Təhsil Nazirliyi “Azərbaycan
Polad İstehsalı
Kompleksi” QSC ilə əməkdaşlığı
genişləndirir
Noyabrın
4-də Təhsil Nazirliyində bu qurum ilə “Azərbaycan
Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti
(QSC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
AzərTAc
xəbər verir ki, imzalanma mərasimində təhsil naziri
Mikayıl Cabbarov ölkəmizdə sənaye sahəsinin
inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, ayrı-ayrı
müəssisələrlə, o cümlədən metallurgiya
kompleksi ilə müvafiq ixtisaslar üzrə kadr
hazırlığı aparan ilk peşə, orta ixtisas və
ali təhsil müəssisələri arasında əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət
kəsb edir.
İqtisadiyyatın
müxtəlif sahələrində yeni texnologiyaların tətbiq
olunduğunu xatırladan nazir müasir tələblərə
cavab verən kadrların hazırlanmasının vacibliyini diqqətə
çatdırıb.
“Azərbaycan
Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin
sədri Samir Cəfərov yeni istehsal sahələrində
peşə təhsili olan bacarıqlı kadrlara ehtiyac
olduğunu bildirib.
Sonra
Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi
M.Cabbarov və S.Cəfərov imzalayıblar.
Memorandumda
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC tərəfindən
tələbələrin istehsalat təcrübələrinin təşkili,
yüksək akademik göstəricilərlə təhsil alan tələbələrə
xüsusi təqaüdün verilməsi və gələcəkdə
müvafiq ixtisaslara yiyələnmiş məzunların işə
qəbulu, təhsil müəssisələri ilə birgə
elmi-tədqiqatların aparılması, layihələrin
işlənilməsi nəzərdə tutulur.
Eyni
zamanda, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət
göstərən ilk peşə, orta ixtisas və ali təhsil
müəssisələrindən seçilmiş şagirdlər
və tələbələr “Azərbaycan Polad
İstehsalı Kompleksi” QSC-də yay təcrübəsi
proqramında iştirak edəcəklər.
Azərbaycan.-2014.- 5 noyabr.- S.3.