Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 362 Bakı şəhəri,
30 oktyabr 2014-cü il
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 58; 2012, ¹ 1, maddə 34, ¹ 10, maddə 1007) ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 4.9-4.12-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"4.9. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür:
4.9.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar;
4.9.2. ikinci yarımil - 1 fevral - 14 iyun.
4.10. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
4.10.1. 5 gün payız tətili (16-20 noyabr);
4.10.2. 5 gün qış tətili (27-31 yanvar).
4.11. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
4.12. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 5 noyabr.- S. 2.