2014-2020-ci illərdə
Azərbaycan Respublikasında
pensiya təminatı
sisteminin islahatı KONSEPSİYASI
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il “ 04 “ noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmişdir
1.
Giriş
Pensiya təminatı sistemi dövlətin həyata
keçirdiyi sosial müdafiə siyasətinin ən
mühüm və əsas istiqamətlərindən biridir.
Müstəqilliyin əldə edildiyi ilk illərdə
ölkə iqtisadiyyatının zəif inkişafı, maliyyə
vəsaitlərinin çatışmazlığı səbəbindən
pensiya təminatı sistemində çətinliklər meydana
çıxmışdır. Bununla yanaşı,
sovet dönəmindən qalmış sosial sığortaya əsaslanmayan
pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə ciddi
uyğunsuzluğu Azərbaycan Respublikası üçün əsas
və ümumi bir problem olmuşdur.
1993-cü ildən başlayaraq Azərbaycan Respublikasında
siyasi sabitlik bərqərar edilməklə əldə olunan
dayanıqlı iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin
gücləndirilməsinin əsas amilinə çevrildi. Məhz bu
dövrdə ölkənin pensiya təminatı sisteminin
qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən
qurulması sosial siyasətin strateji istiqamətlərindən
biri kimi müəyyənləşdirildi.
Ötən
illər ərzində həyata keçirilən islahatlarla Azərbaycanda
müasir və sosial baxımdan yüksək səmərəyə
malik pensiya təminatı sisteminin yaradılmasına nail
olunmuşdur. Bunun nəticəsində pensiya
yaşında olan əhali təbəqəsinin sosial rifah
durumu əhəmiyyətli şəkildə
yaxşılaşmış və bu təbəqədə
yoxsulluq, demək olar ki, tam olaraq aradan
qaldırılmışdır. Əhalinin sosial
müdafiəsi sahəsində məqsədyönlü tədbirlər
2006-2013-cü illərdə əmək pensiyalarının
orta aylıq məbləğinin 5,7 dəfə
yüksəldilməsinə və beləliklə də bu
göstərici üzrə ölkəmizin postsovet coğrafi məkanında
öncül mövqelərdə qərarlaşmasına imkan
vermişdir.
Bununla belə, pensiya təminatı sisteminin daim yenilənən
müasir tələblərə
uyğunlaşdırılması zəruriliyi bu sahədə
bu gün də yeni çağırışlara cavab verən
islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycanda
mövcud pensiya təminatı modelinin beynəlxalq təcrübədə
əldə olunmuş qabaqcıl təcrübə nəzərə
alınmaqla təkmilləşdirilməsi zərurəti ilk
növbədə ölkəmizdə bazar iqtisadiyyatına
keçidin uğurla başa vurulması və yeni
reallıqlar müstəvisində vətəndaşların
pensiya təminatının daha yetkin mexanizmlər vasitəsilə
həyata keçirilməsinə imkan verən sistemin
yaradılması ilə bağlıdır. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında qarşıya
qoyulmuş hədəflər bütövlükdə sosial sahədə,
o cümlədən vətəndaşların pensiya təminatı
sahəsində ölkəmizin əldə olunmuş nailiyyətlərə
söykənməklə yeni perspektivlərin çizilməsinə
və qabaqcıl beynəlxalq təcrübəyə uyğun
dəyişikliklər strategiyasının həyata
keçirilməsinə əlverişli zəmin yaradır.
“2014-2020-ci illərdə Azərbaycan Respublikasında
pensiya təminatı sisteminin islahatı Konsepsiyası” əhatə
etdiyi dövrdə pensiya təminatı sahəsində dövlət
siyasətinin əsaslarını müəyyənləşdirir.
2. Pensiya
təminatı sahəsində beynəlxalq təcrübə
2.1. Beynəlxalq
Əmək Təşkilatının, eləcə də Avropa
Şurasının sosial təminat sahəsində müvafiq
konvensiyaları və tövsiyələri bir qayda olaraq
qocalığa, əlilliyə və ailə
başçısını itirməyə görə təminatları
nəzərdə tutmaqla yanaşı, bu ödənişlərin
məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi
mexanizmlərinə istinad edir. Eyni zamanda, bir
çox ölkələrdə məcburi sosial sığorta
sistemi ilə yanaşı, könüllü pensiya
sığortası da inkişaf etdirilir ki, bu da əhalinin əlavə
pensiya təminatında mühüm rol oynayır.
