Respublika Şahmat Mərkəzinin
ilk direktoru,
tanınmış
məşqçi Fuad Cəfərovun
xatirəsi unudulmazdır
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun vəfatından on il ötür. Təcrübəli məşqçi, eyni zamanda, şahmat turnirlərinin gözəl təşkilatçısı olan Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında böyük ehtiramla çəkilir.
Azərbaycanın şahmat tarixində Fuad Cəfərovun mühüm xidmətləri olub. Moskvada ikiillik ali məşqçilər kursunu bitirmiş F.Cəfərov nəinki məşqçi və pedaqoq kimi nüfuz qazanıb, eyni zamanda, beynəlxalq hakim kimi ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil edib. Təsadüfi deyil ki, İlqar Bacarani, Sərxan Quliyev, Vladislav Verdixanov, Rauf Məmmədov, Nicat Məmmədov, Loğman Quliyev kimi güclü şahmatçılar məhz onun rəhbərliyi ilə yetişiblər. Fuad Cəfərovun tələbələri daim respublika və beynəlxalq miqyaslı yarışların mükafatçıları sırasında yer alıblar. 1983-cü ildə keçirilən ittifaq səviyyəli yarışda isə onun məşqçisi olduğu Bakı Pionerlər Sarayı komandasının ikinci yeri tutması da Fuad Cəfərovun xidmətləri ilə bağlıdır.
Şahmatın sirlərini ilk müəllimi Fuad Cəfərovdan öyrənən, onun istedadlı tələbələrindən olan beynəlxalq usta İlqar Bacarani ustadı barədə fikirlərini bölüşərək bildirib: "Fuad Cəfərov peşəkar müəllim, gözəl təşkilatçı, tanınmış hakim, əsl vətənpərvər idi. O, şagirdlərinə həmişə can yandırar, onların peşəkarlığının artırılmasına, insani münasibətlərə ciddi əhəmiyyət verərdi. Məhz Fuad müəllimin təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində xeyli işlər görülüb. O dövrdə "Ağ top" yarışlarının, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirlərinin keçirilməsi, 1983-1988-ci illərdə "Bakı" qəzetinin şahmat rubrikasında verilən maraqlı kompozisiyalar da onun adı ilə sıx bağlıdır. Fuad Cəfərov mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə, eləcə də Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda iştirakına çalışır və buna nail olurdu. Təsadüfi deyil ki, məhz onun sayəsində hələ SSRİ dövründə Respublika Şahmat Mərkəzinin komandasını Almaniyaya dəvət etmişdilər".
Uşaq yaşlarından şahmata xüsusi sevgisi olan Fuad Cəfərov hərbi xidmətdə olarkən Qafqaz qarnizonunun təmsilçisi kimi idmanın bu növü üzrə yarışlarda iştirak edirdi. O, yetirmələrinə şahmatın sirlərini öyrədir, eyni zamanda, axşamlar hüquq fakültəsində təhsil alırdı. Fuad Cəfərovun idmanın bu növünə olan sevgisi onu ömrünün sonunadək şahmata bağladı. O, hüquq sahəsində işləmədi, ömrünü şahmata həsr etdi.
Müəlliminin yüksək insani keyfiyyətlərindən danışan beynəlxalq qrossmeyster Sərxan Quliyev bildirib ki, Fuad müəllim hər zaman yetirmələrinin yanında yer alır və onlara mənəvi dayaq olurdu. Onun təşkilatçılığı ilə keçirilən yarışlarda Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov kimi gənc şahmatçılar yetişdilər. Fuad müəllimin yetirmələri bu gün də ölkəmizin idman şərəfini uğurla qoruyurlar. Çox təəssüf ki, Fuad Cəfərov bu dünyadan vaxtsız köçdü. Şahmat ictimaiyyəti Fuad müəllimin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Çünki Fuad Cəfərovun mənəvi dünyasının zənginliyi, yüksək insani keyfiyyətləri və xeyirxahlığı onu tanıyanların yaddaşından silinməyəcək".
Fuad Cəfərov şahmat ictimaiyyətində yüksək təşkilatçılıq qabiliyyətinə malik insan kimi tanınırdı. Təsadüfi deyil ki, Respublika Şahmat Mərkəzi fəaliyyətə başlayanda direktor vəzifəsinə onun namizədliyi irəli sürüldü. Fuad müəllimin 1986-cı ildən 2004-cü ilədək rəhbərlik etdiyi Respublika Şahmat Mərkəzi müxtəlif yaş qrupları üzrə şahmat yarışlarının keçirildiyi, gənc istedadlı idmançıların üzə çıxarıldığı məkana çevrildi.
Beynəlxalq qrossmeyster Aynur Sofiyeva həmin dövrlə bağlı xatirələrini bölüşərək deyib: "Fuad müəllim mənim xatirəmdə gözəl insan kimi qalıb. Onun Respublika Şahmat Mərkəzində yaratdığı gözəl ab-hava, idmançılara göstərdiyi diqqət və qayğı, gənc idmançılarla səmimi münasibət qurmaq bacarığı Fuad müəllimin ən böyük xüsusiyyətlərdən idi. Ona görə də şahmatçılar, xüsusən də gənc idmançılar arasında Fuad müəllimin böyük hörməti var idi. Fuad Cəfərova onun malik olduğu yüksək keyfiyyətlərinə görə həmişə hörmət bəsləmişəm və həmin gözəl hisslər bu gün də qəlbimdə yaşayır".
Azərbaycanın şahmat tarixində özünəməxsus yeri olan Fuad Cəfərovun adı həmişə ehtiramla çəkilir, onun xatirəsinə həsr olunmuş turnirlər, yarışlar keçirilir.
Belə yarışlardan biri noyabrın 3-də Respublika Şahmat Mərkəzində start götürən beynəlxalq turnirdir.
İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan, Rusiya və Gürcüstandan 32 zəka sahibi birincilik uğrunda mübarizə aparır. Noyabrın 9-da yekun vurulacaq turnirin baş hakimi Nurəli Məmmədzadə, yarışın direktoru İlqar Bacaranidir. Beynəlxalq reytinqli şahmatçıların mübarizə apardığı turnir 7 turdan ibarətdir.
Turnirin açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, Fuad Cəfərovun ailə üzvləri, dostları, veteran şahmatçılar iştirak ediblər.
AŞF-nin vitse-prezidenti Faiq Həsənov görkəmli məşqçi Fuad Cəfərovun ölkəmizdə şahmatın inkişafına verdiyi töhfələrdən, onun təşkilatçılıq qabiliyyətindən və yetirmələri barədə məlumat verib, onunla bağlı xatirələrini bölüşüb.
Turnir iştirakçıları, eləcə də onunla uzun müddət bir yerdə çalışmış dostları və tələbələri Fuad Cəfərovla bağlı xatirələrini danışıb, şahmatın inkişaf etdirilməsindəki xidmətlərindən söz açıblar.
AzərTAc
Azərbaycan.-2014.- 5 noyabr.- S.7.