deyil. Əsl məsələ dil, din birliyini qorumağın vacibliyini bilməkdir. Çünki yalnız bu yolla türklər harada yaşayırsa-yaşasın
bir-birini tanıyacaq, sevəcəkdir. Mədəniləşmə və tərəqqi
yolunda bir-birinə kömək edəcəkdir".
Mütəfəkkir-filosof dil və din birliyini "gələcəyə
doğru yol" adlandıraraq israrlı şəkildə tələb
edirdi ki, "məqsədimiz bu yoldan ayrılmamaq, müntəzəm və tədricən irəliləmək,
yəni təkamül
yolu ilə tərəqqiyə xidmət
etməkdir".
Deməli,
Ə.Hüseynzadənin "İttihad hərəkatı"nın (yəni birlik, ittifaq hərəkatının) sosial-siyasi
və müəyyən
dərəcədə də
hüquqi məzmunlu proqramı hər cür təcavüzkar və istibdad yönümlü siyasət
əleyhinə çıxaraq
öz qarşısına
sırf ideoloji mübarizə məqsədini
qoymuşdu ki, bu da dinc
vasitələrin köməyilə
mübarizə aparmağın
ən humanist və demokratik yolu idi.
Əli bəy Hüseynzadəni xarakterizə
edən ən müstəsna əhəmiyyətli
keyfiyyəti onun böyük və alovlu bir vətənpərvər
olması idi. O, ömrünün
bütöv bir hissəsini (1890-cı ildən
vəfat etdiyi
1940-cı ilədək) Türkiyədə
yaşasa da, vətəni Azərbaycanı
bir an da
olsa unutmamış, onu həmişə böyük məhəbbətlə
sevmişdir. Ə.Hüseynzadə və Azərbaycan
bir-birini tamamlayan məfhumlardır. Vətən - Azərbaycan onun dini və imanı,
obaları, dağları
və meşələri
ilə gözoxşayan
doğma yurdu idi. Belə bir bütöv
şəxsiyyət vətəni
sevməyə bilməzdi.
Vətən Əli bəyin həyatının
mənası, onun bütün varlığının
guşə daşı
idi.
Təsadüfi deyil ki, Azərbaycanın
milli iqtisadiyyatı, siyasi müstəqilliyi və suverenliyi onun ən yüksək
amalı olmuşdur. O, bütün
həyatı və ömrünü sərf etdiyi əməli fəaliyyəti boyu Azərbaycanı beynəlxalq
hüququn tamhüquqlu
subyekti görmək arzusu ilə yaşadı və öz amalına son nəfəsinədək sadiq
qaldı. Çünki o, özünün "Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar" aforizminə qəlbən inanırdı.
Habil QURBANOV,
AMEA-nın Fəlsəfə
və Hüquq İnstitutunun
"Dövlət və
hüquq nəzəriyyəsi,
mülki hüquq və mülki proses"
şöbəsinin müdiri,
hüquq üzrə elmlər doktoru, professor
Azərbaycan.-2014.- 4 noyabr.- S.7.