2.2. Beynəlxalq
təcrübədə pensiyaların maliyyələşdirilməsi
həmrəylik, yığım, habelə bu modellərin birləşməsindən
ibarət pensiya sistemləri əsasında həyata keçirilir.
Həmrəylik sistemi hazırda işləyənlərin
əsas etibarı ilə ödədikləri sosial
sığorta haqqı hesabına yaşlı nəslin
pensiyalarının maliyyələşdirilməsini nəzərdə
tutur. Bundan fərqli olaraq, yığım
sistemində hazırda işləyənlərin icbari, yaxud
könüllü qaydada ödədikləri sosial
sığorta haqqı cari pensiya xərclərinə sərf
olunmur və əlavə gəlir əldə etmək məqsədi
ilə müxtəlif investisiya proqramlarına yönəldilərək
idarə olunur.
2.3.
Qabaqcıl ölkələrdə bu maliyyələşmə
modellərinin müxtəlif nisbət və formada birləşməsinə
əsaslanan pensiya təminatı sistemləri daha geniş
yayılmışdır. Əksər hallarda
icbari qaydada tətbiq edilən və əsasən həmrəylik
prinsipi üzrə maliyyələşdirilən dövlət
pensiya təminatı sistemlərinə əlavə olaraq
yığım maliyyələşmə modeli əsasında
fəaliyyət göstərən pensiya təminatı sistemlərindən
istifadə olunur.
2.4.
Hazırda dünyada qlobal iqtisadi və demoqrafik amillərin təsiri
ilə pensiya təminatı sahəsinin inkişafı
tendensiyaları bütövlükdə bu sahənin maliyyə
dayanıqlığının etibarlı şəkildə təmin
olunması istiqamətində görülən tədbirlərlə
müəyyənləşir.
2.5. Qlobal
maliyyə böhranı şəraitində vəsaitlərin
dəyərsizləşməsi ilə bağlı üzləşilən
ciddi problemlər bir tərəfdən həmrəylik modellərinin
gücləndirilməsi, digər tərəfdən isə
yığım pensiya təminatı sxemlərində vətəndaşların
iştirakının məcburi qaydadan daha çox
könüllülük əsasında həyata keçirilməsinə
üstünlük verilməsi meyllərini gücləndirmişdir.
2.6. Bir
çox qabaqcıl ölkələrin təcrübəsində
həmrəylik prinsipi əsasında qurulmuş dövlət
pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi
başlıca olaraq sığorta prinsiplərinin tətbiqinin
genişləndirilməsi yolu ilə həyata keçirilir. Dövlət pensiya təminatında sığorta
prinsiplərinin gücləndirilməsi toplanan pensiya öhdəlikləri
ilə yığılan maliyyə vəsaitlərinin
balanslaşdırılmış tarazlığının təmin
edilməsini, həmçinin bu sistemlərin
iştirakçılarına münasibətdə aktuar ədalətliliyin
(hər bir iştirakçının ödədiyi sosial
sığorta haqlarının onun alacağı pensiya məbləğinə
mütənasib olmasının) gözlənilməsini nəzərdə
tutan islahat tədbirləri ilə bağlıdır.
2.7. Beynəlxalq
təcrübə göstərir ki, yalnız məcburi
dövlət sosial sığortasına əsaslanan sistemin tətbiqi
ilə yüksək pensiya məbləğinə nail
olunması xeyli çətindir. Məcburi
dövlət sığortası ilə yanaşı,
könüllü sığortanın tətbiqi layiqli pensiya məbləğinə
şərait yaradır. Könüllü
sosial sığortanın tətbiqi özəl pensiya
fondlarının yaradılmasını zəruri edir ki, bu da
pensiya sistemləri ilə maliyyə bazarları arasında
qarşılıqlı əlaqənin təmin edilməsini
şərtləndirir.
3. Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin
mövcud
vəziyyəti
3.1. Azərbaycan Respublikasında pensiya təminatı
üzrə aparılan islahatlar nəticəsində sosial
sığorta, fərdi uçot və pensiya təminatı
sahəsindəki funksiyaların bir-birini tamamladığı
vahid dövlət pensiya təminatı sistemi
formalaşdırılmışdır. Həmin
sistemin fəaliyyəti müasir tələblər səviyyəsində
təşkil olunmuş, o cümlədən
sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən
məcburi dövlət sosial sığorta haqlarının bu
hesablarda fərdi uçotunun aparılması, vətəndaşların
pensiya hüquqlarının dəyər ifadəsində həmin
uçotun məlumatları əsasında müəyyənləşdirilməsi
mexanizmi yaradılmışdır.
3.2.
Aparılan islahatlarla ilk növbədə əvvəlki pensiya
təminatı sisteminin bazar iqtisadiyyatı ilə
uyğunsuzluğunun yaratdığı çoxsaylı
problemlər aradan qaldırılmış, həmin sistemlə
əhatə olunmuş insanların məhdudiyyət qoyulmadan
yeni şəraitə inteqrasiyası tamamlanmışdır.
3.3.
Bütövlükdə pensiyaların artımı mexanizminin
bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşdırılması və pensiya məbləğlərinin
indeksləşdirmə yolu ilə inflyasiyadan qorunması təmin
edilmişdir.
3.4.
Bununla yanaşı, uzunmüddətli dövr
üçün pensiyaçıların etibarlı sosial
müdafiəsinə nail olmaq məqsədi ilə pensiya təminatı
sisteminin maliyyə dayanıqlılığının
möhkəmləndirilməsinə və sığorta
prinsiplərinin daha da dərinləşdirilməsinə hədəflənən
islahat tədbirlərinin davam etdirilməsi mühüm əhəmiyyət
kəsb edir. Pensiya təminatı sistemində bir sıra həllini
gözləyən problemlər mövcuddur:
3.4.1. pensiya təminatı sistemində hazırkı
şərtlər daxilində uzunmüddətli dövr üzrə
maliyyə dayanıqlılığının olmaması.
Hazırda pensiya məbləğlərinin bir hissəsini
müstəqil Azərbaycan Respublikasında sosial
sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki dövr
üzrə formalaşmış məbləğlər təşkil
edir. Həmin dövrə görə yaranan
dövlət öhdəlikləri, eləcə də bəzi
kateqoriyadan olan şəxslərin pensiyasına əlavələr
sığorta prinsiplərinə əsaslanmadığından
pensiya təminatı sistemində təmin olunmamış
maliyyə öhdəlikləri formalaşmışdır.
Bununla yanaşı, pensiyaçıların
sosial müdafiəsinin gücləndirilməsi məqsədi
ilə dövlətin həyata keçirdiyi bir sıra tədbirlər
nəticəsində yaranan öhdəliklərin ödənilən
məcburi dövlət sosial sığorta haqları ilə
bağlı olmaması (əmək pensiyalarının baza
hissəsinin mütəmadi artımları, sistemə ödənilən
sosial sığorta məbləğlərinə adekvat olmayan
yüksək pensiya təminatı və s.) həmin öhdəliklərin
məbləğinin şərti yığım sistemində
qeydə alınan pensiya kapitalına uyğun olmayan
artımını yaratmışdır.
Hazırda ölkəmizdə mövcud olan pensiya təminatı
sistemində bir sıra sosial sığorta ilə əlaqəli
olmayan öhdəliklər sistemin maliyyə yükünü xeyli
artırmaqla pensiya sisteminin xərclərinin, eləcə də
dövlət büdcəsindən ayırmaların (transfertin)
artımını şərtləndirmişdir. Nəticədə, Dövlət
Sosial Müdafiə Fondunun təsdiq edilmiş büdcəsində
xərclərin məbləği 2014-cü ildə 2928,5 milyon manat təşkil etmişdir ki, bu da
2006-cı ildəki 589,5 milyon manatla müqayisədə 5 dəfə
artmışdır. Həmin müddətdə dövlət
büdcəsindən ayırmaların (transfertin) məbləği
6,8 dəfə artmaqla, 167 milyon manatdan 1142 milyon manata, cəmi
xərclərdə xüsusi çəkisi isə 28,3 faizdən
39 faizə yüksəlmişdir. Göstərilənlərlə
bağlı, pensiya təminatı sisteminin uzunmüddətli
inkişaf dövrü üçün maliyyə
dayanıqlılığının daha da möhkəmləndirilməsi
məqsədi ilə müvafiq tədbirlər işlənilməli,
sosial sığorta prinsiplərinə əsaslanmayan dövlət
öhdəlikləri üzrə xərclərin maliyyə
yükünün sistemə təsiri tənzimlənməli,
sosial sığorta haqları ilə sosial sığorta ödənişləri
arasında əlaqə gücləndirilməlidir;
3.4.2. əmək pensiyasının baza hissəsinin
növbəti mərhələdə tətbiqinin islahat tələblərinə
uyğun olmaması. Əvvəlki mərhələdən
(pensiyaların orta aylıq məbləğinin dövlət dəstəyi
vasitəsilə müəyyən həddə
çatdırılması) fərqli olaraq, hazırkı vəziyyətdə
əmək pensiyasının baza hissəsi pensiya təminatı
sistemində sığorta prinsiplərinin dərinləşdirilməsinə
mənfi təsir edir. Belə ki, ödənilən
cəmi sığorta haqqının yarısının baza
hissəsinin maliyyələşdirilməsinə yönəldilməsi,
sığorta haqqı ilə pensiya arasındakı əlaqəni
zəiflədir. Bu isə uzun müddət və yüksək
məbləğdə sosial sığorta haqqı ödəyən
işçilər tərəfindən daha az
müddətdə və aşağı məbləğdə
sosial sığorta haqqı ödəyən işçilərin
gələcək pensiyalarının dolayı
subsidiyalaşdırılmasına şərait yaradır. Nəticədə
yüksək əməkhaqqından sosial sığorta
haqlarının ödənilməsinə maraq azalır;
3.4.3. sosial sığorta haqqı normativinin
strukturunun təkmilləşdirilməsinin zəruriliyi. Sosial sığorta haqqı normativinin mövcud
strukturu, yəni sığorta haqqının ödənilməsində
yükün əsas hissəsinin işəgötürənin
üzərinə düşməsi sığortaolunanların
aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində
sığorta prinsiplərinin gücləndirilməsi
sığorta haqqı normativinin strukturunda
sığortaolunanın məsuliyyətinin tədricən
artırılmasını zəruri edir;
3.4.4. pensiya təminatı sisteminin yığım
potensialını zəiflədən faktorlar. Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin ödəmə
qabiliyyətinə mənfi təsir edən bir sıra amillər
mövcuddur. İlk növbədə,
pensiya təminatı sisteminin
iştirakçılarının, yəni
sığortaolunanların və pensiyaçıların
sayı arasındakı nisbətin mövcud səviyyəsi qənaətbəxş
deyildir. Bu vəziyyət əsasən
pensiya təminatı sistemindən kənar amillərlə,
xüsusilə işəgötürən-işçi
münasibətlərinin rəsmiləşdirilməsində və
əməyin ödənişinin təşkilində
mövcud olan problemlərlə əlaqədardır.
Hazırda
pensiyaçıların sayı 1,28 milyon
nəfər, sığortaolunanların sayı isə 2,7
milyon nəfərdir. Bir pensiyaçıya təxminən 2,1 nəfər sığortaolunan
düşür. Sığortaolunanların təxminən 1,4 milyon nəfəri muzdla işləyənlərdir
və onlar üzrə məcburi dövlət sosial
sığorta haqqı əməkhaqqı fondunun 25 faizi həcmində
ödənilir. Digərləri isə daha
aşağı sosial sığorta normativi ilə (minimum
aylıq əməkhaqqının 2-50 faizi məbləğində)
sığorta haqqı ödəyənlərdir. Buraya əsasən, mülkiyyətindəki kənd təsərrüfatına
yararlı torpaqları istifadə edən şəxslər, fərdi
qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul
olan fiziki şəxslər aiddir. Həmrəylik prinsipinə
əsaslanan pensiya təminatı sistemi üçün bu
şərtlər böyük çətinliklər törədir
və sığorta prinsiplərinin tam gözlənilməməsi
ödənilən sosial sığorta haqları ilə əlaqəsi
olmayan xərclərin xüsusi çəkisinin
artımına şərait yaradır;
3.4.5. pensiya təminatı sisteminin bir sıra
göstəricilərinin tənzimlənməsində
mövcud olan problemlər. Mövcud pensiya təyinatı
şərtləri (sosial sığorta normativlərinin və
sığorta stajına olan tələbin hazırkı səviyyəsi)
səmərəli əvəzetmə əmsalına və onun
əməkhaqqı məbləğinin yüksəlməsinə
mütənasib artımına imkan vermir. Pensiya hüququ
əldə etmək üçün sığorta stajına
tələbin az olması və müxtəlif
yaşlarda pensiyaya çıxan şəxslərə eyni
gözlənilən pensiya ödənişi müddətinin tətbiqi
pensiya məbləğlərində qeyri-adekvatlığa səbəb
olur. Nəticədə, pensiya təminatı sisteminə az müddətdə sosial sığorta
haqqı ödənildiyi halda, uzun müddət ödənişlərin
aparılması sistemin maliyyə yükünü
artırır. Ödənilən sığorta
haqqı ilə (xüsusilə, mülkiyyətindəki kənd
təsərrüfatına yararlı torpaqları istifadə edənlər,
fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti
ilə məşğul olanlar üzrə) təyin olunan
pensiya arasındakı uyğunsuzluq maliyyə əsası
olmayan öhdəliklər yaradır. Bununla
yanaşı, ümumi pensiya yaşından əvvəl pensiya
hüququnun əldə edilməsi halları, pensiya
hüququnun əldə edilməsində müxtəlif yaş
fərqlərinin mövcudluğu sığorta prinsiplərini
zəiflədən amillərdəndir. Xüsusi
pensiya şərtlərinin mövcudluğu təyin olunan
pensiyalara müxtəlif şərtlərlə əlavələrin
edilməsinə şərait yaratmaqla, fərqli təminatlara
səbəb olur. Müəyyən xidmət
illəri toplamış şəxslərin qanunvericiliklə
müəyyən edilmiş ümumi pensiya yaşından erkən
pensiyaya çıxmaq hüququ da pensiya təminatı
sistemində əlavə maliyyə öhdəliyi yaradır.
3.5. pensiya təminatı sisteminin inkişafı
istiqamətlərinin çoxparametrli aktuar proqnozlara əsaslanan
uzunmüddətli ekonometrik modellər əsasında təyin
olunması zəruridir. Ötən dövrdə
bu istiqamətdə səriştəli beynəlxalq ekspert və
məsləhətçilər cəlb edilməklə,
ayrı-ayrı mövzuların aktuar tədqiqi təşkil
edilmişdir. Bu proses davam etdirilməli, pensiya təminatı
sisteminin gəlirləri və xərcləri arasında
mütənasibliyin gözlənilməsi və digər
problemlərin əlaqəli şəkildə öyrənilməsi
mexanizmləri tətbiq edilməlidir.
4. Pensiya
təminatı sisteminin islahatının əsas məqsəd
və vəzifələri
4.1.
Yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun
olaraq, pensiya təminatı sisteminin islahatı sahəsində
qarşıda yeni strateji məqsədlər durur.
4.2.
Pensiya təminatı sisteminin islahatının əsas məqsədləri
aşağıdakılardır:
4.2.1. pensiya təminatı sisteminin cari, ortamüddətli
və uzunmüddətli dövr üzrə maliyyə
dayanıqlılığına nail olunması;
4.2.2. pensiya təminatının vətəndaşların
sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin
etməsi.
4.3.
Pensiya təminatı sisteminin islahatının əsas vəzifələri
aşağıdakılardır:
4.3.1. pensiya təminatı sisteminin fəaliyyətində
sığorta prinsiplərinin gücləndirilməsi və
qazanılan pensiya hüquqları ilə toplanılan
sığorta vəsaitləri arasında balanslaşdırma
mexanizmlərinin formalaşdırılması;
4.3.2. pensiya təminatı sistemində təyin olunan
pensiya məbləğinin ödənilən sığorta
haqqına mütənasibliyinin təmin edilməsi;
4.3.3. pensiya təminatı sisteminin uzunmüddətli
inkişafı üçün aktuar təhlillərə əsaslanan
mexanizmlərin formalaşdırılması;
4.3.4. sığorta prinsiplərinə uyğun olmayan
ödəmələrin tənzimlənməsi mexanizmlərinin
təkmilləşdirilməsi, o cümlədən bir sıra
öhdəliklərin dövlət öhdəliyi kimi fərqləndirilməsi;
4.3.5. əmək pensiyalarının könüllü
yığım komponentinin real praktikada tətbiqi və
qeyri-dövlət pensiya institutlarının
formalaşdırılması və inkişaf etdirilməsi.
5.
Konsepsiyanın həyata keçirilməsinin əsas istiqamətləri
5.1.
Pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə
maliyyə dayanıqlılığına nail olunması.
Pensiya təminatı sistemində aparılan islahatlar həmin
sistemin maliyyə dayanıqlılığına nail
olunmasına, eyni zamanda, onun sosial sığortaya əsaslanmayan
öhdəliklərdən qorunmasına istiqamətlənməlidir.
Bu məqsədlə pensiya təminatı
sisteminin öhdəliklərinin dəqiqləşdirilməsi,
məcburi dövlət sosial sığorta haqlarının
yalnız sosial sığorta nəticəsində yaranan xərclərə
yönəldilməsi, sığorta prinsiplərinə əsaslanmayan
xərclərin isə minimum səviyyəyə endirilməklə,
maliyyələşdirilməsi mənbələrinin
optimallaşdırılması nəzərdə tutulur.
Bunun üçün pensiya məbləğlərinin bir hissəsini
təşkil edən sosial sığorta qanunvericiliyinin tətbiq
olunduğu 1992-ci il 1 yanvar tarixindən əvvəlki
dövr üzrə formalaşmış məbləğlərin,
həmçinin bir sıra vəzifələrdə qulluq
etmiş şəxslərə verilən qulluq stajına
görə əmək pensiyasına əlavələrin
ödənilməsinə yönəldilən xərclərin
dövlət öhdəliyi kimi fərqləndirilməsi nəzərdə
tutulur. Eyni zamanda, aparılan islahatlarla pensiya məbləğlərinin
hər bir şəxsin ödədiyi sığorta haqqına
uyğun müəyyənləşdirilməsi nəzərdə
tutulur. Əməkhaqqı yüksək
olan şəxslərin ödədiyi sığorta
haqqının əməkhaqqı aşağı səviyyədə
olan şəxslərin pensiyalarına yönəldilməsi
praktikasının dəyişdirilməsi təklif olunur.
Əmək fəaliyyəti dövründə
yüksək məbləğdə sığorta haqqı
ödəmiş işçilər adekvat əvəzetmə əmsalına
malik olacaqlar. Müvafiq olaraq, fəaliyyətinin
qısa dövründə və aşağı əməkhaqqından
məcburi dövlət sosial sığorta haqqı ödəmiş
şəxslərə pensiya sistemi cəlbedici əvəzetmə
əmsalı ilə pensiya təminatına şərait
yaratmayacaqdır.
5.2.
Əmək pensiyasının baza hissəsinin
restrukturizasiyası. Əmək
pensiyasının baza hissəsinin restrukturizasiyası
işçilərin şərti yığım sistemlərində
uçota alınmış vəsaitin artırılmasına
şərait yaradacaq, işləyənlərin fərdi
hesablarında nəzərə alınan vəsait ödənilən
sığorta haqqının yarısını deyil, tam məbləğdə
nəzərə alınmasını təmin edəcəkdir.
Bu, təyin olunacaq pensiyada ödənilən
sığorta haqqının tam məbləğdə nəzərə
alınmasına, sığorta prinsiplərinin gücləndirilməsinə
şərait yaradacaqdır. Əmək
pensiyasının baza hissəsinin restrukturizasiyası ilə
bağlı olaraq minimum pensiya məbləği göstəricisi
tətbiq ediləcəkdir. Fərdi hesab məlumatlarına
əsasən təyin olunan pensiyaların məbləği
minimum pensiya məbləğindən aşağı olduqda,
pensiya hüququ üçün sığorta stajına tələb
qoyulmaqla, həmin məbləğə
çatdırılacaqdır. Təyin
olunan pensiyanın məbləği minimum pensiya məbləğindən
yuxarı olduğu hallarda isə sığorta stajına tələb
qoyulmayacaqdır. Minimum pensiya məbləğinin
artımı ayrılıqda deyil, ümumi pensiya məbləğləri
ilə birlikdə indeksləşdirmə qaydasında
aparılacaqdır.
5.3.
Sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi.
Pensiya təminatı sistemində iştiraka
marağın artırılmasını təmin etmək məqsədi
ilə sığorta haqqı normativinin müəyyən hissəsinin
işəgötürənin üzərindən tədricən
işçinin üzərinə keçirilməsi nəzərdə
tutulur.
5.4.
Pensiya sisteminin ödəmə potensialının gücləndirilməsi.
Pensiya təminatı sisteminin cəlbediciliyinin
artırılması, işəgötürən-işçi
münasibətlərinin rəsmiləşdirilməsində və
əməyin ödənişinin təşkilində
mövcud olan problemlərin aradan qaldırılması vasitəsilə
sığorta haqqı ödəyənlərin sayının
pensiyaçıların sayına nisbətinin
optimallaşdırılması pensiya təminatı sisteminin
maliyyə daxilolmalarını artıran mühüm mənbə
kimi qiymətləndirilir.
5.5.
Sığorta prinsiplərinə uyğun olmayan, yəni
güzəştli və xüsusi şərtlərlə,
habelə erkən pensiyaya çıxma hallarında pensiya məbləği
ilə ödənilən sığorta haqqı arasında
mütənasibliyin təmin edilməsi. Sığorta prinsiplərinə
uyğun olmayan, yəni güzəştli və xüsusi
şərtlərlə, habelə erkən pensiyaya
çıxma hallarında pensiya məbləği ilə
ödənilən sığorta haqqı arasında mütənasibliyin
təmin edilməsi məqsədi ilə pensiya
yaşının optimal həddinin müəyyən edilməsi,
zərərli və təhlükəli işlərdə
çalışanlar, mülkiyyətində olan kənd təsərrüfatına
yararlı torpaqları istifadə edən, fərdi sahibkarlıq
fəaliyyəti ilə məşğul olanlar və digər
kateqoriyalar üçün pensiya təyinatı və
sığorta haqqı normativləri şərtlərinə
yenidən baxılması nəzərdə tutulur.
5.6.
Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı
üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin
formalaşdırılması. Pensiya təminatı
sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə
əsasında proqnozlaşdırılmasının təmin
edilməsi sistemdə baş verəcək proseslərin əvvəlcədən
müəyyənləşdirilməsinə və onun idarə
olunması üçün qabaqlayıcı tədbirlərin
görülməsinə şərait yaradacaqdır.
5.7.
Əmək pensiyalarının könüllü
yığım komponentinin fəallaşdırılması və
qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi.
Əhalinin etibarlı pensiya təminatına nail olunması
üçün məcburi dövlət sosial
sığortasından əlavə təminata imkan verən
mexanizmlərin formalaşdırılması nəzərdə
tutulur. Dövlət pensiya təminatı
sistemində yığım komponentinin, eləcə də
qeyri-dövlət pensiya institutlarının təşkili
üçün könüllü sosial sığortanın tətbiqi
məqsədəuyğun hesab edilir. Bu məqsədlə
bir sıra təşviq vasitələrinin istifadəsi nəzərdə
tutulur.
6.
Konsepsiyanın həyata keçirilməsindən gözlənilən
nəticələr
6.1. Bu
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası
pensiya təminatı sistemində aşağıdakı nəticələrə
nail olmağa imkan verəcəkdir:
6.1.1. təyin olunan pensiya məbləği ilə
ödənilən sığorta haqqının məbləği
uyğunluq təşkil edəcəkdir;
6.1.2. pensiya təminatı sisteminin yığım
potensialı güclənəcəkdir;
6.1.3. pensiya təminatı sistemi ilə bağlı
qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcəkdir;
6.1.4. sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcəkdir;
6.1.5. məcburi dövlət sosial sığorta
haqlarının ödənilməsindən yayınanların
sayı azalacaqdır;
6.1.6. pensiya təminatı sisteminin uzunmüddətli
inkişafı üçün aktuar təhlillərə əsaslanan
mexanizmlər formalaşdırılacaqdır;
6.1.7. pensiya təminatı sisteminin uzunmüddətli
dövr üzrə maliyyə dayanıqlılığına
nail olunacaqdır.
Azərbaycan.-2014.- 5 noyabr.- S.2.